Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-962/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yerli icra hakimiyyətinin sərəncamı ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1977-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 21(103)-1293/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” xx.xx.1995-ci il tarixli, 179 nömrəli sərəncamına əsasən, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün iddiaçıya 600 (altı yüz) kv.m. torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı qeyd edilən torpaq sahəsinə dair texniki pasportun tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2017-ci il tarixli, **********38 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir.
3. İmtina onunla əsaslandırmışdır ki, təqdim olunmuş yerləşmə cizgisi ilə müqayisədə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur. Bundan başqa təqdim edilən üçüncü şəxsin xx.xx.1995-ci il tarixli, 179 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin həqiqiliyi ilə bağlı Səbail rayon İHB-ya sorğu göndərilmişdir.
4. Üçüncü şəxsin cavabdehə ünvanladığı xx.xx.2017-ci il tarixli, 3/10-1065 nömrəli məktubunda göstərilmişdir ki, təqdim olunmuş cizgidəki möhür və imzalarda uyğunsuzluq mövcuddur və rayon icra hakimiyyəti tərəfindən təsdiq olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsi ndə icraat
5. İddiaçı 5 oktyabr 2021-ci il tarixdə iddia ərizəsi, daha sonra cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona ayrılmış Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 5 saylı evin 600 kv.m. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsi tərəfindən iddia tələbinin “ünvan 2 ünvanda yerləşən və ümumi sahəsi 600 kv.m. olan torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. İddiaçının əsaslandırma sı:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxsin 11 yanvar 1995-ci il tarixli, 179 nömrəli sərəncamına əsasən iddiaçıya Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. İddiaçı ailəsi ilə birlikdə həmin ərazidə 2 otaqlı mənzil inşa edərək 26 ildir ki, həmin ünvanda yaşayır. Cavabdehə müraciət edərək xx.xx.2017-ci il tarixli ********** nömrəli ərizə ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə texniki pasportun tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş lakin, ərizəyə cavab olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmişdir. Cavabdehin etirazları:
8. Cavabdeh tərəfindən id dia tələbinə yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-11170/2021 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia təmin edilmiş, ünvan 2 ünvanda yerləşən və ümumi sahəsi 600 kv.m. olan torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim olunmuş yerləşmə cizgisi ilə müqayisədə faktiki vəziyyət arasında perimetrik ölçü fərqin mövcud olması iddiaçının iradəsindən irəli gələn hal deyil və bunun aradan qaldırılması cavabdehin özünün səlahiyyətləri daxilindədir. Belə hal hüquqların qey diyyata alınmasından imtina üçün əsas ola bilməz. Üçüncü şəxsin xx.xx.1995-ci il tarixli, 179 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin həqiqiliyinə dair şübhələri təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, odur ki, bu hal da imtina üçün əsas ola bilməz.
11. Məhkəmə, həmçinin göstərmişdir ki, üçüncü şəxsin xx.xx.1995-ci il tarixli, 179 nömrəli sərəncamı hazırda qüvvədədir, torpaq sahəsinin yerləşmə cizgisi həm icra hakimiyyəti və həm də qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmiş, həmin sənədin həqiqiliyini şübhə altına alan sübut təqdim edilməmiş, imtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmamışdır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(103)-1293/2022 nömrəli qərarı (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-11170/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin d əlilləri
16. Cavabdeh hesab edir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr mövcud olmadığından sənədlə faktiki sahəni dəqiqləşdirmək mümkün olmamışdır. Bununla yanaşı, Səbail Rayon İcra Hakimiyyəti verilmiş sorğuya cavab olaraq bildirmişdir ki, təqdim olunmuş yerləşmə cizgisində möhür və imzalarda uyğunsuzluq mövcuddur və Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməmişdir.
17. Habelə, iddiaçı tərəfindən Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995ci il tarixli 179 nömrəli sərəncamına və xx.xx.1995-ci il tarixli, 583 nömrəli sərəncamına istinad edilmiş Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə 5, “5” saylı torpaq sahəsinə dair iki yerləşmə cizgisi təqdim edilmişdir. Əlavə edilmiş hər iki yerləşmə cizgisində eyni ərazi ştrixlənmişdir. İdarənin mütəxəs sisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 570,0 kv.m təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.
18. Cavabdeh tərəfindən kassasiya şikayətində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55 və 111.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 23-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏTBİQ EDİ LƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
27. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edir. Qərarın nəticəsi ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
28. Apellyasiya instansiyası məhkəməsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məsələni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbləri baxımından araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutlar ı prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” xx.xx.1995-ci il tarixli, 179 nömrəli sərəncamı ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Həmin sərəncam hal-hazırda da qüvvədədir.
30. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş şərt iddiaçı tərəfindən ödənilmişdir.
31. Eləcə də, cavabdeh təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələrin mövcud olmadığını, buna görə də, faktiki sahəni dəqiqləşdirməyin mümkün olmadığını qeyd etsə də, torpaq sahəsinin yerləşmə cizgisi həm icra hakimiyyəti və həm də qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmiş, həmin cizgidə mübahisəli torpaq sahəsi ştirxlənərək göstərilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 179 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin həqiqiliyinə dair cavabdeh tərəfindən şübhələri təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
32. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55 və 111.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 23-cü maddələrinə istinad etsə də, həmin normaların tələblərinin pozulmasının nədən ibarət olduğunu əsaslandırmamışdır.
33. Apellyasiya i nstansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 21(103)-1293/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır.