Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-955/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs 2 saylı Bakı Dəmir Yol Poliklinikasi) “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103) 2980/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Üçüncü şəxsin 4384003AACUQ nömrəli tibbi-sosial ekspertiza müayinəsinə göndərişi əsasında iddiaçının əlilliyi 6 mart 2018-ci il tarixdə qiymətləndirilmiş, OS-afakiya. Monokulyar korluq. Arxa qütbün və ləkənin degenerasiyası. OS-makulodistrofiya. Vis OD= 1.0 (vahid); Vis OS=0.01 korreksiya etmir ümumi xəstəlik əsası ilə (gözdən əlil) olaraq müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.
2. Həmin qiymətləndirmə cavabdeh tərəfindən Əlillik “Altsistemi”ndə etibarsız edilmişdir. Cavabdeh buna əsas kimi, əlilliyin təyin olunmasının əsası olan göndərişi vermiş "xxxx" QSC-nin xx.xx.2018-ci il tarixli NVS-410 nömrəli məktubu ilə əlilliyin təyininə əsas olan 4384003AACUQ saylı göndərişi əsassız rəsmiləşdirildiyi bildirilmişdir.
3. İddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Verilmiş cavabda həmin qurumun apardığı araşdırmanın nəticəsinə əsasən, nöqsanlar aşkar edilməsi qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdən təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 6.03.2018-ci il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. Əlilik təyinatı zamanı diaqnoz bölməsində «OS-afakiya. Monokulyar korluq. Arxa qütbün və ləkənin degenerasiyası. OS-makulodistrofiya. Vis OD= 1.0 (vahid); Vis OS=0.01 korreksiya etmir» qeyd olunmuşdur. Daha sonra, müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlillik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan ona məlum olmuşdur ki, DSMF tərəfindən ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Əlillik» altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyinin bərpası üçün cavabdeh inziba ti orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, ona məxsus müalicə məlumatları səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyindən əlilliyi Alt sistemində etibarsız edilmişdir. Ona əlillik təyin olunması üçün müayinədən keçərkən qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bundan başqa, ona məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Aidiyyəti qurumlara müraciət ünvanladıqdan sonra ona belə bir məlumat verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7400/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixdən təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının əlilliyini etibarsız hesab edərkən inzibati icraat haqqında qanunun normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız Azərbaycan Dəmir Yolları QSC-nin məktubuna istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2980/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində işin hallarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, aparılan araşdırmalar nəticəsində xəstələrin təqdim etdikləri epikrizlərin və tibbi rəylə rin sıra nömrəsi, ştampı və möhürü olmasına baxmayaraq, onların əksəriyyəti tibb müəssisələrinin rəsmi qeydiyyat jurnallarına düşməmiş, müayinə və müalicə olunmamışdır. Belə olan halda isə əlillik təyini olunmuş tibbi sənədlərin etibarsızlığı səbəbindən əlillik də etibarsız hesab edilmişdir. Bu səbəbdən Agentlik tərəfindən daha əvvəl təyin olunmuş əlillik üçün əsas olmuş göndəriş ləğv olunduğundan bu göndəriş əsasında verilmiş əlillik təyinatı da ləğv olunmalıdır. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə yuxarıda qeyd olunan maddi sübutları nəzərə almadan yalnız iddiaçının şifahi ifadələrinə əsaslanmaqla ona əlilliyin bərpa olunması qən aətinə gəlmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlilliyi bərpa etmişdir. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konst itusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 15. “İnzibati icraat haqqında” Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutul mamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və h əcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”:
1. Ümumi müddəalar (-) 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qə rarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-).
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. 21. “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinin tələbinə görə, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
22. Göründüyü kimi, normativ aktla əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qayda da davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən edilmişdir. Cavabdeh tərəfindən həmin normanın tələbi təmin olunmamış, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi.
23. İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələrinin tələbləri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.
24. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.
25. Cavabdeh orqan istinad edilən normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə maraqlı şəxsə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız "xxxx" QSC-nin xx.xx.2018-ci il tarixli məktubuna istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, istinad edilən normativ aktların formal (məcburi) tələbləri təmin olunmamışdır.
26. Bundan əlavə, iddiaçının əlilliyinin təyin edilməsi barədə cavabdehin qəbul etdiyi 06 mart 2018-ci il tarixli inzibati akt əlilliyin altsistemdə etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. Cavabdeh həmin inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir. 06 mart 2018-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2980/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.