Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-990/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə qarşı “təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 dekabr tarixli 2-1(107)-718/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 1966-1970-ci illərdə Şəki Pedaqoji Məktəbində təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 13 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əyani təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulmamışdır. İddiaçı 2018-ci il 30 avqust tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əyani oxuduğu təhsil illərinin onun sosial sığorta stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək1966-cı il tarixdən 1970-ci il tarixədək Ş əki Pedaqoji Məktəbində təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1966-cı il tarixdən 1970ci il tarixədək Şəki Pedaqoji Məktəbində təhsil almışdır. Ona 2014-cü il 27 yanvar tarixində yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiya təyin olunan zaman təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli 2-1(84)-1522/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının 1966-cı il 1 sentyabr tarixdən 1970-ci il 4 iyul tarixədək Şəki Pedaqoji Məktəbində təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən dövrdə qüvvədə olan qanunvericiliyə əsasən ali məktəbi bitirmiş şəxslərin təhsil müddəti onların sosial sığorta stajına daxil edilir. İddiaçı qərarı mübahisələndirməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 dekabr tarixli 2-1(107)-718/2018 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 19 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 16 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunu n 27.1-ci maddəsinə əsasən, bu qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Bu və 21-ci maddəyə əsasən vətəndaş təhsil dövründə heç bir sosial sığorta haqqı ödəmədiyi üçün onun pensiya kapitalı “0”-a bərabər olur. «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın sosial sığorta stajının hesablanması prosedurunda sosial sığorta stajına daxil edilən iş və ya digə r fəaliyyət müddətləri müəyyən olunur. Bu Qaydalarda da əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. İddiaçının 1966-1970-ci illərdəki təhsil müddəti Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən sosial sığorta stajına aid edilə bilməz. Çünki, həmin illərdə hər hansı gəlir əldə edilməmiş və hər hansı ödəmələr ödənilməmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Res publikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisəl əndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Nəzərə alınmalıdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 1 2.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı cavabdehin imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz təhsil illərinin sığorta stajına daxil edilməsi ona əmək pensiyasının təyin edilməsi və ya artıq buna qə dər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə nəticələnə bilərdi. Buradan, hazırkı məzmunda iddia o halda mümkün sayıla bilər ki, bu məzmunda iddianın təmin olunması (təhsil illərinin sığorta stajına daxil edilməsi) ilə cavabdehin iddiaçıya əmək pensiyası təyin etmək və ya təyin edilmiş pensiyanı yenidən hesablamaq öhdəliyi yaranacaqdır. İddiaçı ərizəsində 2014-cü ildən təqaüdə çıxdığını qeyd etsə də, iddiaçının bu dəlilini təsdiq edən hər hansı sübut işdə yoxdur. Öz növbəsində cavabdeh inzibati orqan da, istər imtina məktubunda, istərsə də iddia tələbinə qarşı etirazında və ya məhkəmə aktlarından verdiyi şikayətlərdə iddiaçıya pensiya təyin edildiyinə dair heç bir məlumat vermir. Bu səbəbdən də təhsil aldığı müddətin iddiaçı üçün məhz hansı məzmunda hüquqi nəticə yaradacağı məlum deyil. İPM-in 12-ci və 35.1-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 dekabr tarixli 2-1 (107)-718/2018 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-990/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-990/2019
03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver