Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-803/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialı) qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiyanın dayandırılması barədə qərarın ləğvi; səlahiyyətli olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın qanunsuzluğu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar K amil oğlundan ibarət tərkibdə, İddiaçı (18 avqust 1959-ci il təvəllüdlü; FİN xxxxxxx FİN xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialı) qarşı (üçüncü şəxs DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) cavabdehin 9 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli, 2-1(107)-23/2022 nömrəli qərar ından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya cavabdeh tərəfindən 18 avqust 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Cavabdehin 9 sentyabr 2020-ci il tarixli qərarına əsasən, iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası 1 sentyabr 2020-ci ildən dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiyası məhkəməsində icraat 3.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 09.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01.08.1985-ci il tarixdən 15.01.1988ci ilədək İsmayıllı rayon 14 nömrəli X1 və 01.10.1991-ci ildən 15.09.2016-cı ilədək Şəki Rayonlararası Subartezian Quyuların İstismarı İdarəsində əl ilə elektrik qaynaqçısı, həmçinin, 24.02.1988-ci il ildən 10.01.1989-cu ilədək müqavilə üzrə əvəzçilik əsasında bir sıra təsərrüfatlarda qaynaqçı işləmişdir. Ona güzəştli şərtlərlə pensiya təyin edilmiş, lakin 09.09.2020-ci il tarixli qərarla pensiya ödənişi əsassız olaraq 01.09.2020-ci il tarixdən dayandırılmışdır. Halbuki, iddiaçının işlədiyi peşə ona güzəştli şərtlərlə pensiya almaq hüququ verir.
5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdi r ki, aparılan araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə təyin olunmuş pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olmaması aşkarlanmışdır. Belə ki, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 35-ci bölməsinə bəndinə əsasən, əl ilə qaynaq aparan elektrik qaynaqçıları və s. vəzifələrdə çalışmış şəxslərin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Qanunvericilikdə “əl ilə qaynaq aparan elektrik və qaz qaynaqçılarının” “Əmək pensiyaları haqqında” AR qanununun 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna m alik olmaları səbəbindən iddiaçının 1 avqust 1985 – 15 yanvar 1988-ci illərdə İsmayıllı rayon 14 nömrəli SMD-də və 1 oktyabr 1991 – 15 sentyabr 2016-cı illərdə “Şəki Rayonlararası Subartezian Quyuların İstismarı İdarəsi”ndə "qaynaqçı” işlədiyi müddətin güzəştli iş stajının tərkibinə daxil edilməsi qanunamüvafiq deyildir. Bundan əlavə, pensiya işləri 25.09.2020-ci il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filiala təhvil verildiyindən cavabdeh mübahisələndirilən qərarı qəbul etməkdə səlahiyyətli olmuşdur.
6. Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-290/2021 nömrəli qərarı ilə (hakim: İ.Cabbarov) iddia təmin edilmiş, cavabdehin 09.09.2020-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandı rıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Məhkəmə “İnzibati İcraat haqqında” Qanunun 67.1-67.3 maddələrinə və İPM-in 70.1, 70.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, mübahisələndirilən qərar səlahiyyətli olmayan orqan tərəfindən qəbul edildiyindən qanunsuzdur və ləğv edilməlidir. Həmçinin, qərarın səlahiyyətli olmayan orqan tərəfindən qəbul edilməsi onun maddihüquqi baxımdan qanunilliyinin yoxlanılmasını istisna edir və həmin istiqamətdə araşdırılma aparılmasına ehtiyac qalmır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli, 21(107)-23/2022 nömrəli qərarı ilə ( hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, G.Cavadova və V.Məlikov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2 fevral 2022-ci il tarixli, 2-1(116)-290/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinə görə, İsmayıllı rayon şöbəsi tərəfindən qəbul edilmiş 9 iyun 2014-ci il tarixli qərarın həmin şöbənin 9 sentyabr 2020-ci il tarixli qərarı ilə ləğv edilməsi və əmək pensiyanının təyin edilməsi qanunidir. Belə ki, pensiya təyini barədə qərar həmin dövrdə buna səlahiyyəti olan İsmayıllı rayon şöbəsi tərəfindən qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən həmin orqan tərəfindən də ləğv edilməlidir. Başqa sözlə, yaşa görə əmək pensiyasının təyinatının aparılması İsmayıllı rayon şöbəsinin səlahiyyətlərinə aid olduğundan həmin qərarın qəbulu “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğundur.
13. Bundan əlavə, cavabdehin əvəz olunmasına dair (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının cavabdeh olması ilə bağlı) vəsatətlə müraciət olunsa da, vəsatət təmin edilməmiş, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı icraata üçüncü şəxs kimi cəlb olunmuşdu r. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi üzrə pensiyanı təyin etmək, yenidən hesablamaq və pensiya ödənişini həyata keçirmək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın səlahiyyətidir. Məhkəmə qərarı ilə DSMF-nin 14 saylı regional ərazi filialının üzərinə qoyulmuş öhdəlik (güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi) Filialın səlahiyyətləri xaricindədir və icrası qanunvericliyin tələblərinə ziddir, həmçinin qeyri-qanunidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. «İnzibati icraat haqqında» Qanun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normal arının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
16. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilə r, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə tərkibi hesab edir ki, şikayət qismən əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Hazırkı iddia tələbi iki hissədən ibarətdir – 1) cavabdehin 09.09.2020-ci il tarixli qərarının ləğv edilməsi; və 2) iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin cavabdeh tərəfindən təmin edilməsi.
21. İddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni olmuşdur. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya 18 a vqust 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və cavabdehin 9 sentyabr 2020-ci il tarixli qərarına əsasən iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası 1 sentyabr 2020-ci ildən dayandırılmışdır.
22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019-cu il tarixli **********2 nömrəli əmrinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat ü zrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir.
23. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 08.02.2019cu ildə təsdiq edilmiş əsasnaməsinin, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23.07.2020-ci ildə təsdiq edilmiş əsasnaməsinin 3.1.8-ci bəndinə görə, Qanunun 9-cu və 20-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək İdarənin (hazırda Mərkəzi filialın) vəzifələrinə aid edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il tarixli **********7 nömrəli əmrinin 1-ci bəndində qeyd edilir ki, 2019-cu ilin 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən, pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılsın. Əmrin 2-ci bəndində isə qeyd edilir ki, 2019-cu ilin 10 may tarixinədək fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun 9-cu və 20-ci maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarənin müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq 1 (bir) il müddətində adıçəkilən idarəyə təhvil verilməsi başa çatdırılsın.
24. Yuxarıda sadalanan normalardan göründ üyü kimi, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanı dayandırmaq və ya ona xitam vermək səlahiyyəti olmamışdır.
25. Halbuki, hazırkı iş üzrə mübahisələndirilən qərar (pensiyanın dayandırılması ilə bağlı) inzibati aktdır. İnzibati aktlar isə əsasən bu ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Ünsürlərdən biri olan səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi.
26. Hazırkı iş üzrə isə yuxarıda qeyd edildiyi kimi, mübahisələndirilən inzibati aktı qəbul edən cavabdehin həmin aktı qəbul etmək səlahiyyəti olmadığından, pensiyanın dayandırılması ilə bağlı qəbul edilən qərar qanunsuz olmuşdur. Həmçinin, qərarın səlahiyyəti olmayan orqan tərəfindən qəbul edilməsi onun maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasını istisna edir və həmin istiqamətdə araşdırılma aparılmasına ehtiyac q almır.
27. İddia tələbinin ikinci hissəsi - pensiyanın verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması ilə bağlı isə məhkəmə tərkibi qeyd edir ki, həmin səlahiyyətlər cavabdehin üzərinə qoyula bilməz və icrası qanunvericiliyin tələblərinə ziddir. Belə ki, yuxarıda qeyd olunduğu kimi 08.02.2019- cu il tarixli **********2 nömrəli əmrə və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23.07.2020-ci ildə təsdiq edilmiş Əsasnaməsinin 3.1.8-ci bəndinə əsasən, sözügedən səlahiyyətlər artıq üçüncü şəxs tərəfindən həyata keçirilir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi pensiyanın verilməsi ilə bağlı öhdəliyi cavabdehin üzərinə qoymuş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya m əhkəməsinin nəticəsi ilə razılaşmaqla qanunvericiliyin tələblərinə zidd olan qərar qəbul etmiş, cavabdehin üzərinə onun səlahiyyətinə aid olmayan vəzifənin icrası öhdəliyini qoymuşdur.
28. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı qismən, “güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 2 fevral 2022-ci il tarixli, 21(107)-23/2022 nömrəli qərarı qismən – cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.