Məhkəmə qərarları › İş №2-1(102)-98/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-98/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-98/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2-1(103)-267/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (VÖEN: **********) kiçik sahibkarlıqla məşğul olmaqla fiziki şəxs olan vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

2. Aparılmış kameral yoxlama nəticəsində cavabdehin xx.xx.2020-ci il tarixli, **********709500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2020-ci ilin 3-cü rübü üçün 3988,40 manat (15340x26%) əlavə sığorta haqqı məbləği hesablanmışdır. Qeyd olunan məbləğin 3835 manatı məcburi dövlət sosial sığorta haqqı üzrə, 153,40 manatı isə işsizlikdən sığorta haqqı üz rə hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli, **********709500 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kiçik sahibkarlıqla məşğul olmaqla vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır və Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, sahə B2000/130 ünvanında yerləşən tikiş sexində fəaliyyət göstərir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” göndərilmiş elektron bildirişdən məlum olmuşdur ki, ona 2020-ci ilin 3-cü rübü əsas götürülməklə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 4429,90 manat, faizlər üzrə 1046,05 manat olmaqla, cəmi 5475,90 manat məbləğində borc hesablanmışdır. Bununla bağlı qeyd edilməlidir ki, 2020-ci ilin 3-cü rübü (avqust, sentyabr, oktyabr) ərzində ölkə ərazisində karantin rejiminin mövcudluğu ilə əlaqədar olaraq tikiş sexi fəaliyyət göstərməmiş və heç bir gəlir əldə edilməmişdir. Bununla bağlı, iddiaçı tərəfindən 2020-ci ilin 3-cü rübü üzrə cavabdehə bəyannamə (hesabat) verilmiş, həmin bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında iddiaçıya bildiriş ünvanlanmışd ır. Həmçinin xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə “Covid-19” virusu ilə bağlı pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin 3-cü rübü üzrə işləmədiyi, ona görə də işçilərə əmək haqqı köçürülmədiyi və icarə haqqı hesablanmadığı barədə məktub ünvanlanmışdır. Belə olan halda, cavabdeh tərəfindən vergi borcunun hesablanması qanunsuz və əsassızdır.

5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasından alınmış məlumata əsasən, iddiaçının 2020-ci ilin iyul ayı üzrə 27 nəfər, avqust və sentyabr ayı üzrə isə 19 nəfər fiziki şəxslə aktiv əmək müqaviləsinin olduğu müəyyən edilmişdir. İddiaçı 2020-ci ilin 3-cü rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyin də tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrində (hesabatlarında) iyul-sentyabr aylarında muzdlu işçilərinin olmadığını və buna uyğun olaraq ümumi əmək haqqı fondunun 0 manat olduğunu qeyd etmiş və bu hal kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilmiş kənarlaşmalar barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli bildiriş göndərilərək müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və dəqiqləşdirilmiş bəyannamələri vergi orqanına təqdim etməklə kənarlaşmaların aradan qaldırılması tələb olunmuşdur. Tələb olunan sənədlər təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********709500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların ın hesablanması barədə” qərarla 2020-ci ilin 3-cü rübü üzrə 3988,40 manat (15340x26%) əlavə sığorta haqqı məbləği hesablanmışdır. Qeyd olunan məbləğin 3835 manatı məcburi dövlət sosial sığorta haqqı üzrə, 153,40 manatı isə işsizlikdən sığorta haqqı üzrə hesablanmışdır. İddiaçının ərizəsində qeyd etdiyi xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair borc bildiriş”ində qeyd olunan 4429,90 manat məbləğin 407,40 manatı 2019-cu ilin 3-cü rübü üzrə, 3835 manatı 2020-ci ilin 3-cü rübü üzrə, 187,50 manatı isə 2021-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borc məbləğləridir. Yəni iddia ərizəsində qeyd olunan 4429,90 manat borc məbləği sadəcə 202 0-ci ilin 3-cü rübünü əhatə etməmişdir. 2019-cu ilin 3-cü rübü və 2021-ci ilin 1-ci rübü üzrə olan borc vergi ödəyicisinin təqdim etdiyi hesabatlara əsasən yaranmışdır və həmin dövrlər üzrə vergi orqanı tərəfindən hər hansı hesablama aparılmamışdır. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: Mehriban Qarayeva) 18 may 2022-ci il tarixli, 2-1(112)-1827/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən 2020-ci ilin 3-cü rübü (iyul, avqust və sentyabr ayları) ərzində iddiaçı tərəfindən işə götürülən şəxslərlə bağlanılmış əmək müqavilələrinin qüvvədə olmasına, muzdlu işdən və muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edilməsinə baxmayaraq, bu dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) düzgün təqdim edilmədiyindən vergi orqanının Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən iddiaçının vergi öhdəliklərini yenidən hesablamaq hüququ yaranmışdır. Çünki “Əmək müqaviləsi bildirişləri” bazasından alınmış məlumata əsasən iddiaçının 2020-ci ilin iyul ayı üzrə 27 nəfər, avqust və sentyabr ayı üzrə isə 19 nəfər fiziki şəxslə aktiv əmək müqaviləsinin olduğu müəyyən edilmişdir. İddiaçı 2020-ci ilin 3-cü rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrində (hesabatlarında) iyul-sentyabr aylarında muzdlu işçilərinin olmadığını və buna uyğun olaraq ümumi əmək haqqı fondunun 0 manat olduğunu qeyd etmiş və bu hal kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilmiş kənarlaşmalar barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********299600 nömrəli bildiriş göndərilərək müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və dəqiqləşdirilmiş bəyannamələrini vergi orqanına təqdim etməklə kənarlaşmaların aradan qaldırılması tələb olunmuşdur. Tələb olunan sənədlər təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********709500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2020-ci ilin 3-cü rübü üzrə 3988,40 manat (15340x26%) əlavə sığorta haqqı məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə öhdəliklərini vaxtında icra etmədiyindən onun məcburi dövlət sosial sığorta haqqı borcu yaranmışdır. İddiaçı vergi orqanı tərəfindən qəbul edilmiş həmin qərarla hesablanmış məbləğin qanunsuz və çox olduğunu bildirsə də, qanunsuzluğun nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Həmçinin məhkəmə tərəfindən müvafiq dəqiqləşdirilmiş bəyannamənin cavabdehə təqdim edilməsi və ya təqdim etdiyi bəyannamənin həqiqəti əks etdirməsi ilə bağlı sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif olunsa da, iddiaçı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Buna görə də, cavabdehin qərarı qanuni və əsaslı olmuşdur.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 10 iyul 2023cü il tarixli, 2-1(103)-267/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********709500 nömrəli qərarı ləğv edilmişdir.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qe yd etmişdir ki, iş materiallarından görünür ki, 2020-ci ilin 3cü rübü (avqust, sentyabr, oktyabr) ərzində ölkə ərazisində karantin rejiminin mövcudluğu ilə əlaqədar olaraq tikiş sexi fəaliyyət göstərməmiş və heç bir gəlir əldə edilməmiş, bununla bağlı iddiaçı tərəfindən 2020-ci ilin 3-cü rübü üzrə cavabdehə bəyannamə (hesabat) verilmiş, həmin bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında iddiaçıya bildiriş ünvanlanmışdır. Həmin bəyannamədən göründüyü kimi iddiaçının 2020-ci ilin 3-cü rübü ərzində gəliri olmamışdır. Bu hal vergi orqanı tərəfindən də mübahisələndirilməmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə “Covid-19” virusu ilə bağlı pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin 3-cü rübü üzrə işləmədiyi, ona görə də işçilərə əməkhaqqı köçürülmədiyi və ic arə haqqı hesablanmadığı barədə məktub ünvanlanmışdır. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin 3-cü rübü əsas götürülməklə 3988,40 manat məbləğində əlavə sığorta haqqının (3835 manat məcburi dövlət sosial sığorta haqqı, 153,40 manat işsizlikdən sığorta haqqı) hesablanması qanunsuz və əsassızdır. Lakin iddia tələbini araşdıran birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehə qeyd olunan dövrdə işləmədiyi, heç bir gəlir əldə etmədiyi barədə məlumat verilməsinə baxmayaraq, iddiaçıya aktiv əmək müqavilələrinin olması əsası ilə 2020-ci ilin 3-cü rübü əsas götürülməklə 3988,40 manat məbləğində əlavə sığorta haqqının (3835 manat məcburi dövlət sosial sığorta haqqı, 153,40 manat işsizlikdən sığorta haqqı) hesablaması barədə cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli, **********709500 nömrəli qərarının qanuniliyini yoxlamamışdır.

11. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə Dövlət Vergi Xidmətinə iddiaçı tərəfindən 2020-ci ilin 3-cü rübü ərzində işçilərə əmək haqlarının ödənilib-ödənilməməsinə dair hesabatların təqdim edilibedilməməsi barədə məlumat əldə edilməsi üçün sorğu ünvanlanmış, həmin sorğuya Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavab məktubunda qeyd edilmişdir ki, 2020-ci ilin iyul-sentyabr ayları üzrə uçot baza məlumatlarına əsasən iddiaçı tərəfindən muzdlu işçilərə əmək haqlarının ödənildiyi barədə məlumat müəyyən edilməmişdir.

12. İşin faktiki hallarından görünür ki, idd iaçı 2020-ci ilin 3-cü rübü üzrə sahibkar kimi fəaliyyət istiqamətlərinə uyğun fəaliyyət göstərə bilməmiş və nəticədə gəlir əldə edilmədiyindən işçilərə əməkhaqları ödənilməmişdir. “Əmək müqaviləsi bildirişləri” bazasında iddiaçının 2020-ci ilin iyul ayı üzrə 27 nəfər, avqust və sentyabr ayı üzrə isə 19 nəfər fiziki şəxslə aktiv əmək müqaviləsinin olması onun tikiş sexi kimi fəaliyyət istiqamətlərinə uyğun fəaliyyət göstərməsinə və gəlir əldə etməsini və müvafiq olaraq işçilərə əməkhaqlarının köçürülməsini deməyə əsas vermir.

13. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin səsləndirdiyi “iddiaçının fəaliyyətinin xüsusi karantin rejimində icazə verilən fəaliyyət olması və işləyə bilməsi” dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hətta fiziki şəxsin fə aliyyəti icazə verilən sahələr ilə bağlı olmuş olsa belə, faktiki sözügedən dövrdə gəlir əldə etməməsi və əməkhaqqı ödənişlərinin həyata keçirilməməsi məqamları mübahisələndirilən sosial sığorta haqlarının hesablanmamasına təsir etməlidir. Həmçinin hamıya bəlli olan haldır ki, xüsusi karantin rejimi dövründə ölkə rəhbərliyinin də göstərişlərinə əsasən iş yerlərinin qorunması və işçilərin əsassız yerə işdən çıxarılmasının qarşısının alınması məqsədi ilə ciddi tədbirlər keçirilirdi. Mübahisələndirilən dövr xüsusi karantin rejimi tətbiq olunan dövr olduğundan, həmçinin, sahibkarın həmin dövr üzrə gəlirlərinin və əməkhaqqı ödənişlərinin 0 olması bəyan olunduğundan və vergi orqanı buna baxmayaraq, yəni gəlirlərinin 0 bəyan edilməsi ilə bağlı hər hansı bir yoxlama açmadan, bunu qəbul edərək mö vcud əmək müqavilələri üzrə sosial sığorta haqlarının ödənilməməsi əsası ilə hesablama həyata keçirmişdir. Bundan əlavə apellyasiya baxışı zamanı iddiaçı pandemiyadan zərərçəkmiş sahibkar kimi ona müvafiq maddi yardımın edilməsi ilə bağlı hesabdan çıxarışı təqdim etmişdir.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

73. Qanunla müəyyən edilmiş vergi ləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 16.1.1 və 16.1.3. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzar ət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və y a məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 19. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14.3.1. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. Maddə 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Maddə

21. Məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hall arı hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələnd irilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandır ma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiri lə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətb iq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, iddiaçı tikiş fəaliyyəti ilə məşğuldur. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə 2020-ci ilin 3-cü rübü üzrə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ümumilikdə 3988,4 manat məbləğində hesablama aparılmışdır.

31. İddiaçı qeyd olunan dövrün pandemiya dövrünə təsadüf etdiyindən fəaliyyət göstərmədiyinə və işçilərə əmək haqqı ödənilmədiyinə istinadən hesablanmış məbləğin ləğv olunmasını xa hiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir.

32. Belə ki, hesablamanın aparıldığı 2020-ci ilin 3-cü rübünün pandemiya dövrünə təsadüf etdiyi işin mübahisəsiz halıdır. Lakin cavabdeh iddia edir ki, geyim istehsalı fəaliyyəti məhdudlaşdırılan sahələrin siyahısına daxil edilmədiyindən, hesablanmış məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması qanunauyğundur.

33. Mübahisəyə dair iş üzrə materiallarda olan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəmənin müvafiq sorğusuna verdiyi cavab məktubuna (bax: i.v.144) əsasən, 2020-ci ilin iyul, avqust və sentyabr ayları üzrə iddiaçı tərəfindən əməkhaqqının ödənildiyi müəyyən olunmamışdır. Göründüyü kimi, iddiaçının qeyd olunan dövr üzrə işçilərə əməkhaqqı ödəmədiyi cavabdeh tərəfindən də etiraf olunmuşdur. Belə olan halda, ödənilməyən əməkhaqqına görə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması əsassız sayılmalıdır.

34. Həmçinin iş materialında olan iddiaçının şəxsi hesab vərəqəsinə (bax: i.v. 147) əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən 2020-ci ilin 3-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində 0 (sıfır) dövriyyə göstərilmiş və bu da vergi orqanı tərəfindən qəbul olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bildirmişdir ki, cavabdeh iddiaçının rüb ərzində heç bir gəlirinin olmadığını qəbul etdiyi halda, ödənilməyən əməkhaqqına görə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları hesablamışdır. 35. “Sosial sığorta haqqında” Qanunun 14.6-cı maddəsinə görə, bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Göründüyü kimi, hazırkı mübahisəyə münasibətdə əməkhaqqının ödənilməməsi işin mübahisəsiz halı olduğu üçün, iddiaçının həmin dövr üzrə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları ödəmək öhdəliyi də mövcud olmamışdır.

36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 21(103)-267/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar