Məhkəmə qərarları › İş №2-1(102)-702/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-702/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-702/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar söz: yaşa görə əmək pensiyasının yenidən hesablanması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı iştirakı ilə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının 2-1(103)-2797/2019 nömrəli, 12.12.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10.03.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasına çıxdıqdan sonra 23.09.1996-cı il tarixindən 12.08.2017-ci il tarixinədək, cəmi 20 il 10 ay 12 gün Gənclərin Çağırışaqədərki İbtidai Hərbi Hazırlıq fənni üzrə müəllim kimi əmək fəaliyyəti ilə məşğul olmuş, yaşa görə əmək pensiyasına çıxdıqdan sonra 01.01.2006-cı il tarixindən 01.07.2017-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Bu səbəbdən o, cavabdeh inzibati orqana müraciət edərək sosial sığorta kapitalı nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan ərizəni təmin etməmiş və ona istinad etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. İddiaçının sosial sığorta hesabındakı pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüququ var, bu zaman onun pensiya məbləği fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğlə müəyyənləşdirildiyindən dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcək. İddiaçı, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona pensiya təyin olunduqdan sonra 01.01.2006-cı il tarixindən 01.07.2017-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla pensiyanın sığorta hissəsinin hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh pensiyanın yenidən hesablanmasından imtina etsə də, konkret bir maddi normaya istinad etməmişdir. Cavabdehin iddia ərizəsinə vediyi etirazda qeyd olunmuşdur ki, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi qulluqçuların təminat xərcliyi onların q ulluq etdiyi müvafiq qurumlar tərəfindən hazırlanır və pensiya təyin edilməsi üçün DSMF-yə göndərilir. Belə olan halda, iddiaçının əmək pensiyası müvafiq qurumlar tərəfindən tərtib edilmiş məlumat vərəqəsindəki təminat xərcliyinə əsasən təyin edildiyindən bu məlumat olmadan iddiaçının pensiyasına hər hansı dəyişiklik edilməsi mümkün deyil. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2-1(81)2237/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərardan cavabdeh inzibati orqan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.12.2019-cu il tarixli, 2-1(103)-2797/2019 nömrəli qərarına əsasən, apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2-1(81)-2237/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən qanunun tələblərinə əsasən pensiyanın sığorta hissəsi yenidən hesablanmalıdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərində cavabdeh, iddiaçının hərbi qulluçu olduğunu, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na istinad edilməli olduğunu, lakin apellyasiya instansiya m əhkəməsinin bunu nəzərə almadığını bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyindən belə başa düşülür ki, əmək pensiyasına çıxan hərbi qulluqçu əgər sonradan işləyirsə, onun əmək pensiyası həm təminat xərcliyi artdıqca, həm də sığorta kapitalı artdıqca artmalıdır. Bu isə şəxsə münasibətdə ikiqat artımın tətbiq edilməsinə gətirib çıxarır. Kassator, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsini və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.12.2019-cu il tarixli, 2-1(103)2797/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı Idd iaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.12.2019-cu il tarixli, 2-1(103)-2797/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından məlum olur ki, Iddiaçı 07.01.1997-ci il tarixində hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya t əyin edilmiş, lakin o, 12.08.2017-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olduğu üçün yenidən sığorta kapitalı toplanmışdır. Belə olan halda Məhkəmə Kollegiyası aşağıdakı normaların təhlilini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir:4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yı ğım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Göründüyü kimi, cavabdeh kassasiya şikayətinin dəlillərində iddiaçıya “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın tətbiq edilməli olduğunu və pensiyan ın təminat xərcliyinə əsasən hesablanmalı olduğunu bildirsə də, qeyd edilən normaların məzmunundan aydın olur ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə deyil, fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Apellyasiya instansiya məhkəməsi tərəfindən də bu hal əsaslı olaraq qiymətləndirilmiş və bildirilmişdir ki, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən qanunun tələblərinə əsasən pensiyanın sığorta hissəsi yenidən hesablanmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübah isəni həll edərkən işin faktiki hallarına uyğun maddi hüquq normalarına istinad etmiş, eləcə də prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.12.2019-cu il tarixli, 2-1(103)-2797/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci madd əsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.12.2019-cu il tarixli, 2-1(103)-2797/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar