Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-819/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Bağırov Ziya Bayram oğlunun iştirakı ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: x1, Əmlak Məsələləri Dövlət Komitəsi, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidməti) “sərəncamların, razılıq məktubunun və aktın etibar sız hesab edilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 noyabr tarixli 2-1(103)-2796/2018 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2018-ci il 13 iyun tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin 1997-ci il 6 iyun tarixli, 645 nömrəli və 2008-ci il 9 sentyabr tarixli, 486 nömrəli Sərəncamlarının, Sabunçu Rayon İcra Hakimiyyətinin 2008-ci il 29 avqust tarixli, Ə-205 saylı razılıq məktubunun və 2008-ci il 24 dekabr tarixli qəbul komissiyasının aktının etibarsız hesab olunmasını xahiş etmişdir. Birinci instansiya m əhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 3 oktyabr tarixli 2-1(81)3120/2018 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə təkrar baxılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 noyabr tarixli 2-1(103)-2796/2018 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Həmin orqanların heç biri ayrı-ayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu məhkəmədə mübahisələ ndirə bilməz. Məhkəmənin qərardadı iddiaçıya 2018-ci il 30 noyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardaddan 2018-ci il 11 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini, iddianın mümkün sayılaraq təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yenidən araşdırma aparılarkən və mövcud sənədlərin ətraflı və dəqiq araşdırılması zamanı məlum olmuşdur ki, təqdim edilmiş sənədlər surətdir və təqdim edilmiş layihə ilə faktiki vəziyyət uyğun gəlmir. Belə ki, layihədə qeyri-yaşayış binası 3 mərtəbəli, zirzəmili, mansardlı göstərildiyi halda, faktiki 4 mərtəbəli, zirzəmili, texniki mərtəbəlidir. Bundan başqa, qeyri-yaşayış binasında daxili rekonstruksiya işlə ri aparılmış və əlavə torpaq sahəsi zəbt edilmişdir. Tikilinin bir hissəsi (94.5 kv.m) zəbt olunmuş torpaq sahəsində yerləşir. Həmçinin, tikilinin ümumi sahəsinin layihədə qeyd olunan sahədən - 1556.7 kv.m-dən artıq olduğu və qeyri-yaşayış binasının hündürlüyünün isə 12 metrdən artıq olduğu müəyyən edilmişdir. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, torpaq sahəsinə dair icarə müqaviləsi (tikintiyə icazə barədə Bakı şəhər İcra Hakimiyyətinin qərarı) təqdim edilməmiş, istismara qəbul Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli, 272 saylı Qərarında qeyd olunan bütün dövlət orqanları tərəfindən təsdiq edilməmişdir. Qeyd olunanlardan əlavə, müvafiq qeyriyaşayış binasına dair x1na verilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun verilməmiş və həmin sənədlə r əsasında hüquqlarının dövlət qeydiyyatına alınması mümkün deyildir. Qeyd olunan hallar əsassız olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və ədalət mühakiməsi düzgün həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli, 272 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi barədə” Qaydaların 3.6.4-cü bəndinin (müvafiq bənd 2015-ci il 13 may tarixədək qüvvədə olub) tələblərinə əsasən qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlə t Tikinti Müfəttişliyinin və tələb olunan hallarda Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və DağMədən Nəzarəti Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyu n tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndinə əsasən, İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə əsasən, bu Əsasnamənin 4.11.11.5-ci bəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 11.1, 23-cü maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verə rək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şik ayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Lakin həmin orqanların heç biri ayrıayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozul duğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Bu hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur (bax: “İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsi). Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Həm də, ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun və İPM-in qəbul edilməsinin (yenir icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq (bax: “İnzibati icraat haqqında” Qanunun preambulası), inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Bu qənaət, həmçinin aşağıdakılardan irəli gəlir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin(yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən, inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin(yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Nəhayət, həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Beləliklə, hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılmalı olmadığından iddia mümkünsüzdür. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 noyabr tarixli 2-1(103)-2796/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-819/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-819/2019
27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver