Məhkəmə qərarları › İş №2-1(102)-970/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-970/2020

05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-970/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə Açar söz: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiаçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-270/2020 saylı, 16.01.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binası nda 05.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiaçı Iddiaçı **.**.1985-ci il tarixində doğulmuş, 01.09.2011-ci il tarixində Ukrayna Dövlət Dəmiryol Nəqliyyat Universitetinə daxil olmuş, qiyabi formada təhsil almış, 30.06.2016-cı il tarixində həmin Universitetini bitirmiş, ali təhsli başa vurması ilə bağlı XX ****** qeydiyyat nömrəli bakalavr diplomu verilmiş, diplom 26.09.2016-cı il tarixində Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən apostil edilmişdir. İddiaçı 11.04.2017-ci il tarixində cavabdeh inzibati orqana müraciət edərək həmin diplomun ölkə ərazisində tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, cavabdeh 12.06.2017-ci il tarixli, ****/xxx nömrəli məktubu ilə Ukrayna Respublikası U krayna Dövlət Dəmiryol Nəqliyyatı Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olduğunu bildirmiş və həmin Universitet tərəfindən iddiaçının adına verilmiş XX ****** nömrəli, 30.06.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasını mümkün hesab etməmişdir Bundan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, Ukrayna Respublikası Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti tərəfindən onun adına verilmiş XX ****** nömrəli, 30.06.2016-cı il tarixli diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqın da şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsi ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6, 3.7-ci bəndlərində ekvivalentlik haqqında şəhadətnamənin verilməsi şərtləri, ondan imtina edilməsi əsasları göstərilmişdir. Cavabdeh orqan isə şəhadətnamənin verilməsindən hansı əsasla imtina etdiyini bildirməmiş, imtinanın səbəblərini ətraflı şərh etməmiş, beləliklə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulan təhsil və əmək hüquqlarını pozmuşdur. Cavabdeh iddia ərizə sinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabehin imtinası qanuni və əsaslıdır. Belə ki, ekspert qrupu tərəfindən iddiaçının sənədlərinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi, iddiaçının xarici dövlətdə olma müddətinin lazım olandan az olduğu müəyyən edilmişdir və belə olan halda iddiaçıya verilmiş bakalavr diplomunun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.05.2019-cu il tarixli, 2-1(82)363/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.05.2019-cu il tarixli, 2-1(82)363/2019 nömrəli qərarından iddiaçı apellyasiya şikayəti v erərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.01.2020-ci il tarixli, 21(103)-270/2020 nömrəli qərarına əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.05.2019-cu il tarixli, 2-1(82)-363/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təhsil aldığı illər ərzində auditoriya dərslərində iştirakı az olmuşdur. Beləliklə iş üzrə birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.01.2020-ci il tarixli, 21(103)-270/2020 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə cavabdehin təqdim etdiyi sərhədkeçmə məlumatına istinad etmiş, lakin diplomun saxtalığı barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sənəd təqdim edilməmiş, eləcə də bu hal məhkəmə araşdırmasının predmeti olmamışdır. Kassasiya şikayətinin digər dəlilində iddiaçı, Ukrayna Respublikası ilə Azərbaycan Respublikasının da qoşulduğu “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasının 1, 2, 3, 4-cü maddələrinə istinad edərək bildirmişdir ki, Konvensiyanın tələblərinə uyğun olaraq Ukrayna Respublikası tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla həmin diplomun qanuniliyi tanınmışdır. Odur ki, bu diplomun cavabdeh tərəfindən tanınmaması göstərilən normaları pozur. Kassator, yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Ko nstitusiyasının 26, 38-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsinə, həmin Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 417.1.4, 418.1-ci, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96-cı maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.01.2020-ci il tarixli, 2-1(103)-270/2020 nömrəli qərarının ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Ali Məhkəmə Kollegiyası işə ca vabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.01.2020-ci il tarixli, 2-1(103)-270/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhk əmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Göstərilən normanın tələbini nəzərə alan məhkəmə kollegiyası işə şikayət həddində baxaraq iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı normaların nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsi ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı maddəsinə əsasən, Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci maddəsinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə m ənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində“və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində“kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü maddəsinə əsasən, qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-cü maddəsinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit“(əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Göründüyü kimi, xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomunun tanınması və tanınmasından imtinanın şərtləri qanunvericiliklə dəqiq müəyyən edilmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən göstərilən normaların tələblərinə riayət olunub-olunmaması araşdırılmış, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən, onun təhsil aldığı universitetdə tədris işinin həcminin kredit vahidləri ilə aparıldığı, cavabdehin təqdim etdiyi sərhədkeçmə haqqında məlumatdan isə iddiaçının təhsil aldığı müddət ərzində Xarkov şəhərində 2011-ci ildə 10 gün, 2013-cü ildə 10 gün, 2014-cü ildə 8 gün, 2015-ci ildə 10 gün müddətində olduğu müəyyən olunmuş, bununla da iddiaçının qeyd edilən illər ərzində auditoriya dərslərində iştirakının az olduğu öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı şikayətinin birinci dəlilində sərhədkeçmə məlumatına istinad edilərək diplomun saxtalığı barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sənəd təqdim edilmədiyini bildirsə də, məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir. Belə ki, yuxarıda göstərilənlərlə iddiaçının Ukrayna Respublikasında tələb olunan müddətin qarşılığında qısa müddət ərzində olduğu, həmçinin auditoriya dərslərində iştirakının az olduğu təsdiq olunur ki, apellyasiya instansiya məhkəməsi də bu halı düzgün qiymətləndirərək iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı, kassasiya şikayətinin növbəti dəlilində “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinin pozulduğunu, həmin tələblərə əsasən diplomunun tanınmalı olduğunu bildirsə də, məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Belə ki, sözügedən Konvensiyanın 2-ci maddəsinə əsasən, razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Həmin Konvensiyanın 5-ci maddəsinə əsasən, lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və laz ım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Normaların tələbindən göründüyü kimi, xarici rəsmi sənədlərlə bağlı 3 məsələnin (1. Həmin şəhadətnamədəki imzanın həqiqiliyi;

2. Sənədi imzalamış şəxsin hansı qismdə çıxış etdiyi;

3. Lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyi) həqiqiliyini təsdiq etmək üçün belə sənədlərin təqdim edildiyi dövlət tərəfindən tələb oluna biləcək yeganə formallıq Konvensiya ilə nəzərdə tutulmuş şəhadətnamənin verilməsidir. Hazırki iş üzrə iddiaçıya müvafiq şəhadətnamə verilmiş, cavabdeh inzibati orqan da öz növbəsində şəhadətnamə ilə bağlı qeyd olunan məsələlərin həqiqliyinin təsdiq olunması üçün heç bir əlavə sənəd tələb etməmiş, bununla da Konvensiyanın normalarına uyğun hərəkət etmişdir. Konvensiya nın yuxarıda qeyd olunan normalarının tələbləri baxımından məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu Konvensiyaya uyğun olaraq doldurulmuş şəhadətnamə, müvafiq xarici rəsmi sənədin mahiyyətini yox, həmin sənədin məzmunu barədə formal tələbə dair yuxarıda qeyd olunan 3 məsələnin həqiqiliyini təsdiq edir. İddiaçı Ukrayna Respublikasında aldığı təhsillə bağlı müvafiq şəhadətnamənin olmasına istinad edərək diplomunun tanınmalı olduğunu iddia etsə də, Konvensiyadan göründüyü kimi, həmin normalar diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsinə yox, onunla bağlı formal tələblərə yönəlmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi ü çün daxili qanunvericilik tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən fakti ki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan iddiaçının diplomunun tanınmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan maddi və prosessual normalarının tələblərinə əməl edərək qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişd irilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.01.2020-ci il tarixli, 21(103)-270/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar