Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-897/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə çıxarış verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Pirşağı bağ massivində yerləşən, 245 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət olan 682 saylı bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2600/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 531 nömrəli sərəncamından çıxarışa dair arxiv arayışından görünür ki, bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Na zirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən Kürdəxanı ərazisindəki yeni yaranmış 245 nömrəli Bağ-tikinti kooperativinin tərkibi təsdiq edilmiş və iddiaçının adı kooperativin siyahısına daxil edilmişdir.
2. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və X4 bağlar sahəsindəki 245 nömrəli kooperativin 25 nömrəli orderinə əsasən, iddiaçıya Bakı şəhəri İK-nın xx.xx.1993-cü il tarixli, 531 nömrəli qərarı əsasında Ləhiş bağlar sahəsində 245 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 682 nömrəli bağ sahəsi ayrılmışdır.
3. Kürdəxanı ərazisində 245 nömrəli Bağ-tikinti kooperativinin yaradılması haqqında siyahıda iddiaçının adı 25-ci sırada olmaqla, qarşısında “682” yazılmışdır.
4. İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabd eh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, qeyd olunan bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazidə sxematik xəritəyə əsasən, bağ nömrəsi yoxdur və ətraf ərazilərdə bağ sahələri daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmamışdır. Həmçinin, göstərilən əraziyə digər şəxslərin müraciətləri olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Pirşağı bağ massivində yerləşən, 245 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət olan 682 saylı bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, həmin torpaq sahəsinə sahiblik edir, oradan fasiləsiz olaraq istifadə edir. Hal-hazırda o, qanuni istifadəsində olan torpaq sahəsinə çıxarış almaq istəsə də, cavabdeh əsassız olaraq imtina etmişdir. Belə ki, bağ sahəsinin daş hasarı, dəmir darvazası var, koordinatları da bəllidir, bağ sahəsində ağaclar əkmişdir. Bağ sahəsinin sxematik xəritəyə uyğun olmaması, sxematik xəritədə bağın nömrəsinin olmaması, ətraf bağ sahələrinin dövlət reyestrində qeydiyyata alınmaması onun təqsiri deyildir. Onun bağ sahəsinə dair qanuni sənədləri vardır, cavabdeh də həmin qanuni sənədlərə əsasən bağ sahəsini sxematik xəritəyə uyğunlaşdırmalı, bağ sahəsinə yeni ünvan verm əlidir. Həmin əraziyə digər şəxslərin müraciət etməsi onun qanuni torpaq sahəsinə çıxarış verilməməsinə əsas ola bilməz.
7. İşin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixdə məktubla bildirmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilərkən məlum olmuşdur ki, bağ sahəsinin üç tərəfi hasar, bir tərəfi isə mişar daşı düzülərək sərhədlənmişdir, tikili mövcud deyil. Sahə yeni çəkilən yolun kənarında yerləşir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir (Ləhiş 682 saylı bağa aidiyyəti olmayan dövlət mülkiyyəti torpağıdır).
8. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Elektron kadastr baza məlumatlarına əsasən, Ləhiş bağ massivi “682” saylı bağın göstərilən əraziyə aidiyyəti yoxdur. Həmin bağ sahəsi Bilgəh-Kürdəxanı yolunun kənarında yerləşməklə, dövlət mülkiyyəti torpağıdır.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1076/2021 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
10. İşin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1648 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədlərinin 3 tərəfi hasar, 1 tərəfi isə şərtidir (üzərində tikili yoxdur). İddia olunan faktiki torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin ərazisində yerlə şir. Bağların bölgüsünə dair sxematik xəritədə bu hissədə bağ nömrəsi qeyd olunmamışdır. Bundan əlavə, 245 saylı BTK-nın sxemi (bölgüsü) arxiv əsaslarında olmadığı üçün bu barədə əlavə məlumatın verilməsi mümkün olmamışdır. Qərarda qeyd olunan X3 məxsus torpaq sahəsi isə iddia olunan sahədən kənarda, tam fərqli ərazidə yerləşir. Belə ki, iddiaçı əvvəlki müraciəti zamanı digər torpaq sahəsini göstərmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) xx.xx.2023-cü il tarixli 21(112)-97/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, LəhişPirşağı bağ massivində yerləşən, 245 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət olan 682 saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə ç ıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan sənədlərlə təsdiq olunur ki, həqiqətən də iddiaçı Ləhiş bağlar sahəsindəki 245 nömrəli bağ tikinti kooperativinin üzvüdür, bu barədə, adının 25-ci sırada qeyd olunmasına dair Ləhiş 245 nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısı mövcuddur, iddiaçıya həmin kooperativin nəzdində 0.12 ha torpaq sahəsi olan 682 nömrəli bağ sahəsi ayrılmışdır və ona bu barədə 25 nömrəli order verilmişdir. Cavabdeh hazırda imtinanın əsası kimi bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə, qeyd olunan ərazinin digər fiziki şəxsin adına qeydiyyata alınmasına istinad etsə də, qeyd edilən əsaslarla imtina əsassızdır. Belə ki, cavabdeh uyğunsuzluğun konkret nədən ibarət olmasını məhkəmə sorğusuna cavablarında, eləcə də imtina məktubunda göstərməmişdir. Bundan başqa, məhkəmənin qərardadı əsasında cavabdeh idarənin təqdim etdiyi mütəxəssis rəyindən aydın olmuşdur ki, X3 məxsus torpaq sahəsi iddia olunan sahədən kənarda, tamamilə başqa ərazidə yerləşir. Cavabdeh bağ sahəsinin mübahisəli olmasını göstərməsinə baxmayaraq, belə bir mübahisənin həqiqətən də mövcud olmasına dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir.
13. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A. Hüseynov) xx.xx.2023-cü il tarixli, 2-1(103)-2600/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-97/2023 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının Ləhiş bağ massivi “682” saylı bağ kimi iddia etdiyi torpaq sahəsi faktiki Ləhiş 682 saylı bağa aidiyyəti olmayan dövlət mülkiyyəti torpağıdır, Bilgəh-Kürdəxanı yolunun kənarında yerləşir. Yolun mühafizə zolağı ilə bağlı məktub təqdim olunmamışdır. Bundan əlavə, iddiaçının etibarnamə üzrə nümayəndəsi xx.xx.2020-ci il tarixdə eyni ВТК (245 saylı) nəzdində, eyni nömrəli (25) orderlə (Bakı şəhər İcra Hakimiyyətinin eyni sərəncamı xx. xx.1993-cü il tarixli, 531 saylı Qərar) Ləhiş-Pirşağı bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsindən ibarət 4468V saylı bağ sahəsinə dair cavabdehə müraciət etdiyi halda, hazırda isə eyni ВТК (245 saylı) nəzdində, eyni nömrəli (25) orderlə (Bakı şəhər İcra Hakimiyyətinin eyni sərəncamı xx.xx.1993-cü il tarixli, 531 saylı Qərar) Ləhiş-Pirşağı bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsindən ibarət 682 nömrəli bağ sahəsinə iddia edir. Göründüyü kimi, qeyd edilən sənədlər ziddiyyət təşkil edir. Məhkəmə araşdırması zamanı bu ziddiyyətlərin aradan qaldırılması mümkün olmamışdır. Beləliklə də, iddia olunan torpaq sahəsinin hüquqi qeydiyyata alınması üçün qanunvericiliyin tələb etdiyi hüquqi sənədlər təqdim edilməmişdir. Odur ki, iddia olunan torpaq sahəsinin hüquqi qeydiyyata alınması üçün qanunvericiliyin tələb etdiyi, ziddiyyət təşkil etməyən hüquqi sənədlərin təqdim olunmaması, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsasdır.
16. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Kassasiya şikayətində işin hallarına istinad edilərək qeyd olunmuşdur ki, cavabdehin bildirdiklərinin əksinə olaraq, iddiaçı müraciətlərində fərqli bağ sahələri göstərməmişdir. Bundan əlavə, digər order səhv tərtib edilmişdir və orderin səhv tərtib edilməsində iddiaçının təqsiri yoxdur. Həmçinin, həmin orderin hüquqi qüvvəsi də yoxdur. İşə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmamışdır və cavabdehin dəlilləri əsassızdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yo ldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidə n baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəm ədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbində n əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edi lmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. İlk növbədə, iddiaçı tərəfindən iddia etdiyi torpaq sahəsinə dair aşağıdakı hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 531 nömrəli sərəncamından çıxarışın notarial təsdiqli surəti; - Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və X4 bağlar sahəsindəki 245 nömrəli kooperativin 25 nömrəli orderi (iddiaçıya Bakı şəhəri İK-nın xx.xx.1993-cü il tarixli, 531 nömrəli qərarı əsasında Ləhiş bağlar sahəsində 245 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 682 nömrəli bağ sahəsi ayrılmasına dair); - Kürdəxanı ərazisində 245 nömrəli Bağ-tikinti kooperativinin yaradılması haqqında siyahı (iddiaçının adı 25-ci sırada olmaqla, adının qarşısında “682” yazılmışdır).
26. Apellyasiya şikayətində cavabdeh iddiaçının hüquqmüəyyənedici sənədlərinin mötəbərliyini şübhə altına alaraq qeyd etmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən xx.xx.2020-ci il tarixdə eyni BTK (245 saylı) nəzdində, eyni nömrəli (25) orderlə 4468V saylı bağ sahəsinə dair məlumat verilməsi barədə müraciət edilmişdir.
27. İşə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi xx.xx.2020-ci il tarixdə eyni ВТК (245 saylı) nəzdində, eyni nömrəli (25) orderlə LəhişPirşağı bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsindən ibarət 4468V saylı bağ sahəsinə dair cavabdehə müraciət etdiyi halda, hazırda isə eyni ВТК (245 saylı) nəzdində eyni nömrəli (25) orderlə Ləhiş-Pirşağı bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsindən ibarət 682 nömrəli bağ sahəsinə iddia edir. Qeyd edilən sənədlər ziddiyyət təşkil etmiş, həmçinin ziddiyyətlərin aradan qaldırılması mümkün olmamış və bununla da iddia olunan torpaq sahəsinin hüquqi qeydiyyata alınması üçün qanunvericiliyin tələb etdiyi hüquqi sənədlər təqdim edil məmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya məhkəməsi tərəfindən İPM-in 12.1-ci maddəsinin tələbləri pozularaq, sənədlər arasındakı ziddiyyətlərin aradan qaldırılması istiqamətində araşdırma aparılmamışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 531 nömrəli sərəncamından çıxarış Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli məktubu ilə verilmişdir. Başqa sözlə, sözügedən sərəncam və onun əlavələri barədə Bakı şəhər İcra Hakimiyyətində məlumatlar vardır. Odur ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıya bağ sahəsinin ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə sorğu verməli, iddiaçıya hansı nömrəli bağ sahəsinin ayrılması ilə bağlı məlumatı dəqiqləşdirməli idi. Belə ki, iddiaçı özü də kassasiya şikayətində etiraf edir ki, hər iki order mövcuddur və ilkin order səhv verildiyindən, sonradan yeni order verilmişdir. Bu halın araşdırılması ilə bağlı müvafiq sorğular verilməli idi.
29. Digər tərəfdən, cavabdeh iddiaçının müraciətinin əsaslı olmaması ilə bağlı müxtəlif dəlillər irəli sürmüşdür. Belə ki, cavabdehin imtina dəlilləri ondan ibarətdir ki, qeyd olunan bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, göstərilən ərazidə sxematik xəritəyə əsasən bağ nömrəsi yoxdur və ətraf ərazilərdə bağ sahələri daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmamışdır, o cümlədən göstərilən əraziyə digər şəxslərin müraciətləri olmuşdur. Həmçinin, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən, Ləhiş bağ massivi 682 saylı bağın göstərilən əraziyə aidiyyəti yoxdur. Qeyd olunan ərazi **********58 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyata alınmışdır (İ cid: iş v.52). Bundan əlavə, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublarda qeyd edilmişdir ki, göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və Ləhiş 682 saylı bağa aidiyyəti olmayan dövlət mülkiyyəti torpağıdır, həmçinin torpaq sahəsi Bilgəh-Kürdəxanı yolunun kənarında yerləşir (İ cild: iş v.71 və 78). Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında isə qeyd edilmişdir ki, vətəndaş əvvəlcə 682 saylı bağ kimi başqa ərazini göstərmişdir və bağ sahəsinin nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir (İ cild: iş v.119). xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində isə qeyd olunmuşdur ki, iddia olunan faktiki torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin ərazisində yerləşir, bağların bölgüsünə dair sxematik xəritədə bu hissədə bağ nömrəsi qeyd olunmayıb, X3 məxsus torpaq sahəsi isə iddia olunan sahədən kənarda, tam fərqli ərazidə yerləşir (Belə ki, iddiaçı əvvəlki müraciəti zamanı digər torpaq sahəsini göstərmişdir). Cavabdeh apellyasiya şikayətində isə qeyd etmişdir ki, həmin əraziyə digər fiziki şəxsin-X2 müraciətləri olmuşdur.
30. İlk növbədə qeyd olunmalıdır ki, iş materiallarında 245 saylı BTK-ya torpaq sahəsi ayrılmasına dair ayrıc aktı və ya həmin torpaq sahəsinin koordinatlarını əks et dirən mötəbər sənəd, eləcə də, bağların bölgüsünə dair sxematik xəritə yoxdur. Nəzərə alınsa ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hasara alınmış sahədir, iddia tələbinin əsaslılığına qiymət verilməsi üçün iddiaçının hasar daxilində göstərdiyi torpaq sahəsinin kooperativə ayrılmış sahənin hüdudları daxilində yerləşib-yerləşməməsi müəyyən edilməlidir. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə hərtərəfli araşdırma aparılmasını təmin etməlidir.
31. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan halı ətraflı araşdırmadan iddiaçının Ləhiş bağ massivi “682” saylı bağ kimi iddia etdiyi torpaq sahəsinin faktiki Ləhiş 682 saylı bağa aidiyyəti olmayan torpaq sahəsi olması nəticəsinə gəlmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2600/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.