Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-10/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X19 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, 3-cü şəxsin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X16) qarşı “plan və ölçünün dəyişdirilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-125/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X16) iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinin qonşuluğunda yerləşən və hal-hazırda X8 adına qeydiyyatda olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin plan ölçüsünün tərtib edilməsi zamanı yol verilmiş səhvlərin aradan qaldırılaraq, plan və ölçünün dəyişdirilməsi və həmin bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış 14 iyul 1994-cü il tarixli “Bağın icarəyə verilməsi” haqqında Müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsi 10 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Müqavilənin müddəti bitdikdən sonra onunla Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında 06 avqust 2004-cü il tarixdə Şüvəlan qəsəbəsində yerləşən 0.19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinə dair yeni müqavilə bağlanmış və həmin bağ sahəsi daha 10 il müddətinə onun istifadəsinə verilmişdir. Bağ sahəsi 1947-ci ildən onun ailəsinin istifadə və sahibliyindədir. Həmin bağ sahəsinin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsi məqsədi ilə cavabdehə müraciət olunmuşdur. Xidmətin mütəxəssisləri tərəfindən dəfələrlə yerində ölçü işləri aparılmış və son nəticədə müəyyən edilmişdir ki, onun sahiblik və istifadəsinə verilmiş bağ sahəsinin ölçüsü sənəd üzərində 1900 kv. metr olmasına baxmayaraq, hal-hazırda bağ sahəsinin ölçüsü faktiki 1770 kv. metrdir. Sahənin azaldılması barədə onun hər hansı bir razılığı olmamışdır. Qonşu bağ sahələri tərəfindən isə onun bağ sahəsinə gediş-gəliş yolu ayrılmamışdır. Məhz bu səbəblərdən ona məxsus bağ sahəsinin özəlləşdirilməsindən cavabdeh imtina etmişdir. Qonşuluqda 6 bağ sahəsinin olmasına baxmayaraq, həmin bağlar bir hasarla hasarlanmış və bu bağlara bir giriş qapısı qoyulmuşdur. Belə olan halda müəyyən edilir ki, onun bağ sahəsinin 130 kv. metr hissəsi qonşular tərəfindən zəbt edilmiş və onun bağına gedən yol da öz növbəsində qonşular tərəfindən tutulmuşdur. Halbuki, 2001-ci ilə qədər onun bağına birbaşa yol mövcud olmuş və o, mütəmadi olaraq həmin yoldan istifadə etmişdir. Hal-hazırda isə bağına gedən yol tam şəkildə zəbt edilmişdir. Onda olan məlumata görə həmin bağ sahələrindən yalnız ikisi - Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələri dövlət reyestrində qeydiyyatdan keçmiş və hal-hazırda X8 adınadır. Digər dörd bağ sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən müvafiq müqavilələr bağlansa da, dövlət reyestrində qeydiyyatdan keçməmişlər. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli, 2186 N-li Sərəncamına əsasən 1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alınaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədi ilə Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilməsi qərara alınmışdır. Həmin Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçirilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi; bu sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görülməsi tapşırılmışdır. Qanunvericiliyin tələblərini nəzərə alaraq, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinin 130 kv. metr hissəsinin kim tərəfindən, yəni hansı qonşu tərəfindən zəbt edilməsinin müəyyən olunması məqsədi ilə cavabdehə müraciət edərək, bağ sahəsinin yerləşdiyi ərazinin sxematik xəritəsinin və onun bağ sahəsinə bitişik olan digər qonşuların müqavilələrinin təsdiq edilmiş surətlərinin ona verilməsini xahiş etmişdir. Digər tərəfdən cavabdeh tərəfindən hal-hazırda X8 adına qeydiyyatda olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin plan və ölçüsü tərtib edilərkən səhvə yol verilmişdir. Belə ki, həmin bağ sahələrinin plan və ölçüsü tərtib edilərkən torpaq sahələrinin koordinatları onun və digər bağlara gedən yolun üzərinə salınmışdır. Bu halı nəzərə alaraq, o, cavabdehdən öz müraciətində həm də, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinin qonşuluğunda yerləşən və hal-hazırda X8 adına qeydiyyatda olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin plan və ölçüsünün tərtib edilməsi zamanı yol verilmiş səhvlərin aradan qaldırılaraq, plan və ölçünün dəyişdirilməsi və həmin bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsini xahiş etmişdir. Lakin, cavabdeh onun müraciətinə 21 fevral 2019-cu il tarixli imtina məktubu ilə cavab vermiş və hətta həmin məktubda müraciətində göstərilən məsələlərin bir qisminə ümumiyyətlə toxunmamışdır. 3-cü şəxs iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən hər biri 0,12 ha olan 1086 və 742a/1089 saylı bağ sahələri uzun müddət müvafiq olaraq X2 və X3 mülkiyyətində olmuş, 2009-cu ilin dekabrında alqı-satqı müqavilələri əsasında X10 mülkiyyətinə keçmiş, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. Bağ sahələri X17 tərəfindən alınmazdan çox əvvəl hazırkı ölçülərdə olmuş, torpaq sahələrinin sərhədlərində heç bir dəyişiklik baş verməmiş, hər hansı gediş-gəliş yolunu tutmamışdır. Bu iddia daha əvvəl məhkəmələrdə baxılmış və rədd edilmişdir. İddiaçı bundan əvvəl iki dəfə X12 qarşı məhkəmələrdə iddia qaldırmış və onun iddiaları rədd edilmişdir. Belə ki, birinci dəfə 2016-cı ildə İddiaçı tərəfindən iddia qaldırılaraq özbaşına tutulmuş sahənin geri qaytarılması, özbaşına tikilinin sökülməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, yuxarı instansiya məhkəmələri də həmin qətnaməni əsaslı və qanuni sayaraq qüvvədə saxlamışlar. Həmin iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdeh İ.Əliyevin 1086 və 742a/1089 saylı bağ sahələrini birləşdirərək aralarında olan və 1108 saylı bağa gedən yolu zəbt etdiyini göstərsə də, ümumiyyətlə sözügedən yolun nə vaxtsa mövcud olması və kiminsə tərəfindən zəbt edilməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa həmin ərazidə yolun olması və İ.Əliyev tərəfindən zəbt edilməsi sübut olunsa belə yenə də iddia təmin edilə bilməz. Belə ki, 1108 saylı bağ iddiaçının icarəsinə verilərkən bağın sxemində bağa giriş-çıxış üçün yer qeyd edilmədiyindən və qonşu bağ sahələri tərəfindən gediş-gəliş yolu ayrılmadığından iddiaçının İ.Əliyevə məxsus bağ sahələri arasındakı sahədən gediş- gəliş yolu kimi istifadə etmək hüququ yaranmamışdır. Bundan əlavə İ.Əliyevin 1086 və 742a/1089 saylı bağ sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından AR Mülki Məcəlləsinin 140cı maddəsinə əsasən həmin hüquq qorunmalıdır. İ.Əliyev 2009-cu ildə bağ sahələrini əldə etdikdən sonra onların sərhədlərində hər hansı dəyişiklik etməmişdir. Yuxarıda qeyd olunan mülki iddiadan savayı, 2018-ci ildə İddiaçı inzibati iddia da irəli sürmüş və hazırda İ.Əliyevin mülkiyyətində olan iki bağ sahəsinin koordinatlarının yanlış olduğu üçün həmin əmlaklara aid daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğvini tələb etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(82)- 2653/2018 saylı qərardadı ilə onun iddiası mümkün sayılmamışdır. Həmin qərardadda göstərilir ki, 3-cü şəxsə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsinə əsas olmuş sənədlər mübahisələndirilmədiyi halda mülkiyyət hüququnun qeydinin ləğvinin tələb edilməsi anlaşılan deyil. Bununla yanaşı hazırda iddia tələbi 1086 və 742a/1089 saylı bağ sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin ləğvindən ibarət olsa da iddianın əsasını dövlət reyestrinə daxil edilmiş torpaq sahələrinin koordinatlarının düzgün qeyd edilməməsi təşkil edir. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-125/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verilərək, iş üzrə qərarın ləğv edilməsini, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansia məhkəməsi iddianı iki əsasla təmin etməmişdir: 1) Məhkəmənin mövqeyinə görə İddiaçı istifadəsinə verilmiş müvafiq bağ sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən və həmin bağ sahəsinin planı və ölçüsü tərtib edilmədiyindən, İddiaçı tərəfindən X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, planı və ölçüsü tərtib edilmiş bağ sahələrinin plan və ölçünün dəyişdirilməsi və həmin bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsini tələb etməsi əsassızdır. Halbuki, Bakı İnzibati Məhkəmənin 2-1(112)-208/2021 saylı, 08 may 2021-ci il tarixli qəradadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi tələbinə dair inzibati mübahisəyə dair 2- 1(112)-208/2021 saylı inzibati iş üzrə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X16) qarşı bağ sahələrinin plan və ölçüsünün tərtib edilməsi zamanı yol verilmiş səhvlərin aradan qaldırılaraq, plan və ölçünün dəyişdirilməsi və həmin bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsi barədə 2-1(112)-125/2021 saylı inzibati iş üzrə mübahisə həll edilənə kimi dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1785/2021 saylı, 08 iyul 2021ci il tarixli Qərardadı ilə tərəfimizdən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(112)-208/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadda göstərmişdir ki, iddiaçının hazırkı inzibati işin dayandırılmasına əsas olmuş iş üzrə mübahisəli bağ sahəsinin koordinatları ilə üst-üstə düşən bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsi ilə bağlı mübahisə üzrə məsələ həll edilməyənə qədər, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinə texniki pasportun tərtib edilməsi və reyestrindən çıxarışın verilməsi tələbinə qiymət verilə bilməz. Şərh edilənlərdən də göründüyü kimi məhkəmə hazırda tərəfimizdən mübahisələndirilən qərarı qəbul edərkən apellyasiya instansiyası məhkəməsinin də qüvvədə olan qərardadını və həmin qərardaddakı hüquqi mövqeyi nəzərə almamışdır. Nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsinin hər iki işi birləşdirmək imkanı olsa da və bizim tərəfimizdən belə bir vəsatət verilsə də, məhkəmə bunu etməmiş, əksinə bu cür hüquqi yanaşma sərgiləməklə süründürməçiliyə yol vermişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda göstərmişdir ki, X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin İddiaçı istifadəsinə verilmiş 1108 nömrəli bağ sahəsinə gedən yolun üzərində yerləşməsi, həmçinin 1108 nömrəli bağ sahəsinin bir hissəsinin (154 kv.metr hissəsi) məhz X8 mülkiyyətində olan 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin ərazisinə düşməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Halbuki, məhkəmə iş üzrə tam və ətraflı araşdırma aparmamış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, iş materiallarından olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il Tarixli, 10/422 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, sözügedən bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə aid Şüvəlan bağlar massivi ərazisində yerləşir. Bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğundur. Sxematik xəritəyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0.19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinə gedən yolun üzərində bağ sahələri mövcuddur. Lakin həmin bağ sahələrinin hansılar olduğu mütəxəssis tərəfindən cavablandırılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziyafəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtibetdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Şüvəlan qəsəbəsində yerləşən 0.19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinin ərazisi faktiki olaraq 1746 kv.metr təşkil edir. Buda sənəd üzrə göstərilən 1900 kv.metr sahədən 154 kv.metr azdır. Bağ sahəsinin ərazisinin hansı bağ sahəsinə əlavə edilməsi mütəxəssis tərəfindən cavablandırılmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən irəli sürülən dəlillər (ona məxsus torpaq sahəsinə gedən yolun üzərində bağ sahəsinin olması və ona məxsus bağ sahəsinin ərazisinin başqa bağ sahəsinə əlavə edilməsi) öz təsdiqini tapmışdır. Məhkəmə isə mütəxəssis və ekspert rəylərinin tam olmadığını nəzərə almamış və tərəflərindən vəsatət də verilməsinə baxmayaraq əlavə ekspertiza təyin etməmişdir. Birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları – iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun üzərində hansı bağ sahəsinin olmasını və ona məxsus bağ sahəsinin ərazisinin hansı bağ sahəsinə əlavə edilməsini araşdırmamışdır. İşdə olan ekspert rəyi tam olmadığı halda məhkəmə vəsatət verilməsinə baxmayaraq, əlavə ekspertiza təyin etməmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən hər biri 0,12 ha olan 1086 və 742a/1089 saylı bağ sahələri uzun müddət müvafiq olaraq X2 və X3 mülkiyyətində olmuş, 2000-ci ilin dekabrında alqısatqı müqavilələri əsasında X10 mülkiyyətinə keçmiş, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımaraq çıxarış verilmişdir. Bağ sahələri X17 tərəfindən alınmazdan çox əvvəl hazırkı ölçülərdə olmuş, torpaq sahələrinin sərhədlərində heç bir dəyişiklik baş verməmiş, hər hansı gediş-gəliş yolunu tutmamışdır. Bu iddia daha əvvəl məhkəmələrdə baxılmış və rədd edilmişdir. İddiaçı bundan əvvəl iki dəfə X12 qarşı məhkəmələrdə iddia qaldırmış və onun iddiaları rədd edilmişdir. Belə ki, birinci dəfə 2016-cı ildə İddiaçı tərəfindən iddia qaldırılaraq özbaşına tutulmuş sahənin geri qaytarılması, özbaşına tikilinin sökülməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələb edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, yuxarı instansiya məhkəmələri də həmin qətnaməni əsaslı və qanuni sayaraq qüvvədə saxlamışlar. Həmin iş üzrə məhkəma tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdeh L.Əliyevin 1086 və 742a/1089 saylı bağ sahalərini birləşdirərək aralarında olan və 1108 saylı bağa gedən yolu zəbt etdiyini göstərsə də, ümumiyyətlə sözügedən yolun nə vaxtsa mövcud olması və kiminsə tərəfindən zəbt edilməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa həmin ərazidə yolun olması və L.Əliyev tərəfindən zəbt edilməsi sübut olunsa belə yenə də iddia təmin edilə bilməz, Belə ki, 1108 saylı bağ iddiaçının icarəsinə verilərkən bağın sxemində bağa giriş-çıxış üçün yer qeyd edilmədiyindən va qonşu bağ sahaləri tərafindən gediş-gəliş yolu ayrılmadığından iddiaçının L.Əliyevə məxsus bağ sahələri arasındakı sahədən gedişgəliş yolu kimi istifadə etmək hüququ yaranmamışdır. Bundan əlavə L.Əliyevin 1086 və 742a/1089 saylı bağ sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından AR Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən həmin hüquq qorunmalıdır. İ.Əliyev 2009-cu ildə bağ sahələrini əldə etdikdən sonra onların sərhədlərində hər hansı dəyişiklik etməmişdir. Yuxarıda qeyd olunan mülki iddiadan savayı, 2018-ci ildə İddiaçı inzibati iddia da irali sürmüş və hazırda İ.Əliyevin mülkiyyətində olan iki bağ sahəsinin koordinatlarının yanlış olduğu üçün həmin əmlaklara aid daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğvini tələb etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-2653/2018 saylı qərardadı ilə onun iddiası mümkün sayılmamışdır. Həmin qərardadda göstərilir ki, 3-cü şəxsə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsinə əsas olmuş sənədlər mübahisələndirilmədiyi halda mülkiyyət hüququnun qeydinin ləğvinin tələb edilməsi anlaşılan deyil. Bununla yanaşı hazırda iddia tələbi 1086 va 742a/1089 saylı bağ sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin ləğvindən ibarət olsa da iddianın əsasını dövlət reyestrinə daxil edilmiş torpaq sahələrinin koordinatlarının düzgün qeyd edilməməsi təşkil edir. Bu isə bütövlükdə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqların mübahisələndirilməsinə əsas vermir. Ona görə də məhkəmə hesab edir ki, iddia mümkün sayıla bilməz. Şərh olunan məhkəmə qərarlarına və hüquq normalarına əsasən hazırki iddia mümkün sayılmamalıdır. İddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Ümumiyyətlə İ.Əliyevin bağ sahələri üzərində hüququnun qanuniliyinin yoxlanılmasından əvvəl İddiaçı mülkiyyətin müdafiəsi barədə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması araşdırılmalıdır. Hesab edir ki, İddiaçı 1108 saylı bağ sahəsi üzərində hər hansı hüququ olmadığından onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, AR Mülki Məcəlləsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əsasən daşınmaz əmlak üzərində hüquqlar reyestrdə qeydiyyata alındığı andan yaranır. Halbuki, İddiaçı 1108 saylı bağ sahəsi üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin torpaq üzərində onun icarə hüququ da mövcud deyildir. Belə ki, onunla keçmiş Bağlar İdarəsi arasında icarə müqaviləsi xx.xx.2004-cü il tarixdə 10 il müddətinə bağlanmış, müqavilənin müddəti bitmiş və vaxt uzadılmamışdır. İddiaçı 2001-ci ildən sonra 1108 saylı bağdan istifadə etmədiyini bildirdiyindən və bu hal müvafiq sənədlər və ekspertiza rəyi ilə də təsdiq edildiyindən onun müqaviləsi uzadıla da bilməzdi. İddiaçının 1108 saylı bağ sahəsi ilə bağlı iddia irəli sürməyə subyektiv hüququnun olmaması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)- 1498/2017 saylı qətnaməsi ilə tam təsdiq edilmişdir. X17 vicdanlı alıcıdır. Xəzər Rayon Məhkəmasinin xx.xx.2016-cı il tarixli qətnaməsi və ümumiyyətlə işin halları təsdiq edir ki, İ.Əliyev 2009-cu ildə bağ sahələrini indiki koordinat və sərhədlərdə əldə etmiş və sonradan onların sərhədlərində hər hansı dəyişiklik etməmişdir. Bu mənada, hətta bağ sahələrinin alqı-satqısına qadər iddia olunan yolun və 1108 saylı bağın bir hissəsinin zəbt edildiyini təsəvvür etsək belə İ.Əliyev vicdanlı sahib sayılır. Hər bir halda İ.Əliyev sərhəd və koordinatların iddia olunan dəyişdirilməsindən xəbərsiz olduğundan iddiaçının hüquqlarının ehtimal olunan pozuntusuna görə vicdanlı alıcı olaraq məsuliyyət daşıya bilməz. Bağ sahələrinin sərhədlərdə dəyişiklik və zəbt faktı mövcud deyildir və sübut olunmur. Məhkəmə qararlarında, DƏDRX-ın cavablarında və elektron bazasında, həmçinin İddiaçı əvvəlki iddiaları üzrə məhkəmə işlərində keçirilmiş tikinti-texniki ekspertiza rəyində 1108 saylı torpaq sahəsinin heç vaxt yola çıxışının olmadığı və qonşu sahələrin həmin torpağın hər hansı bir hissəsini zəbt etmədiyi müəyyən edilib. Belə ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli qətnaməsində göstərilir ki, DƏDRX-ın xx.xx.2016-cı il məktubunda həmin İdarənin elektron baza məlumatlarına və ləğv edilmiş Bağlar İdarəsinin arxivinə əsasən 1108 saylı bağ sahəsinin yol çıxışının olmadığı göstərilir. Bundan əlavə həmin işdə olan tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli rəyində göstərilir ki, 1108 saylı bağ sahəsinin arxiv cizgilərində va sxematik xəritədə bağ sahəsinin yolu göstərilməmişdir. İşin yekunlaşması vaxtı çoxdan çatmışdır. İddiaçı torpaq sahəsi barədə iddialarına ümumilikdə 3 iş üzrə artıq 10 ilə yaxındır ki, məhkəmələrdə baxılır. Hər dəfə də onun iddiaları əsassız sayılaraq rədd edilir. Hazırkı apellyasiya mərhələsində iki ekspert və mütəxəssis rəyi, ondan əvvəl də bu və digər iş üzrə 4-5 dəfə ekspert rəyləri verilmişdir. Bütün ekspert və mütəxəssis rəylərinin ümumi məzmunu budur ki, İddiaçı “itmiş” 130 kv.m sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün deyildir. Həmçinin hağ sahələrinin sxematik planlarında ora gedən yol göstərilməmişdir. İddiaçı özü də haçansa bağa avtomobil ilə getdiyini xatırlamır. DƏDRX-nin rəsmi mövqeyi də ekspert və mütəxəssis rəyləri ilə üstüstə düşür. İddiaçı bugünədək Əliyev İnqlabın onun torpağını və torpağa gedən yolu zəbt etməsini, ümumiyyətlə yolun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-125/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 742a/1089 saylı bağ sahəsi X4 xüsusi mülkiyyətinə verilmişdir. AN-İ ******* nömrəli, xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 742a/1089 saylı bağ sahəsini X1. MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 742a/1089 saylı bağ sahəsi X9 xüsusi mülkiyyətinə verilmişdir. MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 1086 saylı bağ sahəsi X2 xüsusi mülkiyyətinə verilmişdir. AN-İ ******* nömrəli, xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 1086 saylı bağ sahəsini X1. MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 1086 saylı bağ sahəsi X9 xüsusi mülkiyyətinə verilmişdir. 560 nömrəli xx.xx.1983-cü il tarixli “Bağın icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsi X5 istifadəsinə verilmişdir. 560 nömrəli xx.xx.1994-cü il tarixli “Bağın icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. 560 nömrəli xx.xx.2004-cü il tarixli “Bağın icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə”nin 3-cü bəndinə görə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Xidmətin vəzifələri sırasına daxildir. Hazırkı işin hallarından göründüyü kimi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin İddiaçı istifadəsinə verilmiş 1108 nömrəli bağ sahəsinə gedən yolun üzərində yerləşməsi, həmçinin 1108 nömrəli bağ sahəsinin bir hissəsinin (154 kv.metr hissəsi) məhz X8 mülkiyyətində olan 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin ərazisinə düşməsi öz təsdiqini tapmamışdır. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2022-ci il tarixli, 2-1(103)-910/2022 saylı qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 09 dekabr 2022-ci il tarixli, 10/7344 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Toğrul Salmanlının tərtib etdiyi mütəxəssis rəyinə əsasən qərardadın birinci sualı üzrə: Torpaq sahəsi qonşu bağlarla ümumi hasar daxilində yerləşdiyindən keçid yolunu müəyyənləşdirmək mümkün olmadı. Qərardadın ikinci sualı üzrə: Sözügedən bağ sahəsinin arxiv çizgilərində və bağların bölgüsünə dair sxematik xəritədə bağ sahəsinin yolu göstərilmədiyindən giriş çıxış yolunun yerini və istiqamətini müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: Bağ sahəsinin sərhədləri üç tərəfdən qonşu hasarla ayrılıb, bir tərəfdən isə but daşları düzülərək ayrılıb. Bağ sahəsinin üzərində 1 mərtəbəli yaşayışa yararsız bağ evi, hovuz və yarımçıq tikili var. Faktiki sahə 0.1770 ha təşkil edir. Bağın sahəsi 560 saylı müqavilədə qeyd olunan 0.19 ha (1900.0 kv.m)-dən 130.0 kv.m azdır. Bağ sahəsi koordinat sistemində verilmədiyindən, qeyd olunan sualın dəqiq cavablandırılması mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2- 1(103)-51/2023 saylı qərardadı ilə əlavə və təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2023-cü il tarixli, 10/3436 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən qərardadın 1-ci sualı üzrə: qeyd olunan 1086 və 742a/1089 saylı bağ sahələrinin koordinatları həmin bağ sahələrinə dair verilmiş plan və ölçüsündə əks olunub. Qərardadın 2-ci sualı üzrə: Qeyd olunan bağ sahəsinin yola çıxışı yoxdur. Belə ki, vətəndaş qonşunun ərazisindən keçərək bağa daxil olur. Vətəndaşın bildirdiyinə görə bağ sahəsinin yolunu digər qonşu bağ sahibi hasar daxilinə alaraq öz sahəsinə birləşdirib. Qərardadın 3-cü sualı üzrə: Sözügedən bağ sahəsinin arxiv cizgilərində və bağların bölgüsünə dair sxematik xəritədə bağ sahəsinin yolu göstərilmədiyindən giriş-çıxış yolunun yerini və istiqamətini müəyyən etmək mümkün olmamışdır. Qərardadın 4-cü sualı üzrə: Bağ sahəsinin sərhədləri üç tərəfdən qonşu hasarla ayrılıb, bir tərəfdən isə but daşları düzülərək ayrılıb. Bağ sahəsinin üzərində 1 (bir) mərtəbəli yaşayışa yarasız bağ evi, hovuz və yarımçıq tikili var. Faktiki sahə 0.1770 ha təşkil edir. Bağın sahəsi 560 saylı müqavilədə qeyd olunan 0.19 ha (1900,0 kv.m)-dən 130,0 kv.m azdır. Bağ sahəsi koordinat sistemində verilmədiyindən, qeyd olunan sualın dəqiq cavablandırılması mümkün olmadı. Kollegiya qeyd edir ki, verilmiş ekspert rəyləri ilə də iddiaçının faktiki sahibliyində olan bağ sahəsinin çıxış yolunun 3-cü şəxsin bağ sahəsi hesabına məhdudlaşdırılması müəyyən edilmir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1108 saylı bağ sahəsininin və həmin bağ sahəsinin yerləşdiyi ümumi sahənin bölgüsünə dair sxematik xəritənin surətində 3-cü şəxsə məxsus bağ sahələrinin ərazisindən iddiaçıya məxsus 1108 saylı bağ sahəsinə gedən yolun mövcud olması müəyyən edilməmişdir. Bundan başqa, xx.xx.2023 tarixli məhkəmə iclasında izahat vermiş cavabdehin nümayəndəsi bildirmişdir ki, koordinatlar o formada yerləşdirilmişdir ki, üçüncü şəxsin bağ sahəsindən xüsusi bir yolla keçid mümkündür, yol davam edir, iddiaçının bağ sahəsindən giriş mövcud ola bilər. Koordinatlar iddiaçıya yol açmağa imkan verəcək qədərdir. Hazırkı mübahisəni iddiaçının faktiki istifadəsində olan bağ sahəsinə sərbəst girişçıxışın olmaması təşkil edir. İddiaçının yol açılması və ya hasarın sökülməsi ilə bağlı məsələni mülki məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ var. Məhkəmə kollegiyası hesab edir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-125/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-10/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-10/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver