Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-681/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətdən artıq hərbi xidmət qulluqçusuna təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X2, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiya fərqi məbləğinin ödəni lməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cü il 3 dekabr tarixli 2-1(103)2791/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 2004-cü il 28 yanvar tarixdən (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təkrar İİ qrup əlillik dərəcəsi təyin edilmiş və əlilliyin səbəb əlaqəsi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralandığı qeyd olunmuşdur. İddiaçıya aid x nömrəli pensiya işi üzrə cavabdehin qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən iddiaçıy a 2018-ci il 1 aprel tarixdən, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi təminat xərcliyinə dair məlumata əsasən əlilliyə görə əmək pensiyası təyin edilmiş, həmin əsasla pensiya ödənişi 2015-ci il 1 aprel tarixdən hesablanmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2007-ci il 1 yanvar tarixdən 2015-ci il 1 aprel tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə müddətdən artıq hərbi qulluqçulara təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 15 mart tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, DSMF-nin Tovuz rayon Şöbəsinin 2018-ci il 5 aprel tarixli, x nömrəli məktubunda iddiaçının əmək pensiyanın 2018-ci il 31 mart tarixədək ödənildiyi qeyd edilmişdir. Müdafiə N azirliyi tərəfindən təqdim olunmuş 2018-ci il 12 mart tarixli MN x nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə 2018-ci il 1 aprel tarixdən təminat xərcliyinin 80 faizi, yəni 351.20 manat məbləğində iddiaçıya pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7-ci maddələrində göstərildiyi kimi həll edilməsi, yəni keçmiş dövr üçün alınmamış əmək pensiyasının məbləği qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilmişdir. İddiaçı 2019-cu il 22 aprel tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2007-ci il 1 yanvar tarixdən 2015-ci il 1 aprel tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə müddətdən artıq hərbi qulluqçulara təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 6 may tarixli 2-1(81)2136/2019 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İda rəsi ilə əvəz olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2007-ci il 1 yanvar tarixdən 2015-ci il 1 aprel tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə müddətdən artıq hərbi qulluqçulara təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qanunvericilikdəki dəyişikliklərdən sonra o, 2007-ci ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu statusunda olanların aldığı pensiya məbləğini almaq hüququ əldə etsə də, bu status ona verilməmiş, həmin pensiya məbləği də ona ödənilməmişdir. İndiki halda o, həmin statusu əldə etdiyindən, 2015-ci ildən bu tərəfə 3 illik məbləğ hesablanaraq ona ödənilmişdir. 2007-ci ildən 2015-ci il tarixədək olan dövrdə ona ödənilmiş pensiya məbləği ilə müddətdən artıq hərbi qulluqçulara təyin edilmiş pensiya məbləği arasındakı fərq isə ödənilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 5 sentyabr tarixli 21(81)2136/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, 2007-ci il 1 yanvar tarixdən 2015-ci il 1 aprel tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə müddətdən artıq hərbi qulluqçulara təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesabl anaraq ödənilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi qulluqçu kimi əmək pensiya almaq hüququ artıq 1994-cü ildə yaranmışdır. Lakin Müdafiə Nazirliyi tərəfindən iddiaçıya aid məlumat vərəqini 2018-ci il 4 aprel tarixdə göndərdiyi üçün 2017-ci il 1 iyul tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi iddiaçıya şamil edilmiş və son 3 il üçün pensiya məbləği hesablanıb 2015-ci il 1 aprel tarixdən ödənilməsi qərara alınmışdır. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 2017ci il 1 iyul tarixə qədər olan redaksiyasında əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan əmək pensiyasının təyin olunma sı hüququ nəzərdə tutulmuşdu. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 dekabr tarixli 2-1(103)-2791/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 13 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 26 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı müddətdən artıq həqiqi hərbi qulluqçu kimi deyil, məhz müddətli hərbi qulluqçu kimi qəbul edildiyindən onun pensiyası həmin qulluqçulara aid olan təminat xərcliyindən hesablanmışdır. İddiaçı ona ilkin pensiya təyin edilməsi zamanı özünün müddətli hərbi qulluqçu kimi qəbul edildiyini bilsə də bunu mübahisələndirməmişdir. O, uzun müddət ərzində pensiyanı məhz bu qaydada almış və özünün hərbi xidmət zamanı müddətli hərbi qulluqçu statusunda deyil, məhz müddətdən artıq həqiqi hərbi qulluqçu kimi tanınması ilə bağlı müraciət etməmişdir. Məhz uzun müddət keçdikdən sonra o özünün müddətdən artıq həqiqi hərbi qulluqçu kimi tanınması ilə əlaq ədar məhkəməyə müraciət etmiş və məhz məhkəmənin qanuni qüvvəyə minmiş qərarı nəticəsində Müdafiə Nazirliyi tərəfindən onun müddətdən artıq həqiqi hərbi qulluqçu kimi təminat xərcliyi barədə məlumat vərəqəsi göndərilmişdi. 2004-cü il 28 yanvar tarixdə iddiaçıya İİİ qrup əlilliyə görə DSMF-nin Tovuz rayon Şöbəsi tərəfindən pensiya təyin edilməsi barədə qərar qəbul edilmiş və qeyd edilmiş qərar inzibatı aktdır. Həmin inzibati akt yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Lakin iddiaçı qeyd edilən inzibati aktın mövcudluğunu bilsə də mübahisələndirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redak siyada) 11-ci maddəsinə əsasən: 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olm aqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə;... Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq im kanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İddiaçının müharibə əlili olduğu, onun müharibə əlili kimi əmək pensiyası almaq hüququna 2017-ci il 1 iyul tarixdən əvvəl (əlilliyin müəyyən olunduğu gündən) malik olduğu, lakin onun müddətdən artıq hərbi qulluqçu kimi təminat xərcliyi barədə məlumatın 2018-ci ildə verildiyi mübahisəsizdir. Cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il 1 iyul tarixdən qüvvədə olan redaksiyasına, həmçinin həmin tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəsinə istinad edir. Hə min maddəyə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yarandığından cavabdehin istinad etdiyi müddəa iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Şikayətin əsas dəlillərindən biri ondan ibarətdir ki, 2004-cü il 28 yanvar tarixdə iddiaçıya İİİ qrup əlilliyə görə DSMF-nin Tovuz rayon Şöbəsi tərəfindən pensiya təyin edilməsi barədə qərar qəbul edilmiş və qeyd edilmiş qərar inzibatı aktdır. Həmin inzibati akt yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, lə ğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Lakin iddiaçı qeyd edilən inzibati aktın mövcudluğunu bilsə də mübahisələndirməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi, iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, cavabdeh inzibati orqan 2018-ci ildə iddiaçıya yeni məzmunda əmək pensiyası təyin edilməsi barədə inzibati akt qəbul etmiş, həmin (yeni) inzibati aktla iddiaçının müddətdən artıq hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası almaq hüququnu tanımış və təsdiq etmiş, lakin həmin pensiyanın ödənilməsini 3 illik müddətlə məhdudlaşdırmışdır. Mübahisə olunan da iddiaçı tərəfindən qazanılmış, cavabdeh tərəfindən isə tanınmış və təs diq edilmiş hüquq deyil, bu hüququn realizə olunması qaydasıdır. İddiaçı artıq bunadək qazanmış olduğu hüququn iddia olunan 2007-ci ildən tətbiqini tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 dekabr tarixli 2-1(103)-2791/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza İ.K.Hüseynov S.Ə.Hüseynova imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-681/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-681/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver