Məhkəmə qərarları › İş №2-1(102)-68/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-68/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-68/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində cəlb etmə haqda vəsatətin rədd edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin əlavə artırılmış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2413/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərardadından iş üzrə tərəf olmayan Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə “ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin əlavə artırılmış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 16 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərar 16 yanvar 2022-ci il tarixində qüvvəyə minmişdir.

2. İş üzrə tərəf kimi cəlb olunmayan Maraqlı şəxs 07 fevral 2022-ci il tarixdə ərizə ilə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(112)7859/2021 saylı qərarının ləğv edilərək onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.

3. Maraqlı şəxs ərizədə qeyd etmişdir ki, İddiaçı onun həyat yoldaşıdır. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi birgə nigah dövründə əldə edildiyindən məhkəmə qərar qəbul edilərkən onu üçüncü şəxs qismində cəlb etməmiş, məhkəmə iclasları onun iştirakı olmadan keçirilmişdir.

4. Bakı İnzib ati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 2-1(112)-7859/2021 nömrəli, 18 fevral 2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə vəsatəti rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Maraqlı şəxs məhkəmə qərarının ləğv edilərək onun üçüncü şəxs qismində icraata cəlb edilməsini tələb etsə də, qəbul olunmuş məhkəmə qərarının hansı hissədə onun hüquqlarına və ya qanuni mənafeyinə toxunmasını, yəni əhəmiyyətli dərəcədə pozulduğuna dair sübutları məhkəməyə təqdim etməmiş, eləcə də maraqlarına toxunma ehtimalının nədə ifadə olunduğunu göstərməmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, qəbul olunacaq qərarın hər hansı başqa bir şəxsin, eləcə də Maraqlı şəxs qanunla qorunan maraqlarına toxuna biləcəyinə dair hallar m əhkəməyə məlum olmamışdır.

6. Maraqlı şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək icraatın təzələnməsi və Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ü.Həmidov-sədrlik edən, A.P.Oruczadə və C.A.Yusifov) 2-1(103)-2413/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. Maraqlı şəxs həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətində qeyd edilmişdir ki, mübahisəli əmlak birgə nigah dövründə əldə olunduğundan və əri İddiaçı əmlaka dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddia qaldırdığından bununla bağlı istənilən qərarın onun maraqlarına toxunacağını bildirmişdir. İddiaçı hüquqi mövqeyinin ifadəsi kimi İPM-nin 28.1, 28.3 və 28.5-ci maddələrinə istinad etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya inst ansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mar aqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.

18. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun İPM-in 28-ci maddəsinin şərh edilməsinə dair formalaşdırdığı hüquqi mövqeyinə görə məhkəmə qanuni qüvvəyə minmiş qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulm amasına xüsusi diqqət yetirməlidir.

19. Hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi də həmin mövqeyə uyğun olaraq işin hallarını araşdırmış və hesab etmişdir ki, ərizəçinin hüquqları və qanunla qorunan maraqları pozulmamışdır.

20. Kassasiya şikayətinin dəlillərində məhkəmə qərardadının ərizəçinin hüquqlarına toxunduğu qeyd edilsə də, işin müəyyən edilmiş hallarından görünür ki, qəbul olunmuş məhkəmə qərarının hansı hissədə onun hüquqlarına və ya qanuni mənafeyinə toxunmasını, yəni əhəmiyyətli dərəcədə pozulduğuna dair sübutları məhkəməyə təqdim etməmiş, eləcə də maraqlarına toxunma ehtimalının nədə ifadə olunduğunu göstərməmişdir.

21. Bununla bağlı məhkəmə kollegiyası da qeyd edir ki, ərizəçi hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması öz təsdiqini t apmadığından onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması və icraatın təzələnməsi məqsədəuyğun deyil.

22. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2413/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

23. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2413/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar