Məhkəmə qərarları › İş №2-1(102)-724/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-724/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-724/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Oğuz rayon Baş Daşağıl bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ləğv edilməmiş, geri çağırılmamış qərarın mövcudluğu, subyektiv hüququn olmaması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Oğuz rayon Baş Daşağıl bələdiyyəsinə qarşı “ünvan 1ində yerləşən, ona məxsus fındıq bağının yerləşdiyi 0,6252 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il m üddətinə) icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-542/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1i ünvanda yerləşən, ona məxsus fındıq bağının yerləşdiyi 0,50 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərə k “ünvan 1ində yerləşən, ona məxsus fındıq bağının yerləşdiyi 0,6252 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2090/2024 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı “ünvan 1ində yerləşən, ona məxsus fındıq bağının yerləşdiyi 0,6252 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-542/2024 nömrəli qərardadı ilə iddiaçının аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2090/2024 nömrəli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “ünvan 1ində yerləşən, ona məxsus fındıq bağının yerləşdiyi 0,6252 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Apellyasiya şikayəti qalan hissədə (iddia tələbinin təmin edilməsi hissəsində) təmin edilməmişdir.

6. Apellyasiya instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərara gələrkən qeyd etmişdir ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır.

7. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə y etirilmiş olmalıdır.

8. İşdən də görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Oğuz rayon Daşağıl Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03 saylı iclas protokol-qərarına əsasən Şəhid ailələrinə, müharibə veteranlarına və mülki əhaliyə (onların ərizəsinə əsasən) ayrılmışdır. Həmin qərar isə qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Hazırda hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə olduğu halda iddiaçı sözügedən qərarı mübahisələndirmədən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.

9. Nəticədə birinci instansiya məhkəməsi tərəfindən Oğuz rayon Daşağıl Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03 saylı i clas protokol-qərarı nəzərə alınmadan və hazırkı iş üzrə iddia tələbinin mümkünlüyünə qiymət verilmədən iddia tələbi rədd edilmişdir.

10. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

12. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həl linə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq nor malarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əl çatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

13. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin iddia edilən daşınmaz əmlaka hər hansı hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmadığı təqdirdə həmin daşınmaz əmlaka hüququn məxsusluğu barədə arayışın verilməsinə, daşınmaz əmlakın icarəyə verilməsinə dair iddia qaldırmağa iddiaçının subyektiv hüququ mövcu d olmur. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-490/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1341/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1687/2024 nömrəli, qərarları).

15. Hazırkı işdən də görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Oğuz rayon Daşağıl Bələ diyyəsinin xx.xx.2024-cü il tarixli 03 saylı iclas protokol-qərarına əsasən Şəhid ailələrinə, müharibə veteranlarına və mülki əhaliyə (onların ərizəsinə əsasən) ayrılmışdır. Həmin qərar isə qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Hazırda hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə olduğu halda iddiaçı sözügedən qərarı mübahisələndirmədən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.

16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı m əsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-542/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin qəbulundan imtina edilir. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar