Məhkəmə qərarları › İş №2-1(102)-996/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-996/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-996/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: 3-cü qrup müddətsiz əlilliyin elektron sistemdə bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimləri Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1970-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-S osial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “3-cü qrup müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2-1(103)-188/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının 814 saylı xx.xx.2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, iddiaçı Cəbrayıl RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, onun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi M.Nağıyev adına kliniki təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Çanağın sol nahiyyəsinin yumşaq toxumalardan keçən odlu silah yarası (güllə). Yaranın irinləməsi” və xx.xx.1994-cü ildə ildə MN MHP-nin HHK-sı tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi – diaqnoz: “Odlu silahla güllə yaralanması nəticəsində bud-çanaq oynağı nahiyyəsinin irinləmiş yarası” (Cəbrayıl RHK-nın xx.xx.2009-cu il tarixli 260 nömrəli arayışı, M.Nağıyev adına kliniki təcili tibbi yardım xəstəxanasından verilmiş xx.xx.1994-cü tarixli çıxarış epikrizi, MN MHP-dan verilmiş xx.xx.1994-cü il tarixli 377 saylı və xx.xx.1994-cü il tarixli 2121 saylı arayışlar ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

2. Zona Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən iddiaçıya xx.xx.2 009-cu ildən xx.xx.2014-cü ilədək hər il müddəti 1 il olmaqla İİİ qrup əlillik təyin edilmiş, sonuncu dəfə 411013 saylı arayışda xx.xx.2014-cü il tarixdə keçirilmiş müayinəni nəticəsi olaraq qeyd edilmişdir ki, iddiaçı İİİ qrup müddətsiz əlildir (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar).

3. İddiaçı əlilliyə görə sosial ödənişlər almışdır.

4. Sonradan iddiaçının əlilliyi ilə bağlı sosial ödənişin verilməsi dayandırılmış və bu halın araşdırılması zamanı iddiaçıya məlum olmuşdur ki, xx.xx.2014-cü ildə sonuncu dəfə müddətsiz verilmiş 3-cü qrup əlillik elektron sistemə bir illik daxil edilmişdir.

5. Bununla əlaqədar iddiaçı 3-cü qrup əlilliyinin bərpası ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinə münasibətdə hərəkətsizlik göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək xx.xx.2014-cü il tarixdən 3-cü qrup əlil kimi müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2009-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, onunla bağlı "Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” qərarı verilmişdir. 2001-ci ildən 3-cü qrup əlildir və xx.xx.2014-cü il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə cavabdeh tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup müddətsiz əlillik təyin edilmişdir. 2020-ci ilin sentyabr ayından əlilliyə görə ona pensiya verilməmiş və elektron sistemə baxış keçirən zaman məlum olmuşdur ki, onun müddətsiz əlilliyi sistemə 1 illik yəni, 2015-ci il tarixədək kimi daxil edilmiş, əsassız olaraq onun pensiyasının hesablanması dayandırılmışdır. Halbuki, o, 2014-cü ildən müddətsiz əlildir və 2020-ci ilin avqust ayına kimi pensiya ilə təmin olunmuşdur. Odur ki, cavabdeh orqan onun xx.xx.2014-cü ildən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 3-cü qrup müddətsiz əlil olmasını elektron sistemdə bərpa etməlidir. Onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki o, 2014-cü ildə qiymətləndirilmiş və 3-cü qrup müddətsiz əlillik almışdır.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı barəsində qərar 2020-ci ilin sentyabr ayında verilsə də, o, 2021-ci ilin fevral ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən iddia müddətini ötürmüşdür. Belə ki, İPM-nin 38-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

9. Bakı İnzibati Mə hkəməsinin (hakim G.A.Sevdimalıyeva) 18 iyun 2021-ci il tarixli, 2-1(112)-4867/2021 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçının İİİ (üçüncü) dərəcə əlil kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizə ilə əlaqədar müddətsiz əlilliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində xx.xx.2014-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 38, 60 və 71-ci maddələrinə, X1 Konvensiyasının 1-ci maddəsinə, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.8, 13, 67 və 69-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydas ına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş və 5 fevral 2016-cı il tarixədək qüvvədə olan (“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il № 36 Qərarı ilə qüvvədən düşmüşdür) “Tibbi-sosial ekspert komissiyaları haqqında əsasnamə”nin 5.2-ci bəndinə istinad edərək qeyd etmişdir ki, iddiaçıya ilkin əlillik 2009-cu ildə təyin olunmuş, illər üzrə (hər il olmaqla) təkrar müayinədən keçmiş, sonuncu dəfə TSEK-də xx.xx.2014-cü il tarixdə təkrar müayinədən keçmiş, əlillik “müddətsiz” müəyyən edilmiş, əmək qabiliyyətinin itirilməsinin faizi müddətsiz təyin edilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olmuş, xx.xx.2020-c i il tarixədək əlilliyə görə pensiya almış, qeyd edilən müddətdə təkrar müayinəyə dəvət olunmamış və buna baxmayaraq, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində əlilliyin müddəti xx.xx.2015-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının etimad hüququ qanunla qorunur, cavabdehin hərəkətləri qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A. P.Oruczadə) 26 yanvar 2022-ci il tarixli, 21(1 03)-188/2022 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmələr tərəfindən prosessual hüquq normaları pozulmuş, iddiaçının iddia müddətini ötürməsi halı nəzərə alınmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. İddiaçı tərəfindən kassasiya şikayətinə qarş ı etiraz təqdim edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə:... 1.4. Tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə — zona tibbi-sosial ekspert komissiyaları; ali pillə — Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. 1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsas ında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir.... 3.1. İlkin TSEK-lərin vəzifələri. Tibbi-sosial ekspert komissiyaları:... həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir;

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmi ş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, i nzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin q ərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏ HKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müə yyən olunur ki, iddiaçıya 2009-2013-cü illərdə müxtəlif zona tibbi-sosial ekspert komissiyaları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə İİİ qrup əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2014-cü il tarixdə aparılmış müayinənin nəticəsi olaraq 9 nömrəli Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İİİ qrup əlillik təyin edilmişdir (411013 nömrəli arayışla). Eyni zamanda, iddiaçı təyin edilmiş əlillik əsasında 2020-ci ilin ortasınadək müvafiq sosial ödənişlər almışdır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnaməyə əsasən zon a tibbi-sosial ekspert komissiyaları həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir.

27. İddiaçıya 9 nömrəli Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təyin edilmiş əlillik müddətsiz olduğu halda, həmçinin təyin edilmiş əlillik daha sonra inzibati orqan tərəfindən dəyişdirilmədiyi və ləğv edilmədiyi halda, əlillik alt sistemində iddiaçıya təyin edilmiş əlillik müddətli göstərilmişdir (xx.xx.2014-xx.xx.2015).

28. Qeyd edilməlidir ki, 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin müddəalarına əsasən zona tibbi-sosial ekspert komissiyalarının əlilliyin təyini ilə bağlı verdiyi sənədlər əlilliyi (o cümlədən əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını) müəyyən edən əsas sənəddir, yəni inzibati aktdır. Əlillik alt sisteminə isə məlumatlar məhz həmin sənəd əsasında daxil edilməlidir, başqa sözlə, əlillik alt sistemindəki məlumatlar zona tibbi-sosial ekspert komissiyalarının əlillik ilə bağlı verdiyi sənədin (inzibati aktın) məzmununa uyğun olmalıdır.

29. Lakin, hazırkı iş üzrə iddiaçıya 9 nömrəli Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İİİ qrup əlillik təyin edildiyi halda, əlillik alt sistemindəki məlumatlarda əlilliyin müddəti xx.xx.2015-ci ilədək göstərilmiş, bununla da, elektron sistemdəki mə lumatın səhv daxil edildiyi müəyyən edilmiş, cavabdeh həmin məlumatın əsaslılığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

30. Bundan əlavə, iddiaçıya 2020-ci ilin ortasınadək əlilliyə görə sosial ödənişlər ödənilmişdir. Başqa sözlə, xx.xx.2015-ci ildən sonra da cavabdeh onun əlilliyini dayandırmamış, iddiaçıya münasibətdə müddətsiz əlil kimi davranmış və ondan irəli gələn müvafiq hərəkətlər etmişdir. Beləliklə, iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır.

31. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).

32. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının faktiki olaraq əlilliyinin dayandırıldığı anda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə c əlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

33. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati orqan tərəfindən əməl edilməli olan məcburi prosedur qayda müəyyən etmiş, lakin cavabdeh buna riayət etmədən faktiki olaraq əlilliyi dayandırmış, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur.

34. Məhkəmə kollegiyası kassatorun iddianın mümkünsüzlüyü ilə bağlı isə dəlilləri ilə əlaqadar olaraq isə qeyd edir ki, iddiaçının hazırkı iş üzrə tələbi qanuni qüvvədə olan inzibati aktdan irəli gələn cavabdehin öhdəliklərinin icra edi lməsi ilə bağlı olub (əlilliklə bağlı məlumatların elektron sistemə düzgün daxil edilməsi), mübahisələndirmə haqqında iddialara aid deyildir. Bu halda, iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir, həmin iddialar üzrə isə mümkünlük şərti kimi iddia qaldırılarkən hansısa müddətə riayət edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 21(103)-188/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar