Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-800/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı 1992-ci ildən 09.02.2018-ci il tarixədək ödənilməli olan müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-678/ 2018 saylı 05 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi heyət baş idarəsi tərəfindən 09.02.2018-ci il tarixli X/x-****** nömrəli Azərbaycan Respublikasının müharibə veteranı vəsiqəsi verilmiş və qeyd olunan tarixdən müavinət verilmişdir. İddiaçı əvvəlki dövr üçün müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və cavabdeh 04.07.2018-ci il tarixli x/x-***** nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, veteran vəsiqəsi 09.02.2018-ci il tarixdə verildiyi üçün sosial müavinətin təyinatı da həmin tarixdən aparılmalıdır. Bundan sonra iddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 1992-ci ildən 09.02.2018-ci il tarixədək ödənilməli olan müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hаkim K.H.Vəliyev) 14 sentyabr 2018-ci il tarixli 21(84)-1288/2018 saylı qərаrı ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin üzərinə iddiaçı Iddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin 09.02.2015-ci il tarixdən 09.02.2018-ci il tarixədək olan müddət üçün ödənilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissəsinin təmin edilməməsi qərara alınmışdır. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli 2-1(84)-1288/2018 saylı qərаrından cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-678/2018 saylı 05 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli 2-1(84)-1288/2018 saylı qərаrı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı Iddiaçı müharibə veteranı vəsiqəsini 09.02.2018-ci il tarixdə almış və həmin vaxtdan ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət təyin edilmiş olsa da, lakin onun həmin müavinəti almaq hüququ 01.08.2005-ci il tarixdən yaranmış, buna baxmayaraq onun mür aciət etdiyi vaxtdan əvvəlki 3 il müddət üçün müavinət almaq hüququ vardır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-678/2018 saylı 05 dekabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinəti almaq hüququnun yaranması üçün şəxs müharibə veteranı olduğunu təsdiq edən sənəd, yəni müharibə veteranı vəsiqəsi təqdim etməlidir. İddiaçı Iddiaçı müharibə veteranı vəsiqəsini 09.02.2018-ci il tarixdə aldığından, ona qanunvericiliyə uyğun olaraq həmin tarixdən müavinət təyin olunmuş və hal-hazıradək ödəniş davam etdirilir. Kassator İnzibati Prosessual Məcəlləsinin 91, 96-cı maddələrinə, Mülki Prosessual Məcəlləsin in 405, 407, 417.1.3, 418-ci maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-678/2018 saylı 05 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-678/2018 saylı 05 dekabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş n əticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirak etməsi, bu əsasla iddiaçıya 09.02.2018-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilməsi işin mübahisəsiz hallarına aiddir. İşin yeganə mübahisələndirilən halı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin nə vaxtdan ödənilməsidir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir. Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin və Əsasnamənin Silahlı Qüvvələrə tətbiqinə dair Müdafiə Nazirinin 4 saylı 06 yanvar 1998-ci il Əmri ilə təsdiq edilmiş ‘Təlimat’ın tələblərinə uyğun olaraq verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-ci il tarixli, 257 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və di gər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində (köhnə pulla) müavinət təyin edilmişdir. Həmin Fərmanın 3-cü bəndində qeyd olunmuşdur ki, bu Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəanın məzmunundan aydın olur ki, aylıq müavinətlər onun almaq hüququnun yarandığı gündən, lakin Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra təyin edilir, və ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilir. Belə olan halda, hazırki iş üzrə cavabdehin “iddiaçının sosial müavinət alması hüququnun on un veteran vəsiqəsinın aldığı vaxtdan yaranması” ilə bağlı mövqeyi əsassızdır. Belə ki, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müharibə veteranı vəsiqəsi verilmiş, başqa sözlə iddiaçının onun veteran vəsiqəsinın almaq hüququ “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi 01.07.2005-ci il tarixdən yaranmış, lakin qanunvericiliyə müvafiq olaraq, iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən iddiaçının hərbi xidməti ilə bağlı əhəmiyyətli olan halları hərtərəfli və ob yektiv araşdırmış, işdə olan sübutları tam tədqiq etmiş, iş üzrə əhəmiyyət kəsb edə biləcək faktları qiymətləndirərək qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-6 78/2018 saylı 05 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-678/2018 saylı 05 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-800/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-800/2019
06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver