Məhkəmə qərarları › İş №2-1(102)-952/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-952/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-952/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-512/2021 nömrəli iş üzrə 03.02.2021 -ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 26 may 2021cil il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı, cavabdehin İQ-90/1 saylı 22.06.2020-ci il tarixli Qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, iddiaçı X1 18.03.2020-ci il tarixli “qaçqın statusu verilməsi haqqında" vəsatətinin təmin edilərək ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 24.12.2019-cu il tarixdə Azərbaycana gəlmiş, 18.03.2020-ci il tarixdə ərizəçi sığınacaq vəsatəti ilə müraciət etmişdir. DMX onun vəsatətini 38-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb, ərizəçi ilə müsahibə aparılmışdır. İddiaçı müsahibə zamanı bildirmişdir ki, o, təhlükəsizliyin olmadığı şəraitdə, atası hərbçi olduğundan, özü isə uzun illər xarici şirkətlərdə işlədiyindən, özü və ailəsi təqib olunduğundan ölkəsinə geri qayıtmaq istəmir. 22.06.2020-ci ildə cavabdehin İQ-90/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edilmişdir. Cavabdeh inzibati orqan qərarını onunla əsaslandırmışdır ki, iddiaçının sığınacaq üçün əsasları mövcud deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat:

3. Bakı İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 03.11.2020-ci il tarixli 2-1(112)-5855/2020 nömrəli, (sədrlik edən hakim Mehriban Qarayeva) qərarı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın qanunsuz ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi tələbinin rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 1, 9-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «”qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 13-cü bəndinə, İnzibati Prosessual Məcəlləsinin 14.3, 68, 73.1-ci maddələrinə istinad etməklə, belə hesab etmişdir ki, cavabdehin 22.06.2020-ci il tarixli qərarı qanuna zidd sayıla bilməz.

5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat:

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03.02.2021-ci il tarixli, 2-1(103)-512/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Vidadi Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 03.11.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qararını dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddı hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarını n ləğv edilməsi üçün heç bir əsas yoxdur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri:

8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, DMX-nin qərarı qanuni və əsaslı deyil. Həmin qərarda fundamental səhvlərə yol verilib, belə ki, DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçının uzun illər xarici şirkətlərdə işləməsi, atasının hərbiçi olmasına görə təqib edilməsi riskidir.

9. İş üzrə mühüm faktlara dair iddiaçının təqdim etdiyi yeganə sübut onun inzibati icraatda verdiyi izahatlarıdır.

10. Hüquq tətbiq edən orqan iddiaçının izahatlarının mötəbərliyini qiymətləndirdikdə güman edilən faktların ağlabatanl ığı, ərizəçinin narrativinin ümumilikdə ardıcıllığı və rabitəliliyi, ərizəçinin izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatı ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir.

11. İddiaçının izahatlarının mötəbərliyini qiymətləndirərkən də yuxarıda qeyd edilən amillər nəzərə alınmalıdır. İş materiallarında olan müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. DMX iddia üçün əsas ola bilən aşağıdakı faktları müəyyən və təhlil etməyib: Əfqanıstanda ümumi təhlükəsizliyin olmaması, ərizəçinin atasının hərbiçi olması, onun uzun illər xarici şirkətdə işləməsi, iki qardaşının təhdidləri nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalaraq ABŞ və Kanadaya getmələri, Taliban tərəfindən ona və ailə üzvlərinə edilən təhdidlərə məruz qalmasıdır.

12. Mənşə Ölkəsi barədə ictimaiyyətə açıq olan məlumatlara əsas ən beynəlxalq hərbi qüvvələr və beynəlxalq humanitar və inkişaf aktyorları da daxil olmaqla Əfqanıstan Höküməti, Əfqan vətəndaş cəmiyyəti və beynəlxalq birliyi dəstəklədiyi düşünülən mülki şəxsləri sistematik şəkildə hədəf aldıqları bildirilir. 2015-ci ildə UNAMA, 1335 mülki tikinti (790 ölüm və 545 yaralı) Hədəfi qətl hadisələrinə və ya həqiqi öldürməyə cəhd hadisələrinə aid etdi, bunlar arasında Taliban 336 mülki itkiyə (168 ölüm və 168) səbəb olan 135 hadisəyə görə məsuliyyəti öz üzərinə götürdü.

13. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, ərizəçinin izahatı MÖM-lə təstiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatı xarici mötəbərliyin tələbatını da ödəyir.

14. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 2-1(103)512/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Tərəflərin izahatı:

16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.02.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

17. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

18. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

19. Apelyasiya məhkəməsinin qərarı b ütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır Əsaslandırıcı hissə

20. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır.

22. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

23. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 03.02.2021-ci il tarixli, 2-1(103)-512/2021 nömrəli qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə ə laqədar olaraq qeyd edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillər əsassizdır, belə ki, apelyasiya instansiya məhkəməsi tərəflər arasında yaranmış inzibati mübahisəni həll edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq etmişdir.

24. Belə ki, iddiaçı kasasiya şikayətində yazır ki, “DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçının uzun illər xarici şirkətlərdə işləməsi, atasının hərbiçi olmasına görə təqib edilməsi riskidir. DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib.

25. Daha sonra iddiaçı kasasiya şikayətində göstərib ki, “iş üzrə mühüm faktlara dair ərizəçinin təqdim etdiyi sübut onun inzibati icraatda verdiyi izahatlarıdır.”

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ölkəsini tərk etməsinin səbəbi kimi ailəsinin daim taliblərin təhlükəsi altında, atasının hərbiçi olduğu üçün, iki qardaşı isə xarici dövlətlərin nümayəndələri kimi işləmələrinə görə taliblər tərəfindən təhdid və təqib edildiklərini, buna görə də həmin iki qardaşının Əfqanıstanı tərk edərək xarici dövlətlərə sığındıqlarını, valideynlərinin və digər ailə üzvlərinin yaşadıqları evin bir neçə dəfə naməlum şəxslər tərəfindən (taliblər olduğu ehtimal edilir) hücuma məruz qaldığını, əmisinin taliblər tərəfindən qətlə yetirildiyini, özünün isə əcnəbi hərbi qulluqçulara tərcüməçil ik etdiyinə, habelə xarici şirkətlərlə əməkdaşlıq etdiyinə görə əsaslı qorxusu üçün Əfqanıstanda qarşılaşdığı mənəvi və fiziki təzyiqlərlə əlaqələndirmiş, lakin hər hansı təqibə məruz qalması barədə sübut ya dəlil gətirməmişdir. Yəni ərizəçi istinad etdiyi mənbələrdəki iddiaları ona aid təsdiq edən hər hansı sübut və ya məlumat təqdim etməyib. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əhəmiyyətli əsaslar gətirilməmişdir. Bu risk məhkəməyə təqdim olunan iş materialları əsasında da sübut olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kasasiya şikayətində yazdığı digər dəlillər yuxarıda göstərilmiş d əlillərin faktiki olaraq təkrarı olduğundan əsassızdır.

27. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hall ar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

28. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.

29. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və q əyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.

30. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir.

31. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir.

32. Qaydanın 13-cü bəndinə görə şəxsə "qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin.

33. Belə olan halda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq, qeyd etmişdir ki, iddiaçı X1a “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların v ə məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də iddiaçı X1 vətəndaşı olduğu ölkədə sosial qrupa qoşulması, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlıq sübutlar təqdim etməmişdir, onun dəlilləri isə mülahizələrə söykənir.

34. Buna görə də cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin iddiaçı X1a “qaçqın” statusunun verilməsindən imtina olunması barədə 18.03.2020-ci il tarixli qərarı qanuna zidd sayıla bilməz.

35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03.02.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən v ə Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati 03.02.2021-ci il tarixli, 2-1(103)512/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar