Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-876/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1960, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini n tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-557/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxxx 1960-cı il tarixdə doğulmuşdur (ŞV AZE 0*******).
2. İddiaçı 1977-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1982-ci ildə həmin institutda "Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə tam kursu bitirmişdir. 3. 09 sentyabr 1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı 06.09.1982-ci il tarixdən 25.07.2021-ci il tarixədək Bakı Təcrübə Eksperimantal zavodunda mühəndis-texnoloq, usta, baş usta, sex rəisinin müavini, həmçinin “X9 Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində 26.03.2021-ci il tarixdən 07.09.2007-ci il tarixədək Poladəritmə sexində şixtə sahəsində şixtəçi fəhlə peşəsində, 07.09.2007-ci il tarixdən 11.09.2009-cu il tarixədək Poladəritmə sexinin şixtə sahəsində usta vəzifəsində, “X9” MMC-də 11.09.2009cu il tarixdən 01.03.2010-cu il tarixədək Poladəritmə sexində Təkrarqarametal qəbul sahəsində isti və zərərli iş şəraitində inspektor vəzifəsində, 01.03.2010-cu il tarixdən 01.09.2010-cu il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində briqadir vəzifəsində, 01.09.2010-cu il tarixdən 03.11.2014-cü il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materialları bənnası (çalov sahəsi) peşəsində və 03.11.2014-cü il tarixdən 20.07.2020-ci il tarixədək Yayma sexində isti və zərərli iş şəraitində təkrarqızdırma sobasında itələyici operator peşəsində işləmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanmasını xahiş etmişdir.
5. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış 11 dekabr 2020-ci il tarixli **********4 saylı məktubda qeyd edilmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi 9 sentyabr 1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və “X9” MMC-nin 10 avqust 2020-ci il tarixli 201/A və 111/L nömrəli arxiv arayışların da qeyd olunan 26.03.2001-07.09.2007-ci il tarixləri arasında işlədiyi "şixtəçi fəhlə” və 03.11.2014- 20.07.2020-ci il tarixləri arasında işlədiyi "təkrarqızdırma sobasında itələyici operator” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (7 il 1 ay 26 gün) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşdan güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiа onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün cavabdeh orqana müvafiq sənədlər ilə birlikdə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının ərizəsi təmin edilməmiş və tələbindən imtina barədə ona ilkin olaraq 11 dekabr 2020-ci il tarixli və sonuncu olaraq 27 yanvar 2021-ci il tarixli imtina məktubunu ünvanlamışdır. Sonuncu imtina məktubu ilə əvvəlki imtinada müraciətinə cavab verildiyi bildirilib və həmin məktubda da imtinaya səbəb kimi işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ v erən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmadığı göstərilməklə yanaşı, tələb olunan güzəştli iş stajının kifayət edəcək müddətdə olmadığı göstərilmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında onun işlədiyi peşə sahələri metallurgiya bölməsinə aid olan zərərli peşə sahələridir və bu, cavabdehə təqdim olunmuş güzəştli arayışlarında da göstərilmişdir.
8. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya qarşı yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının güzəştli iş stajı qanunvericiliklə nəzərdə tutulmuş iş stajından azdır. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və arayışlardan göründüyü kimi, iddiaçı 11.09.2009-cu il tarixdən 20.07.2020-ci il tarixədək həmin müəssisədə müxtəlif peşələrdə işləmişdir. Müəssisənin arayışlarında qeyd edilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərarının 3-cü fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü (Metallurgiya istehsalatı) bölməsinə iddiaçının istinad etdiyi peşələr güzəştli peşə kimi qeyd edilməmişlər: 26.03.2001 - 07.09.2007-ci ildə şixtəçi fəhlə, 11.09.2009 - 01.03.2010cu illərdə işlədiyi poladəritmə sexi təkrar qara metal qəbulu sahəsində inspektor, 01.09.2010 - 03.11.201 4-cü illərdə həmin sexdə işlədiyi odadavamlı materiallar bənnası, 03.11.2014 - 20.07.2020-ci ildə yayma sexində itələyici operator. İddiaçının işlədiyi müəssisənin verdiyi arayışda şixtəçi peşəsinin-xəritə yükləyici peşəsi kimi sonradan dəyişdirilməsi qeyd edilsə də, bunun hansı tarixdə və hansı normativ-sənəd əsasında aparılmasını qeyd etməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-4664/2021 saylı iş) 21 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya 60 yaşının tamam olduğu 04.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, poladəritmə sexində şixtə sahəsinin adının xəlitə yükləmə sahəsi ilə əvəz edildiyindən, xəlitə yükləyici peşəsi ilə şixtəçi peşəsinin əmək funksiyasının eyni olduğu müəyyən edildiyindən iddiaçının şixtə sahəsində işlədiyi 26.03.2001-ci ildən 11.09.2009-cu ilədək- 8 il 5 ay 15 gün güzəştli iş stajına aid edilməlidir. Bundan əlavə iddiaçı 01.09.2010-cu ildən 03.11.2014-cü ilədək 4 il 3 ay 2 gün odadavamlı materiallar bənnası vəzifəsində çalışmış, həmin vəzifə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərar ın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X4-məruzəçi, X1 və X2, 21(103)-557/2022 saylı iş) 10 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti cavabdeh tərəfindən təqdim olunmuş iddiaya qarşı yaz ılı etiraz və iddiaçının ərizəsinə imtina barədə məktubla eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri işin faktiki halları və iddia ərizəsi ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müdd ətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” (********)
18. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı
19. İnzibati Prosessual Məcəllə (İPM): a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onl arın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
14. Sübut etmə vəzifəsi... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, be lə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qəra rını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaq dır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsa n hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.
25. Məhkəmə kollegiyası cavabdehin imtinasının və kassasiya şikayətinin dəlili olan iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçı 26.03.2001-ci il tarixdən 07 sentyabr 2007-ci il tarixədək Poladəritmə sexində şixtə sahəsində şixtəçi fəhlə peşəsində, 07 sentyabr 2007-ci il tarixdən 11 sentyabr 2009-cu il tarixədək Poladəritmə sexinin şixtə sahəsində usta vəzifəsində, “X9” MMC-də 11.09.2009-cu il tarixdən 01.03.2010-cu il tarixədək Poladəritmə sexində Təkrarqarametal qəbul sahəsində isti və zərərli iş şəraitində inspektor vəzifəsində, 01.03.2010-cu il tarixdən 01.09.2010-cu il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində briqadir vəzifəsində, 01.09.2010-cu il tarixdən 03.11.2014-cü il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materialları bənnası (çalov sahəsi) vəzifəsində və 03.11.2014-cü il tarixdən 20.07.2020-ci il tarixədək Yayma sexində isti və zərərli iş şəraitində təkrarqızdırma sobasında itələyici operator vəzifəsində işləmişdir.
27. İş materiallarına əlavə edilmiş “X9” MMC 01 iyun 2021-ci il tarixli X-Y0028 saylı məktubda həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 - Polad və ferroərintilər istehsalatı (a) yarımbəndinə əsasən xəlitə yükləyiciləri və 3.2 - Polad və ferroərintilər istehsalı (b) yarımbəndinə isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (a) yarımbəndində istehsal prosesində xa mmalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər, 3.2 (a) yarımbəndində odadavamlı materiallarla işləyənlər, 3.3. (a) yarımbəndində isti işlərdə məşğul olan idarəetmə postlarının operatorları kimi, 3.6 (a) yarımbəndində isti iş sahələrində məşğul olan qara metal istehsalatının nəzarətçiləri kimi nəzərdə tutulduğunu bildirmiş, həmçinin Poladəritmə sexinin şixtə sahəsinin-xəlitə yükləmə sahəsi, şixtə sahəsinin rəisi vəzifəsinin- xəlitə yükləmə sahəsinin rəisi, şixtə sahəsində usta vəzifəsinin –xəlitə yükləmə sahəsində usta, şixtə sahəsində şixtəçi vəzifəsinin - xəlitə yükləyicisi, şixtə sahəsində qazla kəsisi vəzifəsinin - xəlitə yükləmə sahəsində qazla kəsici adlandırılmasına dair “X9” MMC-nin “Poladəritmə sexində şixtə sahəsinin adının xəlitə yükləmə sa həsi ilə əvəz edilməsi haqqında” 08 sentyabr 2017-ci il tarixli 39/i nömrəli əmrini təqdim etmişdir.
28. Eyni zamanda “X9” MMC 15 iyul 2021-ci il tarixli X-Y-0093 nömrəli məktubunda xəlitə yükləyici sahəsi ilə şixtə sahəsinin, həmçinin xəlitə yükləyici peşəsi ilə şixtəçi peşəsinin əmək funksiyasının eyni olduğu qeyd edilmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, Poladəritmə sexində şixtə sahəsinin adının xəlitə yükləmə sahəsi ilə əvəz edildiyindən, xəlitə yükləyici peşəsi ilə şixtəçi peşəsinin əmək funksiyasının eyni olduğu müəyyən edildiyindən iddiaçının şixtə sahəsində işlədiyi 26.03.2001-ci ildən 11.09.2009-cu ilədək- 8 il 5 ay 15 gün güzəştli iş stajına aid edilməlidir.
30. Bundan əlavə iddiaçı 01.09.2010-cu ildən 03.11.2014-cü ilədək 4 il 3 ay 2 gün odadavamlı materiallar bənnası vəzifəsində çalışmış, həmin vəzifə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur.
31. Göründüyü kimi qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcud olmuşdur, yəni onun 60 yaşı tamamdır, 25 ildən çox əmək stajı (təhsil illəri də daxil olmaqla) vardır, qanunla müəyyən edilmiş müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir (64526,12 manat, pensiya kapitalına görə sığorta hissəsi 337.05 manat).
32. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2022-ci il tarixli 21(103)-557/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.