Məhkəmə qərarları › İş №2-1(102)-754/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-754/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-754/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X4 Yevlax şəhər Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin əvvəlki üç il üçün ödənilməsi, xx.xx.2019-cu il tarixdən sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə təqaüdün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil oğlunun iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əvvəlki illər üçün müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyas iya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(107)-668/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 2019-cu il 22 may tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək veteranlığa görə ödəniləcək müavinətin 1995-ci il 1 yanvar tarixdən etibarən ona ödənilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 23 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vete ran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İddiaçıya müharibə veteranı vəsiqəsi 2019-cu il 22 may tarixdən verildiyi üçün ona həmin vaxtdan müavinət təyin edilmişdir. İddiaçı 2019-cu il 24 iyul tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək veteranlığa görə ödəniləcək müavinətin 1995-ci il 1 yanvar tarixdən etibarən ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Buna görə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 2019-cu il 22 may tarixdə vəsiqə verilmişdir. İddiaçı göstərilənlərə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 6 sentyabr tarixli 2-1(84)-1237/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 2016-cı il 22 may tarixdən 2019-cu il 22 may tarixədək olan müddət üçün müharibə veteranlarına şamil edilən sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğ v edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(107)-668/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 17 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2020-ci il 16 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi güc strukturları (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və s.) tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Müharibə veteranlarına müavinət həmin komissiyaların qərarı ilə müharibə veteranı adı və ya müharibə veteranı vəsiqəsi verildiyi tarixdən təyin edilib ödənilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsin də olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir. Göründüyü kimi, qanunverici müavinət almaq hüququnun yarandığı gün dedikdə, müharibə veteranı vəsiqəsi verildiyi günü, başqa cür desək, veteran statusunun hüquqi baxımdan tanındığı günü nəzərdə tutur. Müraciət edilməzdən əvvəlki üç il üçün ödənilmə isə o halda tətbiq edilir ki, şəxsə veteran vəsiqəsi verilsin, lakin o, hər hansı səbəbdən müavinət almaq üçün müvafiq orqana müraciət etməsin. Göstərilənlərdən məlum olur ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etmədən qərar çıxarmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin olunmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi 2019-cu il 22 may tarixdən etibarən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə təsis edilən və müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində təqaüd cavabdeh tərəfindən təyin olunmaqla ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə isə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı qəbul olunanadək qanunvericilikdə müharibə veteranları üçün nəzərdə tutulmuş təqaüdün iddiaçıya əvvəlki üç il üzrə ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Bununla bağlı olaraq, məhkəmə kollegiyası ilk növbədə Ali Məhkəmənin oxşar işlər üzrə mövcud məhkəmə təcrübəsini xatırlatmağı zəruri hesab edir. “Müharibə veteranlarına Azərbaycan Res publikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Həmin kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi isə ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Ali Məhkəmə bununla bağlı özünün hüquqi mövqeyini “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla əsaslandırırdı. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Yuxarıda qeyd edilən Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xid mət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəx slərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir. Beləliklə, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, qanunvericilikdə baş vermiş dəyişiklikl ərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hakimiyyətlərin bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmələr hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır k i, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq” və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. 2019-cu il 1 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi iddianı təmin edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etməmişdir. İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə tutulan hallar hazırkı işdə mövcud olmadığından, işin təkrar apellyasiya baxışına göndərilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci ma ddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(107)-668/2019 nömrəli qərarı ləğv edilir. İddia təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova A.S.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar