Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-809/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, iş stajının əmək kitabçası və arxiv arayışı ilə təsdiq edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarə t tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1269/2020 saylı, 19 avqust 2020-ci il tarixli qərarından iddiaçı və cavabdehin verdiyi kasasiya şikayətlərinə əsasən işə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.xx-cü il tarixdə anadan olmuşdur. Ona məxsus hərbi biletə əsasən hərbi xidmətdə olmamışdır. 27.03.1973-cü il tarixdən 24.08.2018-ci il tarixədək “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində “əmtəə operatoru” peşəsində işləmişdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 01.08.2010-cu ildə 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmişdir.
2. İddiaçı hüququnun yarandığı tarixdən, 18 iyun 2009-cu ildən, 56 yaşdan ona güzəştli şərtlərlə əmək haqqına əsasən əmək pensiyası təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə DSMF-nin Siyəzən rayon Şöbəsinə müraciət etmişdir.
3. DSMF-nin Siyəzən rayon Şöbəsi tərəfindən i ddiaçıya ünvanlanmış 2 iyul 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya 18.06.1990-cı il tarixdən İİİ qrup əlil kimi əmək pensiyası, 01.08.2010-cu il tarixdən isə ərizəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində (yaş həddinin artırılması haqqında) dəyişiklik 1 avqust 1997-ci ildə edilib. Həmin vaxta qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahı”sına əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı olmasına baxmayaraq 25 il ümumi iş stajı yoxdur. Beləliklə, “Vətəndaşların pensiya t əminatı haqqında” Qanuna 1 avqust 1997ci ildə dəyişiklik edilərkən onun tələb olunan 25 il ümumi iş stajı (01.08.1997-ci il tarixə 24 il 04 ay 04 gün stajı var) və 55 yaşı (qeyd olunan ildə onun 44 yaşı olub) olmadığına görə onun güzəştli şərtlərlə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Qanunun 9cu maddəsinin 8-ci bəndinə əsasən tənzimlənə bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 23 iyul 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 18 iyun 2009-cu il tarixdən, 56 y aşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, son 24 ayın əmək haqqına əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və həmin vaxtdan hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh arasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 18 iyun 2009-cu il tarixindən, 56 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşla rın pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən, aldığı əmək haqqına görə pensiyasının yenidən təyin edilməsinin və o vaxtdan hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ona ödənilməsi məsələsində mübahisə yaranmışdır. 27 mart 1998-ci il tarixinə kimi 25 il ümumi, 22 il 3 ay 26 gün güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə sonradan edilmiş hüquqi tənzimləmə nəticəsində “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1 avqust 1997-ci ildən 1 avqu st 2000-ci ilədək hər il 6 ay artırıldığı və o, ümumi və xüsusi stajı 27 mart 1998-ci il tarixində toplaya bildiyi üçün 56 yaşında əmək haqqına əsasən pensiya hüququ olmuşdur. İddiaçı xx xxxx xx-cü ildə Siyəzən rayonunda anadan olmuş, hal-hazırda Siyəzən şəhərində yaşayır. Hərbi xidmətdə olmamışdır. Onun 27 mart 1973-24 avqust 2018-ci illər də olmaqla 40 ildən çox əmək stajı vardır. Həmin əmək stajının 1 dekabr 1975-ci ildən 16 iyun 1996-cı ilə (20 il 06 ay 15 gün) və 2 dekabr 2002-1 yanvar 2006-cı il tarixə qədər dövründə (03 il 30 gün) “əmtəə operatoru” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siy ahısı”nda Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölümü - üzrə şifrəsi 2130301a-16085) vəzifəsində üstüstə 23 il 07 ay 14 gün güzəştli əmək stajı təşkil edir. İşlədiyi bu vəzifə cavabdeh tərəfindən güzəştli əmək stajı qəbul edilərək, 1 avqust 2010-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. İddiaçının 1 avqust 1997-ci il tarixdə 24 il 4 ay 5 gün ümumi iş stajı olmuşdur. 25 il ümumi əmək stajı bu tarixdən sonra, 27 mart 1998-ci il tarixdə tamamlanmışdır. İddiaçının 56 yaşı 1 yanvar 2010-cu il tarixdən əvvəl olub, yəni əmək haqqına əsasən pensiya təyin edilməsinin qüvvədə olduğu dövrdə tamam olub və qaydalara əsasən hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir.
6. Cavabdeh 02.08.2019-cu il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin göstərilməsini xahiş etmişdir.
7. İddiaçı 23.10.2019-cu il tarixdə ərizə verərək cavabdehin əsl cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1405/2019 saylı, 23.10.2019-cu il tarixli qərardadı ilə (hakim V.Əzizova) iddiaçının cavabdehə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin ca vabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işin aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-1054/2020 saylı iş) 19 mart 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya 55.6 yaşdan, yəni 18.12.2008-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi iddiaçının əmək kitabçasında qeyd olunan iş dövrlərini nəzərə alaraq hesab etmişdir ki, 1 avqust 1998-ci il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün onun 25 ildən artıq ümumi və Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 saylı Siyahı üzrə 12 il 6 aydan çox güzəştli şərtlərlə əmək stajı 1 avqust 1998-ci ilədək yarandığından, ona pensiya təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1 avqust 1998-ci ilədək olan redaksiyası əsas götürülməlidir.
11. İddiaçı Bakı İnzibati Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətinin iddiasının tam təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı İnzibati Məhkəməsinin qərarı ilə r azılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X2 və X5, 2-1(103)-1269/2020 saylı iş) 19 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçı və cavabdehin apellyasiya şikayətlərini təmin etməmiş, Bakı İnzibati Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
14. İddiaçı 19 yanvar 2021-ci il tarixdə qərarın surətini almış, 8 fevral 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh 21 yanvar 2021-ci il tarixdə qərarın surətini almış, 2 fevral 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətlərinin və onlara qarşı etirazın dəlil ləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri
16. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17.3-cü maddəsinə istinad etsə də, həmin maddənin pensiyanın hesablanma qaydasını deyil, artıq hesablanmış pensiyanın əsas məbləğinə əlavələrin hesablanması qaydalarını müəyyən etdiyini gözardı etmiş və öz mülahizəsinə əsasən qanunazidd interpretasiya etmişdir.
17. İddiaçı əvvəlki qanuna görə yaş və staj tələbini əsas götürərək, 56 yaşının tamam olduğu 18 iyun 2009-cu il tarixdən əvvəlki son 24 ayın (yəni 18 iyun 2007-18 iyun 2009-cu il tarixləri arasındakı dövr üçün) əməkhaqqına, yəni hüququnun yarandığı tarixdən əvvəlki 24 ay üçün hesablanmış əməkhaqqının əsas götü rülməsini xahiş etmişdir. Belə olan halda aydın olur ki, 18 iyun 2007-18 iyun 2009-cu il tarixləri arasındakı dövrdə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun pensiya məbləğinin hesablanması üçün həmin dövrdə-18 iyun 2009-cu il tarixdə qüvvədə olmuş 27-ci maddənin tələblərinə əsasən, iddiaçının pensiyasının yenidən hesablanması qaydalarının tətbiq edilməsi məsələsinə istər birinci instansiya, istərsə də Bakı Apellyasiya Məhkəməsi hüquqi qiymət verməmişlər. Başqa sözlə, iddia tələbinə mahiyyəti üzrə baxılmamışdır. Əvəzində iddiaçının hüququnun yarandığı tarixdə qüvvədə olan pensiya qanunvericiliyinə əsasən deyil, qüvvədən düşmüş pensiya qanunvericiliyinə əsasən hesablanma qaydalarına (burada da səhv etməklə) münasibət bildirmişlər. Halbuki, qüvvədən düşmüş qanunvericiliyə əsa sən iddiaçının yalnız stajı və yaş tələbi müəyyən edilməli (bu, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbidir), hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin iddiaçının hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyasına əsasan pensiyasının hesablanma qaydasının tətbiq edilməsi məsələsinə hüquqi qiymət verilməli idi.
18. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
19. Əvvəllər qüvvədə olmuş “Vətənd aşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 20. 13 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. 21. “Əmə k pensiyaları haqqında” Qanuna 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 22. 10 mart 2017-ci il tarixli Qanunla 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" sözləri əlavə edilmişdir. 23. “Vətəndaşların pensiya təminat haqqında” Qanun qüvvədən düşdüyü və “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi gün hər iki qanunvericilikdə güzəştli şərtlərlə pensiya çixmaq hüququ verən yaş həddi kişilər üçün 57 yaş olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda 13 iyun 1997-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən iddiaçı 55.6 yaş ilə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün həmin yaşa o “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olan tarixdə, yəni 01.01.2006-cı il tarixədək həmin yaşa çatmalı idi. Lakin, qeyd edilən Qanun qüvvədən düşdüyü və “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixdə iddiaçının 53 yaşı olmuşdur. b) Kasasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kasasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
26. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 27. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
5. P ensiya seçmək hüququ (-). 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 28. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerind ən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siya hısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. (-). 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 29. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzə ştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 30. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
31. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə pr oses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağ lı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstəri lməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya insta nsiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
32. İddiaçı və cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir. Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də ş ikayətlər qəbul oluna bilən hesab edilir.
33. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman iddianın rədd edilməsi hissəsində prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin olunması hissəsində prosessual hüquq norması düzgün tətbiq olunmamışdır.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahıda nəzərdə tutulmuş vəzifədə 12 il 6 aydan artıq müddətə işləməsi ilə bağlı tərəflər arasında hər hansı mü bahisə mövcud deyildir və iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 01.08.2010-cu ildə 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmişdir.
36. İşdə olan cavabdehin imtinasından görünür ki, cavabdeh 1 avqust 1997-ci ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahıda nəzərdə tutulmuş vəzifədə 12 il 6 aydan artıq müddətə zərərli əmək şəraitində işləməsini təsdiq etmiş, apelyasiya və kasasiya şikayətlərində bu barədə mübahisə açmamışdır.
37. İddiaçı hesab edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində olan Qeydə əsasən 56 yaşdan pensiya təyin edilməli, həmçinin həmin Qanunun tələblərinə görə son 24 ayın əmək haqqı nəzərə alınmaqla pensiyası hesablanm alıdır.
38. Cavabdehin mövqeyinə görə 1 avqust 1997-ci ilədək iddiaçının 25 il ümumi stajı yaranmadığından, pensiya hüququnun yarandığı vaxt “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmadığından iddiaçı tələbində haqlı olmamışdır.
39. Apelyasiya məhkəməsinin qənaətinə görə iddiaçının əmək kitabçasında qeyd olunan iş dövrləri nəzərə alınaraq, 1 avqust 1998-ci il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün, onun 25 ildən artıq ümumi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 saylı Siyahı üzrə 12 il 6 aydan çox güzəştli şərtlərlə əmək stajı 01 avqust 1998-ci ilədək yarandığından, ona pensiya təyin edilərkən “Vətəndaşların pens iya təminatı haqqında” Qanunun 1 avqust 1998-ci ilədək olan redaksiyası əsas götürülməlidir. İddiaçının pensiya hüququ yaranan zaman pensiyanın hesablanması qaydasını tənzimləyən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları qüvvədə olmadığından iddiaçının son 24 ayın əmək haqqı əsasında pensiyanın hesablanması barədə tələbi əsaslı sayıla bilməz.
40. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir.
41. İddiaçı xx xxxx xx-cü ildə anadan olmuşdur.
42. İddiaçının pensiya hüququnun 1 yanvar 2006-cı ilədək yaranmaması mübahisə doğurmur. Yəni “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçının yaşa görə əmək pensiyası hüququ olmamışdır. Bu halda pensiyanın “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında hesablanmalı olması barədə iddiaçının dəlilləri əsaslı sayıla bilməz.
43. İddiaçının pensiya hüququnun yarandığı vaxt və hazırda da qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 44. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin müd dəaları hazırkı mübahisəyə tətbiq edilə bilməz. 45. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bütövlükdə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiqi deyil, yalnız yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya nə qədər yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilə bilər, yəni əmək haqqına əsasən pensiyanın hesablanması “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində nəzərdə tutulmamışdır.
46. Odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında pensiyanın hesablanmalı olması barədə iddiaçının şikayətini n dəlilləri əsaslı olmadığından apelyasiya məhkəməsinin gəldiyi nəticədə haqlı olmuşdur və iddiaçının kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Cavabdehin kasasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 48. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinadən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə və 13 iyun 1997-ci il tarixli dəyişikliyə əsasən iddiaçıya güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 55 yaşına çatmalı, azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını zərərli peşədə çalışmalıdır. 1 avqust 1997-ci il tarixə qədər qeyd edilən stajlar mövcud olmadıqda yaş həddi 01 avqust 1997-ci il tarixdən başlayaraq 01 avqust 20 00-ci il tarixədək hər il 6 ay artırılır.
49. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının 1 avqust 1997-ci il tarixə qədər 12 il 6 aydan az olmayan güzəştli stajı ilə bağlı mübahisə yoxdur.
50. İddiaçının əmək kitabçasında olan məlumata görə o, 25 il ümumi stajı 1 avqust 1997-ci il tarixə qədər toplaya bilməmişdir.
51. İddiaçıya məxsus əmək kitabçasına əsasən 27 mart 1973-cü il tarixdən 16 iyun 1998-ci il tarixə, yəni 1 avqust 1998-ci il tarixə qədər 25 ildən az olmayan iş stajı mövcud olmuşdur.
52. Qanunun tələbinə görə 1 avqust 1997-ci il tarixdən 1 avqust 1998-ci il tarixə olan dövr üzrə iddiaçının pensiya yaşı 6 ay artırılır.
53. Məhkəmə kollegiyası 1 avqust 1998-ci ilə qədər iddiaçının 25 ildən az olmayan ümumi staja malik olması barədə apelyasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır.
54. Lakin məhkəmə kollegiyası 55,6 yaşdan iddiaçıya pensiya təyin edilməli olması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır.
55. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli Plenum qərarında qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin “Məhkəmə baxışının hədləri” adlanan 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu maddə “ne ultra petita” prinsipini nəzərdə tutur və inzibati prosesdə dispozitivlik prinsipinin qüvvədə o lduğunu bir daha vurğulayır. Həmin norma ilə məhkəməyə münasibətdə müəyyən edilir ki, o, prosesi iddia tələbi əsasında qursun və iddia tələbindən kənara çıxmadan mübahisəni həll etsin. İnzibati prosesdə məhkəmə bir tərəfdən işin hallarının araşdırılması prinsipini, digər tərəfdən isə dispozitivlik prinsipini rəhbər tutmalıdır. Məhz bu prinsip məhkəmə üçün işin hallarının araşdırılması prinsipinin sərhədlərini müəyyən edir.
56. İddiaçı iddia tələbində 56 yaşdan, yəni 18 iyun 2009-cu ildən pensiya təyin edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə müraciəti, həmçinin bu barədə məhkəmənin qərardadı olmamışdır. Hazırkı halda məhkəmə iddia tələbindən kənara çıxmaqla mübahisəni həll etmişdir.
57. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbay can Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə belə nəticəyə gəlinmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
58. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi 8 oktyabr 2020-ci il tarixli qərardadda təsbit etmiş, məhkəmə tərkibi eyni xarakterli hazırkı məsələyə baxarkən, 8 oktyabr 2020-ci il tarixli qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab etməmişdir.
59. İddiaçı 1 iyul 2017-ci ilə qədər pensiyanın yenidən təyin edilməsi üçün cavabdehə müraciət etməmişsə əvvəlki illərin pensiya məbləği iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər.
60. İşin 11-ci səhifəsində olan məlumatdan görünür ki, iddiaçı iyun 2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. Odur ki, iddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olduğu halda ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər.
61. Məhkəmə kollegiyası eyni əsaslarla qeyd edir ki, pens iya fərqinin birdəfəlik ödənilməsi barədə də “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələbləri nəzərə alınmalıdır.
62. Beləliklə, iddiaçıya 55,6 yaşdan, yəni 18 dekabr 2008-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçıya 56 yaşdan, yəni 18 iyun 2009-cu il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddiaçı 1 iyul 2017-ci ilə qədər pensiyanın yenidən təyin olunması üçün cavabdehə müraciət etmədiyindən və əvvəlki illərin pensiya məbləğinin fərqi iddiaçıya cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməli olduğundan, pensiya məbləğini n fərqi iyun 2016-cı ildən hesablanmalı, cavabdehin şikayəti qismən təmin edilməlidir.
63. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1269/2020 saylı, 19 avqust 2020-ci tarixli qərarı iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1269/2020 saylı, 19 avqust 2020-ci tarixli qərarı iddiaçıya 55,6 yaşdan, yəni 18 dekabr 2008-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Bu hissədə iddia qismən təmin edilsin. İddiaçı 56 yaşdan, yəni 18 iyun 2009-cu il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Əvvəlki illərin pensiya məbləğinin fərqinin iyun 2016-cı ildən hesablanıb ödənilməsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.