Məhkəmə qərarları › İş №2-1(102)-927/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-927/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-927/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti yaşamaq üçün icazə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “müvəqqəti yaşamaq üçün icazə verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2-1(103)-3483/2023 nömrəli qərarından iddi açı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 04 aprel 1968-ci il tarixdə İran İslam Respublikasında doğulmuşdur və həmin dövlətin vətəndaşı olmaqla, ona N97153163 nömrəli pasport verilmişdir.

2. İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu icazə verilməsindən imtina haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul etmişdir.

3. Qərar onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlərə əsasən, aparılmış icraat nəticəsində onun müraciətinə imtina üçün əsas olan halın mövcud olduğu, həmçinin, ölkədə xx.xx.2023-cü il tarixinədək olduğu yer üzrə qeydiyyata alındığı müəyyən ed ilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İran İslam Respublikasının vətəndaşıdır, əslən Azərbaycan Türküdür. 30 ildən artıqdır ki, Azərbaycan Respublikasında yaşayır. Azərbaycan vətəndaşı Xuraman Eşqi ilə rəsmi nikahdadır və üç övladı var. Bu müddət ərzində hər il Dövlət Miqrasiya Xidməti tərəfindən bir illik müvəqqəti yaşamaq üçün mütəmadi olaraq icazə alıb, ailəsi ilə birlikdə yaşamışdır. Bir övladı müqəddəs vətən borcunu yerinə yetirib və ikincisi isə universitetdə təhsil aldığı üçün çağırış altındadır. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün i cazənin verilməsi barədə cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli, 337/2-30xx-xx/2023/717 nömrəli qərarla imtina cavabı vermişdir. İnzibati orqanın məhz hansı hüquqi və faktiki əsasa görə müraciətinə imtina cavabı verməsi və qanunun yuxarıda istinad etdiyi normaların tələblərini pozması ona aydın deyildir. Buna görə də hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz hesab edilməli və ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsi cavabdeh inzibati orqana həvalə edilməlidir.

6. Cavabdeh iddia tələbinə yazılı etirazını iddiaçının müraciətindən imtinaya dair qərarın dəlilləri ilə əsaslandırmışdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) 08 iyun 2023-cü il tarixli, 21(112)-7468/2023 nömrəli qərarı ilə iddia tə min edilməmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən İran İslam Respublikasının vətəndaşı, N97153163 nömrəli pasporta malik olan Eshghi Ali barəsində müvafiq dövlət orqanlarına (XKX və DTX) sorğular göndərilmiş və sorğulara cavab olaraq “etiraz edilir” cavabı verilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh inzibati orqan tərəfindən miqrasiya və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından, mübahisələndirilən inzibati akt əsaslıdır və qanunsuz sayıla bilməz.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəmə sində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 02 noyabr 2023-cü il tarixli, 21(103)-3483/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2-1(112)-7468/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 30 ildən artıqdır ki, Azərbaycan Respublikasında yaşayır, bu müddət ərzində nə cinayət, nə inzibati qaydada məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası vətəndaşı ilə rəsmi nikahdadır, Azərbaycan Respublikasının vətəndaşı olan övladlarından biri vətən borcunu yerinə yetirib, ikinci isə universitet tələbəsi olduğu üçün çağırış altındadır. Apellyasiya instansiyası məhkəməsi işin bu hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə 3.0.1. Əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir.... 3.0.7. Azərbayc an Respublikasında müvəqqəti yaşayan– bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.... Maddə 44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.... Maddə 48.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir.... 48.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtina ya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. 48.4. Bu Məcəllənin 48.3-cü maddəsində göstərilən şəxslər ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edirlər. Maddə 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alm aq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə; 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edild ikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.... Maddə 2.0.1. İn zibati orqan- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2. İnzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.... 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Mad də

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Ap ellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya müvəqqəti yaşamaq üçün icazənin verilməli olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisə nin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə, məhkəmə kollegiyası iddianı əsassız, cavabdehin imtinasını əsaslı sayaraq qeyd edir ki, hazırkı qərarın 15-ci bəndində sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (icazə müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir.

25. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq dövlət orqanlarına (X KX və DTX) sorğular göndərilmiş və sorğulara cavab olaraq “etiraz edilir” cavabı verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti və qəbul etdiyi inzibati aktı (icazənin verilməsindən imtinaya dair qərar) qanuni olmuşdur.

26. Eyni zamanda məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası vətəndaşı ilə rəsmi nikahda olması, habelə Azərbaycan Respublikası vətəndaşlığına mənsub övladlarının olması və ya kassasiya şikayətinin əsasını təşkil edən digər dəlillər ona hazırkı halda müvəqqəti yaşamaq icazəsinin verilməsi üçün əsas deyildir. Belə ki, mövcud vəziyyətdə iddiaçıya hazırkı qərarın 25-ci bəndində gö stərilən səbəblərdən müvəqqəti yaşamaq icazəsi verilə bilməz.

27. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2-1(103)-3483/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar