Məhkəmə qərarları › İş №2-1(103)-1/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X12) “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-133/2019 nömrəli, 16 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və İstismarı Birliyi ilə bağlanmış 36212 saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisindəki 0,12 ha torpaq sahəsində yerləşən 38/3781 nömrəli bağ sahəsi üzərində yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində ilkin dövlət qeydiyyatına alınması (mülkiyyət sənədinin verilməsi) vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini və məhkəmə işə baxılarkən cavabdehin və digər şəxslərin hərəkətlərində cinayətlərin əlamətlərini aşkara çıxararsa, bu barədə Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və İstismarı Birliyi ilə bağlanmış 36212 saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən İddiaçı ayrılmış, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində 0,12 ha torpaq sahəsində yerləşən 38/3781 nömrəli bağ sahəsi üzərində ilkin dövlət qeydiyyatının aparılması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və İstismarı Birliyi ilə bağlanmış 36212 saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisindəki 0,12 ha torpaq sahəsində yerləşən 38/3781 nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. Buna qədər isə həmin sahə Bakı şəhər XDS İK-nin 1/145 saylı xx.xx.1990-ci il tarixli qərarına əsasən Kosmik Tədqiqatlar EİB-in (hazırda - Azərbaycan Milli Aerokosmik Ağentliyinin) “Günəş-İİİ” Bağçılıq Yoldaşlığı Cəmiyyətinin üzvü və həmin müəssisənin işçisi kimi iddiaçının istifadəsində olmuşdur. Həmin sahə ona ayrılandan sonra bütün Bağçılıq Yoldaşlığı Cəmiyyətinin üzvləri kimi onun da tərəfindən hasara alınmış, kiçik gözətçi otağı da tikilmiş, lakin sonradan maddi imkanı olmadığına görə ev tikə bilməmişdir. Hazırda maddi imkanı nisbətən düzəldiyindən, həmin sahəyə dair yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində ilkin dövlət qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Həmin müraciətə cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli məktubu ilə cavab verilərək, həmin sahəyə dair başqa şəxsin adına qeydiyyat aparıldığı bildirilmişdir. Belə ki, həmin sahəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə baxış keçirilən zaman, həqiqətən tərəfindən inşa edilmiş hasarın naməlum şəxs tərəfindən sökülərək, yeni hasar inşa edildiyi müəyyən edildi. Halbuki, qeyd edildiyi kimi, həmin sahə tam qanuni əsaslarla onun istifadəsində olmuşdur. Bundan başqa, qanuni istifadəsində olan həmin sahəni başqa şəxslərə vermiş vəzifəli şəxslər, vəzifələrindən sui-istifadə edərək, onun mülkünün özgəninkiləşdirilməsinə nail olmuşlar. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Xaliq İmanovun) 2-1(82)-133/2019 nömrəli, 16 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmiş, mütəxəssis rəyinin verilməsi üçün hesablanmış 211,95 (iki yüz on bir manat, 95 qəpik) manat pulun İddiaçı tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kapital Bank ASC-nin Xətai filialında olan hesablaşma hesabına ödənilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X3 və İstismarı Birliyi ilə bağlanmış 36212 saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində 0,12 ha torpaq sahəsində yerləşən 38/3781 saylı bağ sahəsi üzərində ilkin dövlət qeydiyyatının aparılması və çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli qərarı ilə İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli qərarı əsassız və qanunsuzdur, bu səbəbdən də ləğv olunmalıdır. X3 və İstismarı Birliyi ilə bağlanmış 36212 saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində 0,12 ha torpaq sahəsində yerləşən 38/3781 saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. Həmin vaxtadək sözügedən bağ sahəsi Bakı şəhər XDS İK-nin 1/145 saylı 13 iyun 1990-cı il tarixli qərarına əsasən Kosmik Tədqiqatlar EİB-nin “Günəş-İİİ” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvi və həmin müəssisənin işçisi kimi iddiaçının istifadəsində olmuşdur. Həmin sahə ona ayrılandan sonra tərəfindən hasara alınmış, orada kiçik gözətçi otağı da tikilmiş, lakin sonradan maddi imkanı aşağı olduğundan həmin torpaq sahəsində yaşayış evi tikə bilməmişdir. Hazırda maddi imkanı normal olduğundan həmin sahəyə dair hüquqlarının dövlət qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubu ilə müraciəti müsbət cavablandırılmamış, həmin sahənin başqa fiziki şəxsin adına qeydiyyatdan keçirildiyi qeyd olunmuşdur. Məhkəmə iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qərarı işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırmamış, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2360/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsində İddiaçı cavabdeh X5 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinə baxılıb qurtarılanadək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X12 hazırki iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra apellyasiya baxışı zamanı iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və istismarı birliyi ilə 38/3781 nömrəli bağ sahəsinə dair bağlanmış 36212 saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisindəki faktiki 1079 kv.m torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Ərizədə qeyd olunur: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsində İddiaçı cavabdeh X5 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinə baxılıb qurtarılanadək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Belə ki, İddiaçı cavabdeh X5 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs-Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) tikilinin sökülməsi və bağ sahəsinin boşaldılması tələbinə dair iddiası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddianın dəyişdirilməsi zərurəti yaranmışdır. Belə ki, tərəflər arasında qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli Qərarının 28-ci bəndində müəyyən edilmişdir ki: “28. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin təkrar baxışında cavabdeh X2 istifadəsində olan torpaq sahəsinin İddiaçı 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hüdudları daxilində yerləşibyerləşməməsini müəyyən etmək məqsədi ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6772 nömrəli ekspert rəyi ilə iddiaçının istifadəsində olan 640 kv.m sahənin və iddia olunan 439 kv.m sahənin yerinin müəyyən edilərək cizgisinin tərtib olunması, ümumi iddia olunan sahənin 1079 kv.m təşkil etməsi, bunun 640 kv.m olan hissəsində natamam “B” literli tikilinin mövcud olması, cavabdehin istifadəsində olan 439 kv.m yerin müayinə zamanı müəyyən edilməsi, həmin 439 kv.m sahədə “A” literli 1 mərtəbəli mansardlı bağ evinin və köməkçi həyət tikililərinin inşa olunması, cavabdeh tərəfindən həmin 439 kv.m sahəyə dair heç bir hüquq müəyyənedici sənəd təqdim olunmaması, cavabdehin istifadə etdiyi 439 kv.m sahənin iddiaçının iddia etdiyi ərazi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İddia olunan torpaq sahəsinin mövcud vəziyyətdə 1079 kv.m təşkil etməsi tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir. Odur ki, iddiaçı tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edilir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın dəyişdirilməsi nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 38/3781 saylı bağ sahəsi üzərində yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizəyə baxılmışdır. Elektron baza məlumatlarına əsasən ümumi hasar daxilində 1656.0 kv.metr torpaq sahəsi mövcuddur və həmin torpaq sahəsinin 1200,0 kv.metr hissəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 və X6 ərazisindəki 38/3781 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli, 36212 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Birlik tərəfindən Əzizbəyov rayonu Şüvəlan ərazisindəki 0,12 hektar torpaq sahəsi olan 38/3781 nömrəli bağ müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş “Günəş-İİİ” bağçılıq yoldaşlığının bağçının üzvlük kitabçasının təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı bağçılıq cəmiyyətinin üzvlərinin xx.xx.1999cu il tarixli 02 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona Şüvəlan qəsəbəsi bağçılıq cəmiyyəti bağından sahəsi 1200 kv.metr olan 38 nömrəli bağ sahəsi daimi istifadə etmək üçün verilmişdir. Həmin məktuba X3 və X6 ərazisindəki 38/3781 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli, 36212 nömrəli müqavilənin, “Günəş-İİİ” bağçılıq yoldaşlığının xx.xx.1999-cu il tarixli 02 nömrəli protokolunun təsdiq edilmiş surətləri də əlavə edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, göstərilən əraziyə texniki baxış keçirilmiş, ərazinin ümumi sahəsi 0.11 ha-dır. Ərazi digər fiziki şəxslər tərəfindən mişar daşı ilə hasarlanaraq üç hissəyə bölünüb. Şərq tərəfdəki hissə fiziki şəxs tərəfindən 1-ci və 2-ci natamam tikililər inşa edilib. Qərb tərəfində isə qonşu bağ sahəsinin hasarı daxilində yerləşən əlavə 456 kv.metr torpaq sahəsi yerləşir. 1 saylı Bakı ərazi idarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə digər şəxslər tərəfindən istifadə edilir. Həmçinin, 456 kv.metr hissəsi qonşu mülkiyyətçinin hasarı daxilindədir. B/Y-ın bölgüsünə əsasən göstərilən ərazi 38 saylı bağın ərazisinə uyğun gəlir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı 38/3781 nömrəli bağ sahəsi kimi iddia etdiyi əraziyə texniki baxış keçirilmiş, ümumi sahəsi 0,11 ha olan ərazi digər fiziki şəxslər tərəfindən mişar daşından hasarla üç hissəyə bölünmüş, göstərilən bağ sahəsinin qərb tərəfdəki hissəsi qonşu bağ sahəsinin hasar daxilində yerləşən artıq 456 kv.m olan sahədir. Sözügedən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığı üçün sahənin sənəd üzrə dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/6772 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən iddiaçının istifadəsində olan 640.0 kv.m sahənin və iddia olunan 439.0 kv.m sahənin yeri müəyyən edilərək cizgisi tərtib olunmuşdur. Ümumi iddia olunan sahə 1079.0 kv.m təşkil edir ki, bunun da 640.0 kv.m olan hissəsində natamam “B” literli tikili mövcuddur. Cavabdehin istifadəsində olan 439.0 kv.m yer müayinə zamanı müəyyən edilmişdir. Həmin 439.0 kv.m sahədə “A” literli 1 mərtəbəli mansardlı bağ evi və köməkçi həyət tikililəri inşa olunmuşdur. Cavabdeh tərəfindən həmin 439.0 kv.m sahəyə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Cavabdehin istifadə etdiyi 439.0 kv.m sahə iddiaçının iddia etdiyi ərazi ilə üst-üstə düşür. Həmin mübahisəli 439.0 kv.m şabanın cizgisi və koordinatları mütəxəssis rəyinə əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-221/2020 nömrəli, 27 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən, sənəd üzrə 0,12 ha torpaq sahəsi olan, faktiki isə 0,10 ha təşkil edən 38/3781 saylı bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində cavabdeh X7 tərəfindən tikilmiş fərdi yaşayış evinin sökülməsi, cavabdeh X2 həmin bağ sahəsinin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsinə, yəni 400 kvadrat metr hissəsinə daxil olmasının qadağan edilməsi, iddiaçının bağ sahəsinin cavabdehin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh X7 tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsi, yəni 400 kvadrat metr hissəsinin cavabdeh X7 tərəfindən boşaldılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1904/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-221/2020 nömrəli, 27 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-221/2020 nömrəli, 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1810/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1904/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 və X6 ərazisindəki 39/3782 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli, 36211 nömrəli müqavilənin surətindən görünür ki, Birliyin xx.xx.2007-ci il tarixli 175 saylı protokoluna əsasən Birlik tərəfindən Əzizbəyov rayonu Şüvəlan ərazisindəki 0,12 hektar torpaq sahəsi olan 39/3782 nömrəli bağ müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə X10 istifadəsinə verilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən isə qeyd olunan əsas cavabdehə təqdim edilmişdir. Məhkəmə icraatında iddiaçının təqdim etdiyi sənədlərin qeyri-mötəbərliyi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirilir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 və X6 ərazisindəki 38/3781 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən Birlik tərəfindən Əzizbəyov rayonu Şüvəlan ərazisindəki 0,12 hektar torpaq sahəsi olan 38/3781 nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. Həmin bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. İddiaçı həmin bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən həmin bağ sahəsinin bir hissəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçməsi əsası ilə müraciətindən imtina edilmişdir. Bununla bağlı, apellyasiya baxışı zamanı X12 üçüncü şəxs qismində hazırki iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş arxiv qovluğunda olan sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 və X6 ərazisindəki 39/3782 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli, 36211 nömrəli müqaviləyə əsasən Birlik tərəfindən Əzizbəyov rayonu Şüvəlan ərazisindəki 0,12 hektar torpaq sahəsi olan 39/3782 nömrəli bağ sahəsi üçüncü şəxs X10 istifadəsinə verilmişdir. Göründüyü kimi, X10 istifadəsinə verilmiş bağ sahəsi tamamilə başqa bağ sahəsidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən, sənəd üzrə 0,12 ha torpaq sahəsi olan, faktiki isə 0,10 ha təşkil edən 38/3781 saylı bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində cavabdeh X7 tərəfindən tikilmiş fərdi yaşayış evinin sökülməsi, cavabdeh X2 həmin bağ sahəsinin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsinə, yəni 400 kvadrat metr hissəsinə daxil olmasının qadağan edilməsi, iddiaçının bağ sahəsinin cavabdehin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh X7 tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsi, yəni 400 kvadrat metr hissəsinin cavabdeh X7 tərəfindən boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1904/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-221/2020 nömrəli, 27 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 221/2020 nömrəli, 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1810/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1904/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda qeyd edilməlidir ki, 2(103)-1904/2023 saylı mülki iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan 640.0 kv.m sahənin və iddia olunan 439.0 kv.m sahənin yeri müəyyən edilərək cizgisi tərtib olunmuşdur. Ümumi iddia olunan sahə 1079.0 kv.m təşkil edir ki, bunun da 640.0 kv.m olan hissəsində natamam “B” literli tikili mövcuddur. Cavabdehin istifadəsində olan 439.0 kv.m yer müayinə zamanı müəyyən edilmişdir. Həmin 439.0 kv.m sahədə “A” literli 1 mərtəbəli mansardlı bağ evi və köməkçi həyət tikililəri inşa olunmuşdur. Cavabdeh tərəfindən həmin 439.0 kv.m sahəyə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Cavabdehin istifadə etdiyi 439.0 kv.m sahə iddiaçının iddia etdiyi ərazi ilə üst-üstə düşür. Göründüyü kimi, iddiaçının faktiki istifadəsində olan bağın sahəsi 1079.0 kv.m təşkil edir və iddia tələbində də iddiaçı həmin sahəyə mülkiyyət hüquqlarının dövlət eydiyyatına alınmasını xahiş edir. Eyni zamanda cavabdeh inzibati orqan göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin torpaq sahəsinin 400 kvadrat metr hissəsində cavabdeh X7 tərəfindən tikilmiş fərdi yaşayış evinin sökülməsi, həmin hissəyə daxil olmasının qadağan edilməsi, iddiaçının bağ sahəsinin həmin hissəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh X7 tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və boşaldılması qət edilmişdir. Həmçinin apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə yerində müayinəsi zamanı həmin torpaq sahəsinin hasara alındığı və iddiaçının faktiki istifadəsində olduğu müəyyən edilmişdir. O da qeyd edilməlidir ki, cavabdeh tərəfindən qeyd olunan sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan sənədlərə etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-133/2019 nömrəli, 16 may 2019cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və X6 ərazisindəki 38/3781 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli, 36212 nömrəli müqaviləsinə əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində sahəsi 1079 kv.m olan 38/3781 nömrəli bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar