Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4807/2021 saylı 16.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********066200 saylı, 04 fevral 2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilmə və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və sərəncamda olduğu 09.01.2018-ci il tarixdən 26.04.2019-cu ilədək və 29.01.2020-ci il tarixdən 29.01.2021-ci il tarixədək olan dövr üçün iddiaçıya ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4807/2021 saylı iş üzrə qəbul etdiyi 16 iyul 2021-ci il tarixli qərardadı ilə iddia tələbləri, işə bərpa edilmə və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və sərəncamda olduğu 09.01.2018-ci il tarixdən 26.04.2019-cu ilədək və 29.01,2020-ci il tarixdən 29.01.2021-ci il tarixədək olan dövr üçün iddiaçıya ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissələrində mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2694/2021 saylı 29.10.2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddianın əsaslarına görə “...iddiaçı Vergi orqanlarına işə qəbulla əlaqədar 2005-ci ildə test üsulu ilə keçirilmiş imtahanda müsbət nəticə göstərərək 05.06.2006-cı il tarixindən vergi orqanlarında xidmətə başlamış və 2018-ci ilin yanvar ayınadək müxtəlif vəzifələrdə (dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, bölmə rəisi, şöbə rəisinin müavini, idarə rəisinin müavini) xidmət göstərmişdir. Vergilər nazirinin “Dövlət vergi orqanlarında yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatının siyahısının təsdiq edilməsi haqqında” əmriylə aidiyyəti kadr ehtiyatlarının siyahısına əlavə olunmuş və dəfələrlə təlimlərdə iştirak etmişdir. İddiaçı işlədiyi bütün dövrlərdə nümunəvi xidmət aparmış, vergi orqanlarının mənafeyini hər şeydən uca tutmuşdur. Həmçinin xidmət göstərdiyi müddətdə iki dəfə attestasiyadan keçirilmişdir. Lakin bütün bu yüksək göstərici və nailiyyətlərə baxmayaraq Dövlət Vergi Xidməti iddiaçıyla bağlanmış əmək müqaviləsinə xitam verməklə onun hüquqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.1-ci maddəsində işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işəgötürən tərəfindən hansı şəxslərin işdə saxlanmasına üstünlük verildiyi göstərilmişdir. Həmin maddənin ikinci bəndində qeyd olunmuşdur ki, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların işdə saxlanılmada üstünlük hüququ vardır. İddiaçı ailəlidir və öhdəliyində iki azyaşlı övladı var (5 və 8 yaşlarında). Valideynlərinin hər ikisi təqaüdçüdür. Ailəsinin təminatını vergi orqanında şərəf və ləyaqətlə xidmət etməklə təmin etmiş və əlavə gəlir mənbəyi olmamışdır və hal-hazırda da yoxdur. Cavabdeh bütün bu hallara önəm verməmişdir. Hətta iddiaçının əmək müqaviləsinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilsə də cavabdeh orqan mart ayında vergi orqanlarına işə qəbulla bağlı yeni müsabiqə keçirməyi nəzərdə tutmuşdur. Həmçinin digər bir pozuntu isə 09.01.2018-ci il tarixdən 12.12.2018-ci ilədək və 29.01.2020-ci il tarixdən 29.01.2021-ci il tarixədək sərəncamda saxlanmağı və həmin dövr üzrə ona heç bir maaş verilməməsi və ödəniş edilməməsidir.“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Sözügedən Əsasnamədə də göstərildiyi kimi onun sərəncamda olduğu müddətdə əmək haqqı saxlanılmalı idi. Cavabdeh iddiaçının işdən azad edilməyi barədə **********066200 saylı, 04 fevral 2021-ci il tarixli əmri qəbul edərkən əmək qanunvericiliyinin tələblərini çox kobud şəkildə pozmuşdur...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Vergilər Nazirliyinin 29.01.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Daha sonra Xidmətin 04.02.2021-ci il tarixli **********066200 nömrəli əmri ilə 29.01.2021-ci il tarixdən sərəncamından çıxarılmışdır. Qeyd olunan 04.02.2021-ci il tarixli əmrlə Xidmətin sərəncamından çıxarıldığından həmin əmrin ləğvi onun işə bərpa edilməsi ilə nəticələnə bilməz. Çünki iddiaçı ilə Xidmət arasındakı əmək müqaviləsinə həmin əmrlə deyil, 29.01.2020-ci il tarixli əmrlə xitam verilmişdir. Belə ki, 29.01.2020-ci il tarixli əmrin icrası ilə əlaqədar olaraq bir il bundan əvvəl, yəni 06.02.2020-ci il tarixdə iddiaçı ilə təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə iddiaçı tərəfindən imzalanmışdır. 06.02.2020-ci il tarixli təhvil-təslim aktının əlavəsinə əsasən iddiaçı tərəfindən xidməti vəsiqə təhvil verilmiş və iddiaçı onun işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar 29.01.2020-ci il tarixli əmrlə tanış edilmiş və əmrin bir nüsxəsi ona təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı ilə 06.02.2020-ci il tarixdə təhvil-təslim işləri aparılmasına və məhz elə həmin tarixdə işdən azad edilməsi barədə əmrin ona təqdim edilməsinə baxmayaraq o, işə bərpa tələbi barədə iddia ərizəsi ilə məhkəməyə 04.03.2021-ci il tarixdə, yəni bir ildən daha artıq müddət keçdikdən sonra müraciət etmişdir. Nəticədə, iddiaçı onun işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə 29.01.2020-ci il tarixli əmrin mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən 04.02.2021-ci il tarixli əmrə gəldikdə isə bildirilir ki, həmin əmr sadəcə formal olaraq iddiaçının Dövlət Vergi Xidmətinin sərəncamından (ehtiyatından) çıxarılmasını nəzərdə tutur və bu əmrin ləğv edilməsi iddiaçının işə bərpa edilməsi anlamına gəlmir. Başqa sözlə, həmin əmrin ləğv edilməsi iddiaçının tələbində qeyd olunan hüquqi nəticəyə gətirib çıxarmayacaqdır . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4807/2021 saylı 16.07.2021-ci il tarixli qərarı ilə iddiaçının əmrin ləğvinə dair iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı 04.02.2021-ci il tarixli qərarla işdən azad olunmamış,sərəncama götürülmüşdür ki, bu da diskresion səlahiyyətdir. Halbuki, sərəncamdan çıxarılma barədə əmr yekun əmr və yekun inzibati aktdır və məhz həmin inzibati akt mübahisələndirilməlidir. Belə olmazsa heç bir hüquqi müdafiə vasitəsi qalmır. Məhkəmə birtərəfli qaydada işi araşdırmış, qərəzli davranmış, heç bir əsas olmadan cavabdeh tərəfindən verilmiş etiraza əsaslanaraq iddia tələbini rədd etmişdir. Məhkəmə mötəbər sübutlara düzgün hüquqi qiymət verməyərək işin faktiki hallarını və tərəflərin həqiqi vəziyyətlərinin işin hallarına uyğunluğunu dəqiqliklə yoxlamamışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının 07.04.2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Cabbarova apellyasiya şikayətinə etirazına vermiş və iddiaçının sərəncamda olma müddətinin uzadılmasına dair srəncamların surətlərini və ona əlavə edilmiş Siyahını məhkəməyə təqdim edərək, qanuni əsslarla iddiaçının 29 yanvar 2020-ci il tarixli əmrlə tutduğu vəzifasindən azad edilərək 3 aylıq sərəncama çıxarıldığını, daha sonra isə 04.02.2021ci il tarixli sərəncama əsasən onun 29 yanvar 2021-ci il tarixdən Xidmətin sərəncamından çıxarıldığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən: 61.1.Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən diskresion sələahiyyətləri daxilində “təşkilati ştat tədbirlərinin həyata keçirilmiş və həmin tədbirlər çərçivəsində iddiaçı ilk öncə tutdığı vəzifəsindən azad edilərək sərəncama çıxarılmış, daha sonra mübahisələndirilən sərəncamla olmadan çıxarılmışdır. Belə ki, işə əlavə olunmuş, iddiaçının ləğvini tələb etdiyi cavabdeh Dövlət Vergi Xidmətinin **********066200 saylı 04.02.2021-ci il tarixli “sərəncamdan çıxarılma haqqında” əmrdən çıxarışdan görünür ki, Xidmətin hüquq sələfi Vergilər Nazirliyinin **********098100 saylı 29 yanvar 2020-ci il tarixli əmri ilə Vergilər Nazirliyinin sərəncamına götürülmüş İddiaçı, 29 yanvar 2021-ci il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Vergilər Nazirliyinin **********098100 saylı 29 yanvar 2020-ci il tarixli “təşkilati ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazi həmin əmrlə rliyinin sərəncamına götürülmə haqqında” əmrində isə təsbit olunmuşdur ki, aparılacaq təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin adları aşağıda qeyd olunan əməkdaşlarının əmək müqavilələrinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduqları vəzifədən azad edilsinlər və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsünlər:
14. İddiaçı: vergi xidməti müşaviri - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 29 yanvar 2020-ci il tarixdən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilsin və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsün...” Hazırkı mərhələdə məhkəmənin tapşırığına əsasən məhkəməyə təqdim edilmiş cavabdeh 05.05.2020-ci, 30.07.2020-ci və 04.11.2020-ci il tarixli əmrlərindən görünür ki, iddiaçının sərəncamda olma müddəti hər dəfə 3 ay müddətinə artırılmış və sonucu əmrlə onun təyin edilən 3 aylıq uzadılma müddəti bitdikdən sonra, hazırkı mübahisənin predmetini təşkil edən 04.02.2021-ci il tarixli əmrlə iddiaçı sərəncamda olmadan çıxarılmışdır. Göründüyü kimi, cavabdehin mübahisələndirilən 04.02.2021-ci il tarixli əmrinin əsasını adıçəkilən əmrlər təşkil edtmişdir. Həmin əmrlərin isə qəbul edilməsinin faktiki şərtləri araşdırıldıqda isə müəyyən olunur ki, onların qeyd olunan olunan xronoloji ardıcıllıqla qəbulu işin hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikasının 12 iyn 2001-ci il tarixli (№) Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin tələblərinə görə:
75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: “...3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə...”
38. Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir.” Əsasnamənin qeyd olunan tələblərindən göründüyü kimi, vəzifəli şəxs təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar tutduğu vəzifəsindən azad olunaraq 3 ay müddətinə sərəncamda saxlanıla və bu müddət 1 il müddətindən çox olmayaraq uzadıla bilər, digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda isə o, sərəncamdan çıxarıla bilər. İşin qeyd olunan hallarıdan da göründüyü kimi, iddiaçı, qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq ilk öncə cavabdehin 29.01.2020-ci il tarixli əmri ilə təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunaraq 3 ay müddətinə sərəncama götürülmüş, həmin müddət bitdiyində müvafiq əmrlərlə bir il müddətinədək sərəncamda olma müddəti uzadılmış və həmin müddət ərzində onun digər vəzifəyə təyin olunması qeyri-mümkün olmuş və o,cavabdehin hazırkı mübahisələndirilən (04.02.2021-ci il tarixli) əmri ilə sərəncamda olmadan çıxarılmışdır. Ümumiyyətlə, iş materiallarına və tərəflərin nümayəndələrinin izahatlarına əsasən müəyyən olunur ki, iddiaçı bu sonuncu (04.02.2021tarixli) sərəncamdan çıxarılması haqqında əmrin ləğv edilməsi tələbini 04.03.2021-ci il tarixində yalnız məhkəmə qaydasında tələb etmiş, bunun isə səbəbi isə onunla əlaqədar olmuşdur ki, onun tutduğu vəzifəsindən azad olunması barədə 29.01.2020-ci il tarixli ilkin əmri mübahisələndirməməsi ondan irəli gəlmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 73-cü və İPM-in 38.1-ci maddəsi ilə müəyyən olunan 30 günlük (hüquqi müdafiə vasitələri izah olunmadıqda isə ən çoxu 6 aylıq) müddəti ötürmüş və bərpa olunması üçün üzürlü səbəblərin əsaslanıdırılmasında perspektivi mövcud olmamışdır. Onu da qeyd etmək lazımdır ki, cavabdehin tədqiq olunan əmrlərindən və ona edilmiş əlavələrədən görünür ki, həmin əmrlərlə Dövlət Vergi Xidmətində təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar, təkcə iddiaçı deyil, 24 vəzifəli şəxs tutduğu vəzifələrindən azad olunaraq sərəncama çıxarılmış və son nəticədə, digər vəzifə ilə təmin olunmalarının mümkünsüzlüyündən sərəncamda olmadan çıxarılmışlar. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının”sərəncamdan çıxarılması haqqında” 04.02.2021-ci il tarixli əmri maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun əsaslandırılmışdır. Belə olan halda, həmin əmr qanunsuz inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbi isə onu nəzərdə tutur ki, inzibati akt o halda qanunsuz sayılır ki, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş olsun. Beləliklə də cavabdehin mübahisələndirilən iddiaçının sərəncamdan çıxarılması haqqında 04.02.2021-ci il tarixli əmrinin qanunsuz sayılmasına əsas ola bilən hallar mövcud deyil. Başqa sözlə, cavabdeh tərəfindən İPM-in 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq həmin əmrin qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmiş olur. Həmin Məcəllənin 70.1-ci maddəsindən isə görünür ki, məhkəmə, o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin inzibati akt qanuna zidd və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda isə belə halların mövcudluğu öz təsdiqini tapmır. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiysı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4807/2021 saylı 16.07.2021-ci il tarixli qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və bu baxımdan, iddiaçının apellyasyia şikayətinin həmin qərarın işin faktiki hallarına uyğun olmadığını, qanunsuz və əsassız çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4807/2021 saylı 16.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Həmid Həmidov
Vidadi Məmmədov