Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-696/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: hakimlər məzuniyyətə çıxdıqda sonra iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin ödənilməsi, işləyən dövrdə müavinət və müalicə pulunun alınmaması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X 6, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-2563/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 1992-ci il tarixdən 2000-ci ilin sentyabr ayınadək Ağdam Qarnizonu Hərbi Məhkəməsinin sədri vəzifəsində işləmişdir. İddiaçıya 2000-ci ilin sentyabrında hərbi xidmət illəri nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində ödənilən pulun nəzərə alınmaqla, pensiyanın 20 iyun 2003-cü il tarixindən yenidən hesablanıb, hal-hazıra kimi yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə 23 aprel 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 17 may 2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı işlədiyi müddətdə ona ödənilmiş müavinət vəzifə maaşına əlavə kimi təminat xərcliyinin tərkibinə daxil edilmədiyindən əmək pensiyasının ümumi məbləğində nəzərə alınması mümkün hesab edilmir. İddiaçı 14 iyun 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107 və 109-cu maddələrində nəzərdə tutulan əlavə maddi-sosial təminatlar nəzərə alınmaqla, yəni hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində və müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul nəzərə alınmaqla 20 iyun 2003-cü il tarixdən yenidən hesablanması və yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsa slandırılmışdır ki, 1992-ci ilin oktyabr ayından Ağdam Qarnizonu Hərbi Məhkəməsinin sədri vəzifəsinə təyin edilmiş, 2000-ci ilin sentyabr ayından həmin vəzifədən azad edilmişdir və o, vaxtdan ona pensiya təyin edilmişdir. “Məhkəmələr və hakimlər” haqqında Qanuna əlavə və dəyişiklik edilməsi barədə Qanuna əsasən hakimlərə təyin olunmuş pensiyalar yenidən hesablanarkən, bu ona tətbiq olunmamış, əsassız olaraq yenidən hesablanmamışdır. Bununla əlaqədar cavabdeh orqana müraciət etmiş, müraciət etdiyi orqan isə əsassız olaraq imtina etmişdir. Cavabdeh iddia ərizəsinə dair etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(82)-2803/2019 saylı iş) 14 avqust 2019-cu il tarixli qərarı iləiddia təmin edilərək iddiaçıya pensiya hesablanm asında hakimlər məzuniyyətə çıxdıqdan sonra iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən (20 iyun 2003) əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının əmək pensiyasının hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində ödənilən pul məbləği nəzərə alınmaqla yenidən hesablanması üçün qanuni əsaslar mövcuddur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin14 avqust 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X7-məruzəçi, X5 və X3, 2-1(103)-2563/2019 saylı iş) 13 noyabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 16 dekabr 2019-cu il tarixdə qərarın surətini almış, 8 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Tələb edilən müavinət (maddə 107) və pul təminatının (maddə 109) “əmək haqqının sonrakı artımı” kimi qəbul edilməsi yolverilməzdir. İddiaçıya görə, “Əmək pensiyaları haqqında” Qanunun 20.7 və 29.3-cü maddələri ona belə bir hüquqla çıxış etmək imkanı tanıyır. Halbuki 20.7-ci maddə, sabiq hakimlərin əmək p ensiyasına əlavələrin hesablanması zamanı əmək haqqındakı sonrakı artımların diqqətə alınmalı olmasını təsbit edir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107 və 109-cu maddələrində nəzərdə tutulmuş müavinət və pul təminatı əmək haqqındakı sonrakı artım kimi qiymətləndirilə bilməz. Ona görə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsi “hakimlərin maddi təminatı” adlanır və “əmək haqqı”na aşağıdakıları daxil edir: Vəzifə maaşı (1-ci hissə); Staja və elmi dərəcəyə görə əlavə haqq (9-cu hissə); Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün aylıq pul təminatı (10-cu hissə); Birdəfəlik yardım (11-ci bənd). İddiaçının tələb etdiyi müavinətlər isə 107 və 109-cu maddələrdə təsbit edilib və hazırda sözügedən maddələrin mətnin özünün məzmunu da müavinət və pul təminatının əmək haqqı olmadığına dəlil təşkil edir. Çünki adı çəkilən maddələrdə müavinətin və pul təminatının məbləğinin 2 aylıq əmək haqqı miqdarında olacağı nəzərdə tutulmuşdu. Eyni zamanda, qanunverici bu 2 aylıq məbləği əmək haqqına daxil etmək istəsəydi, 106-cı maddədə göstərərdi. Göründüyü kimi, 107 və 109-cu maddələrdəki 2 aylıq müavinət ƏPQ-nin 20.7-ci maddəsindəki “əmək haqqının sonrakı artımı” çərçivəsinə daxil edilə bilməz. Diqqət edilsin ki, Əmək Məcəlləsinin “əmək haqqı” anlayışını nəzərdə tutan 154-cü maddəsinin İ hissəsi (“Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.”) hazırki mübahisəyə tətbiq edilə bilməz. Çünki həmin Məcəllənin 6-cı maddəsinin (b) bəndinə görə, Əmək Məcəlləsi məhkəmə hakimlərinə şamil edilmir. İddiaçı, ona pensiya təyin edilərkən diqqətə alınmalı olduğunu iddia etdiyi müavinət və pul təminatını aldığını sübut edə bilməmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Proses sual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı 1992-ci ilin oktyabr ayından 2000-ci ilin sentyabr ayına qədər Ağdam qarnizonu hərbi tribunalının sədri vəzifəsində işləmiş, 6 sentyabr 2000-ci il tarixdən ona hərbi qulluqçu (hərbi tribunalın sədri ) kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı oktyabr 1992-avqust 2000-ci illərdə hərbi tribunalın sədri vəzifəsində işlədiyinə istinad edərək “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107 və 109-cu maddələrində nəzərdə tutulan hər il verilən iki aylıq əmək haqqı məbləğində müalicə pulu, iki aylıq əmək haqqı məbləğində müavinət nəzərə alınmaqla pensiya məbləğinin 20 iyun 2003-cü ildən yenidən hesablanmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinin birinci hissəsinin 21 oktyabr 2010-cu ilə qədər qüvvədə olmuş redaksiyasına əsasən, hakimlərə hər il qı rx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət verilir. Həmin normanın 21 oktyabr 2010-cu ildən başlayaraq 25 iyul 2019-cu ilə qədərki redaksiyasına görə hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Həmin Qanunun 109-cu maddəsinin 4-cü hissəsinə əsasən, hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin Qanunun 109-cu maddəsində həmçinin qeyd edilmişdir ki, hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublik asının Qanununa uyğun olaraq həyata keçirilir. İşdən görünür ki, iddiaçı hərbi qulluqçu (hərbi tribunalın sədri) vəzifəsində işlədiyi dövrdə almadığı hər il verilən iki aylıq əmək haqqı məbləğində müalicə pulu və iki aylıq əmək haqqı məbləğində müavinətin pensiya təyini zamanı nəzərə alınmasını arzu edir. İşin mübahisə olunmayan halıdır ki, iddiaçı 2000-ci ilin sentyabr ayınadək hərbi tribunalın sədri işlədiyi dövrdə iddia tələbində göstərdiyi hər il verilən iki aylıq əmək haqqı məbləğində müalicə pulu və iki aylıq əmək haqqı məbləğində müavinəti almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə ol an halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzər ə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”. İddiaçı hər il verilən iki aylıq əmək haqqı məbləğində müalicə pulu və iki aylıq əmək haqqı məbləğində müavinəti müvafiq olaraq pensiya təyi n ediləndən əvvəl əmək haqqı və dövlət məvacibinə münasibətdə almamışdır. Həmçinin iddiaçı hərbi tribunalın sədri vəzifəsində işlədiyi müddətdə həmin vəsaitlərdən sosial sığorta haqqı tutulmamışdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə iddiaçıya pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə (6 sentyabr 2000-ci ilədək) almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından hazırkı işdə həmin əlavələr iddiaçının pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə əmək pensiyası dedikdə-bu Qanunla nəz ərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi başa düşülür. İddiaçıya 6 sentyabr 2000-ci ildə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilən zaman iddia ərizəsində qeyd etdiyi əlavələri almadığından, əmək pensiyası təyin olunduqdan əvvəl alınan əmək haqqı və digər gəlirlər nəzərə alınmaqla təyin edilməli olduğundan, iddiaçının tələbi əsaslı sayıla bilməz. Odur ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə q əbul edildiyindən ləğv edilərək, iddia rədd olunmalıdır. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. İddiaçı özü ilə oxşar vəziyyətdə olan X4 iddiası üzrə baxılmış məhkəmə işinə istinad etmişdir. Həmin işdə üzrə qanuni qüvvəyə minmiş 7 noyabr 2018-ci il tarixli məhkəmə qərarından (22 may 2019-cu il tarixdə Ali Məhkəmədə yekun qərar qəbul edilmişdir) görünür ki, 1992-ci ilin sentyabr ayından 2000-ci ilin sentyabr ayına qədər Fizuli və Qubadlı qarnizonu hərbi tribunalının sədri işləmiş E.Z.Orucova 2000-ci ilin sentyabr ayında hərbi qulluqçu kimi pensiya təyin edilmiş, hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət v ə il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmindəki pul məbləği nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması inzibati orqana həvalə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən oxşar xarakterli digər işlərdə vaxtilə hərbi tribunalın sədri və hakimi işləmiş, 2000-ci ilin sentyabr ayında hərbi qulluqçu kimi pensiya təyin edilmiş şəxslərə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107 və 109cu maddələrində nəzərdə tutulan hər il verilən iki aylıq əmək haqqı məbləğində müalicə pulu, iki aylıq əmək haqqı məbləğində müavinət nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması pensiya təyin edən orqana həvalə edilmişdir. Lakin hazırda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarındakı hüquqi mövqe nəzərə alınm aqla məhkəmə özünün formalaşmış təcrübəsini dəyişmişdir. Plenum qərarında da qeyd edildiyi kimi, Plenum qərarı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Hazırkı işə baxılan zaman iddiaçı barəsində olan apelyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarına görə pensiya təyin edildikdən sonra yenidən hesablanma aparılarkən şəxsin işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqı, təminat xərcliyi, dövlət məvacibi və ya onlara edilən əlavələr in əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından, Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malik olduğundan, oxşar işlər üzrə Konstitusiya Məhkəməsinin qərarından əvvəl qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olması hazırkı iddianın təmin edilməsi üçün qanuni əsas ola bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2563/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-696/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-696/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver