Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-741/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, kolxozda iş stajının hesablanması, təhsil müddətinin sığorta stajına daxil edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və cavabdehin və kili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı "01.06.1969-cu ildən 01.05.1974-cü ilədək İsmayıllı rayonu “Engels” adına kolxozda işlədiyi müddətin və 01.09.1977-ci ildən 26.02.1980-ci ilədək X2 Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-17/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus əmək kitabçasına, hərbi biletə və diploma əsasən o, 17.10.1972ci ildən 30.12.1972-ci ilədək, 02.04.1973-cü ildən 25.11.1973-cü ilədək, 01.04.1974-cü ildən 01.06.1974-cü ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsinin X1maçı vəzifəsində, 15.06.1974-cü ildən 01.08.1998-ci ilədək keçmiş “Engels” adına kolxozda işləmiş, 21.05.1974-cü ildən 01.05.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, həmçinin 01.09.1977-ci ildən 26.02.1980-ci ilədək X2 Texnikumunda təhsil almışdır.
3. İsmayıllı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 15.06.2019-cu il tarixli 156 nömrəli arxiv arayışına əsasən, iddiaçı 1969-cu ildən 1997-ci ilədək İsmayıllı rayonu “Engels” adına kolxozda işləmişdir.
4. İddiaçı yaşa görə pensiyasının təyin ol unması barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 24 yanvar 2020-ci il tarixli, **********3 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, onun 1969-1973-cü illərdə keçmiş “Engels” adına kolxozda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığından, tələb olunan pensiya kapitalı və sosial sığorta stajı olmadığından ona əmək pensiyasının təyin olunması mümkün deyil. Bundan əlavə, "Əmək pensiyaları haqqında" Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən müddətlərin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmadığına görə onun əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək 01.06.1969cu ildən 01.05.1974-cü ilədək İsmayıllı rayonu “Engels” adına kolxozda işlədiyi müddətin və 01.09.1977-ci ildən 26.02.1980-ci ilədək X2 Texnikumunda əyani təhsil aldığı 2 il 6 ay müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı ərizəsində göstərmişdir ki, keçmiş “Engels” adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığına və əyani təhsil illərinin sosial sığorta stajına daxil edilməsi qanunda nəzərdə tutulmadığına görə cavabdeh ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazın əsaslarını imtina məktubunda qeyd edilənlər təşkil edir.
8. Şəki İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2-1(116)-665/2020 saylı qərarı ilə (hakim: V.K.Qasımov) iddia qismən təmin edilmiş, iddiaçının 01.09.1977-ci ildən 26.02.1980-ci ilədək X2 Texnikumunda əyani təhsil aldığı müddətin tam, 01.06.1969-cu ildən 01.05.1974-cü ilədək İsmayıllı rayonu “Engels” adına kolxozda işlədiyi müddətin isə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla 1 il 11 ay 28 gün müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. İddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq məhkəmə, SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli qərarı 1044 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları"nın 109-cu bəndinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2. 3 və 23.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçının iş, hərbi və təhsil müddəti onun sosial sığorta stajına daxil edilməlidir.
10. İddianın 01.06.1969-cu ildən 01.05.1974-cü ilədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi ilə bağlı hissəsində isə məhkəmə iddianı qismən təmin edərək bildirmişdir ki, həmin müddətdə iddiaçı kolxozda müəyyən edilmiş əmək iştirakı minimumunu yerinə yetirməmiş, 1969-cu ildə 2 adam/gün, 1970-ci ildə 1 adam/gün, 1971ci ildə 11 adam/gün, 1972-ci ildə 108 adam/gün, 1973-cü ildə 146 adam/gün, 1974-cü ildə 131 adam/gün işləmişdir. İddiaçının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət 399 adam/gün təşkil edir ki, bu da 1 il 11 ay 28 günə bərabərdir.
11. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
12. İddiaçı iddianın təmin edilməyən hissəsindən apelyasiya şikayəti verməmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-17/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və A.A.Mahmudov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2-1(116)-665/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərar ından kassasiya şikayəti verərək həmin qərarın iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona ya şa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
19. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tu tulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlə rdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin n övləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoran turada və klinik ordinaturada təhsil müddəti;
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsi n tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. İşdən görünür ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı və ya zəruri pensiya kapitalı olmadığından cavabdeh ona pensiya təyin olunmasından imtina etmişdir.
28. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. Belə ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: qanu nla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.
29. Apelyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdıraraq bu nəticəyə gəlmişdir ki, iddiaçının sosial sığorta stajı 25 ildən artıq olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməlidir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən də göründüyü kimi, iddia tələbi iki hissədən ibarətdir.
1. İddiaçının 01.09.1977-ci ildən 26.02.1980-ci ilədək X2 Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi. 2. 01.06.1969-cu ildən 01.05.1974-cü ilədək keçmiş İsmayıllı ra yonu “Engels” adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi.
31. İddiaçının birinci tələbi ilə bağlı məhkəmələrin gəlmiş olduğu nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası bildirir ki, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu Qanunun əsasında SSRİ Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamə qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta-ixtisas, (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir.
32. Analoji olaraq, 23.09.1992-ci il tarixdə təsdiq edilmiş (01.01.1993-cü il tarixdən qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən də ali, orta ixtisas, texniki-peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir... Bu qanunun norması 01.01.2006cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” yeni Qanun qüvvəyə minənədək qüvvədə olmuşdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı müddət “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun qüvvədə olduğu dövrə təsadüf etdiyi ndən onun ali təhsil müəssisəsindəki təhsil müddətinin iş (sosial sığorta) stajına daxil edilməsini tələb etmək hüququ yaranmışdır. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" AR Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona şamil və tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (əyani ali təhsil müddətinin iş stajına hesablanması hüququnun) itirilməsinə səbəb ola bilməz.
34. Bundan əlavə, iddiaçının təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidi r. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur.
35. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən, iddiaçının hərbi xidmətdə olduğu 1 il 11 ay 10 gün onun sosial sığorta stajına daxil edilməlidir.
36. İddiaçının 01.06.1969-cu ildən 01.05.1974-cü ilədək keçmiş İsmayıllı rayonu “Engels” adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi ilə bağlı da məhkəmələrin mövqelərini əsaslı hesab edən məhkəmə kollegiyası bildirir ki, iddiaçı İsmayıllı rayonu Engels adına kolxozda da işləmişdir. Onun əmək kitabçasında 15.06.1974-cü ildən 01.07.1998-ci ilədək işlədiyi, İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 15.07.2019-cu il tarixli 156 nömrəli arxiv arayışında 1969-1974, 1976, 1977, 19801997-ci illərdə İsmayıllı ray onu “Engels” adına kolxozda işləyib əmək haqqı aldığı göstərilmişdir.
37. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, həmin kolxozda əmək iştirakı minimumu 1969-1982-ci illərdə 200 adam/gün, 1983-1997-ci illərdə isə 180 adam/gün olmuşdur. İddiaçı 1980-1997-ci illərdə (cəmi 18 il) əmək iştirakı minimumunu yerinə yetirmişdir. Cavabdeh iddiaçının kolxozda işlədiyi müddətlərdən 02.05.1976-cı ildən 31.12.1976-cı ilədək faktiki işlədiyi dövr üzrə 7 ay, 01.01.1977-ci ildən 31.08.1977-ci ilədək faktiki işlədiyi dövr üzrə 8 ay müddəti onun sosial sığorta stajına daxil edir. İddiaçının hazırkı iddiada sığorta stajına daxil edilməsini tələb etdiyi müddət 01.06.1969-cu ildən 01.05.1974-cü ilədəkdir. Həmin müddətdə iddiaçı kolxozda müəyyən edilmiş əmək iştirakı minimumunu yerinə yetirməmiş, 1969-cu ildə 2 adam/gün, 1970-ci ildə 1 adam/gün, 1971ci ildə 11 adam/gün, 1972-ci ildə 108 adam/gün, 1973-cü ildə 146 adam/gün, 1974-cü ildə 131 adam/gün işləmişdir.
38. İddiaçının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət 399 adam/gün təşkil edir ki, bu da 1 il 11 ay 28 günə bərabərdir. Həmin müddəti əvvəlki müddətlərlə topladıqda iddiaçının sosial sığorta stajının cəmi 25 il 1 ay 29 gün olar, bu isə 25 ildən artıqdır və ona yaşa görə əmək pensiyası təyin etmək üçün kifayətdir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməkl ə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
40. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-17/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.