Məhkəmə qərarları › İş №2-1(102)-916/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-916/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-916/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (3 sentyabr 1963-cü il təvəllüdlü, AZE ********, Fin: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2-1(103)-587/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, 1 sentyabr 1978-ci ildən 04 iyul 1981-ci ilədək 58 nömrəli orta texniki peşə məktəbində təhsil almış, xx.xx.1981-ci ildə Azərbaycan SSR MMP çarpayıların istehsalı üzrə Xosrov zavoduna 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 20 iyul 1981-ci ildə öz istəyi ilə işdən azad edilmiş, 15 noyabr 1981-ci ildən 4 noyabr 1983-cü ilə qədər Sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1984-cü ildə Mingəçevir şəhəri DSK-3, 102 №-li Tikinti İdarəsində Polad və dəmirbeton konstruksiyaların təmiri üzrə 4-cü dərəcəli elektrik qaynaqçısı işləmiş, Azərbaycan SSR Tikinti Nazirliyinin 30 saylı 16.01.87-ci il tarixli əmrinə əsasən, Tİ-102 Azərbaycan SSR Tikinti Nazirliyinin 6 saylı trestinə verilmiş, Azərbaycan SSR Tikinti Nazirliyinin 164 saylı 13 aprel 1987-ci il tarixli əmrinə əsasən, Tİ-102-nin adı dəyişdirlərək Tİ-62 olmuş, 2 yanvar 1989-cu ildə təkrar tarifləşdirmə protokoluna əsasən, əl qaynağının 4-cü dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, xx.xx.1989-cu ildə protokola əsasən, əl qaynağının 5-ci dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, xx.xx.1995-ci ildə ö z ərizəsinə əsasən işdən azad olunmuş, xx.xx.1995ci ildə Azərbaycan DRES-də 1 №-li qazan-turbin sexinə İV qrup qazan avadanlıqları üzrə (öyrənən) nəzarətçi maşinist qəbul edilmiş, xx.xx.1995-ci ildə qazan avadanlıqları üzrə nəzarətçi maşinist (Vİ qrup) vəzifəsində müstəqil işə buraxılmışdır. xx.xx.2003-cü ildə "xxxx" ASC idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - "xxxx" MMC adlandırılmışdır, xx.xx.2006-cı ildə Azərenerji ASC idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC - "xxxx" MMC adlandırılmışdır, xx.xx.2009cu ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. (xx.xx.2009-cu ildə "xxxx" MMC üzrə 143 saylı xx.xx.2009-cu il tarixli əmrin 3-cü bəndi qüvvədən düşmüş hesab edildiyi üçün 15 nömrəli qeyd etibarsız sayılmışdır), hal-hazırda işləyir (xx.xx.2020-ci il).

2. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 15 sentyabr 2020ci il tarixli arayışına əsasən, İddiaçı (3 sentyabr 1963-cü il təvəllüdlü) 27 aprel 1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan DRES-nin 1 nömrəli Qazan-Turbin sexinə İV qrup (öyrənən) qazan avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 77 xx.xx.1995), 27 iyun 1995-ci il tarixdən İV qrup qazan avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsində müstəqil işə buraxılmışdır (Əmr № 118/K 27 iyul 1995), 27 iyun 1995-ci il tarixdən hal-hazıradək həmin sexdə Vİ qrup qazan avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsində işləyir. O, işlədiyi müddət ərzində 8 saatlıq iş günü müddətində bilavasitə stansiyanın qazan və turbin sexində yerləşən avadanlıqların istismarı ilə məşğul olmuşdur. İş şəraitində səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün ona xx.xx.1995-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən ona əlavə məzuniyyət günü verilmişdir. İddiaçı xx.xx.1995-ci il tarixdən hal-hazıradək tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarının 24-cü bölməsinin “a” bəndinə uyğundur. "Azərbaycan İES” MMC-də zərərli iş stajı 25 il 04 ay 13 gün təşkil edir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən, idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqəd ar "xxxx" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC- "xxxx" MMC adlandırılmışdır.

3. Azərbaycan Respublikası “Mingəçevir "xxxx" ASC-nin 20 sentyabr 2020ci il tarixli güzəştli arayışına əsasən, İddiaçı( 3 sentyabr 1963-cü il təvəllüdlü) həqiqətən 6 fevral 1984-cü il tarixdə 32/k əmrlə 4-cü dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmişdir. İddiaçı tam iş günü ərzində üzərinə düşən çətin qaynaq işlərini yerinə yetirmişdir. O, 21/k əmrlə 3 fevral1989-cu ildə yenidən tərifləndirmə protokoluna əsasən 5-ci dərəcəli elektrik əl qaynaqçısı təyin olunmuşdur. O, həqiqətən dəmir, dəmir-beton konstruksiyaların quraşdırılmasında elektrik əl qaynaq işlərini tam ağır iş şəraitində yerinə yetirmişdir. İddiaçı 9 saylı əmrlə 18 aprel 1995-ci il tarixdə işdən azad edilmişdir. Azərbaycan SSR Tikinti Nazirliyinin 164 saylı 13 aprel 1987-ci il tarixli sərəncamına əsasən, 102 №li Tikinti İdarəsi -62 №li Tikinti İdarəsi və sonralar isə "xxxx" ASC olmuşdur. Onun 62 №li Tikinti İdarəsində zərərli iş stajı 11 il 2 ay 11 gün təşkil edir. Arayış "xxxx" ASC-nin saxlanılması əmr kitablarına və vətəndaşların kadr anketinə əsasən yazılmışdır.

4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin 22 sentyabr 2020-ci il tarixli 288 saylı arayışına əsasən, 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 15 noyabr 1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli h əqiqi hərbi xidmət keçmişdir.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunmasını xahiş etmişdir.

6. Cavabdeh 2021-ci il 19 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh məktubda aşağıdakıları bildirmişdir: “"Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə kı, hazırda əmək pensi yasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 47800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 44251,16 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 30 mart 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, 57 yaşının tamam olduğu 3 sentyabr 2020-ci il tarixdə n güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 19 yanvar 2021-ci il tarixli məktubla ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından əsassız imtina etmişdir. Belə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğinin az olması ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina üçün qanuni əsas deyil və qanunla ona pensiya təyin edilməsi üçün pensiya kapitalı tələb olunmur. Göründüyü kimi, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş “Vətəndaşların pens iya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndi ilə tənzimlənir ki, onun da 1 yanvar 2006-cı il tarixinədək 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı var və tələb olunan yaş həddinə (57 yaş) çatmışdır. Həmin qanunda pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsinin pensiya kapitalına dair heç bir müddəa, hüquq norması yoxdur.

9. Bakı İnzibati Məhkəməsinin (hakim-X4) 2021-ci il 23 sentyabr tarixli, 21(112)-5284/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 3 sentyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mər kəzi Filialının üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının təhsil aldığı müddət, həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan işlədiyi dövrlər (güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı daxil olmaqla) nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 3 sentyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X3 - sədrlik edən və məruzəçi, X1 və X2) 2022-ci il 17 yanvar tarixli, 2-1(103)-587/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 15. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığorta olunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə kı, hazırda əmək pensıyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalın ın aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 47800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 44251,16 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

16. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi İT-İ seriyalı ******* nömrəli əmək kitabçasında 7 fevral 1984-20 aprel 1995-ci il tarixləri arasındakı dövrlər üzərində "Azərbaycan SSR" qeyd olunmus möhür ilə təsdiqlənmişdir. Nəzərə alsaq ki, həmin dövrdə "Azərbaycan SSR" adlı dövlət artıq mövcud deyildi, bu səbəbdən də əmək kitabçasında qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. b.kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2-1(103)-587/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu m üddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Əmə k şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;...

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olundu ğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkə mənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansi yası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəl i gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallarına əsasən (əmək kitabçası, iş yerindən təqdim edilmiş arayışlar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin tərəfindən verilmiş arayış) iddiaçının 1 yanvar 2006-cı il tarixədək hərbi xidmət müddəti də daxil olmaqla 25 ildən artıq ümumi iş stajına malik olması, eləcə də, iş yerlərindən verilmiş izahlı arayışlara əsasən, bu müddətin 12 il 6 aydan artıq hissəsinin güzəştli iş stajı hesab edilməsi sübuta yetirilir. Beləliklə də, 57 yaşdan güzətli şərtlərlə əmək pensiyası təyin olunması üçün tələb edilən şə rtlər (1 yanvar 2006-cı il tarixədək 25 il ümumi və 12 il 06 ay güzətli iş stajı) iddiaçıya münasibətdə ödənildiyindən, onun 57 yaşı tamam olan vaxtdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır.

27. Qeyd olunmalıdır ki, cavabdehin imtinası, iddiaya etirazı, eləcə də apellyasiya və kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.

28. Məhkəmə kollegiyası cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının pensiya hüququ “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən yarandığından, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “fərdi hesabın sığorta hissəsində qeydə alınm ış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəası ona şamil edilə bilməz.

29. Apellyasiya instansiya məhkəməsi işlə bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də Kollegiya, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Qeyd edilənlərə əsaən, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 21(103)-587/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar