Məhkəmə qərarları › İş №2-1(102)-937/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-937/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-937/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (bir aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı İddiaçı Cəfər oğlunun, onun vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cəfər oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı dövlət qulluqçusunun əmək pensiyanın yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-297/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Cəfər oğlu (bundan sonra iddiaçı) dövlət qulluqçusunun əmək pensiyanın yenidən hesablanması və fərqin bir dəfəlik ödənilməsi tələbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması və dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrlə tənzimlənir. 1 nömrəli Əlavənin 10-cu bəndinə əsasən, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. Həmin Əlavənin 11-ci bəndinə uyğun olaraq dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Əlavənin 12-ci bəndinə əsasən isə dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar, bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Qeyd olunanları nəzərə alaraq, ərizədə göstərilən əlavələrin pensiyanın üzərinə əlavə edilərək yenidən hesablanması “Dövlət qulluğu haqqında”, “Döv lət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” qanunların, “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvaciblərinin hesablanması” Qaydasının və “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin tələblərinə ziddir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluqçusunun dövlət məvacibi nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının üzərinə ixtisas dərəcəsinə görə haqq, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq, dövlət qulluqçusuna il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğdə mükafat və 1 aylıq vəzifə maaşı məbləğdə müavinət olmaqla pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fər qinin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona xx.xx.2013-cü il tarixdən dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Pensiyanın məbləği Azərbaycan Kommunist Partiyası Şərur rayon Partiya Komitəsinin təşkilat şöbəsinin müdiri kimi işlədiyi son iki il üzrə vəzifə maaşının ümumi məbləği əsasında müəyyən edilmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən dövlət qulluqçusuna əmək pensiyası hesablanarkən təkcə vəzifə maaşı yox, dövlət qulluqçusuna ödənilən dövlət məvacibi əsas götürülməlidir. O da məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarına” əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Adıçəkilən Qaydaların 6-cı maddəsinə uyğun olaraq əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda dövlət məvacibi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 a vqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçıya təyin olunmuş pensiya məbləğinin yenidən hesablanıb ödənilməsi üçün cavabdehə müraciət edilmiş, cavabdeh isə bildirmişdir ki, bunun üçün iddiaçının qulluq etdiyi dövlət orqanı tərəfindən arayış təqdim edilməlidir. Belə arayışın təqdim edilməsi isə mümkün deyildir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)3300/2019 saylı qərarı ilə (hakim: E.Ə.Əliyev) iddia qismən təmin edilmiş, dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə haqq, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq və 1 aylıq vəzifə maaşı məbləğdə müavinət nəz ərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-297/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və İ.B.Əhmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3300/2019 saylı qərarı qismən - ixtisas dərəcəsinə görə haqq və hakimiyyət səlahiyyətlərinin icrasına gö rə əlavə haqq nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş və eyni hissədə iddia təmin olunmamış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi rayon Partiya Komitəsinin Təşkilat şöbəsinin müdiri vəzifəsinin uyğunlaşdırıldığı rayon icra hakimiyyəti başçısının aparatında bölmə rəhbəri vəzifəsi “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nda nəzərdə tutulmadığından və iddiaçı tərəfindən dövlət məvacibinə əlavələr edilməsi barədə arayış təqdim edilməlidiyinən iddi a həmin hissədə əsassızdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-297/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərarı iddianın təmin edilən hissəsində əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hesab edilmişdir ki, iddiaçının əmək pensiyası hesablanarkən 1 aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmalıdır. Halbuki, həmin müavinətin verilməsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 948 saylı Fərmanına əsasən xx xxxxxx 2003-cü il tarixindən b aşlanılmışdır, yəni iddiaçı həmin müavinəti heç vaxt almamış, həmin müavinətdən sığorta ödənişi həyata keçirməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən, Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Daha sonra qeyd edilir ki, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-c u bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Lakin həmin müavinət dövlət məvacibinin tərkibinə daxil deyil. '‘Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Göründüyü kimi, məzuniyyətə çıxarkən verilən müavinət dövlət məvacibinin tərkibinə daxil edilməmişdir. Buna görə də, həmin müavinətin verilməsi dövlət məvacibinin artırılması kimi qiymətləndirilərək pensiyada olan dövlət qulluqçularının əmək pensiyalarının məbləğinin yenidən hesablanmasına səbəb ola bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şik ayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin qərarının iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi. İddiaçı və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Azərbaycan Respublikası İPM-in 90.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində iddianın təmin edilən hissəsi - bir aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması mübahisələndirilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı kassasiya baxışının predmeti apelyasiya instansiyası məhkəməsinin qərarının bir aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması hissəsinin yoxlanılması ilə məhdudlaşmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə görə, dövlət məvacibi dövlət qullu qçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. Həmin Qanununun 22.2-ci maddəsinə görə, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Beləliklə, qanunvericiliyə görə fəaliyyətdə olan dövlət qulluqçusunun məvacibinin tərkibinə vəzifə maaşından başqa, həm də dövlət qulluqçularına verilən mükafatlar, ixtisas dərəcəsinə görə əlavə haqq, məzuniyyətə çıxarkən verilən müavinət və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq da daxildir. Bundan əlavə, “Dövlət qulluğu haqqında” Qanunun 23.4-cü maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyas ının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Normanın məzmunundan göründüyü kimi dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və sonra verilməyə başlanılan əlavələr nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki qanun əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. “Dövlət qulluğu haqqında” Qanunun 23.4-cü maddəsinin təyinatı məhz ona yönəlmişdir ki, dövl ət qulluqçusu özünün işlədiyi vaxt almadığı əlavələri, sonradan həmin əlavələr dövlət məvacibinin tərkibinə daxil edildiyi üçün onları nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilsin. Məhkəmə kollegiyasının qənaətinə görə, dövlət qulluqçusu ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanılan o əlavələri nəzərə almağı tələb edə bilər ki, onlar dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanundan birbaşa irəli gəlməklə imperativ qaydada dövlət məvacibinin tərkibinə daxil edilməklə verilməlidirlər. “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması” Qaydalarının 1-ci bəndinə görə, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəz ərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir. 10-cu bəndinə əsasən, qanunvericiliklə dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə pensiya təyin edən orqan dövlət qulluqçusunun pensiyasının yenidən hesablanmasını təmin edir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin «Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında» xx.xx.2003-cü il tarixli 948 nömrəli Fərmanına əsasən, 2003-cü ilin 01 yanvar tarixindən dövlət qulluqçusuna məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Ona görə də, prinsipcə dövlət qulluqçusu kimi pensiyaya çıxan şəxslər pensiyalarının hesablanmasında ödənilməli olan həmin müav inətin nəzərə alınmasını tələb etməkdə haqlıdırlar. Çünki, normadan göründüyü kimi, məzuniyyətə çıxarkən verilən müavinət qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavədir. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə qa nuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-297/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar