Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-704/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr; bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatı barədə çıxarış verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Elşanə Vəliyevadan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İ darəsinə qarşı bağ sahəsinin iddiaçının nənəsi Həlimə Mütəlib qızına məxsus olması haqqında çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2968/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Həlimə Mütəlib qızı ilə keçmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti (sonrakı adı X1 və İstismarı Birliyinin) arasında bağlanmış xx xxxx 1973-cu i l tarixli, 17893 saylı müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində, 0,25 hektar torpaq sahəsindən ibarət olan 1995 saylı bağ sahəsinin Həlimə Mütəlib qızına məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Trestinin (sonrakı adı X1 və İstismarı Birliyinin) xx xxxx 1973-cu il tarixli, 17893 saylı müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində, 0,25 hektar torpaq sahəsindən ibarət olan 1995 saylı bağ sahəsi mər hum nənəsi Həlimə Mütəlib qızının icarəsinə verilmişdir. Nənəsi ilə sözügedən bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün müqavilə bağlanmışdır. Nənəsi xx.xx.1977ci ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra həmin bağ sahəsindən atası və anası istifadə etmiş, hal-hazıradək bağ sahəsindən isə o istifadə edir, bağ sahəsinə sahiblik edir. Bağ sahəsini daş hasara almışdır. Bağsahəsinə o faktiki sahiblik edir. Bağ sahəsinə sahiblik və istifadə hüququnu həyata keçirməklə bağ sahəsinə istifadə hüququnu qəbul etdiyini şəksiz nümayiş etdirir, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə üzrə hüquq və öhdəlikləri qəbul etmiş və onu daim yerinə yetirir. Halhazırda nənəsinə məxsus bağ sahəsini özəlləşdirmək istəyir. Bununla bağlı Bakı şəhəri 37 saylı Notariat Kontoruna mü raciət etmişdir. Orada nənəsinin vərəsəsi tanınmışdır. Notariat Kontoru tərəfindən cavabdehə bağ sahəsinin sənədlərinin göndərilməsi xahiş edilmiş, lakin cavabdeh nənəsinə məxsus bağ sahəsinin icarə müqaviləsinin arxivdə olmamasını bildirmişdir. Halbuki nənəsinin adına olan bağın icarə müqaviləsinin əsli ondadır, həmin müqavilənin əslini cavabdehə təqdim etmişdir. Bundan sonra bağ sahəsinin itmiş qovluğunun bərpa edilməsi və çıxarışın verilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, bütün sənədləri onlara təqdim etmiş, lakin cavabdeh itmiş bağ qovluğunun bərpa edilməsindən və çıxarışın verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-2993/2019 nömrəli (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddianın təmin edilməsi, xx xxxx 1973-cu il tarixli, 17893 saylı müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində, 0,25 hektar torpaq sahəsindən ibarət olan 1995 saylı bağ sahəsinin mərhum Həlimə Mütəlib qızına məxsus olması haqqında arayışın (çıxarışın) iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-2968/2019 nömrəli (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Na ğıyeva və H.Həmidov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi,birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya məhkəməsi qeyd edir ki, onun nənəsi vəfat edəndən sonra onların ailə üzvləri ilə bağa dair müqavilə bağlanmamış, nənəsi vəfat etdiyi üçün müqaviləyə xitam verilmişdir. Bu tam səhv fikirdir, belə ki, onun nənəsi sözügedən bağ sahəsinə dair icarə müqaviləsini 1973-cü ildə 10 il müddətinə bağlamışdır, onun nənəsi isə icarə müqaviləsinin müddəti qurtarmadan 1977-ci ildə vəfat etmişdir. Beləliklə də, məhkəmə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin tələblərini pozmuşdur. Bağın icra müqaviləsinə heç bir orqan tərəfindən xitam verilməmişdir, bu barədə hər hansı bir sənəd yoxdur. Əgər icarə müqaviləsinə xitam verilsəydi onda həmin bağ sahəsini başqa bir şəxsə ayırardılar. Lakin iş materiallarında belə bir hal olmamışdır. Onun nənəsi öldüyü vaxtdan icarə hüququ onun vərəsələrinə keçmişdir. Həmin torpaq sahəsindən 43 ildir ki, fasiləsiz sahiblik edir, istifadə edir, onlara qarşı X1 və İstismarı Birliyi tərəfindən etiraz olmamışdır. X1 və İstismarı Birliyi tərəfindən xx xxxx 1973-cü il tarixli 17893 saylı müqaviləsi ilə Həlimə Mütəllib qızına Ləhiş bağlar massivində 0,25 hektar torpaq sahəsindən ibarət olan 1995 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ müqaviləsinin əsli hal-hazırda ondadır. Bağ qovluğunun bağın icarə müqaviləsin in cavabdehin arxivində saxlanılmaması, itirilməsi iddiaçının günahı deyildir. İddiaçı qeyd edir ki, atası, anası, daha sonra isə özü nənəsindən miras qalmış bağ sahəsinə nənəsinin vəfatından sonra bu günə qədər sahiblik edir, o, bağ sahəsinə faktiki sahiblik edir, mirası qəbul etdiyini şəksız nümayiş etdirir. Mirasın qəbulu ilə bağlı o, notariat kontoruna müraciət etmişdir və o, faktiki olaraq həmin əmlakın vərəsəlik qaydasında vərəsəsi tanınmışdır. O, nənəsindən miras qalmış bağ sahəsini özəlləşdirmək istəyir. Bununla bağlı həmin bağ sahəsinin nənəsinə məxsus olmasına dair arayışın verilməsini xahiş etmişdir. Məhkəmə də onun ərizəsini təmin etmişdir. Lakin apelyasiya məhkəməsi heç bir əsas olmadan həmin qərarı ləğv etmişdir. Apelyasiya Məhkəməsinin qərarı tam ədalətsizdir. Həmin qərar lə ğv edilməlidir. O, sözügedən bağ sahəsinin nənəsinə məxsus olmasına dair arayışın verilməsini məhkəmədən xahiş etmişdir. O, məhkəmədən vərəsəliyin tanınmasını, adına çıxarışın verilməsi və sair iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Lakin məhkəmə bunu nəzərə almamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bütün yuxarıda göstərilən lərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2968/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qəra rın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissə də təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli, 2-1(103)-2968/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qənaətinə gələrkən «Torpaq islahatı haqqında» Qanunun 9, 10-cu maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət vermədiyindən mübahisələndirilən qərar ləğv olunmalı, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki iddiaçının kasasiya şikayətindəki dəlilləri qismən əsaslı olduğundan, kasasiya şikayəti qismən, yəni, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi hissəsində təmin edilməli, qalan hissədə isə iş üzrə bir sıra sübutların araşdırılması zəruri olduğundan təmin edilməməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilmiş qənaətə gələrkən öz 26 dekabr 2019-cu il tarixli qərarında qeyd etmişdir ki, «Məhkəmə hazırkı iddia tələbinin əsaslı olub-olmadığına hüquqi qiymət verərkən ilk növbədə xx xxxx 1970-ci il tarixli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi” barədə müqavilə əsasında 1977-ci ildə vəfat etmiş Həlimə Mütəllib qızına icarəy ə verilmiş torpaq sahəsi üzərində hüququn onun vərəsələrinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada keçib-keçməməsi məsələsini araşdırmalı, bu baxımdan iddiaçının icarədarın vərəsəsi kimi subyektiv hüququnun olub-olmamasını araşdırmalıdır. Qeyd edilən hüquqi mövqe “V.Kiçibəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyasının xx xxxxxx 2018-ci il tarixli qərarında ifadə edilmişdir. İşin faktiki hallarından görünür ki, Həlimə Mütəllib qızı 1977-ci ildə vəfat etdikdən sonra onun vərəsələri ilə Bakı şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyi arasında (Birlik ləğv edildiyi tarixədək) yen i icarə müqaviləsi bağlanmamışdır. Fiziki şəxsin ölümü həm hazırda qüvvədə olan mülki qanunvericilikdə, həm də iddiaçı ilə icarə müqaviləsi bağlanarkən qüvvədə olmuş qanunvericilikdə müqavilə münasibətlərinə xitam verilməsi əsaslarından biri olduğundan məhkəmə hesab edir ki, Sabunçu rayonunun Ləhiş ərazisindəki 0,25 hektar sahəsi olan 1995 nömrəli bağ sahəsi ilə bağlı icarə münasibətləri 1977-ci ildə icarədarın ölümü ilə əlaqədar xitam olunmuşdur. Həmin bağ sahəsinə dair müqavilə qovluğunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arxivində aşkar edilməməsi də təsdiq edir ki, X1 və İstismarı Birliyi ləğv edilərkən həmin müqavilə qüvvədə olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən bağ sahəsi üzərində icar ə hüququnun iddiaçıya vərəsəlik qaydasında keçməsi istisna olunduğundan iddiaçının qeyd edilən bağ sahəsini özəlləşdirmək üçün subyektiv hüquqa malik olmadığı müəyyən olunur». Bununla əlaqədar olaraq məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi həmin hüquqi mövqeyi ilə razılaşmayaraq xüsusi şəkildə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında özü iddiaçının mərhum Həlimə Mütəllib qızının hüquqi varisi olması faktiki müəyyən etmişdir (baxın iş vərəqələri 74, 75). Digər tərəfdən iddiaçının mərhum nənəsi Həlimə Mütəllib qızı sözügedən bağ sahəsinə dair, o zamankı Bağlar Təsərrüfatı İdarəsi ilə 1973-cü il tarixdə icarə müqaviləsi bağlamış (iş vərəqi 14), 1977-ci il tarixdə vəfat etsə də, iddiaçının kasasiya şikayətində y azıldığı kimi bağın icarə müqaviləsi heç bir orqan tərəfindən xitam verilməmiş, iddiaçı və onun hüquqi sələfləri 43 ildir ki, bağdan fasiləsiz sahiblik edirlər. Lakin apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələbləri baxımından işin sözügedən halını ümumiyyətlə araşdırmamış, bu məsələyə formal yanaşmışdır. Halbuki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan iddiaçının kasasiya şikayətindəki «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.1 və 22. 2-ci maddələri barədə dəlili əsaslı sayılmalıdır. Belə ki, həmin Qanunun 22.1-ci maddəsinə əsasən etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Lakin apelyasiya ins tansiyası məhkəməsinin hazırkı mübahisəni həll edərkən qeyd edilən prosessual və maddi hüquq normalarını nəzərə almamış və nəticə etibarı ilə iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2968/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-704/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-704/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver