Məhkəmə qərarları › İş №2-1(102)-768/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-768/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-768/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqəsi əsasında əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlə t Gömrük Komitəsi) “əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 dekabr 2021-ci il tarixli, 2-1(103)-1300/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı hərbi xidmətdə olarkən Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlə əlaqədar olaraq 1995-ci ildə tərxis olunmuşdur. 2. 9 sentyabr 1994-cü il tarixdən iddiaçıya ümumi əsaslarla 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 3. 11 iyun 2016-cı il tarixdə Müdafiə Nazirliyi tərəfindən iddiaçının əlilliyinin Azərbaycan Respublikasının müdafiə zamanı onun aldığı xəsarətlərlə bağlı olduğu nəzərə alın araq, cavabdehə iddiaçı barədə məlumat vərəqəsi təqdim edilmişdir. Həmin məlumat vərəqəsinə əsasən ona hərbi qulluqçu kimi təminat xərcliyinə əsasən pensiya təyin olunmuş və yaranmış fərq ödənilmişdir.

4. İddiaçı 1995-2018-ci illərdə Dövlət Gömrük Komitəsində işləmişdir.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 9 oktyabr 2018-ci il tarixli məlumat vərəqəsinə əsasən, ona xüsusi rütbəli şəxs kimi pensiya təyin olunmasını xahiş etmişdir.

6. Cavabdeh 18 fevral 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsi tərəfindən 9 sentyabr 1994-cü il tarixindən iddiaçıya 2-ci qrup əlilliyə görə (ümumi əsaslarla) pensiya təyin edilmişdir. Əlilliyin səbəbi “A zərbaycan Respublikasının müdafiəsi zamanı” alınmış xəsarətlə əlaqəli olduğundan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2016-cı il 11 iyun tarixində İdarəyə təqdim olunmuş 05732 nömrəli məlumat vərəqəsi əsasında ona hərbi qulluqçu kimi təminat xərcliyinin (584,30 manat) 80 faizi - 467,44 manat məbləğində əmək pensiyası təyin edilmiş və keçmiş dövr üzrə hesablanmış 26573,28 manat məbləğində vəsait müvafiq kart hesabına köçürülmüşdür. Hal-hazırda sonuncu artım nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləği 498,24 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 28 fevral 2019-cu il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 9 oktyabr 2018-ci il tarixli məlumat vərəqəsinə əsasən ona xüsusi rütbəli şəxs kimi pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 9 sentyabr 1994-cü il tarixdə ona İİ qrup əlilliyə görə pensiya təyin edildikdən sonra, 1995-ci ildə Dövlət Gömrük Komitəsində xidmətə qəbul edilmiş və 2018-ci ilin sentyabr ayına kimi fasiləsiz olaraq xüsusi r ütbəli şəxs kimi həmin qurumda qulluq etmişdir. Cavabdeh inzibati orqan Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 9 oktyabr 2018-ci il tarixli məlumat vərəqəsinə əsasən ona pensiya təyin etməli olduğu halda, qanunsuz olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə istinadla bundan imtina etmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2-1(85)706/2019 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyətı üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Dövlət Gömrük Komitəsi tərəfində n göndərilmiş 09 oktyabr 2018-ci il tarixli məlumat vərəqəsinə əsasən və həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən onun pensiyasının yenidən hesablanması və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş məlumat vərəqəsinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2-1(81)2528/2019 nömrəli qərarı ilə (hakim Ş.Ə.Süleymanova) iddia təmin edilmiş, iddiaçıya Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 09 oktyabr 2018-ci il tarixli məlumat vərəqəsinə və həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən, pensiyanın yenidən hesablanması və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən məlumat vərəqəsinə uyğun olaraq ödənilməsi öhdə liyi cavabdehə həvalə edilmişdir.

13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2211/2019 nömrəli qərarı ilə (hakimlər S.S.Seyidova -sədrlik edən, V.M.Məmmədov və İ.B.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2528/2019 nömrəli, 24 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması ba rədə qərar çıxarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-3308/2019 nömrəli, 03 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər X.Məmmədov-sədrlik edən və məruzəçi, Z. Quliyev və R. Nəbizadə) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2211/2019 nömrəli, 06 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sadəcə bir sıra qanunvericilik normalarının sadalanması ilə və mübahisənin halları ilə əlaqəsi olmayan əsaslandırma aparmaqla, başqa sözlə, iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarları əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2-1(103)-590/2020 nömrəli qərardadı ilə (hakimlər E.E.Nağıyeva-sədrlik edən və məruzəçi, V.Ə.Baxışova və C.A.Yusifov) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

20. Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2-1(103)-590/2020 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş və iddia tələbi rədd olunmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 11 iyun 2016-cı il tarixdə göndərilmiş məlumat vərəqəsi əsasında iddiaçıya hərbi qulluqçu kimi təminat xərcliyi əsasında pensiya təyin edildiyindən, Dövlət Gömrük Komitəsi tərəfindən 09 oktyabr 2018-ci il tarixdə göndərilmiş məlumat vərəqəsinə əsasən iddiaçıya yenidən pensiya hesablana bilməz.

22. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. d) kassasiya instansiyası məhkəməsində ikinci icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2021-ci il tarixli, 2-1(102)-105/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-590/2020 nömrəli, 19 avqust 2020-ci tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

24. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının ilkin iddia ərizəsinin (məhkəmənin yardımından sonrakı 18 mart 2019-cu il tarixli düzəlişlə) məzmunundan göründüyü kimi, iddiaçı cavabdehə müraciət edərək əlilliyə görə təyin edilmiş pensiyanın dayandırılmasını və yeni məlumat vərəqəsi əsasında ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdehin imtinasından sonra məhkəməyə müraciət edərək ona Dövl ət Gömrük Komitəsi tərəfindən göndərilmiş 2018ci il 9 oktyabr tarixli məlumat vərəqəsinə əsasən xüsusi rütbəli şəxs kimi pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

25. Cavabdehin 2019-cu il 18 fevral tarixli **********1 nömrəli cavab məktubunun məzmunundan da göründüyü kimi, iddiaçı cavabdehə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması deyil, ona yeni məlumat vərəqəsi əsasında əmək pensiyasının təyin olunması barədə müraciət etmişdir.

26. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı 2019-cu il 24 iyun tarixdə yeni məzmunda iddia tələbi barədə ərizə vermiş, həmin ərizə ilə Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 2018-ci il 9 oktyabr tarixli məlumat vərəqəsinə əsasən, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsi nə əsasən əmək pensiyasının yenidən hesablanmasının və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş məlumat vərəqəsinə uyğun olaraq ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizədə yeni məzmunda iddianın əsasları, həmçinin ərizədə və iddiaçının məhkəmənin iclas protokolunda qeyd olunmuş izahatında iddianın dəyişdirilməsinin səbəbləri göstərilməmişdir.

27. İddiaçı əvvəlkindən fərqli tələb irəli sürsə də, məhkəmə həmin ərizənin icraata qəbul edilməsini İPM-in 54-cü maddəsinin tələblərinə uyğun həll etməmiş, bu zaman, həmçinin yeni məzmunda iddianın İPM-in 35.1-ci maddəsində təsbit olunmuş şərtlərə cavab verib-vermədiyini yoxlamamışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının cavabdehə müraciəti pensiya növünün dəyişdirilməsi ilə bağlı olmuşdur. Buradan, irəli sürülən tələb də inzibati orqana müraciətə uyğun olmalı, öz növbəsində məhkəmə araşdırması da irəli sürülən həmin tələbə uyğun aparılmalıdır. İnzibati orqana müraciətin hədlərindən kənara çıxan iddia mümkünsüzdür.

28. Beləliklə, məhkəmə ilk növbədə yeni məzmunda iddianın mümkünlük şərtlərini yoxlamalı və qiymətləndirməli idi. Həmin məzmunda iddianın mümkünsüz olduğunun müəyyən edildiyi halda, məhkəmə baxışının predmetini ilkin məzmunda iddia təşkil etməlidir. Həmin iddiada isə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsində təsbit olunmuş hüququnun təmin olunmasını - əlilliyə görə təyin edilmiş əmək pensiyasının yaşa görə əmək pensiyası növünə dəyişdirilməsini tələb edir. Həmin normaya görə, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu Qanunun 31.2-ci maddəsinə uyğun aparılır. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 dekabr 2021-ci il tarixli, 2-1(103)-1300/2021 nömrəli qərarı ilə (hakimlər A.Ə.Hüseyn-sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2528/2019 nömrəli, 24 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş və iddia tələbi təmin olunmuşdur.

30. Məhkəmənin qərarına əsasən, iddiaçıya Dövlət Gö mrük Komitəsi tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli məlumat vərəqəsi nəzərə alınmaqla xüsusi rütbətli şəxs kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

31. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci, 9.5-ci, 20.14.1-ci, 22.4-cü, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə AR Qanunun 27-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, iddiaçının gömrük orqanlarında xidmət müddəti 20 ildən çox (23 il) təşkil etdiyindən, onun xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası hüququ yaranmışdır və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

32. Bundan başqa, məhkə mə qeyd etmişdir ki, cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.

33. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

34. Kassasiya şikayətinin dəlilləri ilə iddia tələbinə qarşı verilmiş etirazın və apelyasiya şikayətinin dəlilləri eynilik təşkil edir.

35. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Ali Məhkəmənin anoloji iş üzrə 04 iyul 2018-ci il tarixli, 2-1(102)-1398/2018 saylı qərarı ilə eyni mahiyyətli iddianın təmin olunmaması qərara alınmış və vurğulanmışdır ki, “iddiaçı pensiyanın yenidən hesablanmasını təminat xərcliyinə görə deyil, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər”. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar... 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qullu qçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.... Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;... 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.... Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr... 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxar ı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla 38. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə... Maddə

27. Gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı son yaş həddinədək xidmət edirlər: gömrük xidməti giziri, tibb xidməti giziri, gömrük xidməti baş giziri, tibb xidməti baş giziri, gömrük xidməti kiçik leytenantı, tibb xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, tibb xidməti leytenantı, gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı, gömrük xidməti kapitanı, tibb xidməti kapitanı - 50 yaş; gömrük xidməti mayoru, tibb xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı - 55 yaş; gömrük xidməti polkovniki, tibb xidməti polkovniki, gömrük xidməti general-mayoru, tibb xidməti general-mayoru, gömrük xidməti general-leytenantı, gömrük xidməti generalpolkovniki - 60 yaş. Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətin orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün son yaş həddi müəyyən edilməmişdir. Gömrük orqanlarının qadın vəzifəli şəxsləri öz arzuları ilə, bu maddənin birinci hissəsində nəzərdə tutulan müddətlərdən 5 il az olmaqla xidmət edə bilərlər.... Maddə

120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam ve rilə bilər: 1) öz təşəbbüsü ilə; 2) bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə.

39. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

41. Konstitusiya Məhkəməsi Plenumunun “Ə mək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarı 1) Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. 2) “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin məzmununa əsasən, əmək pensiyası təyin edilmiş hərbi qulluqçu hərbi xidmətini davam etdirdiyi təqdirdə onun əmək pensiyası yenidən son təminat xərcliyi nəzərə alınmaqla hesablanmayacaq. 3) Bu isə ondan irəli gəlir ki, pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçunun əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən son təminat xərcliyinə görə hesablanması, təminat xərcliyinin əvvəlkindən aşağı olduğu halda pensiyaçının pensiya məbləğinin azalmasına səbəb ola bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mü bahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

47. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apelyasiya məhkəməsi iddiaçıya Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli məlumat vərəqəsi nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş h əmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

49. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində istinad etdiyi iş üzrə eyni mahiyyətli iddianın təmin olunmaması barədə Ali Məhkəmənin 04 iyul 2018-ci il tarixli, 2-1(102)-1398/2018 saylı qərarına münasibətdə qeyd edir ki, istinad olunan həmin iş üzrə iddiaçı 1992-2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmiş, Müdafiə Nazirinin müvafiq əmri ilə 2006-cı il 4 avqust tarixində “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 156-cı m addəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Silahlı Qüvvələrdən hərbi xidmətdən ehtiyata buraxılmış, ona 2006-cı ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı 2013-cü il 29 noyabr tarixdən 2017-ci il 30 iyun tarixədək hərbi xidmətini yenidən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində davam etdirmişdir. 2017-ci il 30 iyun tarixdə Müdafiə Nazirinin 2017-ci il 16 iyun tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyi iddiaçının 2013-2017-ci illərdəki xidmət dövrünü nəzərə alaraq, qulluq stajına, rütbəsinə vəzifə maaşına və məharət dərəcəsinə görə əmək pensiyasına əlavələr edilməsi məqsədi ilə məlumat vərəqəsi tərtib edərək aidiyyəti quruma g öndərmişdir.

50. Ali Məhkəmə həmin iş üzrə iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə istinadən qeyd etmişdir ki, pensiya təyin olunduqdan sonra hərbi xidmətdən tərxis edilən, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçən iddiaçı, pensiyanın yenidən hesablanmasını təminat xərcliyinə görə deyil, pensiya təyin olunduqdan sonrakı xidmət dövründə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər.

51. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, həmin iş üzrə iddiaçı barəsində “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tətbiq olunduğu, iddiaçıya tərxis olunduqdan sonra yaşa görə (əlilliyə görə deyil) pensiya təyin olunduğu, yaşa görə pensiya təyin olunduqdan sonra yenidən Silahlı Qüvvələrdə hərbi xidm ətini davam etdirdiyi nəzərə alınmalıdır. İstinad edilən həmin maddəyə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində təsbit olunmuş norma yaşa görə əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması əsasını və yenidən hesablanmanın qaydasını tənzimləyir.

52. Hazırkı mübahisəyə və mübahisənin faktoloji bazasına münasibətdə qeyd olunmalıdır ki, baxılan iş üzrə iddiaçı hərbi xidmətdən tərxis olunduqdan sonra, ona 1994-cü il tarixdə əlilliyə görə pensiya təyin olunmuşdur. Bundan sonra iddiaçı xx.xx.1995-ci ildə gömrük orqanlarında inspektor vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2016-ci il tarixində Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 2-ci qrup əlilliyə görə təminat xərcliyinin 80 faizi miqdarında pensiya təyin olunmuşdur. İddiaçı həmin vaxt gömrük orqanlarında işləmiş və xx.xx.2018-ci il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə görə xidmətdə olmanın son yaş həddinə çatdığı üçün, onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı barədə Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə 09 oktyabr 2018-ci il tarixli məlumat vərəqəsi göndərilmişdir.

53. İddiaçı Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş məhz həmin məlumat vərəqəsinə əsasən və xüsusi rütbəli şəxs kimi ona yaşa görə pensiya təyin olunmasını tələb edir. Nəzərə almaq lazımdır ki, iddiaçıya əvvəllər pensiya hər iki halda, yəni həm 1994-cü ildə, həm də 2016-cı ildə əlilliyə görə təyin olunmuşdur. Əlilliyə görə pensiya təyin olunmuş şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə uyğun olaraq pensiyanın növünü dəyişdirmə haqqı tanınmalıdır. Həmin normaya görə, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir nö vündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır.

54. Hazırkı mübahisəyə münasibətdə həmçinin nəzərə alınmalıdır ki, iddiaçının əsl niyyəti, həqiqi hüquqi marağı əslində onun pensiyasının yenidən hesablanmasına deyil, pensiya növünün dəyişdirilməsinə, yəni yaşa görə əmək pensiyasının təyin olunmasına və bunun üzərindən yeni məlumat vərəqəsi əsasında daha yüksək pensiya təminatına nail olmaqdan ibarətdir (Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə göndərilmiş 09 oktyabr 2018-ci il tarixli məlumat vərəqəsi üzrə təminat xərcliyi daha yüksəkdir). Nəzərə almaq lazımdır ki, iddiaçının bu marağı həm yuxarıda istinad olunan normaların müddəaları, həm pensiya qanunvericiliyin in məqsədləri və həm də konstitusion hüquqi-dəyərlər baxımından dəyərləndirilməlidir.

55. Bu baxımdan xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan əmək stajına malik olduğu və yaş həddinə çatdığı üçün iddiaçı Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə göndərilmiş 09 oktyabr 2018-ci il tarixli məlumat vərəqəsi əsasında ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.

55. Beləliklə, Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə göndərilmiş 09 oktyabr 2018-ci il tarixli məlumat vərəqəsi əsasında iddiaçıya xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüqu qunun pozulmasına səbəb olmuşdur.

56. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 dekabr 2021-ci il tarixli, 21(103)-1300/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar