Məhkəmə qərarları › İş №2-1(102)-900/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-900/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-900/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-900/2019) Bakı şəhəri 01 may 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X2 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Siracəddinovanın iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 sa ylı Ərazi İdarəsinə qarşı Oğuz rayonu Şirvanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-488/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 01 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarı ilə X3, Nümayəndə xxxxnın, X4, İddiaçı, X6 və X5 ümumi mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmiş və bununla bağlı JN-162A KOD 40501004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. İddiaçı adına (bundan sonra - iddiaçı) fərdi yaşayış evi tikmək üçün verilmiş 800 kv.m torpaq sahəsi ilə bağlı Oğuz Rayon Dövlət Arxivinin 01.06.2017-ci il tarixli 114 nömrəli çıxarışı əsasında A seriyalı 010808 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X7 kitabında 1109.2007-ci ildə 110 nömrə ilə uçota alınmış, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli 24.01.2018ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçıya kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 3696.43 kv.m torpaq sahəsi ilə bağlı Oğuz Rayon Şirvanlı Bələdiyyəsinin 25.06.2009-cu il tarixli 09 nömrəli qərarı ilə A seriyalı 258104 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Qumlaq kənd icra nümayəndəliyinin 30.04.2007-ci il tarixli 342 nömrəli və 02.05.2007-ci il tarixli 363 nömrəli arayışlarında Qumlaq kənd icra nümayəndəliyinin 8 saylı təsərrüfatbaşına kitabının 34-cü səhifəsində iddiaçının adına 0.12 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İddiaçı həmin 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, lakin sonuncu 18.12.2017-ci il tarixli **********60 nömrəli məktubla bildirmişdir ki, 0.12 ha torpaq sahəsinin yerləşdiyi ərazi X1 kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Bu səbəbdən həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması qeyrimümkündür. Bundan sonra, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Şirvanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayon Şirvanlı kolxozunun 04.09.1996-cı il tarixli 04 saylı qərarına əsasən, ona 0.08 həyətyanı torpaq s ahəsi verilmişdir. Göstərilən torpaq sahəsi ölçülərək ona təhvil verilmişdir. Lakin həmin torpaq sahəsinin ölçüsü torpaq islahatı aparılan zaman 0.12 ha qeyd edilmişdir. Hal-hazırda da iddiaçının faktiki istifadəsində 0.12 ha torpaq sahəsi var. Qeyd edilən 0.12 ha torpaq sahəsi islahat zamanı onun adına yazılsa da, həmin torpağa mülkiyyət sənədi verilməmişdir. Sözügedən torpaq sahəsinə 11.09.2007-ci il tarixli A seriyalı 010808 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi hazırlanmışdır. O, Oğuz rayonu Şirvanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 18.12.2017-ci il tarixli məktubla bildirmişdir ki, qeydiyyata alınması tələb olunan torpaq sahəsi bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. Halbuki, həmin torpaq sahəsi bu günədək iddiaçının istifadəsindədir. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, qeydiyyata alınması tələb olunan 0.12 ha torpaq sahəsi X1 kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazi kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinin hüdudlarından kənarda yerləşir. İddiaçının iddia etdiyi 0.12 ha torpaq sahəsinin yerləşdiyi əraziyə Oğuz-Qəbələ-Bakı su kəmərinin qorunma zolağına düşən torpaqların əvəzinə Oğuz rayon Şirvanlı Bələdiyyəsinin 25.06.2009-cu il tarixli 09 saylı qərarı əsasında ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən digər vətəndaşlara "Torpaq sahəsinin planı və ölçü sü" sənədləri verilmişdir. İddiaçının qanuni istifadəsində olan 0.08 ha torpaq sahəsinə Oğuz Rayon Dövlət Arxivinin 01 06.2007-ci il tarixli 114 saylı arayışı əsasında ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən digər vətəndaşlara "Torpaq sahəsinin planı və ölçüsü" sənədi verilmişdir. Arxiv arayışı "Şirvanlı" kolxozunun 04.09.1996-cı il tarixli 4 nömrəli qərarına istinadən verilmişdir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış və plan ölçü sənədi verilmişdir. Eyni zamanda, iddiaçıya Oğuz şəhərində Oğuz rayon AİK-nın qərarı ilə JN-162A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ailə üzvləri ilə birlikdə 0.06 torpaq sahəsi verilmişdir. Bu səbəblərdən həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması qe yrimümkündür. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim: V.K.Qasımov) 05 iyul 2018-ci il tarixli, 21(84)-434/2018 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi, məhkəmə xərcinin iddiaçıya aid edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, torpaq islahatı aparılan zaman iddiaçıya və ailə üzvlərinə Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarı ilə 0.06 ha torpaq sahəsi verildiyindən, ona ikinci dəfə Oğuz rayonu Şirvanlı kəndində islahat aparılarkən həyətyanı torpaq sahəsi verilməsi islahatın məqsəd və məramı ilə uzlaşmır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci tarixli, 21(107)-488/2018 nömrəli qərarı ilə (sədrlik edən: E.Ş. Hüseynov, hakimlər: G.Q.Abbasov və R.R.Rəfiyev) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2-1(84)-434/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı apelyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmənin bu iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrə əsasən iddianın təmin edilməməsi nəticəsinə gəlməsi düz gün deyildir. Belə ki, iddiaçının bu torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdursa, Bələdiyyənin də bu torpağa mülkiyyətini təsdiq edən sənədi yoxdur. İş materiallarından görünür ki, Oğuz rayonu Qumlaq kənd icra nümayəndəliyinin 8 saylı təsərrüfatbaşına kitabının 34-cü səhifəsində iddiaçının adına 0.12 ha həyətyanı torpaq sahəsi vardır. Kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında yalınız vətəndaşın qanuni istifadəsinə verilmiş, yəni qərarla verilmiş torpaqlar qeyd olunur. Bundan başqa, Qulmaq kənd icra nümayəndəliyin 02.05. 2007-ci il tarixli arayışından da görünür ki, torpaq islahatı ilə əlaqədar tərtib olunmuş torpaq payı alacaq subyektlərin siyahısında iddiaçının adına 0.12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İddiaçı şikayətini əsaslandırmaq üçün “Torpaq isl ahatı haqqında” Qanunun 9 və 10cu maddələrinə istinad etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA H İSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şi kayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasında torpaq islahatlarının ap arılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa müvafiq olaraq torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz ola raq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. (maddə 9, 10) Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin” 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 2-ci bəndində özəlləşdirməyə çıxarılmış torpaqların, o cümlədən həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni i stifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamışdır. Göründüyü kimi, həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir, bir şərtlə ki, onlar tərəfindən ərizə və həmin sahənin qanuni istifadəsində olunmasını təsdiq edən sənədin surəti təqdim edilsin. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, həqiqətən də torpaq islahatı aparılan zaman iddiaçıya və ailə üzvlərinə Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tari xli 75 nömrəli qərarı ilə 0.06 ha torpaq sahəsi verildiyindən, ona ikinci dəfə Oğuz rayonu Şirvanlı kəndində islahat aparılarkən həyətyanı torpaq sahəsi verilməsi islahatın məqsəd ilə uzlaşmır. Həmçinin, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının adına qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmiş 0.08 ha torpaq sahəsi iddiaçının hazırda tələb etdiyi 0.12 ha torpaq sahəsi ilə yanaşı olsa da, üst-üstə düşmür. İslahatdan əvvəl kolxoz tərəfindən iddiaçının istifadəsinə 0.08 ha torpaq sahəsinin verilməsi barədə qərar mövcud olsa da, 0.12 ha torpaq sahəsinin ayrılması barədə heç bir sənəd yoxdur. Bundan başqa, təsərrüfatbaşına kitabda iddiaçının faktiki istifadəsində 0.12 ha torpaq sahəsi olmasının göstərilməsi onun həmin torpaq sahəsinə mülkiyyət hüququ yaranmasını iddia e tməyə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək alınmış Şirvanlı kəndində aparılan torpaq islahatı ilə əlaqədar torpaq payı alan subyektlərin siyahısının iddiaçıya aid hissəsindən görünür ki, siyahıda iddiaçının adı yazılsa da, ona ayrılan torpaq sahəsinin ölçüsü göstərilməmiş və bütün qrafalar boş saxlanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş, adının qarşısında 0.12 ha qeydi olan iki siyahıdan biri aqrar islahat komissiyası tərəfindən deyil, kənd icra nümayəndəliyi tərəfindən təsdiq edilmişdir, digəri isə torpaq payı almaq hüququ olan ailə başçılarının püşk ardıcıllığını nəzərdə tutur. Beləliklə, 0.12 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ mövcud olmadığından cava bdehin həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaq öhdəliyi yoxdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. (maddə 67.4, 84.1) Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək iddiaçının tələbinin qanuni və əsaslı olmadığı barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, iddiaçı tərəfindən kassasiya şikayətində göstərilən dəlill ərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilə bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci tarixli, 2-1(107)-488/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar