Məhkəmə qərarları › İş №2-1(102)-937/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-937/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-937/2021 18.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi; 2 nömrəli Siyahı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ta beliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli, 2-1(103)-153/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, 11.05.1980-ci il tarixindən 25.06.1982-ci il tarixinədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, 01.08.1979-cu ildə əmək fəaliyyətinə başlamış və 31.03.2016-cı il tarixinədək fasilələrlə müxtəlif müəssisələrdə çalışmışdır.

2. İddiaçı 13.02.2020-ci il tarixli ərizə ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyin at İdarəsinə orqana müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, 23.03.2020-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

3. İmtina belə əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda, 01.01.2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmə sini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərbaycan nəşriyyatı” tərəfindən verilmiş 12.07.2019-cu il tarixli arayışa, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin 03.07.2019-cu il tarixli arxiv arayışına, Ucar rayonu “x” qəzetinin redaksiyası tərəfindən verilmiş 16.07.2019-cu il tarixli arayışa, X1 filialının 15.07.2019-cu il tarixli arxiv arayışına əsasən o, 01.08.1979-cu il tarixdən 29.04.1980-ci il tarixədək Azərbaycan KP MK-nın “x” nəşriyyatında, indiki “x” nəşriyyatında maşınla yığım sahəsində 2-ci dərəcəli maşınla yığıcı, 02.08.1982-ci il tarixdən 08.08.1983-cü il tarixədək yığım sahəsində 3-cü dərəcəli maşınla yığıcı, 17.12.1985-ci il tarixdən 06.02.1989-cu il tarixədək yığım sahəsində 4-cü dərəcəli linotipist (maşınla yığıcı), 19.06.1989-cu il tarixdən 16.06.1997-ci il tarixinədək yığım sahəsində yığma-sətirtökən maşınında 4-cü dərəcəli yığıcı vəzifəsində işləmişdir. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabdehin imtina məktubunda irəli sürülən məsələ də həqiqətə uyğun deyil. Onun əmək fəaliyyətində uzun müddətli fasilə heç vaxt olmamış, hətta hazırki vaxtadək əmək fəaliyyətini davam etdirir. İşlədiyi müddətdə mütamadi olaraq, ona əmək haqqı hesablanmış, ondan isə müvafiq sosial ayırmalar həyata keçirilmişdir.

6. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçıya 57 yaşdan, yəni 30.09.2018-ci il ta rixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququn yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 13.08.2020-ci il tarixli qərardadı ilə sözügedən ərizə icraata qəbul edilmişdir.

7. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının 57 yaşı 30.08.2018-ci il tarixində, yəni 01.07.2017-ci il tarixindən sonra tamam olduğundan, ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün 01.01.2006-cı il tarixi nədək ümumi və güzəştli iş stajını toplamış olması tələb olunurdu. İddiaçı isə həmin tarixədək ondan tələb edilən 12 il 6 ay güzəştli iş stajına malik deyil. Bundan başqa, qeyd olunan maddə yalnız yaş və staj məsələlərində əvvəlki qanunvericiliyin tələblərinin tətbiqinə imkan yaradır, digər məsələlərdə isə sığorta hadisəsinin baş verdiyi andakı qanunvericiliyin tələblərinə riayət olunmasını istisna etmir. İddiaçıya münasibətdə yaş və staj tələbləri 01.01.2006-cı ilə qədərki qanunvericiliklə, digər tələblər isə pensiya hüququ qazandığı dövrün qanunvericiliyi ilə tənzimlənir və həmin tələblər sırasına fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də daxildir. İddiaçı isə qeyd olunan tələbə cavab vermir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4559/2020 nömrəli 13.08.2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya 57 yaşı tamam olduğu, yəni 30.09.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə iddiaçının hərbi xidmət dövrü də nəzərə alındıqda onun 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə güzəştli şərtlərlə iş stajının olması təsdiq olunur.

10. Həmin qərardan narazı qalan cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təm in olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.10.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli 21(103)-153/2021 nömrəli qərarına görə (sədrlik edən Xəyalə Cəmilova, hakimlər – Vidadi Məmmədov və Namiq Cəfərov) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4559/2020 nömrəli 13.08.2020-ci il tarixli qərarının cavabdeh Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Məhkəmə qərarı cavabdehə 31.03.2021-ci il tarixində təqdim edilmişdir.

15. Cavabdeh həmin qərardan 05.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli 2-1(103)153/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHAT LARİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün kişilərlə əlaqədar qanunvericilik üç tələb müəyyən edir: - 60 yaşına çatma (yaş) - azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olma (staj) - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (pensiya kapitalı) 17. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa v ə staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni, qeyd olunan maddə imkan yaradır ki, yuxarıda sadalanmış üç tələbdən birinci və ikinci tələblə bağlı əvvəllər qüvvədə olmuş qanunvericilik tətbiq edilsin. Qeyd olunan maddə 3-cü tələbə münasibətdə 01.01.2006-cı ilə qədərki qanunvericiliyin tətbiqinə imkan yaratmır.

18. Apellyasiya instansiyası məhkəməsi isə bu halı nəzərə almadan qərar qəbul etmiş, bununla da həm maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, həm də prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdurş b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı məhkəmə iclasında vəkilsiz işt irak etdiyindən onun izahatı dinlənilməmişdir.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 23. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələr in və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XXV fəsil Poliqrafiya” bölməsində 2270000a kodla kinosurətlər istehsalı bölməsində fəhlələr, 2270000a14807 kodla yığmasətrtökən maşınların yığıcıları, 2270000a—14792 kodla əl ilə yığıcılar peşələri qeyd olunmuşdur.

26. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təm in edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının pensiya kapitalının yaranmaması, məhkəmənin isə bu halı qiymətləndirməməsidir.

31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bu dəlilini işə aşağı instansiya məhkəmələrində baxılarkən də bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilinə qiymət verərək haqlı olaraq qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ 01.01.2006-cı ilədək yarandığı üçün və 01.07.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pen siyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna 01.07.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb 01.07.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə 01.01.2006-cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir.

32. Odur ki, cavabdehin bu dəlili əsassızdır. Eyni zamanda, iş materialları ilə iddiaçının həm 25 ildən artıq ümumi iş stajı, həm də 12 il 6 aydan artıq güzəştli iş stajı olması təsdiq olunur. İddiaçının zəruri ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilməsə də, güzə ştli iş stajının olması mübahisələndirilmişdir.

33. Bununla bağlı da apellyasiya instansiyası məhkəməsi zəruri araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçı 2007-ci ilə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda göstərilən XXV fəsil Poliqrafiya, kinosurətlər istehsalı bölməsində fəhlələr (kod 2270000a) yığma-sətrtökən maşınların yığıcıları (kod 2270000a 14807) və əl ilə yığıcılar (kod 2270000a—14792) peşəsində 12 il 6 aydan ildən çox işləmişdir.

34. Beləliklə, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun olması öz təsdiqini tapdığından məhkəmələrin mövqeyi əsaslıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən fak tiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli 21(103)-153/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar