Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-930/2021 18.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 47 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi; “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin pensiya hüququ 2017ci il 01 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli, 2-1(103)-182/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1966-cı ildə anadan olmuş, 09.12.1983-cü ildə əmək fəaliyyətinə başlamış, fasilələrlə müxtəlif müəssisələrdə işləmişdir və 0 5.01.2018-ci il tarixindən halhazırkı dövrə qədər “xxxx” X1 Cəmiyyətində əmək və kadr şöbəsində kadr hazırlığı üzrə mühəndis vəzifəsində işləyir.
2. İddiaçı 07.05.2019-cu il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, həmin şöbə isə 08.08.2019-cu il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
3. İmtina belə əsaslandırılmışdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalı yaranmadığından ərizəni təmin etmək mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona 19.05.2013-cü ildən 47 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçı isti və xüsusilə zərərli əmək şəraitində 11 ildən artıq işləmişdir. Qanunvericiliyə görə 2006-cı ilin 1 yanvar tarixinədək ümumi əmək stajı 15 il olduqda və ondan 7 il 6 ay xüsusilə zərərli əmək şəraitində işləyən qadınların 47 yaşı tamam olduqda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Ona görə də iddiaçıy 19.05.2013-cü il tarixindən pensiya təyin olunmalı, gecikmiş aylara görə ödənilməli olan məbləğ gecikmiş ayların sayına bölünməklə müəyyən olunmuş pensiyaya əlavə olunmaqla ödənilməlidir. Onun zavodda işlədiyi “manipulyator, pres və çəkic maşinisti” peşəsi 1 nömrəli Siyahının Xİ bölməsinin Metal emalı 2-ci hissəsinin “a” bəndinə aiddir (şifr – 1110200a – 13901)
6. Cavabdeh imtina məktubu ilə eyni məzmunlu yazılı etiraz təqdim etmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.11.2019-cu il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 20.07.2020-ci il tarixli 2-1(112)-1095/2020 nömrəli qərarına əsasən (hakim – Miminat Hacıbəyova) iddianın təmin edilməsi, iddiaçıya 19.05.2013-cü ildən 47 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabde hin üzərinə qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısında göstərilən peşədə 10 ildən çox işləmişdir, ümumi iş stajı 30 ildən çoxdur, 47 yaşı 19.05.2013-cü ildə tamam olmuşdur. Odur ki, onun 19.05.2013-cü ildən güzəştli şərtlərlə pensiya hüququ var.
10. Həmin qərardan narazı qalan cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli 21(103)-182/2021 nömrəli qərarına görə (sədrlik edən Xəyalə Cəmilova, hakimlər – Vidadi Məmmədov və Namiq Cəfərov) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 20.07.2020-ci il tarixli 2-1(112)-1095/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Məhkəmə qərarı cavabdehə 29.03.2021-ci il tarixində təqdim edilmişdir.
14. Cavabdeh həmin qərardan 05.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli 2-1(103)182/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətin in dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qadınlarla əlaqədar qanunvericilik üç tələb müəyyən edir: - 55 yaşına çatma (yaş) - azı 20 il ümumi və 10 il güzəştli iş stajına malik olma (staj) - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (pensiya kapitalı) 16. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olm uş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Beləliklə, mövcud qanunvericilik yalnız yaş və staj məsələsində əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilməsinə icazə verir. Pensiya kapitalı ilə bağlı isə 01.07.2017-ci ildən sonrakı dövrün qanunvericiliyi tətbiq edilməlidir.
17. Bundan əlavə, iddiaçının güzəştli iş stajı da mübahisəlidir. Belə ki, iddiaçının işləmiş olduğu məhz hansı dövrlərin güzəştli iş stajı kimi nəzərə alınması qərardan aydın olmur. Qərarda iş yerindən verilmiş arayışa istinad edilir ki, arayışda da bu məsələ ümumi qeyd edilib.
18. Məhkəmə tərəfindən isə əlavə hər hansı araşdırma aparılmadan belə qeyrimüəyyən bir arayış əsasında qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçının öz peşələrini məhz metal emalı sahəsində və məhz dəmirçi-presləmə istehsalatında həyata keçirmiş olması da yoxlanılmamışdır. Arayışda da iddiaçının öz peşələrini bu sahədə həyata keçirmiş olmasına dair qeyd yoxdur.
19. Bundan əlavə, məhkəmə tərəfindən yaranmış fərqin ödənilməsi məsələsinə aydınlıq gətirilməmiş, məhz hansı dövr üçün ödənilməsi məsələsi göstərilməmişdir. Halbuki, Ali Məhkəmənin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilməzdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbər darlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ay ını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qəra rdadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başq a, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər. 25. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 26. “Vətən daşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında “Xİ. Metal emalı” bölməsində 1110200a—13901 nömrəli kodla “manipulyator, pres və çəkic maşinistləri” peşəsi qeyd olunmu şdur.
28. İnzibati Prosessual Məcəllə: Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98-1.3-cü maddəsinə görə Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Maddə 98-1.4-cü maddəsinə görə Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hü quqi mövqeni rəhbər tutmalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri qismən əsaslıdır, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
32. Belə ki, cavabdehin kassasiya şikayətinin əsas dəlill əri iddiaçının pensiya kapitalının yaranmaması, güzəştli iş stajının düzgün müəyyən edilməməsi, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin işin hallarına tətbiq olunmaması ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin hər dəlilinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir.
33. İddiaçının pensiya kapitalının yaranmaması ilə bağlı dəlilini cavabdeh işə aşağı instansiya məhkəmələrində baxılarkən də bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilinə qiymət verərək haqlı olaraq qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ 19.05.2013-cü ildə yaranmışdır. Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pe nsiya təminatına imkan verməsinə dair şərt isə Qanuna 01.07.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb 01.07.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə 19.05.2013-cü ildə ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan staja malik olmuşdur. Beləliklə, qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir
34. Odur ki, cavabdehin bu dəlili əsassızdır. Eyni zamanda, iş materialları ilə iddiaçının tələb olunan həm 20 ildən artıq ümumi iş stajı, həm də 10 ildən artıq artıq güzəştli iş stajı olması təsdiq olunur. İddiaçının zəruri ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilməsə də, güzəştli iş stajının olması mübahisələndirilmişdir.
35. Bununla bağlı da apellya siya instansiyası məhkəməsi zəruri araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “Xİ. Metal emalı” bölməsində 1110200a—13901 nömrəli kodla göstərilən “manipulyator, pres və çəkic maşinistləri” peşəsində tələb edilən 10 ildən çox işləmişdir.
36. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərarında iddiaçının məhz hansı dövrlərdəki iş stajının güzəştli hesab olunduğu göstərilməmişdir və bu prosessual hüquq normaların ın pozuntusudur.
37. Cavabdehin bu dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan və məhkəmə tərəfindən araşdırılmış əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçı 08.08.1990-01.07.1995-ci illərdə S.M.Kirov adına Maşınqayırma zavodunda dəqiq döymə sahəsində isti zərərli iş şəraitində manipulyator, pres və çəkic maşinistinin şagirdi və maşinisti, 01.07.1996-03.11.2003-cü illərdə Bakı Maşınqayırma Zavodunda dəqiq döymə sahəsində isti zərərli manipulyator, pres və çəkic maşinisti işləmişdir. Bu hal birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmiş, cavabdeh də buna etiraz etməmiş və ya həmin qeydlərin mötəbər olmamasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, işə hələ birinci instansiya məhkəməsində baxılarkə n iş materialları ilə iddiaçının zəruri güzəştli iş stajının olması öz təsdiqini tapmışdır və iddiaçının məhz hansı dövrdəki iş stajının güzəştli hesab olunduğu tərəflərə məlumdur. Belə olan halda, iddiaçının hansı tarixlərdəki iş stajının güzəştli olmasının qeyri-müəyyən olmasına dair kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.
38. Cavabdehin digər dəlili olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin işin hallarına tətbiq olunmamasını isə məhkəmə əsaslı hesab edir və qeyd edir ki, bununla bağlı işə baxan apellyasiya instansiyası məhkəməsi səhvə yol vermişdir.
39. Belə ki, İPM-in 98-1.4-cü maddəsinin tələbinə görə məhkəmə kollegiyası hazırkı mübahisəni Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli qərardadında əks o lunan hüquqi mövqeyə uyğun olaraq qiymətləndirməlidir.
40. Hazırkı qərarın 24-cü bəndində göstərilən Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 01.07.2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
41. İddiaçının pensiya hüququ 2013-cü ildə, yəni 01.07.2017-ci il tarixinədək yaransa da, iddiaçı keçmiş müddət üçün alınmamış əmək pensiyasının hesablanması ilə bağlı cavabdehə həmin tarixdən sonra müraciət etmişdir.
42. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları hazırkı iş üzrə iddiaçıya da tətbiq edilməlidir. Belə olan halda, iddiaçı ödənilməmiş pensiya məbləğinin pensiya hüququq yarandığı tarixdən hesablanaraq ona ödənilməsini xahiş etsə də, iddia tələbi bu hissədə qismən təmin olunmalı, pensiya məbləği iddiaçının cavabdeh orqana müraciət tarixindən (07.05.2019-cu il tarixindən) əvvəlki üç il üçün hesablanaraq ona ödənilməlidir.
43. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermiş və beləliklə İPM-in 98-1.4-cü maddəsinin də tələbini pozmuşdur. Odur ki, kassasiya şikayəti bu hissədə əsaslı olduğundan qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli 21(10 3)-182/2021 nömrəli qərarı qismən, keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi hissəsində ləğv edilməli, iddiaçıya təyin olunmuş pensiya məbləği 07.05.2016cı il tarixindən hesablanmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi zəruri olmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli 21(103)-182/2021 nömrəli qərarı qismən, keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi hissəsində ləğv edilsin. İddiaçıya təyin edilmiş pensiya məbləğinin 07.05.2016-cı il tarixindən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli 21(103)-182/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.