Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-826/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı “sosial müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 dekabr tarixli 2-1(107)-679/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya Azərbaycan Respub likası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 2018-ci il 13 aprel tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2015-ci il 13 aprel tarixdən 2018-ci il 13 aprel tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 31 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İddiaçıya müharibə veteranı vəsiqəsi 2018-ci il 13 aprel tarixdən verildiyi üçün ona həmin vaxtdan müavinət təyin edilmişdir. İddiaçı 2018-ci il 16 avqust tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2015-ci il 13 aprel tarixdən 2018-ci il 13 aprel tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Buna görə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 2018-ci il 13 aprel tarixdə 084237 saylı vəsiqə verilmişdir. İddiaçı göstərilənlərə və “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz vermişdir. Etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 9 oktyabr tarixli 2-1(84)-1481/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2015-ci il 13 aprel tarixdən 2018-ci il 13 aprel tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 dekabr tarixli 2-1(107)-679/2018 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 20 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2018-ci il 28 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək işə on un iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-i n 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Qanunun 1-ci maddəsinə əsasən, veteranlar barəsində dövlət siyasətinin əsaslarından biri də sosial və hüquqi müdafiənin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteranlar üçün nəzərdə tu tulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, bu səbəbdən də ona 2018-ci il 13 aprel tarixli “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına görə, şəxs üç il əvvəl üçün yalnız o halda sosial müavinət ala bilər ki, onun hüququ azı üç il əvvəl yaranmış olsun. Bununla yanaşı, cavabdeh nəzərə almalıdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçıya buna səlahiyyətli olan dövlət orqanı tərəfindən veteran statusunun və vəsiqəsinin vaxtınd a verilməməsi iddiaçının veteranlar haqqında qanunvericilikdən irəli gələn hüquqlarına təsir etməli deyil. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçı “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranıdır. Lakin müharibə veteranı statusundan irəli gələn hüquqlarını (o cümlədən, sosial təminat hüququnu) həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, o, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu (onun iradəsindən asılı olmayaraq) müraciət edilməzdən əvvəlki üç il üçün müavinətin ödənilməsini tələb edə bilər. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Nəticəvi hissə: Yuxa rıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 dekabr tarixli 2-1(107)-679/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-826/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-826/2019
20.02.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver