Məhkəmə qərarları › İş №2-1(102)-929/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-929/2019

02.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-929/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı Müsavat Partiyasının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı hüquq və azadlıqların pozulmasının tanınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-3014/2018 saylı iş üzrə 14 dekabr 2018-c i il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 02 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Müsavat Partiyasının 23 oktyabr 2017-ci il tarixli Divanının iclasında 03 noyabr 2017-ci il tarixdə saat 16:00-dan 16:30-dək Bakı şəhər İcra Hakimiyyətinin qarşısında 50 nəfərdən çox olmamaqla piket keçirmək qərara alınmışdır. Bununla bağlı olaraq bir qrup piket təşkilatçısı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək piket ilə bağlı zəruri tədbirlərin görülməsinə göstəriş verilməsini və bu barədə təşkilatçıları məlumatlandırmağı xahiş etmişlər. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 1-601-003 saylı, 27 oktyabr 2017-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 234 nömrəli, 27 sentyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında 200 metr radius çərçivəsində toplantıların keçirilməsinin məhdudlaşdırıldığına istinadla 03 noyabr 2017-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti binası qarşısında planlaşdırılan piketin keçirilməsinin məqsədə uyğun hesab edilmədiyi bildirilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Müsavat Partiyasına münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi ilə müəyyən edilmiş hüquq və azadlaqlarının pozulmasının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-509/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qərardadı (hakim - E.Q.Məmmədov) ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3014/2018 saylı, 14 dekabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – V.M.Məmmədov və İ.B.Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-509/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərardadını ləğv edib iddianın icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərin in dəlilləri Apellyasiya məhkəməsinin qərardadında şikayətin əsaslarına münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının müvafiq maddələri pozulmuşdur. Belə ki, məhkəmə həmin qərarın 3.1-3.4-ci bəndlərinə uyğun zəruri hüquqi yardım göstərməmişdir, 5.1ci bəndə zidd olaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Müsavat Partiyasının hüquqlarına müdaxilənin aşkar şəkildə baş verdiyi və birmənalı nəzərə çarpmasına baxmayaraq iddia mümkünsüz sayılmışdır. Fakt olaraq Bakı şəhər İcra Hakimiyyəti ilə Müsavat Partiyası arasında hüquqi mübahisə faktının olmasına baxmayaraq müvafiq qərarın 6.1 və 6.2-ci bəndlərinə uyğun partiyanın hüquqi müdafiəyə ehtiyacı nəzərə alınmamış, bu mübahisənin həlli açıq qalmış, apellyasiya məhkəməsi qərarın 3.5-ci bəndini nəzərə almamışdır. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarında qeyd olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma s ferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilə rsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının müraciətinə cavab olaraq 03 noyabr 2017-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti binası qarşısında planlaşdırılan piketin keçirilməsini məqsədə uyğun hesab etməmişdir. İddiaçı isə bundan sonra Müsavat Partiyasına münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi ilə müəyyən edilmiş hüquq və azadlaqlarının pozulmasının tanınması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və bu zaman İPM-in 2.2.5 və 36-cı maddələrinə istinad etmişdir. İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.4-cü maddəsində isə təsbit edilmişdir ki, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Qeyd edilən müddəaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı halda iddiaçı hüquqi marağına xidmət etməyən müəyyən etmə haqqında iddia ilə çıxış etmişdir. Nəzərə almaq lazımdır ki, müəyyən etmə haqqında iddia hər hansı bir qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik məhkəmə aktının çıxarılması ilə aydınlaşdırılmasına xidmət edir. Başqa sözlə, bu iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya hər hansı inzibati hərəkətdən qorunmağa yönəlmir. Əksinə, belə iddia qaldırıldıqda güdülən əsas məqsəd hər hansı bir hüquqi vəziyyətin aydınlaşdırılması üçün bu və ya digər hüquq münasibətinin müəyyən edilməsidir. Həmçinin nəzərə alınmalıdır ki, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Buna görə, əgər iddiaçı ona icrası mümkün hüquqi nəticələr verən başqa təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyənetmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da, iddia mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti isə ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq i mkanına malik olmamalıdır. Göstərilənlərin hazırkı işin hallarına tətbiqi baxımından müəyyən olunur ki, iddiaçıya piket keçirilməsinə razılıq verilməsindən imtina olunmasına dair cavabdehin hərəkəti konkret ünvanda və konkret vaxtda piketin keçirilməsinə razılıq verilməsindən imtinaya dair inzibati orqanın faktiki xarakterli hərəkətidir. Ona görə də, iddiaçının hüquqi marağı da cavabdehin məhz həmin konkret hərəkətinin və ya onun doğurduğu güman olunan nəticələrinin mübahisələndirməsini tələb edir. Başqa sözlə, iddiaçı piketin keçirilməsinə razılıq verilməsinə dair vəzifənin cavabdehin üzərinə qoyulması və ya tələb olunan razılığın verilməməsi nəticəsində vurulduğunu güman etdiyi zərərin (maddi və ya mənəvi) əvəzinin ödənilməsi tələbinə dair iddia ilə çıxış edə bilərdi. Kollegiya qeyd edir ki, konkret ünvanda və konkret vaxtda piketin keçirilməsinə razılıq verilməsindən imtina ümumən tərəflər arasında hər hansı aydınlaşdırılmamış qeyri-müəyyən hüquqi vəziyyətin mövcudluğuna dəlalət etmir. Hazırkı halda, söhbət konkret hərəkətdən gedir və yoxlanılmalı olan da həmin hərəkətin qanuniliyi və əsaslılığı ilə bağlı məsələdir. Başqa sözlə, hər hansı bir hüquqi vəziyyətin aydınlaşdırılmasına dair ehtiyac mövcud deyildir. Buna görə də, hazırkı işdə iddiaçının subsidiar xarakterli müəyyən etmə haqqında iddia ilə çıxış etməsinə dair hüquqi marağı müəyyən olunmadığı üçün iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3014/2018 saylı iş üzrə 14 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar