Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və X9 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı nümayəndəsi X5 və nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X1, Üçüncü şəxs “X20” Şirkətinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1875/2017 saylı 20 sentyabr 2017-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri Binəqədi rayonu, Sulu-təpə bağ massivində yerləşən 51a/151a saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 və İstismarı Birliyi ilə onun arasında xx.xx.1999-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Sulu-təpə bağ massivində yerləşən 51a/151a saylı bağ sahəsi onun icarəsinə (istifadəsinə) verilmişdir. Bağ sahəsi uzun illərdir onun istifadəsindədir və bağ sahəsi daş hasara alınmışdır. O, dəfələrlə bu sahənin özəlləşdirilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, lakin onun xahişi təmin edilməmişdir. Sonuncu dəfə cavabdehə xx.xx.2016-cı il tarixdə müraciət etmiş, cavabdeh xx.xx.2016-cı il tarixli məktubla ərizəsinin icrasından imtina etmişdir. İmtina məktubunda göstərilmişdir ki, idarənin elektron baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Bundan əlavə sözügedən bağ sahəsinin 500 kv.m hissəsi bağçılıq yoldaşlığın ayrıc aktından kənara düşür. Hesab edir ki, imtina əsassızdır. Belə ki, həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir və üçüncü şəxslərin hüquqlarına toxunmur. ARDNŞ-ın «Neftqazçıxarma» İdarəsi tərəfindən verilmiş xəritədən görünür ki, ona ayrılmış 51a/151a saylı bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərlə üst-üstə düşmür. Eləcə də bağ sahəsinin qonşuluğunda olan bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1875/2017 saylı 20 sentyabr 2017-ci il tarixli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, idarənin elektron baza məlumatlarına əsasən müvafiq torpaq sahəsi AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Bundan əlavə, sözügedən bağ sahəsinin 500 kv.m hissəsi bağçılıq yoldaşlığın ayrıc aktından kənara düşür, bu səbəbdən də ərizənin icrası tərəflərindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı nümayəndəsi X12 və nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X8 və üçüncü şəxs “X20” Şirkətinin nümayəndəsi X14 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -- 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «İnzibati icraat haqqında» Qanunun: -12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin X4 və İstismarı Birliyinin xx.xx.1999-cu il tarixli 3 saylı sərəncamının 3 №-li protokolu əsasında X4 və İstismarı Birliyi ilə arasında bağlanmış Bakı şəhəri Binəqədi rayonu, Sulu-təpə bağ massivində yerləşən 51a/151a saylı 0,10 ha bağ sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1999-cu il tarixli 22192 №-li müqavilə əsasən istifadəsinə verilmiş Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 51a/151a saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətindən imtina məktubunda, iddia ərizəsinə yazılı etirazında və apellyasiya şikayətində aşağıda qeyd olunan hala istinad etmişdir: - elektron baza məlumatlarına əsasən müvafiq torpaq sahəsinin AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması; -sözügedən bağ sahəsinin 500 kv.m hissəsinin bağçılıq yoldaşlığın ayrıc aktından kənara düşməsi. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin X4 və İstismarı Birliyinin 11xx.xx.1999-cu il tarixli 3 saylı sərəncamının 3 №-li protokolu əsasında X4 və İstismarı Birliyi ilə İddiaçı arasında Bakı şəhəri Binəqədi rayonu, Sulu-təpə bağ massivində yerləşən 51a/151a saylı 0,10 ha bağ sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1999-cu ill tarixli 22192 №-li müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən 51a/151a nömrəli bağ sahəsinin hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün icarədara verilməsi və icarədarın isə həmin bağ sahəsini təhvil almağı nəzərdə tutulmuş, 2-ci bəndinə əsasən müqavilə 20 ildən artıq olmayan müddətinə müəyyən edilmişdir. X4 və İstismarı Birliyi tərəfindən İddiaçı icarəsinə verilmiş 51a/151a saylı, eyni zamanda onunla qonşuluqda yerləşən 50a/150a saylı, 51 b/151 b saylı, 50b/150b saylı bağ sahələrinin planı təsdiq edilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı imtina hallarının əsaslı olubolmaması istiqamətində araşdırma aparılmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-404/2018 saylı, 30 yanvar 2018-ci il tarixli qərardadı ilə AR Dövlət Neft Şirkəti üçüncü şəxs qismində işə cəlb edilmiş, AR Dövlət Neft Şirkətinə sorğu ünvanlanaraq yaranmış zərurətlə əlaqədar Dövlət Neft Şirkətinə sorğu ünvanlanaraq Bakı şəhər İcra Hakimiyyətinin X4 və İstismarı Birliyinin xx.xx.1999-cu il tarixli 3 saylı sərəncamının 3 №-li protokolu əsasında X4 və İstismarı Birliyi ilə İddiaçı arasında Bakı şəhəri Binəqədi rayonu, Sulu-təpə bağ massivində yerləşən 51a/151a saylı 0,10 ha bağ sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1999-cu il tarixli 22192 №-li müqavilə əsasında iddiaçıya icarəyə verilmiş 51a/151a saylı, 0,10 ha bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin AR DNŞ-nin istifadəsində olan ərazilərə aid olubolmaması barədə məlumatların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. AR Dövlət Neft Şirkəti məhkəməyə etiraz ünvanlayaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsindən SOCAR-a 09 fevral 2018-ci il tarixdə daxil olmuş 30 yanvar 2018-ci il tarixli 2-1(103)-404/2018 nömrəli iş üzrə sorğunuz əsasında, iddiaçının nümayəndəsi X2 iştirakı ilə xx.xx.2018-ci il tarixdə torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin koordinatları götürülmüş və həmin koordinatların UTM WGS 84 koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin X4 və istismarı Birliyinin (Birlik) xx.xx.1999-cu il tarixli 3 saylı sərəncamının 3 nömrəli protokolu əsasında Birlik ilə İddiaçı arasında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən, xx.xx.1999-cu il tarixli 22192 nömrəli müqavilə əsasında iddiaçıya icarəyə verilmiş 51a/151a saylı 0.10 ha bağ sahəsinin yerləşdiyi torpaq sahəsi (1027 m2) Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi. Wırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Sabandaq və Siansor neft yataqlarının daxil fblduäu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən, “X20” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Bu fakt Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən sonuncu dəfə xx.xx.2013-cü ildə təsdiq olunmuş xəritə, xx.xx.1976-cı ilin xəritəsi (xəritələrin surəti əlavə olunur) və eyni zamanda Sazişin 2 nömrəli əlavəsi ilə (surəti əlavə olunur) təsdiq olunur. Qeyd olunan Qanunun 4cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Qanunun qeyd olunan bəndi sözügedən torpaq sahəsinin müxtəlif vətəndaşlara ayrılması barədə qəbul olunmuş qərarların, sərəncamların ləğvi üçün birbaşa olaraq əsasdır. "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının xx.xx.1999cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin (təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Torpaq Məcəlləsinin 22.5ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən “Dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. fS'östərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. ” Bu maddədən açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. Qeyd olunanlara əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1875/2017 saylı 20 sentyabr 2017-ci il tarixli qərarının tam ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 2-1(103)-404/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında sual qoyulmuşdur ki, X7 və İstismarı Birliyi ilə İddiaçı arasında xx.xx.1999-cu il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən iddiaçıya ayrılmış, Bakı şəhəri Binəqədi rayonu, Sulu-təpə bağ massivində yerləşən 51a/151a saylı bağ sahəsinin yerləşdiyi coğrafi koordinatlar Azərbaycan Respublikası Prezidentinin imzaladığı № 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Azərbaycan İ Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, № 296 saylı Sərəncamında göstərilən Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşirmi? 1 saylı Bakı Ərazi İdarəsinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 22 may 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə bağ massivində yerləşən 51a/151a saylı bağ sahəsinə texniki baxış keçirilmişdir. Torpaq sahəsi hasar daxilində 1053,0 m2 təşkil edir, üzərində 2-mərtəbəli yarımçıq tikili mövcuddur. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən sözügedən tikilinin və torpaq sahəsinin bir hissəsi bağçılıq-yoldaşlığının ayrıc aktından kənarda yerləşir. Bu yerlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş nəzarətdə olan ərazilərə düşür, məlumat üçün bildiririk ki, “Binəqədineft” NQÇİ-nin “Məhsul” bağçılıq-yoldaşlığı təsərrüfatı tərəfindən təqdim olunmuş xx.xx.1999-cu il tarixli bağçılıq-yoldaşlığın üzvlük biletinin həqiqiliyinə ciddi şübhə yaranmışdır, bağçılığa dair siyahı və bölgü sxemi barədə məlumatın və sənəd surətlərinin idarəyə göndərilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu göndərilmişdir, sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən “Binəqədineft” NQÇİ-nin “Məhsul” bağçılıqyoldaşlığı təsərrüfatı barədə məlumatı yoxdur. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 16 avqust 2018-ci il tarixli 7475 №-li məhkəmə ekspertizasının rəyinin nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Ə.Quliyev tərəfindən imzalanmış **********28 saylı 22 may 2018-ci il tarixli məktuba əsasən, tədqiq olunan torpaq sahəsi hasar daxilində 1053,0 m2 təşkil edir, üzərində 2 mərtəbəli yarımçıq tikili mövcuddur. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən sözügedən tikilinin və torpaq sahəsinin bir hissəsi bağçılıq—yoldaşlığının ayrıc aktından kənarda yerləşir. Bu yerlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş nəzarətdə olan ərazilərə düşür. “Binəqədineft” NQÇİ—nin "Məhsul" bağçılıq- yoldaşlığı təsərrüfatı tərəfindən təqdim olunmuş xx.xx.1999—cu il tarixli bağçılıq- yoldaşlığın üzvlük biletinin həqiqiliyinə ciddi şübhə yaranmış, buna görə bağçılığa dair siyahı və bölgü sxemi barədə məlumatın və sənəd surətlərinin idarəyə göndərilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq sözügedən "Binəqədineft' NQÇİ-nin, “Məhsul“ bağçılıq yoldaşlığı təsərrüfatı barədə məlumatı olmadığı bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2-1(103)-404/2018 saylı qərardadı ilə “X20” şirkəti üçüncü şəxs kimi işə cəlb edilmişdir. İşə apellyasiya instansiyasında baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı «X20» şirkətinin cavabdeh İddiaçı qarşı «cavabdehin 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması» barədə iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş və Binəqədi rayon Məhkəməsinin 2(001)-6864/18 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilərək, cavabdeh İddiaçı Şirkətin saziş ərazisi hüdudları daxilində, 3 saylı mədənin 6-cı sahəsində inşa edilmış özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili R.A.Qocayev bildirmişdir ki, onlar tərəfindən Binəqədi rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bu əsasla Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2-1(103)-404/2018 saylı qərardadı ilə Binəqədi rayon Məhkəməsinin icraatında olan, iddiaçı «X20» şirkətinin cavabdeh İddiaçı qarşı «cavabdehin Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması» barədə iddiası ilə əlaqədar 2(001)- 6864/18 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1/2023 saylı, 28 avqust 2023-cü il tarixli qərardadı ilə icraat təzələnmişdir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6864/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “X20” Şirkəti cavabdeh İddiaçı qarşı iddianın təmin edilərək, cavabdeh İddiaçı Şirkətin saziş ərazisi hüdudları, 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 50/2021 saylı saylı 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6864/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin qismən - cavabdeh İddiaçı şirkətin Saziş ərazisi hüdudları, 3 saylı mədənin 6-cı sahəsində və şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilinin 992 kv.metr hissəsindən çıxarılması, həmin hissədə tikilinin cavabdehin hesabına sökülməsi və 413 kv.metr torpaq sahəsinin boşaldılaraq iddiaçı “X20” şirkətinin qanuni istifadəsinə verilməsi hissəsində ləğv edilərək, iddianın həmin hissədə rədd edilməsi, qətnamənin qalan cavabdeh İddiaçı inşa etdiyi özbaşına tikilinin 43 kv.m. hissəsindən çıxarılması, həmin hissədə tikilinin cavabdehin hesabına sökülməsi və 587 kv.m. torpaq sahəsinin iddiaçı “X20” Şirkətinin qanuni istifadəsinə verilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı “X20” şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3994/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-50/2021 saylı saylı 17 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşə apellyasiya qaydasında yenidən baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-72/2023 saylı 01 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6864/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı “X20” Şirkətinin cavabdeh İddiaçı qarşı cavabdehin 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Sözügedən qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti məhkəmənin 16 iyun 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, qətnamə qanuni qüvvəsini almışdır. Sözügedən mülki iş üzrə yekun məhkəmə qətnaməsində qeyd edilmişdir ki: İşdən görünür ki, torpaq sahəsi iddiaçıya xx.xx.1999-cu il tarixdə icarəyə verilmişdir, həmin müqavilə öz hüquqi qüvvəsini itirməmişdir, göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir, qeyd olunan torpaq sahəsi cavabdehə icarəyə verildikdən məhz bir neçə il sonra torpaq sahəsinin yerləşdiyi ərazi Dövlət tərəfindən iddiaçının istifadəsinə verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin(o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki,“mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, Dövlət tərəfindən öz mülkiyyətində olan və iddiaçıya icarəyə verilmiş torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmək hüququ iddiaçıya verilmiş və iddiaçı bu hüququnu reallaşdırmaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin imtina aldığına görə hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar iş üzrə “X3 Azərbaycana qarşı” şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə Azneft yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).” Ortofoto görüntülərindən də aydın olduğu kimi mübahisəli torpaq sahəsinin ətrafında fərdi yaşayış evləri inşa edilmiş, küçələr salınmış, nizamnamə kapitalları Dövlətə məxsus təşkilatlar tərəfindən kommunal xidmətlərin göstərilməsi üçün xəttlər çəkilmişdir. Bundan əlavə cavabdehin bağ sahəsinin “Binəqədineft” NQÇİ-nin “Məhsul” yoldaşlıq bağçılığı ayrıc aktından kənarda yerləşməsi ilə bağlı digər dəlilinə cavab olaraq məhkəmə kollegiyası diqqətə çatdırır ki, göründüyü kimi bu hal da imtinaya əsas ola bilməz. Belə ki, məhkəmə araşdırmaları zamanı ərazinin neft əməliyyatları aparılması üçün nəzərdə tutulmuş sahə olduğu bildirilmiş, sözügedən bağçılıq da məhz elə “Binəqədineft” NQÇİ-nin nəzdində yaradılmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1842/2023 saylı xx.xx.2023-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır: Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İşdə Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya ayrılmış Bakı şəhəri Binəqədi rayonu, Sulu-təpə bağ massivində yerləşən 51a/151a saylı bağ sahəsinin qonşuluğunda yerləşən 50b/150b saylı bağ sahəsinin X11 xüsusi mülkiyyətində olmasına dair Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarış verilmişdir. Belə olan vəziyyətdə cavabdehin həmin ərazinin, xüsusilə də iddiaçının qanuni istifadəsində olan 0,10 ha torpaq sahəsinin neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğu ilə bağlı da dəlili ağlabatan deyil. Beləliklə, inzibati işin araşdırılmış hallarından göründüyü kimi, bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1875/2017 saylı 20 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: İkram Şirinov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver