Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-82/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: yenidən hesablanma barədə qərar ləğv edilməklə əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş pul vəsaitinin geri qaytarılması, icra olunan funksional vəzifənin (işin) eyniliyi, etimad hüququ, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müd afiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanmasına dair qərar ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(105)-532/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-6145/2023 nömrəli qərarı lə ğv edilərək onun əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2-1(118)-720/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-6145/2023 nömrəli qərar ləğv edilmiş, iddiaçıya təyin olunmuş əvvəlki pensiya məbləği bərpa edilərək, tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(105)-532/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini n qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya xx.xx.2023-cü ilədək xx.xx.2008-ci il tarixdən hesablanmış pensiya məbləği müvafiq artımlar nəzərə alınaraq hesablanmış və ödənilmişdir. Cavabdeh inzibati orqan həmin tarixə qədər ödədiyi pensiyanın düzgün olmaması qənaətinə gəlmiş, xx.xx.2023-cü il tarixli qərarla pensiyanı yenidən hesablamışdır. Cavabdeh inzibati orqanın xx.xx.2008-ci il tarixdən iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qəbul etdiyi qərarın qanunsuz olduğu nəticəsinə gəlməsinə səbəb, pensiya təyini zamanı nəzərə alınmış "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli, 5 nömrə li arayışında iddiaçının xx.xx.1976-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə elektrik qaynaqçısı peşəsində işləməsinin qeyd edilməsi və iddiaçının işlədiyi sahənin 1 nömrəli Siyahının kimya istehsalatı bölməsinə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının ümumi peşələr bölməsinə aid olması nəticəsinə gəlməsi olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əməl etmədən mübahisələndirilən qərarı qəbul etməklə bərabər, onun gəldiyi nəticənin hüquqi əsaslandırması da qanunvericiliyə uyğun olmamışdır.
5. Belə ki, qeyd edilən siyahıda konkret olaraq qaynaqçı peşəsi qeyd edilməsə də, iddiaçının işlədiyi "xxxx" MM C-nin xx.xx.2007-ci il tarixli, 5 nömrəli arayışında qeyd edilən iş yerlərinin xüsusiyyətləri, iddiaçının işlədiyi işin həmin siyahıya uyğunluğunun nəzərə alınmasının əsaslı olduğunu göstərir. Cavabdeh inzibati orqan "xxxx" MMC-nin xx.xx.2007ci il tarixli, 5 nömrəli arayışında iddiaçının xx.xx.1976-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə elektrik qaynaqçısı peşəsində işləməsini qeyd etsə də, həmin arayışda konkret olaraq qeyd edilən illər üzrə iş yerlərinə istinad etməmiş, ədalətsiz və qanunsuz nəticəyə gəlmiş, özünün 15 il əvvəl qəbul etdiyi qanuni qərarı qanunsuz əsaslarla ləğv etmiş, öz hakimiyyət səlahiyyətlərini qanunvericiliyin tələblərinə zidd istifadə edərək, iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. İddiaçının konkret işlədiyi sahələr i araşdırmadan, onun xeyrinə olan halları nəzərə almadan zərərinə qərar qəbul etməsi, cavabdeh inzibati orqanın hakimiyyət səlahiyyətlərini qanunvericiliklə ona verilmiş səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmədiyini göstərir. Cavabdeh inzibati orqana verilmiş hakimiyyət səlahiyyətinin məqsədi daha az pensiya ödənişi həyata keçirmək yox, konstitusiya ilə müəyyən edilmiş sosial hüquqları vətəndaşların mənafeyini əsas götürməklə həyata keçirməkdən ibarət olmalıdır.
6. Sözügedən arayışdan göründüyü kimi, iddiaçı elektrik qaynaqçısı işləsə də, işlədiyi sahələr kimya sənayesi sahəsinə aiddir. 1 nömrəli Siyahının 1080A010 sətrində xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi madd ələrlə məşğul olan işçilər qeyd edilmişdir. Göründüyü kimi, qanunvericiliklə həmin iş yerləri üzrə çənlərin təmiri və düzəldilməsi ilə məşğul olan işçilərin işlədiyi sahələrin zərərli olduğu müəyyən edilmişdir. Eyni zamanda, həmin sahədə işləyən bütün işçilərin zərərli işlərdə işlədiyi qanunverici tərəfindən müəyyən edilib. Məhkəmə iclasında da iddiaçı məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, qaynaqçı kimi əsas işi çənlərin təmiri olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli, 5 nömrəli arayışında qeyd edilənlər ilkin inzibati aktın qəbul edilməsində qanuni əsaslarla nəzərə alındığına görə, mübahisələndirilən qərarın qəbul edilməsinə hüquqi əsas müəyyən olunmur, ona görə də cavabdehin yenidən hesablama barədə qərarı qanunsuz olmuşdur, həmin qərar ləğv edilməli, iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir.
7. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, əd alət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər o xşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməm işdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-641/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1122/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)1398/2024 nömrəli qərarları).
12. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, iddiaçıya əmək pensiyasının cavabdehin özü tər əfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa və ya əmək pensiyasını yenidən hesablamağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması və ya pensiyasının yenidən hesablanması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cüml ədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsa sən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)662/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-895/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2068/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-465/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-470/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)1999/2024 nömrəli qərarları).
13. Həmçinin nəzərə alınmalıdır ki, artıq ödənilmiş əmək p ensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması ilə bağlı qaydanı tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələbinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur – könüllü və ya məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə, belə razılığın olub-olmamasından asılı olmayaraq tətbiq edilir. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitləri könüllü olaraq geri qaytarmağa razılıq verməsi inzibati orq ana məhkəmədənkənar qaydada inzibati akt qəbul etməklə həmin vəsaiti geri almaq səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, yaxud əmək pensiyaçısının bununla bağlı aşkar ifadə olunan razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək və pensiyadan tutulmalar aparmaq səlahiyyətinə malik olmayacaqdır. Hazırkı mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını bildirir, öz növbəsində cavabdeh də tutulmaları belə razılıq əsasında apardığına istinad etmir. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı iş üzrə isə, sözügedən məbləğin tutulması üçün cavabdeh orqan tərəfindən məhkəməyə müraciət edilməsi faktı öz təsdiqini tapmır. Cavabdeh qanunla müəyyən edilmiş qaydanı pozmaqla pensiyaçının razılığı olmadığı halda əmək pensiyasından tutulmalar aparmışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-3/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-112/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-768/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1088/2024 nömrəli, xx. xx.2024-cü il tarixli 2-1(102)1560/2024 nömrəli qərarları).
14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəf üçün əlçatan və bəlli olmuşdur.
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdi r, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(105)-532/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.