Məhkəmə qərarları › İş №2-1(102)-749/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-749/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-749/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina, qanuni əsaslarla tərxis olunma barədə sübut olmadığına görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və vəkili X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının v ə vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(108)-03/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətə hər hansı rəsmi münasibət bildirməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. İdd iaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 13.04.1979-cu il tarixdə Babək rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yollanmışdır. 04.05.1981-ci il tarixdə keçmiş SSRİ ordusunun vaxtında (Polşa Xalq Respublikasında) həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmışdır. Azərbaycan-Ermənistan müharibəsinin başlanması ilə əlaqədar 1992-ci ilin may ayının 23-də Naxçıvan Muxtar Respublikasının Babək rayon Hərbi Komissarlığı tərəfindən səfərbər olunaraq NDM Komitəsinə təhvil verilərək Sədərək Kərki-Kərməçataq kəndləri ərazisində NDMK-in əsgərləri ilə və onunla səfərbər olunan yoldaşları ilə birlikdə Miltəpədə 4 nömrəli postda torpaqları müdafiə etmişdir. Atəşkəs elan olunandan sonra 29.06.1992-ci ildə tərxis olunaraq evə buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirli yinin N saylı hərbi hissəsinin qərargah rəisi mayor S.Məmmədov tərəfindən X4 Komitəsinin qoşun tərkibində may-iyun aylarında Sədərək Kərməçataq döyüşlərində iştirak etdiyinə görə 28.09.1992-ci il tarixdə 238 nömrəli arayış onun döyüşdə iştirakını təsdiqləyir. Azərbaycan Respublikasının Vətən müharibəsi veteranlar birliyinin sədri A.Cəfərov tərəfindən 08.08.1997-ci il tarixdə verilmiş 203 nömrəli arayış veteranlar birliyinin üzvü olduğunu təsdiqləyir. Hərbi biletin 7-ci səhifəsində mayiyun aylarında Sədərək-Kərki döyüşlərində iştirak etməsi qeyd olunaraq NDMK-nın qərargah rəisi S.Məmmədov tərəfindən möhürlə təsdiqlənmişdir.

4. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-1(87)132/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qərarı ilə (hakim: H.X.Muradov) iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1992-ci ilin may–iyul aylarında X4 Komitəsinin tərkibində səfərbər olunmuş əsgər kimi Sədərək döyüşlərində iştirak etməsi ona məxsus hərbi bilet və işdə olan arayışlarla təsdiq edildiyindən, cavabdeh bu halı təkzib edən hər hansı sübut təqdim etmədiyindən iddia əsaslıdır.

6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)07/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.G.Kuimova, hakimlər: Y.S.Qur banov və M.D.Allahverdiyev) apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-1(87)-132/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

9. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və işin yenidən baxılması üçün geri qaytarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1716/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: R.S.Nəbizadə və İ.Ə.Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İn zibati Kollegiyasının 2-1(108)-07/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin sübutların araşdırılması və qiymətləndirilməsi barədə tələblərinə riayət olunmamış, iddiaçının 1992-ci ilin may-iyul aylarında X4 Komitəsinin qoşun tərkibində Sədərək döyüşlərində səfərbər olunmuş əsgər kimi iştirak etdikdən sonra ehtiyata buraxılıb-buraxılmaması halı araşdırılmamışdır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

12. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)03/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: S.M.Qarayev, hakimlər: Ə.M.Xıdırov və V.K.Quliyev) apelyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-1(87)-132/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, inzibati iş üzrə aparılan araşdırmadan və eləcə də, iş materiallarında olan sənədlərdən iddiaçının 1992-ci ilin mayiyul aylarında X4 Komitəsinin qoşun tərkibində Sədərək döyüşlərində səfərbər olunmuş əsgər kimi iştirak etdikdən sonra ehtiyata buraxılıb-buraxılmamasını təsdiq edən mötəbər sübutlar olmadığından iddia tələbi əsassızdır.

14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı Azərbaycan-Ermənistan müharibəsinin başlanması ilə əlaqədar 1992-ci il may ayının 23-də Naxçıvan MR Babək rayon hərbi komissarlığı tərəfindən səfərbər olunub Naxçıvan MR Dövlət Müdafiə Komitəsinə təhvil verilərək, Sədərək-Kərki, Buzqov-Kərməçataq kəndləri ərazisində DMK-nin əsgərləri kimi döyüş əməliyyatlarında iştirak etməsini və atəşkəs elan olunduqdan sonra 29 iyun 1992-ci il tarixdə tərxis olunaraq evə buraxılmasını sübut edən Babək rayon hərbi komissarlığı və N saylı hərbi hissəsə tərəfindən verilmiş arayışları, hərbi biletinin 7-ci səhifəsindəki qeydi, adına verilmiş Vətən Müharibəsi veteranları birliyinin 55748 nömrəli vəsiqəsini və Vətən müharibəsi veteranları birliyinin üzvü olmasına dair arayışı təqdim etməsinə baxmayaraq, məhkəmə iddiaçının təqdim etdiyi sübutları araşdırmamış, onların həqiqiliyini və mötəbərliyini yoxlamamış, qiymətləndirməmiş, onlara münasibət belə bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayda ları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 20. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 21. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd

1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12 -dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təm inatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissəl ərin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabr ın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda ist isna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayə tin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, şikayət əsassızdır.

27. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarındakı sənədlərdə istinad edərək bildirmişdir ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair işdə mötəbər sübutlar olmadığından iddia əsassızdır.

28. Məhkəmə kollegiyası «Veteranlar haqqında» Azərbay can Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının xidməti barədə məlumatlar mötəbər sübutlarla təsdiq edilməlidir.

29. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2-1(102)1716/20 nömrəli qərarında qeyd olunan məsələlərin araşdırılması, iddiaçının 1992-ci ilin may-iyul aylarında X4 Komitəsinin qoşun tərkibində Sədərək döyüşlərində səfərbər olunmuş əsgər kimi iştirak etdikdən sonra ehtiyata buraxılıb-buraxılmaması halının müəy yən olunması, buraxıldığı halda isə bununla bağlı müvafiq mötəbər sübutların işə əlavə olunmasının təmin edilməsi məqsədilə X3 Komandanlığına, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğuna və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq sorğular göndərmişdir.

30. Sorğu ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun 01 dekabr 2020-ci il tarixli, HP-14/1999 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı barəsində Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici material mövcud deyildir.

31. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin 15 dekabr 2020-ci il tarixli, 822 nömrəli cavab məktubunda xx.x x.1960-cı il təvəllüdlü, istefada olan əsgər İddiaçı ( iddiaçı) 1992-ci ilin may-iyul aylarında səfərbər olunaraq X4 Komitəsinin qoşun tərkibində Sədərək döyüşlərində iştirak etməsi və ehtiyata buraxılıb-buraxılmaması barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsində heç bir sənədin mövcud olmadığı qeyd olunmuşdur.

32. X3 Komandanlığı tərəfindən 02 yanvar 2021-ci il tarixli, 11 nömrəli məktubda isə X4 Komitəsinin Arxivində saxlanılan “Nizami hissə üzrə əmrlər kitabı”nda iddiaçı haqqında məlumat olmadığı qeyd edilmişdir.

33. Məhkəmə kollegiyası bildirir ki, maddi hüquq normalarının tələblərinə əsasən, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tər xis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir.

34. İddiaçının hərbi hissədən tərxis olunduğu barədə məlumat təqdim olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir.

35. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, cavabdeh tərəindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi onun hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

36. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunmas ı üçün əsas vermir.

37. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)03/2020 saylı iş üzrə 27 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar