Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-993/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi x3, Cavabdehin vəkili Osmanov Firudun Abduləli oğlunun, Üçüncü şəxs x2nun, Üçüncü şəxsin vəkili Ağayeva Nüşabə Fərman qızının iştirakları ilə, İddiaçı x1-nin cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı (üçüncü şəxs: x2) “hüquqi varis kimi tanınmaqla qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 17 dekabr tarixli 21(107)-552/2018 nömrəli qərar ından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək x1 hüquqi varisi kimi tanımaqla qeydiyyatın aparılmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 12 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, dövlət qeydiyyat sənədlərində iddiaçının x1 hüquqi varisi olması barədə məlumat aşkar edilməmişdir. İddiaçı 2018-ci il 19 mart tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x1-nin x1 hüquqi varisi kimi qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. B elə ki, 1989-cu il 24 noyabr tarixdə x1 Nizamnaməsi qeydə alınmış, sonradan müəssisə özəlləşdirilmiş və x1 adı ilə yenidən təşkil olunmuş və 2004-cü il 22 yanvar tarixdə dövlət qeydiyyatına alınmışdır. Dövlət qeydiyyatına alındığı tarixdən MMC müəssisənin hüquqi varisi kimi onun bütün hüquq və vəzifələrini əldə etmiş, onun maddi bazası əsasında fəaliyyət göstərmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 21 may tarixli 2-1(84)-690/2018 nömrəli qərardadı ilə x2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxsin etirazları: Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, o, 25 ildən çoxdur ki, Oğuz rayonunda yerləşən x4 sahiblik edir və indiyədək də onun istifadəsindədir. Lakin bir müddət əvvəl x5 adlı bir şəxs rayona gələrək həmin yeri ona satmağını istəmiş və qarşılığında da müəyyən məbləğdə vəsait verəcəyini vəd etmişdir. Üçüncü şəxs bununla razılaşmayaraq uzun müddətdir ki, zəhmətlə qurduğu yeməkxananı satmayacağını bildirmişdir. Bundan sonra o, üçüncü şəxsə hədə-qorxu gələrək obyektin x6 məxsus olduğunu, onun direktoru olduğu x1-nin x1 hüquqi varisi olduğunu əsas gətirərək zorla əlindən alacağını bildirmişdir. x4 1993-cü il 19 may tarixdə o, x6 müddətsiz olaraq icarəyə götürmüşdür. Həmin dövrdən yeməkxanada əsaslı təmir işləri aparmış və torpaq sahəsində abadlıq işləri aparmışdır. Həmin yeməkxananı mövsümi olaraq işlətdiyinə görə əldə edilən gəlirdən hər zaman dövlət büdcəsinə məcburi ödənişləri də etmişdir. x5 bir neçə dəfə həmin obyektə çıxarışın alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon Ərazi İdarəsinə müraciət etsə də, bu həmlələri uğursuzluqla nəticələnmişdir. Daha sonra o, Ərazi İdarəsini məhkəməyə verərək çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, burada da istəyinə nail ola bilməmişdir. Nəhayət sonda o, çıxış yolunu obyektin istismara icazə sərəncamını almaq üçün Oğuz Rayon İcra Hakimiyyətinə müraciət etmiş, mənfi cavab aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi x1-nin x1 hüquqi varisi olduğunu əsas gətirərək iddiaçının tələbini əsaslı hesab etmiş və istismara icazə sə rəncamının verilməsi öhdəliyini İcra Hakimiyyətinin üzərinə qoymuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 24 iyul tarixli 2-1(84)-690/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, x1-nin x1 hüquqi varisi kimi qeydiyyatının aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə 2004-cü il 22 yanvar tarixdə x1 hüquqi varisi olaraq x1 yaradılması və üçüncü şəxsin x6 heç bir aidiyyətinin olmadığı müəyyən edilmişdir. Cavabdeh və üçüncü şəxs həmin qərardan apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının 2018-ci il 17 dekabr tarixli 2-1(107)-552/2018 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh və üçüncü şəxs həmin qərardan kassasiya şikayəti vermişlər. Onlar qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edirlər. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, vergi ödəyicisi hüquqi şəxs x1 2018-ci il 25 yanvar tarixli məktubla 2017-ci il 30 oktyabr tarixli təsisçilərin ümumi yığıncaq protokolunun qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Təqdim edilmiş iclas protokolunda x1 təsis edilən zaman hüquqi şəxsin nizamnaməsində texniki səhv olaraq x1 x1 hüqu qi varisidir” sözünün qeyd edilməsinin yaddan çıxarılması qeyd edilmiş və dəyişikliyin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. x1-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Zaqatala Bölgə Şöbəsi tərəfindən cavabdehə təhvil verilmiş qovluğuna baxış keçirilmiş, lakin dövlət qeydiyyat sənədlərində x1-nin x1 hüquqi varisi olması barədə heç bir qeyd aşkar edilməmiş və bu barədə vergi ödəyicisinə cavab məktubu yazılmışdır. İddiaçının iddiasına əsasən x1 x1 hüquqi varisi olmuşdursa, deməli x1 x1 yenidən təşkili nəticəsində yaranmış və cəmiyyətin dövlət qeydiyyatına alındığı zaman qeydiyyat ərizəsinə müvafiq sənədlər əlavə edilməli idi.x1-nin qeydiyyat qovluğuna baxış keçirilmiş və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Az ərbaycan Respublikasının Qanununda qeyd edilmiş sənədlərdən heç biri aşkar edilməmiş, eləcə də, iddia ərizəsində əksi qeyd edilsə də, cəmiyyətin Nizamnaməsində x1-nin x1 hüquqi varisi olması barədə qeyd tapılmamışdır. Qeyd edilən hallar, bu halları təsdiq edən sənədlərlə birlikdə, məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə iddianı təmin etmişdir. Belə ki, iddiaçı cavabdehə müraciətində x1 təsis edilən zaman hüquqi şəxsin nizamnaməsində texniki səhv olaraq x1 x1 hüquqi varisidir” sözünün qeyd edilməsinin yaddan çıxarılması qeyd etsə də, daha sonra məhkəməyə üzərinə hüquqi varislik barədə əlavələr edilmiş, yəni təhrif olunmuş hüquqi şəxsin nizamnaməsini təqdim etmişdir. Sənəd üzərində düzəlişlər edilməsinə, məhkəmə və inzibati orqanı bu tip hərəkətlərlə yanıltmağa çalışılmasına baxmayaraq, məhkəmə qeyd edilənləri nəzərə almamışdır. Şəki İnzibatiİqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2017-ci il 15 avqust tarixli qərarı məhkəmədə müzakirə olunmamış, əksinə, məhkəmə qərarı qəbul etməzdən əvvəl cavabdehə x1-nin x1 hüquqi varisi olub-olmaması barədə sorğu məktubu ünvanlamış və vergi orqanından x1-nin x1 hüquqi varisi olmaması barədə sorğuya cavab aldığı iddiaçının diqqətinə çatdırılmışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12, 14-cü maddələrinin tələblərinə əməl etməmişdir. Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı verilmiş yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəm əsi Azərbaycan Respublikası Konstitusiyasının 60, 70, 125, 127-ci maddələrinin, İPM-in 12.4, 14, 15-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Üçüncü şəxs və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul e dilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayətlər qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsin in tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki: - Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2017-ci il 15 avqust tarixli, 2-1(84)-945/2017 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, 2004-cü il 22 yanvar tarixdə x1 hüquqi varisi olaraq x1 yaradılmışdır; - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; - qanuni qüvvəsini almış məhkəmə qərarı ilə üçüncü şəxs x2nun x6 heç bir aidiyyətin in olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsi MPM-in 82.3-cü maddəsinə əsaslanmaqda haqlı olmamışdır. Belə ki, həmin müddəa işdə iştirak edən eyni şəxslərin iştirak etdikləri mülki məhkəmə icraatı qaydasında baxılan digər mülki iş üzrə prosesdə tətbiq oluna bilər. Digər növ məhkəmə icraatında baxılan (məsələn: cinayət, inzibati və s. məhkəmə icraatında) iş üzrə məhkəmə aktının başqa məhkəmə icraatında preyudisial əhəmiyyət kəsb etməsi isə bilavasitə həmin icraatı tənzimləyən prosessual qanunla müəyyən edilir. Məsələn, MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtis adi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Normanın məzmunundan göründüyü kimi, cinayət məhkəmə icraatı qaydasında qəbul edilmiş məhkəmə aktının mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etməsi MPM-də bilavasitə təsbit olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2017-ci il 15 avqust tarixli, 2-1(84)-945/2017 nömrəli qərarına gəldikdə, həmin məhkəmə aktının mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında qəbul edildiyi nəzərə alındıqda, apellyasiya instansiyası məhkəməsi İPM-in 78-ci maddəsinin (Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri) tələbini rəhbər tutmalı idi. Həmin normanın tələbinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Normanın məzmunundan göründüyü kimi, qanunverici məhkəmə qərarının qanuni qüvvəsini (həm də mübahisə predmetinə münasibətdə) həmin qərarın qəbul edilməsi ilə nəticələnmiş prosesin iştirakçılarına aid etmişdir. Hazırkı halda, cavabdeh inzibati orqan həmin inzibati məhkəmə prosesinin iştirakçısı olmamışdır. Digər tərəfdən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.7-ci maddəsinin tələbinə əsasən, hüquqi şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı əsasında yenidən təşkil edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, bu Qanunun 5. 5-ci maddəsinin tələblərinə riayət edilməklə, həmin hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün əsasdır. Bu halda, dövlət qeydiyyatı bu Qanunun 8-ci maddəsində göstərilmiş müddətdə həyata keçirilməlidir. Normanın məzmunundan göründüyü kimi, hüquqi şəxs hətta məhkəmənin qərarı əsasında yenidən təşkil edildikdə belə, həmin hüquqi şəxsin dövlət qeydiyyatına alınması zamanı həmin Qanunun 5.5-ci maddəsinin tələblərinə riayət edilməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.5-ci maddəsinin tələbinə əsasən, yenidən təşkil nəticəsində yaradılan qurumların dövlət qeydiyyatına alınması barədə ərizəyə habelə aşağıdakılar əlavə edilir: 5.5.1. yenidən təşkil haqqında qərar; 5.5.2. təhvil aktı və ya bölünmə balansı; 5.5.3. mətbuatda müvafiq elanın dərc olunma sı barədə məlumat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 56.5-ci maddəsinə əsasən, bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Normaların tələbindən göründüyü kimi, hüquqi şəxsin “çevrilmə” qaydasında yenidən təşkilinin və hüquq varisliyinin təsdiqi üçün ən azından hüquqi şəxsin yenidən təşkili haqqında qərar və təhvil aktı olmalıdır. Hazırkı işdə həmin sənə dlərin cavabdehə təqdim olunduğuna dair məlumat yoxdur. Əksinə, cavabdeh təsdiq edir ki, x1-nin qeydiyyat qovluğunda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edilmiş sənədlərdən heç biri aşkar edilməmişdir. İşin bu cür vəziyyətində apellyasiya instansiyası məhkəməsi digər şəxslərin (x1 təsisçilərinin/iştirakçılarının) hüquq və vəzifələrinə dair məsələni onların iştirakı (məlumatı) olmadan həll etməkdə haqlı olmamışdır. Belə ki, x1 sonrakı (və ya hazırkı) taleyi, habelə, Müəssisənin “müştərək” olduğu nəzərə alındıqda, onun təsisçilərinin/iştirakçılarının hazırkı iddiaya münasibətləri barədə də işdə məlumat yoxdur. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “x1-nin qeydiyyat qovluğuna baxış keçirilmiş və Hüquqi şəxslər in dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununda qeyd edilmiş sənədlərdən heç biri aşkar edilməmiş, eləcə də, iddia ərizəsində əksi qeyd edilsə də, cəmiyyətin Nizamnaməsində x1nin x1 hüquqi varisi olması barədə qeyd tapılmamışdır. Qeyd edilən hallar, bu halları təsdiq edən sənədlərlə birlikdə, birinci instansiya məhkəməsinin diqqətinə çatdırılsa da, məhkəmə iddianı təmin etmişdir. Belə ki, iddiaçı 10 saylı Ərazi Vergilər İdarəsinə müraciət etdiyində x1 (VÖEN **********) təsis edilən zaman hüquqi şəxsin nizamnaməsində texniki səhv olaraq x1 x6 hüquqi varisidir” sözünün qeyd edilməsinin yaddan çıxarılmasını qeyd etsə də, daha sonra məhkəməyə üzərinə hüquqi varislik barədə əlavələr edilmiş, yəni təhrif olunmuş hüquqi şəxsin nizamnaməsini təqdim etmişdir. S ənəd üzərində düzəlişlər edilməsinə, məhkəmə və inzibati orqanı bu tip hərəkətlərlə yanıltmağa çalışılmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamışdır.”. Apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlillərini araşdırmamış, onlara münasibət bildirməmişdir. İPM-in 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin normanın tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Qanuni qüvvəsini a lmış məhkəmə qərarı ilə üçüncü şəxs x2nun x6 heç bir aidiyyətinin olmadığının müəyyən edildiyinə dair dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, x2 x6 aidiyyətinin olmaması apellyasiya instansiyası məhkəməsinin hüquqi varisliklə bağlı gəldiyi nəticənin əsası kimi çıxış edə bilməz. İPM-in yuxarıda istinad edilən normalarının tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndər ilməli olduğundan şikayətlər iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 17 dekabr tarixli 2-1(107)-552/2018 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayətlər qalan hissələrdə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-993/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-993/2019
03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver