Məhkəmə qərarları › İş №2-1(102)-673/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-673/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-673/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasındakı qeydlərin mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2022 -ci il tarixli imtinasının əsassız hesab edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-542/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1976-cı il tarixədək orta-ixtisas təhsil müəssisəsində təhsil almış (3 il 9 ay 25 gün), xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir (2 il 1 ay 11 gün).

2. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1979-cu ildən xx.xx.1998-ci ilədək “Quşçuluq fabriki”ndə (19 il 25 gün), xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilədək “Kam-Kən-Fat” istehsal kommersiya firmasında (6 il 6 ay) işləmişdir.

3. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir.

4. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş əmək kitabçasının, təhsil haqqında diplomun surətlərinə və hərbi xidmət haqqında arayışa əsasən iddiaçının sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığı illər və 31.10 1976cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 5 il 11 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.201 8-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. X9 filialının xx.xx.2022-ci il tarixli № 348 saylı arayışa əsasən əmək kitabçasının surətində qeyd olunmuş Göyçay Quşçuluq fabrikinin xx.xx.1979-cu il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Göyçay rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəssisədən əməkhaqqı alıbalmadığını müəyyən etmək mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi iddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instans iya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək Göyçay Quşçuluq fabrikində və xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Kam-Kən-Fat istehsal kommersiya firmasında işlədiyi müddəti ümumi iş stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının əsassız hesab edilməsi və ona hüququnun yarandığı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulm ası” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda yaşa görə sosial müavinət alır. 25 il əmək stajına malik olsa da, cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixə kimi təhsil almış, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək Göyçay Quşçuluq fabrikində və xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Kam-Kən-Fat istehsal kommersiya firmasında işləmişdir.

8. Cavabdeh onun xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək Göyçay Quşçuluq fabr ikində və xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Kam-Kən-Fat istehsal kommersiya firmasında işlədiyi müddəti ümumi iş stajına daxil etməyib. Cavabdehin etirazları:

9. Cavabdeh iddia tələbinə dair yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq pensiya yaşına 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə çatmışdır. Lakin iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 34560 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır.

10. İşin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir: -İddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr; -İddiaçının xx.xx.1972-xx.xx.1976-cı illər ərzində təhsil aldığı dövr; -İddiaçının əmək kitabçasına m üvafiq olaraq işlədiyi dövrlər.

11. İşin mübahisələndirilməyən birinci halı iddiaçının hərbi xidmətdə olduğu dövrdür. Belə ki, iş materiallarına əlavə edilən iddiaçıya məxsus ******* №li hərbi biletə müvafiq olaraq onun xx.xx.1976-xx.xx.1978-ci il tarixədək ərzində hərbi xidmətdə olduğu qeyd edilmişdir.

12. İşin mübahisələndirilməyən ikinci halı iddiaçının təhsil aldığı dövrdür. Belə ki, iş materiallarına əlavə edilən iddiaçıya məxsus 032333 №li diploma müvafiq olaraq onun xx.xx.1972-xx.xx.1976-cı illər ərzində təhsil aldığı dövr qeyd edilmişdir.

13. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəm ək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə alma dıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.

15. İşin mübahisələndirilməyən üçüncü halı iddiaçının əmək kitabçasına müvafiq olaraq işlədiyi dövrlərdir. Beləliklə, ümumilikdə iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 5 il 11 ay təşkil edir.

16. İşin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir: - İddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək Göyçay “Quşçuluq fabriki”ndə işlədiyi dövrlər; - İddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Kam Kən-Fat istehsal kommersiya firması”nda işlədiyi dövrlər.

17. İddiaçının mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 25 il 06 ay 15 gün dür.

18. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edirik ki, iddiaçının sözügedən müəssisələrdə “Göyçay Quşçuluq fabriki”nin xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək və “KamKən-Fat istehsal kommersiya firması”nın xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əməkhaqqı kitabları saxlanılmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna müvafiq deyildir.

19. İddiaçının təqdim etdiyi əmək kitabçasından görünür ki, işdənçıxma əmrlərində qaralama və pozuntu vardır. Eyni zamanda, iddiaçının işə daxilolma və işdənçıxma əmrləri möhürün üzərindən yazılmışdır.

20. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdə n azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Eyni zamanda, qeyd olunur ki, şahid ifadələri əsasında əmək kitabçasında hər-hansı düzəlişlər edilməsi yolverilməzdir.

21. Buna görə də, xx.xx.1979-cu il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrün ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.

22. Bildirilir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə sorğularına cavablar:

23. Dövl ət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********386400 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Kam-Kən-Fat” istehsal kommersiya firması xx.xx.1994-cü il tarixdə ********* nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş və xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. “Kam-Kən-Fat” istehsal kommersiya firmasının bazasında yaradılıb və onun hüquqi varisidir. Baza məlumatlarına əsasən vergi ödəyicisinin rəsmi müraciətinə əsasən cəmiyyətin fəaliyyəti xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmışdır.

24. Göyçay rayon Qeydiyyat şöbəsinin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 05/11-376 nömrəli cavab məktubuna əlavə olunmuş: - xx.xx.1986-cı il tarixli “Nikahın bağlanmas ı haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ilə Quliyeva (Həmidova) Sevda Əlsurət qızı arasında nikah bağlanmışdır. Akt qeydində İddiaçı Göyçay Quşçuluq fabrikində işlədiyi qeyd olunmuşdur. - xx.xx.1987-ci il tarixli 242 nömrəli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, X6 xx.xx.1987-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X3r. Akt qeydində İddiaçı iş yeri Göyçay Quşçuluq fabriki göstərilmişdir. Eyni ilə, xx.xx.1989-cu il tarixli 756 nömrəli doğum akt qeydində də İddiaçı iş yeri Göyçay Quşçuluq fabriki göstərilmişdir. Şahid İfadələri:

25. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8, X4 və X7 iddiaçının həmin müəssisədə onlarla birlikdə işlədiyini təsdiq etmiş, Göyçay rayonunda həmin d önəmdə iki quşçuluq fabrikinin olduğunu, sonradan fabriklərin birləşdiyini bildirmişlər.

26. X5 məxsus xx.xx.1979-cu ildə doldurulmuş əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1985-ci ildən xx.xx.2005-ci ilədək Göyçay Quşçuluq fabrikində işləmişdir. X2 məxsus xx.xx.1979-cu ildə doldurulmuş ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək X1 fabrikində, xx.xx.1986-cı ildən xx.xx.1993-cü ilədək Göyçay Təsərrüfatlararası broyler quşçuluq fabrikində, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu ilədək Göyçay Quşçuluq fabrikində işləmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

27. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-641/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

28. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunmasına hüquq verən yaş həddinə xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya münasibətdə pensiya hüququ verən yaş həddinin 65 yaş olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş iddiaya etiraz ərizəsində də iddiaçıya yaşa görə əmək pensiyası hüququnun qanunvericiliklə nəzərdə tutulmuş şərtlər ödənildiyi təqdirdə 65 illə xx.xx.2022-ci il tarixdə yaranması qeyd edilmişdir. İddiaçının təhsil müddəti (03 il 09 ay 25 gün), hərbi xidmət müddəti (02 il 01 ay 11 gün), Göyçay Quşçuluq fabrikində işlədiyi müddət (xx.xx.1993-cü il tarixədək nəzərə alınmaqla 14 il 25 gün) və “Kam-Kən-Fat” istehsal kommersiya firmasında işlədiyi müddət (06 il 06 ay 00 gün) nəzərə alınmaqla ümumilikdə 26 il 06 ay 01 gün iş stajı vardır.

29. Cavabdeh “Kam-Kən-Fat” istehsal kommersiya firmasına aid sənədlərin aşkar edilməməsinə istinadən həmin müəssisənin mövcudluğunu şübhə altına almışdır ki, bu hal məhkəmə araşdırması ilə təkzib edilmişdir. Cavabdehin iddiaçının Quşçuluq fermasında işləməsini və əmək kitabçasındakı qeydlərin mötəbərliyini istisna edən dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçıya aid akt qeydlərinə münasibətdə aparılmış qeydlərə əsasən onun göstərilən dövrdə həmin fabrikdə işləməsi öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, əldə edilmiş akt qeydlərindən sonuncunun tərtib edilmə tarixi xx.xx.1989-cu il tarixli olmaqla, iddiaçının əmək kitabçasının 4-cü səhifəsindəki xx.xx.1987-ci il tarixli iddiaçının Göyçay quşçuluq fabrikində Cavan quş yetişdirmə sexi üzrə briqadir vəzifəsinə keçirilməsi barədə 76 nömrəli əmrin verilməsindən sonra tərtib edildiyindən qeydlərin mötəbərliyi öz təsdiqini tapır.

30. Cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəbərliyinin şübhə altına alınması əsassızdır.

31. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən mötəbər dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

32. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş sənəd lərə əsasən müəyyən edilmişdir ki, əmək kitabçasında əks olunan qeydlərə əsasən iddiaçının Quşçuluq fabrikində işlədiyi dövr üzrə onun işdən çıxdığı tarix xx.xx.1993-cü il kimi nəzərə alındıqda belə, qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbi ödənilmiş olur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

33. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

34. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(1 07)-542/2023 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(116)-641/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

36. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

38. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: “Maddə 7.Yaşa görə əmək pensiy asının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada tə qdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verili r.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçü n hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

45. İddiaçının xx.xx.1957-ci ildə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır.

46. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığ orta stajına malik olmalıdır.

47. Cavabdehin etirazının və kassasiya şikayətinin dəlilinə əsasən, iddiaçının “Göyçay Quşçuluq fabriki”nin xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək və “KamKən-Fat istehsal kommersiya firması”nın xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əməkhaqqı kitabları saxlanılmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna müvafiq deyildir

48. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək göstərir ki, iddiaçının hərbi xidmət dövrü, təhsil dövrü və əmək kitabçasında qeyd edilən iş dövrləri nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

49. İddiaçı öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanır.

50. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

51. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

52. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

53. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-542/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar