Məhkəmə qərarları › İş №2-1(102)-887/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-887/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-887/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiyanın mümkün sayılmaması, şikayətin verilməsi müddətinin ötürülməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2942/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsə ləsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6422/2021 nömrəli qərarı ilə (hakim A. Oruczadə) iddia təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2942/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: H.Həmidov – sədrlik edən və məruzəçi, E.Nağıyeva, C.Yusifov) apellyasiya şikayəti təmin edilməmişdir.

5. Məhkəmə qərarı iddiaçıya 6 yanvar 2022-ci il tarixində təqdim edilmişdir.

6. İddiaçı 25 fevral 2022-ci il tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2942/2021 nömrəli, 20 dekabr 2021-ci tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır

9. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.

10. Kassasiya şikayətinimn İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.

11. Hazırkı mübahisəyə mü nasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur. Qeyd edilən hallar kassasiya şikayətinin mümkün sayılmaması əsaslarına aiddir və şikayətin mümkün sayılmamasını şərtləndirir.

12. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarının araşdırılması zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2942/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qərarının iddiaçıya 6 yanvar 2022-ci il tarixdə təqdim edildiyi, sonuncu tərəfindən müvafiq məhkəmə qəbzinə imza etməklə apelyasiya instansiyası məhkəməsinin qərarının qəbul edildiyi müəyyən olunmuşdur. İddiaçı həmin qərardan 25 fevral 2021-ci il tarixdə şikayət vermişdir. Beləliklə, kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 (bir) aylıq müddətin ötürülməsi işin mübahisəsiz halıdır. İddiaçının özünün ərizəsində də qərarın təqdim edilməsi və şikayətin verilməsi tarixləri, eləcə də şikayət verilməsi müddətinin ötürülməsi mübahisə edilmir.

13. İddiaçının vəkili müddətin bərpası barədə məhkəməyə ərizə təqdim etmişdir. Müddətin bərpası barədə ərizədə iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbinin üzrlü hesab olunması xahiş edilir. Ərizədə həmçinin qeyd olunmuşdur ki, iddiaçının maddi imkanı məhdud olduğundan, müvafiq orderın alınması üçün minimum məbləği ödəmə imkanı əldə etdikdən sonra vəkilə müraciət etmiş və bundan sonra kassasiya şikayəti verilmişdir. Bununla belə, iddiaçının maddi imkanının məhdud olduğunu və hüquqi müdafiə ilə bağlı vəkilin xidmətlərini ödəmək imkanında olmadığını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. İş materiallarından iddiaçının vəkillə təmin olunma barədə məhkəməyə müraciət etməsi də müəyyən olunmur.

14. Beləliklə, məhkəmə kollegiyası iddiaçının dəlilini ötürülmüş müddətin bərpa edilməsi üçün üzrlü və yetərli səbəb hesab etmir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.

16. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Müddətin bərpası barədə ərizə təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2942/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar