Məhkəmə qərarları › İş №2-1(102)-702/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-702/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-702/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması; tikilinin istismarına icazə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X3 və “X5” MTK) “hüququn qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2465/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A blokunun 1-ci mərtəbəsində yerləşən 220 kv.m qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir.

2. Cavabdehin imtina məktubu nda qeyd edilmişdir ki, araşdırma aparılan zaman ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A blokunun 1-ci mərtəbəsində yerləşən 220 kv.m qeyriyaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 22 avqust 2006-cı il tarixdə “X5” MTKnın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbə li binanın 1ci mərtəbəsində yerləşən 220 kv.m. olan qeyri-yaşayış sahəsi ona verilmiş, həmin tarixdə “X5” MTK ilə müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən o, “X5” MTK-ya həmin qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Buna görə də ona “X5” MTK tərəfindən qeyri-yaşayış sahəsinin dəyərini tam ödəməsi və heç bir borcunun olmaması barədə 22 avqust 2006-cı il tarixdə maliyyə arayışı verilmişdir. Bundan sonra, o, həmin sahə üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi məqsədilə bütün lazımi sənədləri əlavə etməklə Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqan müraciətinin təmin edilməsindən imtina edilmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 oktyabr 2017-ci il tarixli 2-1(82)4488/201 7 saylı qərarı ilə “X5” MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 220 kv.m. qeyriyaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 6. 4 dekabr 2019-cu il tarixdə X3 ərizə ilə məhkəməyə müraciət edərək 4 oktyabr 2017-ci il tarixli 2-1(82)-4488/2017 nömrəli qərarın ləğv edilməsini və onun həmin iş üzrə icraata 3-cü şəxs qismində cəlb olunmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından məlumatlı olmamışdır. Bu barədə məlumat aldıqdan dərhal sonra 24 noyabr 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət e dərək, 29 noyabr 2019cu il tarixdə həmin qərarın surətini əldə etmişdir. Onunla "xxxx" MTK ilə aralarında bağlanmış 19 dekabr 2007-ci il tarixli 11 saylı müqaviləyə əsasən "xxxx" MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən, ümumi sahəsi 860 kv.m olan qeyriyaşayış sahəsinin dəyərini MTK-ya ödəyərək almışdır. "xxxx" MTK həmin müqavilə üzrə qeyd olunan qeyri-yaşayış sahələrinin təhvil verilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, onun iddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, "xxxx" MTK-nın Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbə li binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m - o cümlədən 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbədə ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbədə ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinə onun sahiblik və istifadə hüququ tanınmış və həmin 860 kv.m qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi "xxxx" MTK-ya həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-1496/2016 saylı qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 5 iyul 2016-cı il tarixli 2(102)-2939/2016 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəmə sinin 28 mart 2016-cı il tarixli 2(103)-1496/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsi icraya yönəldilmiş və qeyd olunan 860 kv.m qeyri-yaşayış sahəsi ona təhvil verilmişdir. O, həmin qeyri-yaşayış sahəsində zəruri təmir tikinti işləri aparmışdır. Qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4488/2017 saylı 4 oktyabr 2017-ci il tarixli qərarı ilə İddiaçı adına qeydiyyata alınması qərara alınan, "xxxx" MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-ci mərtəbəsində yerləşən 220 kv.m qeyri yaşayış sahəsinin 130 kv.m hissəsi, yuxarıda istinad etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il ta rixli 2(011)-5834/2015 saylı qətnaməsi ilə üzərində sahiblik və istifadə hüququ tanınan və onun sahibliyinə və istifadəsinə verilməsi qət olunan qeyri-yaşayış sahəsi ilə eynidir. Göründüyü kimi, işə baxan 2 saylı İnzibati-İqtisadi Məhkəməsi hazırkı qərarı ilə sahibliyində, istifadəsində və potensial mülkiyyətində olan əmlak üzərində hüquqlarını kobud şəkildə pozmuşdur. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-1(82)4488/2017 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 mart tarixli 2-1(103)-843/2020 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. c) kassasiya instan siya məhkəməsindəki birinci icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2020-ci il tarixli, 2-1(102)-1556/2020 nömrəli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin 18 mart 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli 2-1(103)-1911/2020 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, X3 hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, birinci instansiya məhkəməsinin 4 oktyabr 2017-ci il tarixli, 2-1(82)-4488/2017 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmi n məhkəməyə göndərilmişdir. d) birinci instansiyası məhkəməsindəki ikinci icraat

11. Bakı İnzibati Məhkəməsinin 9 fevral 2021-ci il tarixli, 2-1(112)-4189/2021 nömrəli qərardadı ilə “X5” MTK hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2 iyul 2021-ci il tarixli, 2-1(112)-4189/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası qanunvericiliyinin mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan, həm də bundan sonrakı qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, tikintisi başa çatmış yaşayış evinin istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktı mövcud olmalıdır ki, həmin binada yerləşən mənzillərin dövlət r eyestrində qeydiyyatının aparılması mümkün olsun. Lakin, iddiaçıya məxsus mənzilin yerləşdiyi mübahisəli yaşayış binasının istismara qəbul aktı mövcud deyildir.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2465/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmi n edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə göstərilir ki, məhkəmənin gəldiyi nəticə tam əsassız və qanunsuzdur. Belə ki, məhkəmə istinad etdiyi Mülki Məcəllənin maddələrinin tələblərini tam pozmuşdur. Həmin maddələrinin mənasına görə, kooperativinin pay haqqı tam ödədikdə daşınmaz əmlakın üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. İş materiallarından görünür ki, iddiaçı həmin qeyriyaşayış sahəsi ilə bağlı iş üzrə 3-şəxs "xxxx" MTK-nin pay haqqını tam ödəmiş və MTK-nı bununla bağlı 22 avqust 2006-cı il tarixli maliyyə arayışı vermişdir. Ape llyasiya məhkəməsi birinci instansiya məhkəməsi kimi eyni səhvlərə yol vermiş və qeyd etdiyi qanunun tələblərini düzgün təfsir etməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İş üzrə üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının kassasiya şikayətində qeyd etdikləri tam əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.metr qeyri-yaşayış sahəsi, o cümlədən hazırda mübahisə predmeti olan 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 130 kv.metrdən ibarət hissəsi E.Axundova 19 dekabr 2007-ci il tarixli 11 saylı müqaviləyə əsasən satılmış və artıq qüvvəsini almış Xətai Rayon Məhkəməsinin 22 oktyab r 2015-ci il tarixli 2(011)5834/2015 saylı qətnaməsinə əsasən həmin qeyri yaşayış sahəsi üzərində E.Axundovun sahiblik və istifadə hüququ tanınmışdır. Belə ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu səbəbdən də iddiaçının istinad etdiyi 04 may 2017-ci il tarixli müqavilə üzrə ayrılmış 130 kv.metr sahənin mübahisə predmeti olan sahəyə heç bir aidiyyəti yoxdur. Məhkəmə kollegiyasının nəzərinə çatdırılmasını istərdi ki, Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli qətnaməsinin icra edilməsi barədə icra aktları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyind ən alınmış 12 aprel 2017-ci il tarixli rəy həm birinci həm də apellyasiya instansiyası məhkəmələrində təqdim edilərək iş materiallarına əlavə edilmişdir. Həmin sənədlərdən aşkar görünür ki, iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsi, hələ iddiaçı həmin tələblə məhkəməyə müraciət etməmişdən əvvəl qanuni qüvvəsini almış məhkəmə aktı ilə X2 təhvil verilmiş və üzərində sahiblik və istifadə hüququ tanınmış qeyri yaşayış sahəsi ilə eynidir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv e dərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, qərar mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);...

25. Normanın məzmunundan göründüyü kimi, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi ba rədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və qanunvericiliklə nəzərdə tutulmuş pay haqqının tam ödənilməsi həmin yaşayış (qeyri-yaşayış) sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının əsası kimi təsbit olunmuşdur.

26. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı ilə “X5” MTK arasında 22 avqust 2006-cı il tarixdə bağlınmış müqaviləyə əsasən, Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra binanın A blokunun 1-ci mərtəbəsində 220 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini kooperativ payçıya verilməsini, payçı isə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüş, 22 avqust 2006-cı il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında yerləşən b inanın A blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinə aid pay haqqı iddiaçı tərəfindən tam ödənilmişdir və 22 avqust 2006-cı il tarixdən həmin qeyri-yaşayış sahəsi ilə ifadə olunan pay xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur.

27. Bununla yanaşı, payın mülkiyyətçisi (öhdəliyin icrasını tələb edən şəxs) iddia etdiyi tikili sahəsinin və ya onun aid olduğu (tərkib hissəsi olduğu) binanın istismara qəbul edildiyini (yaxud istismarına icazə verildiyini), yəni həmin tikili sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan yaşayış (mənzil) və ya qeyriyaşayış sahəsi kimi tanındığını sübut etmək yükünü daşıyır.

28. Bu qənaət, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.9, 8.0.9.2, 8.0.10, 8.0.10.1-ci maddələr inin tələblərindən irəli gəlir. Həmin normalara görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvv əyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə.

29. Normaların tələblərindən göründüyü kimi, 2013-cü il yanvarın 1-dək inşa edilmiş çoxmənzilli binalara münasibətdə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililərə münasibətdə isə tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq olunması) yoxdursa, həmin binanın inşasının qanuniliyi, onun məhz yaşayış binası kimi istismara yararlı olduğu, buradan, onun çoxmənzilli yaşayış binası kimi tanındığı təsdiq olunmursa, bu, həmin binanın tərkib hissələrinə də aiddir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində təsbit olunmuş əsasların hər hansının mövcudluğu hüquq sahibini (hazırkı halda, iddiaçını) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda təsbit edilən və daşınmaz əmlaka dair hüquqların qeydə alınması üçün zəruri olan sənədləri qeydiyyat orqanına həmin Qanunla müəyyən edilmiş qaydada təqdim etmək vəzifəsindən azad etmir.

31. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9, 8.0.9.2, 8.0.10, 8.0.10.1-ci maddələrinin tələbləri ödənilmədiyindən cavabdehin üzərinə hazırkı məzmunda öhdəlik qoyula bilməz.

32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2-1(103)-2465/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar