Məhkəmə qərarları › İş №2-1(102)-721/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-721/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-721/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı "ona ünvan 1 ünvanında yerləşən mənzilin üzərində mülkiyyət hüquqlarının pozulması, onlara aid mənzilin qanunsuz və özbaşına sökülməsi nəticəsində ona və ailəsinə dəymiş ziyana görə 130000 (yüz otuz min) manat, məcbur olub kirayə haqqı ödədiyi üçün dəymiş ziyana görə 80500 (səksən min beş yüz) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, cəmi ******* (bir milyon iki yüz on min beş yüz) manat pul vəsaitinin təzminat olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2-1(108)-59/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ona ünvan 1 ünvanında yerləşən mənzilin üzərində mülkiyyət hüquqlarının pozulması, onlara aid mənzilin qanunsuz və özbaşına sökülməsi nəticəsində ona və ailəsinə dəymiş ziyana gör ə 130000 (yüz otuz min) manat, məcbur olub kirayə haqqı ödədiyi üçün dəymiş ziyana görə 80500 (səksən min beş yüz) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, cəmi ******* (bir milyon iki yüz on min beş yüz) manat pul vəsaitinin təzminat olaraq ona ödənilməsi vəzifəsinin cavabdeh xxxnin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində işləyən zaman ailəsinin evə olan ehtiyacı nəzərə alınaraq Nazirliyin Kollegiya iclasının qərarı ilə nazirliyin vəsaiti hesabına, nazirliyə aid təşkilat tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən 45 saylı mənzil ona verilmişdir. Nazirlik tərəfindən ona ayrılan mənzil 30 noyabr 1989-cu il tarixli 3572 saylı orderlə Naxçıvan XDS-nin İcraiyyə K omitəsi tərəfindən müvafiq qaydada rəsmiləşdirilmişdir. Lakin sonradan heç bir hüquqi əsas olmadan ona verilən mənzilin binası tədricən sökülmüş və iddiaçının konstitusion hüquqları pozulmuşdur.

3. Məhkəmə tərəfindən iddiaçıya 04 avqust 2023-cü il tarixli, 2-1(122)-506/2023 nömrəli yardım məktubu ünvanlanaraq söküldüyünü iddia etdiyi mənzilin mülkiyyətində olmasını sübut edən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

4. Məhkəmənin yardım məktubu iddiaçı tərəfindən imza edilərək alınmış, lakin müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir.

5. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2- 1(122)-506/2023 nömrəli qərardadı ilə (hakim E.Hüseynov) iddia mümkün sayılmamışdır.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçının hüquqlarının və qa nunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2-1(108)-59/2023 nömrəli qərardadı ilə (hakimlər: S.Novruzov - sədrlik edən və məruzəçi, Y.Qurbanov və S.Qarayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən mənzilin onun mülkiyyətində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin normalarından görünür ki, daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüqu quna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər.

10. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 139.1, 139.3, 146.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 8.0.2, 8.0.5-ci, İPM-in 35.1-ci maddəsinə və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına istinad etmişdir.

11. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, subyektiv hüquq digər şəxslərdən müəyyən hərəkətləri və ya hərəkətlərdən çəkinməyi tələb etmək imkanı ilə təmin edilir. Məhkəmə bu qərardadla onun subyektiv hüququnun təmin etməmiş, həmin hüququ pozmaqla qanunvericiliyin prinsipini pozmuşdur. Həmçinin məhkəmə mənzilə mülkiyyət hüququnun olmamasını əsas götürərək qeyd edir ki, sənədlər aşkar edilməmişdir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş 3572 saylı, xx.xx.1989-cu il tarixli order hüquq müəyyən edici sənəddir və ona həmin mənzil sahəsinə sahiblik və istifadə hüququ verir. Qeyd edir ki, mənzilin sökülməsi üçün özbaşınalığın və qanunsuzluğun dayandırılması üçün məhkəməyə vəsatət verdiyinə baxmayaraq vəsatəti təmin olunmamışdır. Maddi zərərlə bağlı tələbinin mötəbər sübutlara söykənmədiyini qeyd edən məhkəmə nəzərə almır ki, real bazar qiymətlərinə və riyazi hesablamaya istinad etmiş, bu da reallığı özündə əks etdirir.

13. Kassator şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarına istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəll əsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

16. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəm ə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

18. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı 19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməs indən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı idd ia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

26. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qan unvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

27. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, iddiaya mahiyyəti üzrə o zaman baxıla bilər ki, digər şərtlərlə yanaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də ödənilsin.

28. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığını n yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tut ur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

30. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-o lmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

31. Məhkəmə kollegiyasının qənaətinə görə, aşağıda qeyd olunmuş səbəblərdən hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.

32. Belə ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsinə görə ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə yönəlmişdir.

33. Qeyd edilməlidir ki, hazırkı qərarın 15-ci bəndində qeyd olunanlara əsasən daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

34. Beləliklə, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir.

35. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçıya yardım məktubu ünvanlayaraq, söküntüyə görə kompensasiyanın tələb etdiyi mənzilə dair mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin təqdim edilməsi təkl if edilmişdir, lakin iddiaçı tərəfindən məhkəməyə heç bir sənəd təqdim edilməmişdir.

36. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər.

37. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması və bu səbəbdən, iddianın mümkünsüzlüyü barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə hazırki qərarın 15,16(a), 18 və 19-cu bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə ə sasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 21(108)-59/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar