Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-905/2019 19.03.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı təhsil aldığı və işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-714/2018 saylı iş üzrə 11 dekabr 2018-ci il tarixli qərarından ca vabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 01.10.1969-cu ildən 20.06.1970-ci ilədək Bakı 18 №-li Texniki peşə məktəbində, 01.09.1970-ci ildən 27.02.1973-cü ilədək Bakı Yerli Sənaye Texnoloji Texnikumunda təhsil almış və müvafiq olaraq ona 20.06.1970-ci il tarixli ** №-li attestat və * seriyalı ****** nömrəli, 15 mart 1973-cü il tarixli diplom verilmişdir. O, həmin müddətin, həmçinin 01.03.1983-cü ildən 28.12.1996-cı ilədək "Azərkəndkimya" İEB-nin İsmayıllı "Rayonkəndkimya" birliyində işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsini cavabdeh DSMF-nin İsmayıllı rayon şöbəsindən xahiş etmiş, lakin sonuncu özünün 01.08.2018-ci il ta rixli 45/53 nömrəli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, şöbəyə təqdim edilmiş sənədlərdə onun iş stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün komissiyanın qərarı ilə ona pensiya təyin edilməmişdir. Bundan sonra iddiaçı imtinanı qanunsuz hesab edərək hazırkı tələblə cavabdehə qarşı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün və azı 25 il sığorta stajı olmadığı səbəbindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əmək kitabçasına əsasən iddiaçının 7 il 4 ay 6 gün sığorta stajı vardır. Ümumi iş stajı hesablanarkən əmək kitabçasında qeyd olunmadığı üçün 01.03.1983-cü ildən 28.12.1996-cı ilədək "Azərkəndkimya" İEB-nin İsmayıllı "Rayonkəndkimya" birliyində işlədiyi müddət və 01.01.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda əyani təhsil dövrünün sığorta stajının tərkibinə daxil edilməsi nəzərdə tutulmadığı üçün 01.10.1969-cu ildən 20.06.1970-ci ilədək Bakı 18 №-li Texniki peşə məktəbində, 01.09.1970-ci ildən 27.02.1973-cü ilədək Bakı Yerli Sənaye Texnoloji Texnikumunda alınmış təhsil ümumi iş stajının tərkibinə daxil edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1442/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qərarı (hakim - V.K.Qasımov) ilə iddia tələbi təmin edilmiş, cavabde h Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin üzərinə İddiaçı 01.10.1969-cu ildən 20.06.1970-ci ilədək Bakı 18 №-li Texniki peşə məktəbində, 01.09.1970-ci ildən 27.02.1973-cü ilədək Bakı Yerli Sənaye Texnoloji Texnikumunda təhsil aldığı və 01.03.1983-cü ildən 28.12.1996-cı ilədək "Azərkəndkimya" İEB-nin İsmayıllı "Rayonkəndkimya" birliyində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsiöhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-714/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – M.R.Hüseynov, hakimlər – R.R.Rəfiyev və G.Q.Abbasov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Şəki İn zibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanununvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçular eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitab çasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Qanunvericilikdə iş stajının götürülməsində başqa hallar həzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara baxmayaraq apellyasiya məhkəməsi ərizəçi İddiaçı 01.10.1969-cu ildən 20.06.1970-ci ilədək Bakı 18 nömrəli Texniki peşə məktəbində, 01.09.1970-ci ildən 27.02.1973-cü ilədək Bakı Yerli SənayeTexnoloji Texnikumunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməs i barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 01.10.1956-cı ildə qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndinə və 25 sentyabr 1992-ci il tarixdən qüvvədə olab “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Konistitusiyasının 149.7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin vəziyətini ya xşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmənin gəldiyi bu nəticə səhvdir. Ona görə ki, “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşdüyü və hüquq münasibətləri 14 mart 2018-cı il tarixdən sonrakı dövrü əhatə etdiyindən göstərilən hüquq normalarının tətbiqi yolverilməzdir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmi şdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə mübahisə iddiaçının 1969-1970-ci, 1970-1973-cü illərdə təhsil aldığı müddətin və 1983-1996-cı illərdə işlədiyi müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmaması ilə bağlıdır. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti təhsil alınan müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olubolmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərin də, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil ed ilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. İş materiallarında olan İsmayıllı rayon Dövlət Arxivinin 06.02.2018-ci il tarixli ** nömrəli arxiv arayışından görünür ki, İddiaçı 17.04.1980-ci ildə 21 №-li əmrlə İsmayıllı "Rayonkəndkimya" birliyində sürücü təyin edilib, 22.10.1982-ci ildə 107 №-li əmrlə başqa yerə köçüb getməsi ilə əlaqədar işdən azad edilmişdir. O, 01. 03.1983-cü ildə 32 №li əmrlə əvəzedici sürücü qəbul edilmişdir. 28.12.1996-cı ildə 145 №-li əmrlə onun 1996cı ilə olan məzuniyyəti 1997-ci ilin hesabına keçirilmişdir. 1997-ci ildə onun məzuniyyətə çıxması, qayıtması və ya işdən azad olunması aşkar edilməmişdir. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, 01.03.1983-cü ildən 28.12.1996-cı ilədək "Azərkəndkimya" İEB-nin İsmayıllı "Rayonkəndkimya" birliyində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməli olması ilə bağlı olaraq da apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqavi ləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar gös tərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzə rə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 01.03.1983-cü ildən 28.12.1996-cı ilədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə"Azərkəndkimya" İEB-nin İsmayıllı "Rayonkəndkimya" birliyində işlədiyi İsmayıllı rayon Dövlət Arxivinin 06.02.2018-ci il tarixli ** nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sı ğorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Kollegiya aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına h esablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davam lılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının 01.03.1983-cü ildən 28.12.1996-cı ilədək əmək fəaliyyəti ilə bağlı işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı İsmayıllı rayon Dövlət Arxivinin 06.02.2018-ci il tarixli ** nömrəli arxiv arayışı ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaş ı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə v ə digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında göstərilməsədə də, onun 01.03.1983-cü ildən 28.12.1996-cı ilədək "Azərkəndkimya" İEB-nin İsmayıllı "Rayonkəndkimya" birliyində işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisəyə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etm ək mümkündür. Bu hal, İsmayıllı rayon Dövlət Arxivinin 06.02.2018-ci il tarixli ** nömrəli arxiv arayışı ilə də bir daha təsdiqlənmişdir. Odur ki, iddiaçının fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün v ə dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Kollegiya hesab edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və toplanmasına olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırkı işin hallarından isə mü əyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Bununla da, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qanunçuluq və mötəbərlik prinsipinin iddiaçıya münasibətdə pozulmasına səbəb olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar (11.1-ci maddə). İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2-ci maddə). Həmin Qanunun 19-cu maddəsində isə təsbit edilmişir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onları n həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (19.1-ci maddə). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respu blikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-714/2018 saylı iş üzrə 11 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-905/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-905/2019
19.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver