Məhkəmə qərarları › İş №2-1(102)-669/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-669/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-669/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehxxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxna qarşı “xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və pensiyanın təyin ediləcəyi günədək yığılmış pensiya məbləğinin birdəfəlik qa ydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-ci il tarixli, 2-1(107)-430/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1984cü ildən xx.xx.1989-cu ilədək təhsil almış, xx.xx.1979-cu ildən xx.xx.2018-ci ilədək fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı həmçinin xx.xx.2002-xx.xx.2002-ci illər və xx.xx.2003-xx.xx.2003-cü illərdə işsizlik müavinəti almışdır.

3. X1” ASC tərəfindən verilmiş güzəştli arayışa əsasən iddiaçı xx.xx.1989xx.xx.2002-ci illərdə “Azrezintexnika” zavodunda pazva ri qayışlar sexində zərərli iş şəraitində işləməklə mexanik vəzifəsində çalışıb, xx.xx.2005-xx.xx.2010 illərdə “X1” ASCdə 7-ci dərəcə avadanlıqların təmiri üzrə usta, xx.xx.2010- xx.xx.2013 illərdə “X1” ASC-nin idarə heyətini sədri vəzifəsində işləyib.

4. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “X1” ASC-də mexanik vəzifəsində işlədiyi qeyd edilib. Sözügedən müəssisədəki iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq a rxivdə saxlanılan sözügedən müəssisəyə dair sənədlərdə qeyd olunanlara əsasən 1999-cu ilin 12 ayı üzrə və 2002-ci ilin yanvar, fevral aylarında ona əmək haqqı hesablanmadığı bildirilib. Qeyd olunan fakt adıçəkilən müəssisə tərəfindən xx.xx.2022-ci il tarixli Akt ilə təsdiq olunmuşdur. Göstərilənləri nəzərə alaraq, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 4 ay 6 gün (xx.xx.1989-cu il, xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 9 ay 19 gün (xx.xx.1979 - xx.xx.1980-ci il, xx.xx.1980 - xx.xx.1982-ci il, xx.xx.1989 xx.xx.1999-cu il, xx.xx.2002-ci il, xx.xx.2005 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 8 il 2 ay)) təşkil edir. Bundan başqa iddiaçının fər di hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17555,46 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cav abdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixinədək Ləki pambıq təmizləmə zavodunda 7 ay 23 gün, xx.xx.1980-ci ildən xx.xx.1980-ci il tarixinədək kolxozda 2 ay 8 gün, müddətli hərbi xidmətdə 2 il, xx.xx.1983cü ildən xx.xx.1983-cü il tarixinədək yenə kolxozda 6 ay 24 gün, xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun gündüz hazırlıq şöbəsinə 9 aylıq tədris müddəti, xx.xx.1984-cü ildən xx.xx.1989-cu il tarixinədək 5 illik ali təhsil müddəti, xx.xx.1989-cu ildən xx.xx.2002-ci il tarixinədək “Azrezintexnika” zavodunda pozvari qayışlar sexində 12 il 6 ay 7 gün, işsizlik müavinəti aldığı xx.xx.2002-ci ildən xx.xx.20 02-ci ilədək olan dövr üzrə 6 ay, habelə xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək olan dövr üzrə yenə 6 ay, xx.xx.2005-ci ildən xx.xx.2013- cü il tarixinədək “X1” ASC-də idarə heyətinin sədri vəzifəsində 8 il 6 ay 12 gün, xx.xx.2013-cü ildən xx.xx.2018-ci il tarixinədək "xxxx" ASC-nin sədri vəzifəsində 4 il 8 ay 2 gün olmaqla toplamda 35 il 10 ay 16 gün əmək stajına, həmçinin (12 il 6 ay 7 gün + 8 il 6 ay 12 gün) 21 il 19 gün güzəştli şərtlərlə yaşa görə əmək stajına malikdir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, xx.xx.2022-ci il tarixli məktuba əsasən tələbinin icrasından imtina edilmişdir.

7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq q eyd edilmişdir ki, iddiaçının əmək kitabçasında ona xx.xx.2002-ci ildə işsizliyə görə müavinətin təyin edildiyi, xx.xx.2002-ci ilə qədər ödənildiyi və xx.xx.2003-cü ildən yenidən işsizlik müavinəti təyin edildiyi qeyd olunmuşdur. İşsizlik müavinətinin təyin edildiyi tarix qeyd olunsa da, onun nə vaxta qədər ödənildiyi qeyd olunmamışdır. Həmçinin, iddiaçı tərəfindən mərkəzi filiala işsizlik müavinəti alması ilə bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının işsizlik müavinəti aldığı dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 2 may 2023-cü il tarixli 2-1(116)-754/2023 nömrəli qərarı ilə (hakim F. Hacızadə) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olduğundan onun 1.07.2022-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 11 oktyabr 2023-ci il tarixli, 2-1(107)-430/2023 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, G.Cavadova və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, iddia tələbi əsaslı olmuşdur. Apellyasiya məhkəməsi qərarında “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 32.1-1-ci, “İnzibati icraat haqqında” Qanunun 19.1, 24, 46.3-cü maddələrinə istinad etmişdir.

13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, aşağıdakı səbəblərə görə hazırkı məsələyə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir: 1- 1999-cu ilin 12 ayı üzrə və 2002-ci ilin yanvar, fevral aylarında iddiaçının adına əmək haqqı hesablanmamışdır. Məhkəmə isə həmin dövrləri iddiaçının sosial sığorta stajına daxil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddənin məzmunundan da göründüyü kimi əmək pensiyası şəxsin aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiya edilməsi məqsədilə ödənilir. 1999-cu ilin 12 ayı üzrə və 2002-ci ilin yanvar, fevral aylarında iddiaçının adına əmək haqqı hesablanmadığı üçün həmin dövrlər onun sosial sığorta stajına daxil edilməməlidir. 2- məhkəmə qərarında Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Sazişə istinad etmiş, lakin nəyə əsasən, işin hansı halı ilə bağlı istinad etdiyini əsaslandırmamışdır. İş materiallarında iddiaçının Türkmənistanda əmək fəaliyyətini sübut edən heç b ir fakt müəyyən edilməmişdir. 3- iddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq istədiyini qeyd etsə də, birinci instansiya məhkəməsi proses zamanı iddia tələbini dəqiqləşdirərək iddianı xx.xx.2022-ci il tarixdən 60 yaşdan təmin etmişdir. Həmçinin birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1984-cü İl tarixdən xx.xx.1989-cu il tarixədək ali təhsil aldığı müddəti də onun ümumi sosial sığorta stajına daxil etmişdir. Halbuki, xx.xx.2022-ci il tarixdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq təhsil müddəti vətəndaşın sosial sığorta stajına daxil edilmir. 4- birinci İnstansiya məhkəməsi iddianı təmin edərkən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən təyin olunması və pensiya məbləğinin bi rdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur, “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci hissəsinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İstinad olunan qanunun normasından göründüyü kimi ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği birdəfəlik qaydada deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

15. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar olmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyala rının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Ma ddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

18. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzg ün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər

19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı. 20. “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı. Konstitusiya KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qə rarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

25. İş materialları ilə müəyyən olunur ki, hazırkı işdə iddiaçının hüquqi marağı ona xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.

26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarını dəyişdirilmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının fəaliyyət göstərdiyi müəssisənin xarakterinə əsasən, onun qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 2110A010 kodunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Kimya istehsalatı bölməsinin 8.3.1ª bəndində nəzərdə tutulmuşdur.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkə n işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir.

28. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.

29. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli ə mək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən edilməlidir.

30. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

31. Hazırkı mübahisəyə münasibətdə isə, iddiaçı tərəfindən təqdim edilmiş güzəştli arayışda iddiaçının işlədiyi mexanik vəzifəsinin xüsusatları göstərilməmiş, ümumiyyətlə iddiaçının iddia olunan zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu barədə məlumat qeyd olunmamışdır.

32. Bu məqsədlə işə təkrar baxan apellyasiya məhkəməsi aidiyyəti qurumlara, o cümlədən iddiaçının işlədiyi qurumlara əlavə dəqiqləşdirici sorğular göndərilməli, iş yerindən izahlı arayış tələb olunmalı və həmin xüsusatlar müəyyən edilməlidir. Qeyd edilənlər iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir.

33. Bununla yanaşı qeyd olunmalıdır ki, birinci İnstansiya məhkəməsi iddianı təmin edərkən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən təyin olunması və pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur, “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci hissəsinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İstinad olunan qanunun normasından göründüyü kimi ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği birdəf əlik qaydada deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.Lakin apellyasiya məhkəməsi göstərilən maddi hüquq normasının tələblərinə zidd olaraq birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışıdır.

34. Qeyd edilənlərdən göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır.

35. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. 36. “N.Ə bilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdı r. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

37. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməli və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir.

39. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-ci il tarixli, 21(107)-430/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar