Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-717/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: sosial sığorta stajı barədə arayışda qeyd edilən stajın nəzərə alınaraq, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabel iyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Vəkil Vəliyəddin oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “sosial sığorta stajı nəzərə alınaraq, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1644/2021 saylı, 18 noyabr 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşa ğıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2001-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Naxçıvan MR Təhsil Nazirliyi X10 Kolleci tərəfindən verilmiş 19 iyul 2019-cu il tarixli arayışa əsasən X10 Kollecinin əyani İV kurs Baytarlıq ixtisasında ödənişli əsaslarla təhsil alır.
3. Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə iddiaçının atası qrafasında X4, anası qrafasında X3 adı yazılmışdır.
4. Ölüm haqqında şəhadətnaməyə əsasən X7 18 may 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir.
5. X4 əmək kitabçasına əsasən 15.12.2009-cu il tarixdən- 21.05.2019-cu il tarixədək müxtəlif vəzifələrdə işləmişdir.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən veril miş X5 xidmət dövrü barədə arayışından görünür ki, X7 26.04.1995-ci il tarixdən 26.01.1996-cı il tarixədək Bakı şəhəri Nərimanov RPİ-nin nəzdində mühafizə şöbəsində polis nəfəri, 26.01.1996-cı il tarixdən 24.12.1996-cı il tarixədək DİN-in Mühafizə İdarəsinin sərəncamında olmuş, 24.12.1996-cı il tarixdən 03.10.1997-ci il tarixədək DİN-in Mühafizə İdarəsinin İnzibati binasının və ərazisinin mühafizəsi üzrə mühafizə bölməsində polis nəfəri, 03.10.1997-ci il tarixdən 25.09.1997-ci il tarixədək DİN-in Mühafizə İdarəsinin İnzibati binasının və ərazisinin mühafizəsi üzrə mühafizə bölməsində polis nəfəri, 25.09.1997-ci il tarixdən 04.12.1997-ci il tarixədək DİN-in Baş Mühafizə İdarəsinin sərəncamında olmuş, 04.12.1997-ci il tarixdən 30.10.1999-cu il tarixədək Bakı şəhəri Yasamal RMİ-də polis nəfər i vəzifəsində işləmiş, 30.10.1999-cu il tarixdə Müvəqqəti Təlimatın 4-cü maddəsinin “E” bəndinə əsasən (öz xahişi ilə) əsasən X5n xaric olunmuşdur. X4 X5 xidmət müddəti 30.10.1999-cu il tarixə təqvimi hesablama ilə 06 il 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün təşkil edir. Əsas: A.Hüseynovun arxiv şəxsi işi.
7. İddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilməsi barədə ərizə ilə DSMF-nin Suraxanı rayon şöbəsinə müraciət etmiş, DSMF-nin Suraxanı rayon şöbəsinin iddiaçıya ünvanlanmış 15.11.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları nın 3.1.1-ci maddəsində Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının 26.04.1995-30.10.1999-cu illər Daxili işlər orqanında olan iş stajı əmək kitabçası olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı 15 noyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş arayışa əsasən atası X4 26.04.1995-ci il tarixdən 30.10.1999-cu il tarixədək X5 xidmət edərək, təqvimi hesablama ilə 06 i l 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün sosial sığorta stajına malik olması nəzərə alınmaqla, ona 18.05.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiya təyin edilərək hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum X4 qızıdır. Hazırda əyani əsaslarla təhsil alır. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə m üraciət etmişdir. Cavabdeh tərəfindən 15 noyabr 2019-cu il tarixli məktubla pensiya təyin edilməsindən imtina edilmiş, imtinaya əsas olaraq mərhum X4 26.04.1995-ci il tarixdən 30.10.1999-cu il tarixədək Daxili işlər orqanında olan iş stajının əmək kitabçasında olmadığı göstərilmişdir. X2 həmin dövrlərdə X5 xidmət etməsi və bu barədə arayış cavabdehə təqdim edilmişdir. Həmin arayış əsasında X4 iş stajı təqvimi hesablama ilə 06 il 06 ay 10 gün, imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün təşkil edir. X1 bundan əlavə iş stajına malik olması təqdim olunmuş əmək kitabçası əsasında öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi barədə cavabdehin imtinası əsassız olmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin (hakim X8, 2- 1(112)-1884/2020 saylı iş) 11 iyun 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş arayışa əsasən X4 26.04.1995-ci il tarixdən 30.10.1999-cu il tarixədək X5 xidmət edərək, təqvimi hesablama ilə 06 il 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün sosial sığorta stajına malik olması nəzərə alınmaqla, iddiaçıya 18.05.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiya təyin edilərək hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi DSMF-nin Suraxanı rayon şöbəsinə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən vəfat edən şəxsin ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliy yətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla hesablanır. İddiaçının atasının 51 yaşında vəfat etməsini, onun əmək qabiliyyətli yaş dövrünün 36 il təşkil etməsini nəzərə aldıqda, hazırki halda iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün ümumilikdə 12 il sığorta stajının olması tələb olunur. (51 yaş -15 yaş= 36)x4ay=144 ay=12 il sığorta stajı. İddiaçının atası X4 26.04.1995-ci il tarixdən 30.10.1999-cu il tarixədək X5 xidmət edərək, təqvimi hesablama ilə 06 il 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün sosial sığorta stajına malik olması arayışla, 15.12.2009-cu il tarixdən - 21.05.2019-cu il tarixədək sosial sığorta stajına malik olması əmək kitabçası ilə təsdiq edildiyindən, ümumilikdə sosial sığorta stajın ın 12 ildən çox olması öz təsdiqini tapdığından cavabdeh tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Cavabdehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir.
12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 28.10.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi - cavabdeh Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial ilə əvəz edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X6-məruzəçi, X9 və X16, 2-1(103)-1644/2021 saylı iş) 18 noyabr 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
15. Cavabdeh 23 fevral 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
16. X4 26.04.1995-ci il tarixindən 30.10.1999-cu il tarixinədək Daxili İşlər orqanında işlədiyi stajı əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin həmin dövrlərə dair iddiaçının hesabına məcburi dövlət sosial sığorta haqqı ödənilməsinə dair məlumat aşkarlanmamışdır. 17. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 21.1, 23-cü maddələrinin məzmununa görə şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir.
18. Beləliklə də iddiaçının 26.04.1995-ci il tarixindən 30.10.1999-cu il tarixinədək X5 işlədiyini iddia etdiyi işlədiyi müddətin əmək kitabçasına əsasən yoxlanılması mümkün olmadığı üçün həmin dövrün sosial sığorta stajı kimi hesablanaraq iddiaçıya ailə başçısını itirməyə görə əmək p ensiyası təyin edilməsi qanunvericiliyə ziddir.
19. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1 -ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alman sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəz ərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçı teleqram göndərərək ailə vəziyyəti və pandemiya ilə əlaqədar məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
22. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatm ış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ va rdır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; (-). Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı old uqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.
25. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 4.4.1-ci bənd. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 4.4.2-ci bənd. Ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqd a həmin məbləğə çatdırılmaqla ödənilir. 4.3.2. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 26. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamənin 1-ci bəndi ndə qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.
28. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 21(102)-752/2020 saylı, 2-1(102)-1460/2020 saylı 29 iyul 2020-ci il tarixli və 2-1(102)448/2021 saylı 17 mart 2021-ci il tarixli qərarlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə istinad olunaraq 1 yanvar 2006-cı ilə qədər iş stajının təsdiq olunması barədə iş yerlərinin verdiyi arayışların pensiya təyin olunması zamanı nəzərə alınmasının zəruriliyi bildirilmişdir.
29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli ar aşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Mə hkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
30. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Kasasiya şik ayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İddiaçının atası A.Hüseynov 18 may 2019-cu ildə vəfat etmişdir. İddiaçı xx xxxxx 2001-ci ildə doğulmuşdur. X10 Kollecinin 19 iyul 2019-cu il tarixli arayışına görə iddiaçı kollecin əyani İV kurs tələbəsidir. Atası vəfat ed ən zaman iddiaçı təhsil müəssisəsinin əyani şöbəsində təhsil alırdı. O, təhsil müəssisəsinin əyani şöbəsində təhsil almasını nəzərə alıb ailə bacısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, ailə başçısının zəruri iş stajı olmaması səbəbi ilə pensiya təyin olunmasından imtina edilmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
34. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının mərhum atasının 26.04.1995-ci il tarixdən 30.10.1999-cu il tarixədək X5 xidmət etməsi əmək kitabçası ilə təsdiq olunmadığından iddiaçıya pensiya təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulan sığorta stajı mövcud olmamışdır.
35. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
36. İddiaçının mərhum a tasının 15.12.2009-cu il tarixdən 21.05.2019-cu il tarixədək müxtəlif vəzifələrdə işləməsi əmək kitabçasında olan məlumatlarla təsdiq olunur və cavabdeh bu barədə mübahisə açmamışdır.
37. Həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş X5 xidmət dövrü barədə arayışından görünür ki, iddiaçının atası 26.04.1995-ci il tarixdən 30.10.1999-cu il tarixə qədər polis orqanlarında işləmişdir və X5 xidmət müddəti 30.10.1999-cu il tarixə təqvimi hesablama ilə 06 il 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün təşkil edir.
38. İddiaçının atasının işlədiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci və 3-cü bəndinin tələbinə görə Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışlar iddiaçının mərhum atasının mübahisə olunan dövrlə bağlı iş stajının təsdiq edilməsi üçün əsas sayılır və pensiya təyini zamanı nəzərə alınır.
39. Odur ki, 8 il 6 ay 12 günü iddiaçının atasının iş stajına daxil etməklə məhkəmə haqlı olmuşdur.
40. Qanunvericiliyin tələblərinə əsasən vəfat edən şəxsin ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı vacibdir. İddiaçının atasının 51 yaşında vəfat etməsi, onun əmək qabiliyyətli yaş dövrünün 36 il təşkil etməsi nəzərə alınaraq, hazırkı halda iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün atasının ümumilikdə 12 il sığorta stajının olması tələb olunur (51 yaş -15 yaş= 36)x4ay=144 ay=12 il sığorta stajı).
41. İddiaçının atasının 26.04.1995-ci il tarixdən 30.10.1999-cu il tarixədək X5 xidmət edərək, təqvimi hesablama ilə 06 il 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün sosial sığorta stajına malik olması arayışla, 15.12.2009-cu il tarixdən 21.05.2019-cu il tarixədək sosial sığorta stajına malik olması əmək kitabçası ilə təsdiq edildiyindən, ümumilikdə sosial sığorta stajının 12 ildən çox olması öz təsdiqini tapdığından iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququnun mövcud olması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
42. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət ver ilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
43. Məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Qanunun 32.3-cü maddəsinə istinad edərək bildirir ki, nəzərə alınmalıdır ki, ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün təyin edilir.
44. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
45. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası şərh edilənlə ri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1644/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.