Məhkəmə qərarları › İş №2-1(102)-734/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-734/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-734/2021 20.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.11.2020-ci il tarixli, 2-1(103)-1654/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd edilən və cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajının, həmçinin, onun 02.01.1992-ci il tarixdən 20.06.1995-ci il tarixədək “X1” LTD firmasında, eləcə də 16.08.1995-ci ildən 25.01.2005-ci ilədək “X2” qəzetində müxbir vəzifəsində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 2-ci qrup əlilliyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-İq tisadi Məhkəməsinin 06.09.2019-cu il tarixli 2-1(81)3070/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

3. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-87/2020 nömrəli iş üzrə 30.01.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 06.09.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

5. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

6. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-1462/2020 nömrəli iş üzrə 12.08.2020-ci il tarixli qərarı ilə şikay ət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İK-nın 30.01.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.11.2020-ci il tarixli 21(103)-1654/2020 nömrəli qərarına əsasən (sədrlik edən – Vidadi Məmmədov, hakimlər – Emin Mehdiyev və Raqib Qurbanov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.09.2019-cu il tarixli 2-1(81)-3070/2019 nömrəli qərarının ləğv edilməsi, iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilmişdir.

8. Məhkəmə qərarı iddiaçıya 24.12.2020-ci il tarixində təqdim olunmuşdur.

9. İddiaçı 27.02.2021-ci il tarixində həmin qərardan kassasiya şikayəti vermiş, eyni zamanda ötürülmüş müddət in bərpası barədə ərizə təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.11.2020-ci il tarixli 2-1(103)-1654/2020 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.

10. Ərizəni belə əsaslandırmışdır ki, məhkəmə qərarı poçt vasitəsilə ona 22.12.2020-ci il tarixində verildikdən sonra COVİD-19 infeksiyasına yoluxduğu üçün 13.01.2021-ci il tarixindən 02.02.2021-ci il tarixinədək evdə müalicə almışdır. Ona görə də üzrlü səbəbdən kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, TƏRƏFLƏRİN İZAHATLARİ a) Kassasiya şikayətinin mümkünlüyü

11. İddiaçı məhkəmə qərarını 24.12.2020-ci il tarixində almış, kassasiya şikayətini isə 2 7.02.2021-ci il tarixində vermiş, bununla da məhkəmə qərarından kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddətini ötürmüşdür. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 izahat verərək müddətin üzrsüz səbəbdən ötürüldüyünü bildirmiş, kassasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

13. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəb ərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 1

5. Mülki Prosessual Məcəllə: Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. İddiaçı müddətin ötürülmə səbəbini COVİD-19 infeksiyasına yoluxması ilə əlaqələndirsə də məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir.

17. Belə ki, iddiaçının COVİD-19 infeksiyasına yoluxması onun məhkəməyə müraciət etməsinə, məhkəmə aktlarını əldə etməsinə, eləcə də kassasiya şikayəti təqdim etməsinə maneə olmamışdır. Belə ki, karantin müddəti ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin qəbulu, eyni zamanda məhkəmə qərarlarının işdə iştirak edən şəxslərə poçt vasitəsilə və ya elektron şəkildə çat dırılması təmin olunmuşdur. İddiaçı da kassasiya şikayətini olduğu yeri tərk etmədən elektron şəkildə təqdim edə bilərdi.

18. Eyni zamanda, iddiaçı COVİD-19 infenksiyasına yoluxsa da, onun kassasiya şikayəti vəkil tərəfindən vaxtında tərtib oluna və həmin vəkil tərəfindən də məhkəməyə təqdim edilə bilərdi. İddiaçının infeksiyaya yoluxması və ya ölkə ərazisində karantin rejiminin tətbiq edilməsi onun vəkilinin kassasiya şikayətini məhkəməyə təqdim etməsinə maneə deyil.

19. Bundan başqa, buraxılmış müddətin bərpası barədə ərizəyə əlavə edilmiş ambulator kitabçadan çıxarışdan da görünür ki, iddiaçı 14.01.2021-03.02.2021-ci il tarixlərində müalicə almışdır. İddiaçıya məhkəmə qərarı 24.12.2020-ci il tarixində təqdim edildiyindən həmin qərardan kassasiya şikayəti verilmə müddəti 24.01.2021-ci il tarixində başa çatmışdır.

20. Buna baxmayaraq iddiaçı 14.01.2021-ci il tarixindən, yəni müddətin bitməsinə 10 gün qalmış müalicə almağa başladığından kassasiya şikayəti verilməsi üçün müddət iddiaçının xəstəliyi ilə əlaqədar onun müalicəsi başa çatdığı tarixdən 10 gün sonraya, yəni 13.02.2021-ci il tarixinə uzadıla bilərdi. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı həmin müddəti də ötürmüş, müalicə aldığı dövr üzrlü sayıldığı təqdirdə belə kassasiya şikayətini qərar ona təqdim olunduğu tarixdən 1 ay 14 gün sonra vermişdir.

21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür.

22. Odur ki, iddiaçının vəsatəti təmin olunmamalı, kassasiya şikayəti mümkün sayılma malıdır.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.11.2020-ci il tarixli 21(103)-1654/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar