Məhkəmə qərarları › İş №2-1(102)-809/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-809/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-809/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa edilmə; etik davranış qaydalarının pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı ““Səbail RMl-nin polis nəfərləri, polis serjantları Elşad və İddiaçıların DlO-da xidmətdən xaric edilmələri barədə” 23 iyul 2022-ci il tarixli, Ə234-038-22 saylı əmrin İddiaçı DİO-da xidmətdən xaric edilməsinə dair olan 2-ci bəndinin ləğv edilməsi və polis serjantı İddiaçı Bakı şəhəri Səbail Rayon Mühafizə İdarəsinə polis nəfəri qismində xidmətə bərpa olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2-1(103)3654/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2008-ci il tarixdə Cavabdehnə xidmətə qəbul edilmişdir. 2. xx.xx.2022-ci il tarixdə iddiaçı və qardaşı Elşad Qasımov arasında əmlak mübahisəsi ilə bağlı münaqişə yaranmış, münaqişə zamanı Elşad Qasımov iddiaçının evinin pəncərələrini sındırmış, onlar cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etmədən, dalaşaraq bir-birlərinin ünvan larına nalayiq ifadələr işlətmişlər. İddiaçının daha sonra “102” xidmətinə müraciəti əsasında faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində aparılan araşdırma zamanı onların yazılı izahatları alınmışdır. İddiaçı bu barədə xidmət etdiyi hissə rəhbərliyinə və tabeliyində olduğu komandir heyətinə məlumat verməmişdir. Araşdırma zamanı həmçinin, iddiaçının atasının xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə bağlı anket məlumatlarını yeniləməməsi müəyyən edilmişdir.

3. Xidmətdə mənfi xarakterizə olunan və məsuliyyətdən yayınmaq məqsədilə yoxlama prosesində qeyri-səmimi mövqe tutan polis serjantları (iddiaçı və onun qardaşı) barəsində daxili işlər orqanlarından xidmətdən xaric olunmaları barədə vəsatət qaldırılmışdır. Bunun nəticəsində Cavabdeh Ə234-038-22 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən polis əməkdaşları adına ləkə gətirən hərəkətə yol verdiyinə görə iddiaçı və onun qardaşı xidmətdən xaric edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Səbail RMİ-nin polis nəfərləri, polis serjantları Elşad və İddiaçıların DlO-da xidmətdən xaric edilmələri barədə” 23 iyul 2022-ci il tarixli, Ə234-038-22 saylı əmrin İddiaçı DİO-da xidmətdən xaric edilməsinə dair olan 2-ci bəndinin ləğv edilməsi və polis serjantı İddiaçı Bakı şəhəri Səbail Rayon Mühaf izə İdarəsinə polis nəfəri qismində xidmətə bərpa olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 iyul 2022-ci il tarixdə heç bir hüquqi əsas olmadan Baş Mühafizə İdarəsinin rəisi X1 27 iyul 2022-ci il tarixli, Ə1065Ş/H-038-22 saylı əmri ilə Bakı Şəhəri Səbail rayonu Mühafizə İdarəsinin polis nəfəri vəzifəsindən xaric edilmişdir. Sözügedən əmr “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamən”in 135-ci maddəsinin 9-cu bəndinə əsasən qəbul edilmişdir. Lakin 27 iyul 2022-ci il tarixli əmrdə hansı hüquqazidd hərəkətləri nəticəsində xidmətinə xitam verildiyi barədə heç bir məlumat qeyd edilməmiş, inzibati (daxili) araşdırma aparılmamışdır. Odur ki, həmin əmr Azərbaycan Respublikasının qanunvericiliyə zidd olaraq qəbul edilmişdir.

6. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2008-ci il tarixdən DİN BMİ-nə xidmətə qəbul edilmişdir. Xidmətdə olduğu dövrdə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”ni pozduğuna görə iki dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. Belə ki, xidməti fəaliyyət zamanı yol verdiyi nöqsanlara görə ona xx.xx.2015-ci il tarixli, 15 nömrəli əmrlə “xəbərdarlıq”, xx.xx.2018-ci il tarixli, 98 nömrəli əmrlə “töhmət” elan edilmişdir. xx.xx.2022-ci il tarixdə sabiq polis serjantı Elşad Qasımov və qardaşı İddiaçı arasında əmlak mübahisəsi ilə bağlı münaqişə yaranmış, münaqişə zamanı Elşad Qasımov İddiaçı evinin pəncərələrini sındırmış, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etmədən, dalaşaraq bir-birlərinin ünvanlarına nal ayiq ifadələr işlətmişlər. İddiaçının daha sonra “102” xidmətinə müraciəti əsasında faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində aparılan araşdırma zamanı onların yazılı izahatları alınsa da, bu barədə, xidmət etdikləri hissə rəhbərliyinə və tabeliyində olduqları komandir heyətinə məlumat verməmişlər. Araşdırma zamanı həmçinin, iddiaçının atasının xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə bağlı anket məlumatlarını yeniləmədiyi müəyyən edilmişdir. Xidmətdə mənfi xarakterizə olunan və məsuliyyətdən yayınmaq məqsədilə yoxlama prosesində qeyri-səmimi mövqe tutan polis serjantları (iddiaçı və onun qardaşı) barəsində daxili işlər orqanlarından xidmətdən xaric olunmaları barədə vəsatət qaldırılmışdır. Cavabdeh Ə234-038-22 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən polis əməkdaşları adına ləkə gətirən hərəkətə yol verdiyinə görə iddiaçı və onun qardaşı xidmətdən xaric edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 26 oktyabr 2023-cü il tarixli 2-1(112)-8128/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) 05 mart 2024cü il tarixli, 2-1(103)-1213/2024 nömrəli qərardadı ilə apellyasiya şikay əti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat

10. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 16 iyul 2024-cü il tarixli 21(112)-8341/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

11. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və G.M.Abbasova) 24 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3654/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini n qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə: Bənd

11. Daxili işlər orqanlarında xidmətə könüllük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq v əziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar Bənd

114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Bənd

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) daxili işlər orqanları əməkdaşı ad ına ləkə gətirən hərəkət etdikdə;... 17. “Polis haqqında” Qanun: Maddə

3. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Maddə

33. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; xidmət və icra intizamını pozduqda; polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda).... Maddə

34. Polis əməkda şı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. 18. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”: - Hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və davranış Kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərilərinə öhdəlik götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur. Həmin Kodeksin ümumi müddəalarında qeyd olunur ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəv i dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Maddə

1. Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Maddə

2. Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Maddə

3. Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Maddə

4. Dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməli, cinayət, yaxud digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti yarandıqda, səlahiyyət həddini aşmamalı v ə adekvat tədbir seçməyi bacarmalıdır. Maddə

5. Xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalıdır. Maddə

8. Xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri, tabel silahını və xidməti vəsiqəsini möhkəm qorumalı, xidməti və dövlət sirrinin yayılmasına yol verməməlidir. Maddə

9. Çalışqanlığı, intizamlığı və təşəbbüskarlığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Maddə

10. Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini qorumalı və inkişaf etdirməlidir. Maddə

13. İcrasının mümkün olamayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir. Maddə

14. İş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. Maddə

19. Öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların səlahiyyət dairəsinə aid məsələlərə, icraatında olan sənəd və materialların həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurətdən irəli gəl məyən maraq göstərməməlidir. Subordinasiya qaydalarını gözləməli, şikayət halları istisna olmaqla, DİN-in rəhbərliyinə yalnız birbaşa rəisləri vasitəsi ilə müraciət etməlidir. Maddə

22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata k eçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir....

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istina d etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bununla belə məhkəmə kollegiyası kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələbinə əsasan, daxili işlər orqanlarının əmə kdaşı Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır.

26. İşin hallarından görünür ki, iddiaçı xidmət etdiyi dövrdə müsbət xarakterizə olunmamış, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməmiş, laqeydliyə yol vermiş, xidməti vəzifəsinə laqeyd, etinasız, məsuliyyətsiz münasibət bəsləmişdir.

27. Eyni zamanda, xidməti xasiyyətnamədə qeyd edilir ki, Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı olan iddiaçının xidmət etdiyi müddətdə yol verdiyi nöqsanlara görə ona xx.xx.2015-ci il tarixli, 15 nömrəli əmrlə “xəbərdarlıq”, xx.xx.2018-ci il tarixli, 98 nömrəli əmrlə “töhmət” elan edilmişdir. Hər iki intizam tənbehi onun məhz etik davranış qaydalarına riayət etmədiyi nə görə verilmişdir. Həmçinin, xasiyyətnamədə iddiaçının xidmət göstərdiyi müddət ərzində şəxsi heyətin və rayon ictimaiyyətinin hörmətini qazana bilmədiyi, vətəndaşlarla rəftarda nəzakətsiz olduğu, qanunların tələblərinə riayət etmədiyi qeyd olunmuşdur.

28. İddiaçının daxili işlər orqanlarından xaric edilməsinə səbəb xx.xx.2022-ci il tarixdə cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək qardaşı ilə münaqişəli vəziyyət yaratması, dalaşması və aparılan araşdırma zamanı yazılı izahat verməsi barədə xidmət etdiyi hissənin rəhbərliyinə və tabeliyində olduğu komandir heyətinə məruzə etməməsi olmuşdur. İddiaçı həmin hərəkətləri ilə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi” nin tələblərini kobud surətdə pozmuş, bununla da daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirmişdir.

29. Beləliklə, iddiaçının hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmadığı, xidməti borcuna sədaqət göstərmədiyi, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirmədiyi, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmadığı müəyyən edilir.

30. Odur ki, iddiaçını daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanuni olmuşdur.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şi kayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3654/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar