Məhkəmə qərarları › İş №2-1(102)-873/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-873/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-873/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasını təyin edilməsi; məcburi dövlət sosial sığorta haqqı ödədiyi müddətin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) X1 iştirakları ilə, İddiaçı cavabdeh Cavabdehnə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şək i şəhər filialı) qarşı “mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyi 2003-2017-ci illəri əhatə edən müddətin sosial sığorta stajına daxil edilməsi, yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun 2015-ci ilin iyun ayında yarandığını nəzərə alaraq pensiya təyinatı ilə bağlı cavabdehə ünvanladığı rəsmi müraciətinin tarixindən, yəni 2020-ci ilin mart ayından əvvəlki üç il üçün pensiyanın müvafiq artımlar da nəzərə alınmaqla hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 04 dekabr tarixli, 2-1(107)-495/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini və pensiya hüququnun 2015-ci ilin iyun ayında yarandığını nəzərə alaraq pensiya təyinatı ilə bağlı cavabdehə ünvanladığı rəsmi müraciətinin tarixindən, yəni 2020-ci ilin mart ayından əvvəlki üç il üçün pensiyanın müvafiq artımlar da nəzərə alınmaqla hesablanıb ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 24 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 2017-ci il 01 iyul tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə istinadən 1957-ci il 18 oktyabr tarixdə anadan olmuş qadınların 2018-ci il 18 aprel tarixdə, yəni 60 yaş 6 a yı tamam olanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının surətinə əsasən 25 il sosial sığorta stajının olmadığı müəyyənləşdirilmişdir. Tələb olunan 25 il sosial sığorta stajının və ya 16742.88 manat pensiya kapitalının olmadığına görə iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 21 may tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyi 2003-2017-ci illəri əhatə edən müddətin sosial sığorta stajına daxil edilməsini, yaşa görə əmək pensiyasını təyin edilməsini, pensiya hüququnun 2015-ci ilin iyun ayında yarandığını nəzərə alaraq pensiya təyinatı ilə bağlı cavabdehə ünvanladığı rəsmi müraciətinin tarixindən, yəni 2020-ci ilin mart ayından əvvəlki üç il üçün pensiyanın müvafiq artımlar da nəzərə alınmaqla hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1957-ci il 18 oktyabr tarixdə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. 1986-1991-ci illərdə Şəki ipək Birliyində toxucu işləmişdir. Bu barədə iddiaçının əmək müvafiq qeyd öz əksini tapmışdır. Şəki Rayon Aqrar İslahatı Komissiyasının 1999-cu il 30 aprel tarixli, 08 saylı qərarı ilə kənd təsərrüfatı təyinatlı 0.45 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin mülkiyyətçilərindən biridir. Bu fakta dair LN:929 (kod ********) saylı dövlət aktı və RX seriyalı, ******* nömrəli çıxarış var. İddiaçı 2002-2017-ci illər ərzində mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən fiziki şəxs kimi sosial sığorta haqqı ödəmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, 2010-cu il 01 yanvar tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa edilmi ş dəyişikliyə əsasən 57 yaşına çatmış qadınların azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 7-ci maddəsində olan qeydə əsasən qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılır. Bu maddəyə əsasən, iddiaçının 2015-ci ilin iyun ayında 57 yaş 6 ayı tamam olduğu üçün yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün yaş həddi 2018-ci il 18 aprel tarixdə tamam olmuşdur. 2017-ci il 01 iyul tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaş 6 ayı tamam olmuş qadınların (2017-ci il 01 iyul tarixdən 2018-ci il 01 iyul tarixədək) fərdi hesabın sığorta hissə sində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddəyə əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sosial sığorta stajı və ya 16742.88 manat pensiya kapitalı tələb olunur. İddiaçının əmək kitabçasına əsasən sosial sığorta stajı 4 il 7 ay 19 gün təşkil edir. Vətəndaş 2019-cu il 05 fevral tarixdə şöbəyə müraciət edərək, kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta (MDSSH) ödədiyini, lakin həmin məbləğlərin onun fərdi hesabına işlənilmədiyini bildirmişdir. Bunun səbəbi 2006-2016-cı illərdə vətəndaşın ödədiy i MDSSH ödənişləri barədə illik B3 hesabatını təqdim etməməsi olmuşdur. Buna görə də iddiaçının 2006-cı ildən sonra nə qədər sosial sığorta stajı olması barədə məlumat təqdim edə bilmirlər. İddiaçı ərizəsində 20 il stajının olmasını qeyd etmişdir. Lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində əsasən, ona yaşa görə əmək pensiyası təyini üçün azı 25 il staj tələb olunur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 01 sentyabr tarixli, 2-1(116)-1048/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələb olunan 25 il sığorta stajına malik olmadığından ona sığorta stajına görə pensiya təyin edilə bilməz. İddiaçının cəmi 4 il 7 ay 19 gün sosial sığorta stajı müəyyən olunmuşdur ki, bu da tələb olunan 16742,88 manat pensiya kapitalından az olduğundan onun pensiya kapitalına görə də pensiya hüququ yaranmır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 04 dekabr tarixli, 2-1(107)-495/2020 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 01 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏL İLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, cavabdeh iddiaçının yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün yaş həddi 2018-ci il 18 aprel tarixdə tamam olmasını hesab etsə belə, iddiaçıya qarşı yenə də hərəkətsiz qalmış və iddiaçıya münasibətdə qərəzlilik nümayiş etdirmişdir. Belə ki, iddiaçı 2019-cu il 05 fevral tarixdə şöbəyə müraciət edərək, kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta (MDSSH) ödədiyini, lakin həmin məbləğlərin onun fərdi hesabına işlənilmədiyini bildirsə də, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar araşdırılmamış və cavabdeh orqanın hərəkət sizliyi 2020-ci il 24 aprel tarixli qanunsuz və əsasız imtina ilə nəticələnmişdir (Ödənilmiş məcburi dövlət sosial sığortasının cavabdeh tərəfindən niyə qəbul edilməsi və həmin ödənişin taleyinin necə olması tədqiq edilməmişdir). Həmçinin, cavabdeh orqan heç bir araşdırma aparmadan iddiaçının müraciəti üzrə imtina vermişdir. Halbuki, İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. b. məhkəmə icraat ı iştirakçılarının izahatları

13. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).

14. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatm ış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

16. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

20. İddiaçının 1957-ci il oktyabrın 18-də doğulduğu nəzərə alındıqda, onun 2015ci ili n iyun ayında 57 yaş 6 ayı tamam olduğu üçün yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. İddiaçının 60 yaş 6 ayının tamam olduğu 2018-ci il 18 aprel tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır.

21. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.

22. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, onun sosial sığorta stajı 4 il 7 ay 19 gün təşkil edir. 23. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

24. İşin məhkəmələr tərəfdən müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehə müraciət edərək, kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta (MDSSH) ödədiyini, lakin həmin məbləğlərin onun fərdi hesabına işlənilmədiyini bildirmişdir. Bunun səbəbi, 2006-2016-cı illərdə MDSSH ödənişləri barədə illik B3 hesabatının təqdim edilməməsi olmuşdur.

25. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində təsbit olunmuş sosial sığorta stajına və ya pensiya kapitalına aid şərtlər ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan hazırkı məzmunda öhdəlik qoyula bilməz.

26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 04 dekabr tarixli, 2-1(107)-495/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar