Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-93/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarının ləğv edilməsi və ikinci dərəcə əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosia l Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarının ləğv edilməsi və ikinci dərəcə əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2-1(104)-502/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. xx.xx.1987-ci il tarixli 1 nömrəli aktdan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə saat 08:30-da işlədiyi "xxxx" ASC-nin Gəncə “Gil Torpaq” istehsalatı birliyində bədbəxt hadisə nəticəsində xəsarət alaraq əmək qabiliyyətini 80% itirmişdir.
2. TSEK-in müayinə aktlarından çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə istehsa lat zədəsi səbəbi ilə əmək qabiliyyətinin 80% itirilməsi ilə əlaqədar 1 il müddətinə, xx.xx.2005-ci il tarixdə istehsalat zədəsi səbəbi ilə əmək qabiliyyətinin 80% itirilməsi ilə əlaqədar 1 il müddətinə, xx.xx.2006-cı il tarixdə istehsalat zədəsi səbəbi ilə əmək qabiliyyətinin 80% itirilməsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli məlumatdan məlum olur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2023- cü il tarixdə qiymətləndirilərək tam reabilitasiya olması səbəbindən əlilliyin təyin olunmasından imtina edilmiş və may 2023-cü il tarixli tam reabilitasiya qərarı qəbul edilmişdir. Məlumatda iddiaçının diaqnozu “Döş fəqərələ rinin kompression sınığından sonrakı qalıq əlamətləri.Asteno nevrotik vəziyyət” kimi müəyyənləşdirilmişdir.
4. X1 xx.xx.2023-cü il tarixli tibbi rəyində göstərilmişdir ki, onurğa sütununun lumbar şöbəsinin KT müayinəsində Th11, Th12 fəqərə cisimlərinin köhnə sınıqları və pazvari deformasiyası müşahidə olunur. Dural kisə və onurğabeyni dəyişiksizdir. Onurğanın deformasiyaedici osteoxondrozu müşahidə olunur.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəmə sorğusu əsasında verdiyi xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patokfunksional dəyişikliklər aşkar olunmadığından tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 2-ci qrup əlilliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdi r.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1987-ci ilin yanvar ayının 28-də istehsalatda işlədiyi "xxxx" ASC-nin Gəncə “Gil Torpaq” istehsalatı birliyində xəsarət alıb əmək qabiliyyətini 80% itirmişdir. Son zamanlara kimi o, İİ qrup əlil kimi pul almışdır. O, axırıncı dəfə xx.xx.2006-cı ildə komissiyadan keçmişdir. Həmin vaxtı onun müddətsiz olaraq aldığı xəsarətə görə müavinət almağı müəyyən edilmişdir. Qeyd edir ki, son zamanlarda, yəni 2022-ci ilin axırlarında müavinəti, yəni əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ kəsilmiş, onun təkrar komissiyadan keçməyi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli müayinə ilə bağlı verilmiş arayışda ona əmək qabiliyyətinin itirilməsi ilə bağlı verilmiş müavinət kəsilmiş, onun tam reabilitasiya olmağı göstərilmişdir. Bunu əsas sız hesab edir. Belə ki, onun xəsarəti ilə bağlı 2006-cı ildə müayinə edilmiş və həmin xəsarətlə bağlı əlilliyi müddətsiz müəyyən edilmişdir. Ona görə də onun sağlamlığı ilə bağlı verilmiş rəylə razı deyil. O, tam reabilitasiya edilməmişdir. Hal-hazırda da xəstədir. Ona görə də onun 2-ci qrup əlilliyinin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza Komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi ilə əvəz edilmişdir.
9. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın onun tam reabilitasiya olunması barədə may 2023-cü il tarixli qərarın ləğv edilməklə onun xx.xx.2006-cı il tarixdə istehsalat zədəsi səbəbi ilə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
10. Cavabdeh iddiaya qarşı təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, Gəncə şəhər sakini xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ona 2006-cı ildə təyin edilmiş Əlillik təyinatı barədə məlumatların ƏAS-nə daxil edilməsi məqsədi ilə etdiyi müraciət əsasında əyani komissiyaya dəvət edilmiş və həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinə zamanı vətəndaş iş tapşırığını yerinə yetirərkən yıxılıb xəsarət aldığını bildirmiş, bunu təsdiq edən xx.xx.1987-ci ildə tərtib edilmiş xx.xx.1987-ci il saat 08:30-da bədbəxt hadisəni təfsilatı ilə özündə əks etdirən X2 tərəfindən təqdim edilmiş istehsalatda bədbəxt hadisə haqqında akt təqdim etmişdir. Eyni zamanda xx.xx.2006-cı il tarixli əmək zədəsi səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatların yer aldığı TSEK arayışının surətini, (Diaqnoz: Döş fəqərələrinin kompression sınığından sonrakı qalıq əlamətləri, Asteno nevrotik vəziyyət.) və əmək qabiliyyətinin 80% itirilməsi barədə xx.xx.2006-cı il tarixli müayinə aktından çıxarış təqdim etmişdir. Obyektiv müayinədə nevroloji statusunda kəllə-beyin sinirləri tərəfindən əlillik təyinatına əsas verən mikroocaq lı patologiya aşkar edilməmiş, hərəki sferada əzələ tonusu normal, Reflekslər canlı D=S olmuş, Piramid işarələr, patoloji reflekslər mənfi olmuş, yerimişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin (hakim G.T.Əliyeva) xx.xx.2024-cü il tarixli, 21(114)-795/2024 nömrəli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi-sosial ekspert komissiyasının İddiaçı “Tam reabilitasiya olunması” barədə may 2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2006-cı il tarixdə istehsalat zədəsi səbəbi ilə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə cavabdeh orqanın hərəkətinin qanunauyğunluğunun müəyyən edilməsi istiqamətində araşdırma apararaq, cavabdeh orqana iddiaçıya xx.xx.2006-cı il tarixdə müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinə dair cavabdeh orqanın düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olması, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayi nəyə cəlb edilməsinə zərurətin haradan yaranması barədə ətraflı məlumat və bu barədə sənədlərin təqdim edilməsi barədə sorğu verilmişdir. İddiaçı onun əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar özünün etdiyi müraciət “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilməz. Hətta, iddiaçının əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar müraciəti olsa belə, bu, onun əyani müayinəyə cəlb edilməsinə və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsinə əsas vermir. Həmin müraciətin həqiqətən edildiyini qəbul etsək belə, bu müraciət iddiaçıya təyin edilmi ş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır.
13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-795/2024 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2-1(104)-502/2024 nömrəli qərarı ilə (sədrlik edən: R.Z.Mamedov, hakimlər: A.V.Bayramov və A.V.İsgəndərova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi il ə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti iddiaya qarşı təqdim edilmiş yazılı etiraza və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçının vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiy mətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi ( bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədəd ən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmi funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasın ın fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edər ək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qər arında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh orqanın onun tam reabilitasiya olunması barədə may 2023-cü il tarixli qərarın ləğv edilməklə onun xx.xx.2006-cı il tarixdə istehsalat zədəsi səbəbi ilə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsinə nail olmaqdan ibarətdir.
27. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı döş fəqərələrinin compression sınığından sonrakı qalıq əlamətləri. Asteno nevrotik vəziyyət diaqnozu üzrə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Bundan sonra, İddiaçı əlillik təyinatı barədə məlumatların Nazi rliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciəti əsasında cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə o, əyani müayinə olunaraq barəsində tam reabilitasiya olması barədə may 2023-cü il tarixli qərar qəbul edilmiş və iddiaçının müddətsizi ikinci dərəcə əlilliyi ləğv edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsin i şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
29. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səb əblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
30. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçıya istehsalat zədəsi əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı cavabdeh tərəfindən məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya əlilliyin təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə və etib arlıdır.
31. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
32. Təyin olun muş əlilliyin ləğvini və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunmasını şərtləndirən qanunvericilikdə nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan bu qərarın 28-ci bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğv edilməsinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, şəxsə müddətsiz əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə əlilliyin ləğv edilməs i və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbulu “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
33. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
34. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıd a istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 21(104)-502/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.