Məhkəmə qərarları › İş №2-1(102)-835/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-835/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-835/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: çıxarış, plan və ölçü sənədinin verilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(105)-938/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Şamaxı rayonu Qaleybuğurt bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarı ilə tikinti məqsədi üçün 0.02 ha, kənd təsərrüfatı məqsədi üçün 0.48 ha olmaqla cəmi 0.50 ha torpaq sahəsinə dair çıxarışın və plan ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Şamaxı rayonu, Qaleybuğurt bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarı ilə tikinti məqsədi üçün 0.02 ha, kənd təsərrüfatı məqsədi üçün 0.48 ha olmaqla, cəmi 0.50 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Müraciətin icrası zamanı aparılmış araşdırma nəticəsin də məlum olmuşdur ki, həmin torpaq sahəsi elektron baza xəritəsində kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Buna baxmayaraq, Şamaxı rayon Qaleybuğurd bələdiyyəsi torpaq qanunvericiliyinin tələblərini pozmaqla örüş fonduna aid torpaq sahəsi satmışdır. Satılan torpaq sahəsi alqı-satqı predmeti olmadığı üçün ərizənin icrasından imtina olunmuşdur.

3. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.B.Məmmədov) xx.xx.2024-cü il tarixli, 21(118)-1932/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

4. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.R.Quliyev (sədrlik edən), V.M.Hacıyev və G.İ.Cabbarova) 29 oktyabr 2024-cü il tarixli, 2-1(105)938/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1932/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələri nin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin k onstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünü n ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəlləni n 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üz rə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Tahir Məmmədovun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı xx.xx.2023cü il tarixli, 2-1(102)-1500/2023 nömrəli, Sevda Hüseynovanın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-2711/2023 nömrəli və Azad Mirzəliyevin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, 2-1(102)-2457/2024 nömrəli qərarları) kənd təsərrüfatı təyinatlı torpaqlar keyfiyyətlilik baxımından yararlı, az yararlı və yararsız dərəcələrinə bölünür. Növ müxtəlifliyi – istifadə məqsədi baxımından bu kateqoriyada əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar fərqləndirilir. Digər növlərə (əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar) münasibətdə az yararlı və yararsız kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü yolverilən olduğu halda, örüş, otlaq və biçənək torpaqlarına münasibətdə qanunverici torpağın yararlılığını fərqləndirmədən belə təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsini qadağan etmişdir. Belə torpaqlar fiziki şəxslərə yalnız istifadəyə və icarəyə verilə bilər. Bundan başqa, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, verilmiş mütəxəssis rəyinə əsasən, hazırda iddiaçının istifadəsind ə olan torpaq sahəsi kənd təsərrüfatının örüş torpaqları növünə daxildir. Yuxarıda aparılan qiymətləndirməyə əsasən isə kənd təsərrüfatı təyinatlı örüş torpağının yararlı və ya yararsız olmasının fərqləndirilməsinə zərurət yoxdur, keyfiyyət dərəcəsindən asılı olmayaraq belə torpaqlar mülkiyyətə verilə bilməz. Örüş, otlaq və biçənək sahələri zamanla məhsuldarlığı və münbitliyini itirsə belə, yəni az yararlı və ya ümumiyyətlə yararsız olsa belə, bu yenə də həmin torpaqların mülkiyyətə verilməsini istisna edəcək. Bundan başqa, iddiaçıya tikinti və kənd təsərrüfatı məqsədi üçün satılmış cəmi 0.80 ha torpaq sahəsi, ümumilikdə, ayrıldığı zaman ikinci keyfiyyət qrupuna daxil olan kənd təsərrüfatına yararlı torpaqlara aid olmuş, həmçinin hazırda da, həmin torpaq sahəsi kənd təsərrüfatlı təyinatl ı örüş torpaq sahəsidir. Məhkəmə kollegiyası həmçinin, Torpaq Məcəlləsinin 9 və 13-cü maddələrinə istinad edərək qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsi yalnız kateqoriyası dəyişdirildikdən sonra mümkündür. Hazırki iş üzrə isə Avaxıl Bələdiyyəsinin 11 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən tikinti və kənd təsərrüfatı məqsədi üçün iddiaçıya satılması qərara alınmışdır. Halbuki, bələdiyyənin kənd təsərrüfatı təyinatlı örüş torpağı yalnız məqsədli təyinatı üzrə icarəyə və ya istifadəyə verilə bilərdi.

11. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 dekabr 2024-cü il tarixli qərardadında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə müvafiq olaraq, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.

12. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcr übəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.

13. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.

14. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçü n mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(105)-938/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar