Məhkəmə qərarları › İş №2-1(103)-10/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-10/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-10/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, nümayəndəsi X9, 3-cü şəxsin nümayəndələri X2, X1, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cəlb edilməklə) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-965/2021 saylı 20 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 29 dekabr 1995-ci il tarixli, 1736 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh küçəsi) ilə M.Muxtarov (keçmiş Poluxin küçəsi) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi yaşayış evinin layihələndirilməsi və tikintisi üçün İddiaçı MTK-ya ayrılmışdır. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh küçəsi) ilə M.Muxtarov (keçmiş Poluxin küçəsi) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisi ilə əlaqədar hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli, 02/285 nömrəli və xx.xx.2019-cu il tarixli, 02/511 nömrəli məktublarla iddiaçıya bildirmişdir ki, torpaq sahəsinin ayrılması haqqında cavabdehin xx.xx.1995-ci il tarixli 1736 nömrəli sərəncamı müvafiq qaydada ləğv edildiyindən şəhərsalma əsaslandırılması razılaşdırılmadan geri qaytarılır. Bununla da İddiaçı ona münasibətdə qəbul edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin 29 dekabr 1995-ci il tarixli, 1736 nömrəli sərəncamının ləğv edilməsindən məlumatlı olan kimi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət etmiş və cavabdehin 29 dekabr 1995-ci il tarixli, 1736 nömrəli sərəncamının “hüquqi qüvvəsini itirməsi” barədə cavabdehin qəbul etdiyi sərəncamın əsassız hesab edilərək ləğv olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin 29 dekabr 1995-ci il tarixli, 1736 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsində yaşayış binasının tikintisi ilə əlaqədar hazırlanmış şəhərsalma əsaslandırmasının razılaşdırılması üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdikdə, sözügedən sərəncamın ləğv edildiyi barədə məlumat almışdır. Həmin sərəncam ona rəsmi qaydada təqdim edilməmiş və bu barədə, ona hər hansı informasiya verilməmişdir. Bundan sonra cavabdehə müraciət etsə də, müraciətinə cavab olaraq cavabdehin 6 avqust 2019-cu il tarixli, 7-2427/17 nömrəli məktubunda sözügedən sərəncamın Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında hüquqi qüvvəsinin itməsi, buna görə də, arxiv arayışının verilməsinin qeyri-mümkün olması bildirilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(81)- 4090/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayət verərək, qərardadın ləğv edilməsini və inzibati işin baxılması üçün məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2020-ci il tarixli, 2- 1(103)574/2020 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(81)-4090/2019 nömrəli qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlər edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2020-ci il tarixli qərardadı ilə "xxxx" QSC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və məhkəmənin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-965/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, iş materiallarında olan rəsmi sənədlərdən də göründüyü kimi, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1736 saylı Sərəncamına əsasən “Mehri "MTK-ya yaşayış evinin layihələşdirilməsi və tikintisi üçün Bakı şəhəri,Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh küçəsi) ilə M.Muxtarov (keçmiş Poluxn küçəsi) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan sonra ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması məqsədilə qazınti işlərinə başlanılması lakin üçüncü şəxs tərəfindən qazıntı işləri MTK-nın rəhbər şəxslərinə və işçi heyətinə fiziki zor tətbiq edilməklə dayandırılmış, ərazi hasara salınaraq sonuncu tərəfindən zəbt edilmişdir. Üçüncü şəxs bu qanunsuz hərəkətlərini onunla əsaslandırmağa çalışmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən MTK-ya verilən Sərəncam qanunsuz olduğuna görə ləğv edilmiş və ərazi üçüncü şəxsə verilmişir. İşin xüsusi əhəmiyyət kəsb edən yuxarıda qeyd edilən hallarına qiymət verərkən məhkəmə iş üçün həqiqətin müəyyən edilməsi istiqamətində qanunla müəyyən edilmiş prosesssual imkanlardan istifadə etməmiş, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarxli sərəncamının ləğvinin hüquqi əsaslarını araşdırmadan öz qərarında yalnız məktublardan ibarət olan kağız daşıyıcılara qiymət verməklə kifayətlənmişdir. Belə ki, yuxarıda qeyd edilən Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli Sərəncamının ləğv edilməsi haqqında “naməlum Sərəncam” məhkəməyə təqdim edilmədiyi halda (belə bir sərəncamın ümumiyyətlə olmadığını dəqiq bildiyimizdən məhkəmədən sərəncamın məhkəməyə təqdim edilməsini, sərəncamla tanış olamaq istəyimizi dəfələrlə tələb etməyimizə baxmayaraq cavabdeh qeyd edilən sərəncamı məhkəməyə təqdim edə bilməmişdir. Hesab edirik ki, cavabdeh ən azından vicdanlı davranaraq saxta sərəncam hazırlamaq kimi fikrindən daşınmışdır.) hakimin yalnız məktublardan ibarət yazışmalara hüquq müəyyənedici sənəd statusu verməklə qərar qəbul etməsi tərəflərin müqavilə azadlığı hüquqlarına ziddir. Sərəncam öz növbəsində əqddir. Digər tərəfin üzərinə müəyyən hüquq və vəzifələr qoyduğundan bu əqdin birtərəfli ləğv edilməsi MM-nin tələblərinə ziddir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “Torpaq icarəsi haqqında’’ Azərbaycan Respublikasının Qanununa əsasən torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur (maddə 31). İş üzrə müəyyən olunur ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1736 nömrəli sərəncamı ilə qeyd edilən torpaq sahəsi MTK-ya ayrılmaqla onun istifadəsinə, sərəncamına verildiyi halda bu əqd üzrə hər hansı ləğvetmə, dəyişmə və sair hallar olduğu halda bununla bağlı MTK-ya qanunla müəyyən edilmiş müddətdə məlumat verilməli, MTK-nın məsələ ilə bağlı mövqeyi öyrənilməli, torpağın dövlət ehtiyacları üçün zəruriliyi yarandıığı halda isə cavabdeh bununla bağlı MTK-ya digər ərazidən eyni torpaq sahəsini ayrılması və ya çəkilmiş xərclərlə birlikdə müvafiq kompensasiyanın ayrılması ilə bağlı cavabdeh razı olmadığı halda yalnız məhkəməyə müraciət etməli idi. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız tərəflər torpaqla bağlı əqdləri dəyişdirə və ya ləğv edə bilərlər. Bu iş üzrə mübahisə predmeti dövlət ehtiyat fondu torpağı, tərəflər isə fiziki şəxs və dövlətdir. Bu müqavilə üzrə dövləti təmsil edən orqan isə Bakı şəhəri İcra Hakimiyyətidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhəri İcra Hakimiyyəti əqd üzrə üzrə tələblər pozulduqda müqavilənin ləğv edilməsi üçün qanuni hərəkətlər edə və tələb irəli sürə bilər. Müqavilə tərəflərin iradə ifadəsi olduğundan müqavilə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilə bilər. Həmçinin müqavilə müddətin bitməsi, tərəflərin öhdəliklərin icrasından yayınması və digər müqavilə üzrə nəzərdə tutulmuş şərtlərin pozulması nəticəsində ləğv edilə bilər. Müqavilənin vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-848/2022 saylı 12 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-965/2021 saylı 20 oktyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Həmin qərardan narazı qalan iddiaçının kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2168/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-848/2022 saylı 12 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə onların iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 və iddiaçının nümayəndəsi X14 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, iddia tələbinin “Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11 M saylı xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 3-cü şəxsin nümayəndələri X6, X5, nümayəndə və Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Əvvəlki məhkəmə prosesində iştirak etmiş cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri), iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi sərəncamdan (sərəncamın ona aid hissəsindən) daha əvvəl məlumatlı olması və ya ona rəsmi qaydada həmin sərəncamın təqdim edilməsinin sübut olunmadığını nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlmiş və iddianı mümkün saymışdır. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı tələbi “Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh) ilə M.Muxtarov (keçmiş Poluxin) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair cavabdehin 1736 saylı 29 dekabr 1995-ci il tarixli sərəncamının “hüquqi qüvvəsini itirməsi” barədə cavabdehin qəbul etdiyi sərəncamın əsassız hesab edilərək ləğv olunması” barədədir. İşə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli TŞ-292 nömrəli tapşırığını və üçüncü şəxsin xx.xx.2017-ci il tarixli 40N-10/2-149 nömrəli məktubunu nəzərə alaraq, 60 nömrəli şaxtada yaranmış qəza vəziyyətinin aradan qaldırılması və “Nizami” stansiyasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə xx.xx.2017-ci il tarixli 11- M nömrəli (“məxfi” qriflə işarələnmiş) sərəncamla xx.xx.1994-cü il tarixli 1415 nömrəli və xx.xx.1995- ci il tarixli 1736 nömrəli sərəncamları ləğv edərək torpaq sahəsini üçüncü şəxsin sərəncamına qaytarmışdır. Cavabdeh inzibati orqan tərəfindən maddi hüquq normalarının və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz.” Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 20 dekabr 1995-ci il tarixli, 1736 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh küçəsi) ilə M.Muxtarov (keçmiş Poluxin küçəsi) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi yaşayış evinin layihələndirilməsi və tikintisi üçün İddiaçı MTK-ya ayrılmışdır. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh küçəsi) ilə M.Muxtarov (keçmiş Poluxin küçəsi) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisi ilə əlaqədar hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli, 02/285 nömrəli və xx.xx.2019-cu il tarixli, 02/511 nömrəli məktublarla iddiaçıya bildirmişdir ki, torpaq sahəsinin ayrılması haqqında cavabdehin xx.xx.1995-ci il tarixli, 1736 nömrəli sərəncamı müvafiq qaydada ləğv edildiyindən şəhərsalma əsaslandırılması razılaşdırılmadan geri qaytarılır. Üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətininin Azərbaycan Respublikası Prezidentinin köməkçisi- İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümova ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda digər məsələlərlə yanaşı həm də qeyd edilmişdir ki, cavabdehin xx.xx.1995-ci il tarixli, 1736 nömrəli qərarı ilə çoxmərtəbəli binanın inşası üçün iddiaçıya 0.26 ha torpaq sahəsi ayrılmış, bina tikintisinə başlamaq üçün çala qazılmış, lakin üçüncü şəxs tərəfindən cavabdehə olunan müraciətlərdən sonra başlanılmış tikinti işləri dayandırılmışdır. Son zamanlar “Nizami” stansiyasına daxil olmuş qrunt sularının həcminin artdığı müşahidə olunduğundan üçüncü şəxs tərəfindən xx.xx.2017-ci il tarixli 40N-10/2-149 nömrəli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuşdur. Cavabdeh isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli TŞ292 nömrəli tapşırığını və üçüncü şəxsin xx.xx.2017- ci il tarixli, 40N-10/2-149 nömrəli məktubunu nəzərə alaraq, 60 nömrəli şaxtada yaranmış qəza vəziyyətinin aradan qaldırılması və “Nizami” stansiyasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə xx.xx.2017-ci il tarixli 11-M nömrəli (“məxfi” qriflə işarələnmiş) sərəncamla xx.xx.1994-cü il tarixli, 1415 nömrəli və xx.xx.1995ci il tarixli, 1736 nömrəli sərəncamları ləğv edərək torpaq sahəsini üçüncü şəxsin sərəncamına qaytarmışdır. Məlum olduğu kimi, Bakı şəhər İcra Hakimiyyətinin 11m saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə iddiaçı barəsində daha öncə qəbul edilmiş xx.xx.1995-ci il tarixli, 1736 nömrəli sərəncam ləğv edilmişdir. İddiaçı hazırda həmin sərəncamın ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının hüquqi marağı mübahisələndirilən sərəncamın ona aid (xeyrinə olan xx.xx.1995-ci il tarixli, 1736 nömrəli sərəncamın ləğv edildiyi) hissədə ləğv edilməsinə nail olmaqdan ibarətdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2168/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında göstərilənlərlə bağlı işin təkrar apellyasiya baxışı zamanı müvafiq araşdırmalar aparılmış və ilk növbədə mübahisələndirilən sərəncam və onun qəbul edilməsi üçün əsas olan sənədlər cavabdeh qurumdan tələb olunmuşdur. Tələb olunan həmin sənədlər, o cümlədən mübahisələndirilən sərəncam və onun qəbul edilməsində mühüm əhəmiyyət daşıyan 3-cü şəxsin təqdim etdiyi sənədlər məxfi xarakter daşıdığı üçün xüsusi qaydalar əsasında məhkəməyə təqdim olunmuşdur. “Dövlət sirri haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən öz vəzifələrinin icrası zamanı hakimlər dövlət sirri ilə işləməyə bu Qanunla nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2005-ci il tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması” Qaydasının 6-cı bəndinə əsasən hər hansı şəxsin dövlət sirri təşkil edən məlumatlarla tanış olması faktı onun bu məlumatın daşıyıcısında və ya ona qoşulan sənəddə (siyahıda, tanışolma vərəqində) qoyulmuş imzası ilə rəsmiləşdirilir. Məlumat daşıyıcısının təhvil-təslimi isə onu həyata keçirən şəxslərin müvafiq uçot sənədlərində (jurnal, vərəqə) və ya müşayiət sənədlərində (qaimə, reyestr, akt və s.) məlumat daşıyıcısını təhvil verən və qəbul edən şəxslərin imzaları ilə rəsmiləşdirilir. İmza qoyularkən onun qoyulduğu tarix, imzanı qoymuş şəxsin vəzifəsi, adının baş hərfi və soyadı göstərilməlidir. Hazırki işdə həm cavabdeh qurumun, həm də 3-cü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətininin təqdim etdiyi məxfi xarakterli məlumatları əks etdirən sənədlərlə məhkəmə kollegiyası tanış olub, onları öyrənərkən müvafiq rəsmiləşdirilmələr qanunla müəyyən edilmiş xüsusi qaydada aparılmışdır. Cavabdeh qurum tərəfindən təqdim olunan 11m saylı xx.xx.2017-ci il tarixli sərəncamla tanış olarkən məhkəmə kollegiyası həm də mübahisələndirilən sərəncamın qəbulunu şərtləndirən məlumatlarla tanış olmuş və bu halların həqiqətən də mövcud olduğunu müəyyən etmişdir. Belə ki, mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas kimi göstərilər halların araşdırılması məqsədilə 2-1(103)-1519/2023 saylı 10 iyul 2023-cü il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X3 Agentliyinin mütəxəssisi cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Qərardadla ekspert qarşısında “İddiaçı MTK-ya Bakı şəhər İcra Hakimiyyətinin 1736 saylı 29 dekabr 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Poluxin küçəsi ilə X.Ruzbeh küçələrinin kəşisdiyi sahədə yaşayış evinin layihələşdirilməsi və tikintisinə torpaq sahəsinin ayrılması barədə qeyd olunmuş ərazidə qrunt sularının yığılması, tikintiyə maneə ola biləcək və strateji əhəmiyyətli obyektlərə xələl gətirə biləcək halların həqiqətən də mövcud olması və belə faktlar mövcuddursa, bu halın həmin ərazidə tikinti işlərinin (bina tikintisinin) aparılmasına icazə verib-verməməsi” sualları qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 11 dekabr 2023-cü il tarixli 3-16- 16/2-10/5566 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Ekspert rəyində göstərilmişdir ki, İddiaçı MTK-ya Bakı şəhər İcra Hakimiyyətinin 1736 saylı 29 dekabr 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Poluxin küçəsi ilə X.Ruzbeh küçələrinin kəsişdiyi sahədə yaşayış evinin layihələşdirilməsi və tikintisinə torpaq sahəsinin ayrılması barədə qeyd olunmuş ərazidə Azərbaycan Respublikası Azərtunelmetrotikinti Səhmdar Cəmiyyətinin Bakımetrolayihə İnstitutu tərəfindən təsdiq edilmiş situasiya planına əsasən “Azərtunelmetrotikinti” S.C-nə və şəhər təsərrüfatına aid olan telefon, kanalizasiya, su, istilik xətləri və başqa kommunikasiya sistemlərinin olmadığı, həmçinin bu sahənin altından Bakı metropolitenin xətləri (tikinti və qurğuları) keçmədiyi, Bakı Metropolitelinin xx.xx.2006cı il tarixli 40H-24/75 saylı məktubuna görə, İddiaçı Tikinti Kooperativinə Yasamal rayonu, M.Muxtarov küçəsi ərazidə 12 mərtəbəli yaşayış evinin tikintisinə etiraz etmədiyini nəzərə alaraq, tikintiyə maneə ola biləcək və strateji əhəmiyyətli obyektlərə xələl gətirə biləcək halların mövcud olduğu müəyyən edilməmişdir. Eyni zamanda, İddiaçı Tikinti Kooperativinə ayrılmış torpaq sahəsində baxış zamanı qrunt sularının yığılması hallarının olmadığı, torpaq sahəsinin ətrafında çoxmərtəbəli yeni və köhnə hündürmərtəbəli binaların mövcud olduğu və inşa edildiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Poluxln küçəsi ilə X.Ruzbeh küçələrinin kəsişdiyi sahədə yaşayış evinin layihələşdirilməsi və tikintisinə torpaq sahəsinin ayrılması barədə qeyd olunmuş ərazidə yeraltı qrunt sularının yığılmasının müəyyən olunması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X3 Agentliyinin mütəxəssis rəyinin təqdim olunmasına dair xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixdə vəsatət verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X3 Agentliyinin mütəxəssisləri tərəfindən isturmental müayinə aparılması üçün bir neçə dəfə tədqiq olunan əraziyə gəlmiş, lakin Bakı metropolitelinin nümayəndələri ərazidə müayinə işlərinin aparılmasına icazə verməmişdir. Bu səbəbdən də, qərardadın sualının ikinci hissəsi üzrə, yəni tikintiyə maneə ola biləcək və strateji əhəmiyyətli obyektlərə xələl gətirə biləcək halların mövcud olmadığını və eləcə də yaşayış evinin layihələşdirilməsi və tikintisinə torpaq sahəsinin ayrılması barədə qeyd olunmuş ərazidə yeraltı qrunt sularının yığılmasının müəyyən olunması sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmə qərardadına əsasən ekspert və mütəxəssis qarşısında qoyulmuş suallara tam olaraq cavab verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-53/2024 saylı 12 iyun 2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X3 Agentliyinin mütəxəssisi cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin başqa ekspertinə həvalə edilmiş və ekspert rəyi məhkəməyə daxil olanadək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ekspertə İddiaçı MTK-ya Bakı şəhər İcra Hakimiyyətinin 1736 saylı 29 dekabr 1995- ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Poluxin küçəsi ilə X.Ruzbeh küçələrinin kəşisdiyi sahədə yaşayış evinin layihələşdirilməsi və tikintisinə torpaq sahəsinin ayrılması barədə qeyd olunmuş ərazidə qrunt sularının yığılması, tikintiyə maneə ola biləcək və strateji əhəmiyyətli obyektlərə xələl gətirə biləcək halların həqiqətən də mövcud olub-olmamasının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X3 Agentliyinin mütəxəssisləri tərəfindən instrumental müayinə aparılması yolu ilə müəyyən edilməsi və belə faktların mövcudluğu ortaya çıxarsa, bu halın həmin ərazidə tikinti işlərinin (bina tikintisinin) aparılmasına icazə verib-vermədiyinin müəyyən olunması tapşırılmışdır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2025-ci il tarixli 10/9883 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Ekspert rəyində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 674/24 nömrəli mütəxəssis rəyinə əsasən bildirilmişdir ki, kimyəvi analizin nəticələrinə əsasən qrunt suları portlandsementdən hazırlanmış dəmir-beton konstruksiyalara qarşı sulfat ionlarının miqdarına (2300.3 mq/l) görə güclü aqressivli, sulfatadavamlı sementdən hazırlanmış konstruksiyalara qarşı qeyri- aqressivlidir. Metal konstruksiyalara qarşı xlor (1489.9 mq/l) ionlarının miqdarına görə orta aqressivli olduğu müəyyən edilmişdir.(CH и П 2.03.11- 85,cəd.6) Aerasiya zonasının qruntları kimyəvi analizin nəticələrinə əsasən, normal və nəmli şəraitdə, portlandsementdən hazırlanmış konstruksiyalara qarşı sulfat ionlarının miqdarına görə (4999.7mq/kq) güclü aqressivli, sulfatadavamlı sementdən hazırlanmış konstruksiyalara qarşı zəif aqressivli olduğu müəyyən edilmişdir. Metal konstruksiyalara qarşı isə xlor ionlarının miqdarına görə (354.5 mq/kq) zəif aqressivli olduğu müəyyən edilmişdir. (CH и П 2.03.11-85, cəd.4) Qruntlar üçün hesabi qiymətlər laboratoriya tədqiqatlarının nəticələrinə istinad edilərək, mövcud normativ sənədlərə əsasən tərtib edilmişdir. (AzDTN 2.15-1, əlavə 2, cəd.2-5) Hesabatda sahənin baş planı,quyuların yerləşmə sxemi, 4 ədəd quyunun geoloji- litoloji sütunu və 4 xətt üzrə mühəndisi-geoloji kəsilişləri verilmişdir. Sahənin fon seysmikliyi 8 (səkkiz) bal olduğu müəyyən olunmuşdur. Geoloji-litoloji kəsilişdə iştirak edən qruntlar fiziki-mexaniki xassələrinə və AzDTN 2.3-1, dəyişiklik 1, cədvəl 1-ə əsasən İİ,İİİ,İV (tökmə torpaq) sinfə, eninə seysmik dalğaların yayılma sürətinin orta qiymətilə (45p.9 m/san) görə İİ sinfə aid olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 674/24 nömrəli mütəxəssis rəyində tədqiqat sahəsində yeraltı sulara 7.2-8.0 m dərinlikdə rast gəlindiyi qeyd olunmuşdur. Hazırki işdə cavabdeh qurum iddiaçıya münasibətdə qəbul etdiyi 1736 saylı 29 dekabr 1995-ci il tarixli sərəncamın ləğv olunması üçün qanunla müəyyən edilmiş əsasların mövcud olduğuna istinad edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göründüyü kimi, inzibati orqanın öz inzibati aktını qanunsuz hesab etdiyi hallarda onu ləğv etmək hüququ vardır. Hazırki işdə də cavabdeh qurum iddiaçıya münasibətdə 1736 saylı 29 dekabr 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Poluxin küçəsi ilə X.Ruzbeh küçələrinin kəşisdiyi sahədə yaşayış evinin layihələşdirilməsi və tikintisinə torpaq sahəsinin ayrılması qərarına gəlsə də, sonradan həmin sərəncamını özünün 11m saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə ləğv etmişdir. Məhkəmə kollegiyası tərəfindən “mübahisələndirmə haqqında iddia” üzrə cavabdeh qurumun 11m saylı xx.xx.2017-ci il tarixli sərəncamının iddiaçıya aid hissədə qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:

1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);

2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən onun qanunla müəyyən edilmiş formada qəbul edildiyi, lakin eyni zamanda iddiaçının maraqlı şəxs qismində icraata dəvət olunub dindirilmədiyi müəyyən olunur. Halbuki “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İnzibati akt qəbul edilərkən iddiaçının maraqlı şəxs qismində icraata dəvət olunub dindirilməməsi icraat qaydasının pozuntusu kimi qiymətləndirilsə də, bu pozuntunun inzibati aktın maddi-hüquqi baxımdan qanuniliyi yoxlanılarkən onun qəbuluna nə dərəcədə təsir etmə imkanı bir daha gözdən keçiriləcəkdir. İnzibati aktın maddi-hüquqi baxımdan qanuniliyi yoxlanılarkən isə Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İşin təkrar apellyasiya baxışı zamanı keçirilmiş tikinti-texniki ekspertizasının nəticəsi olaraq təqdim olunmuş 11 dekabr 2023-cü il tarixli 3-16- 16/2-10/5566 saylı ekspert rəyində ziddiyətli mövqe bildirilərək, əvvəlcə “qeyd olunmuş ərazidə tikintiyə maneə ola biləcək və strateji əhəmiyyətli obyektlərə xələl gətirə biləcək, qrunt sularının yığılması hallarının olmadığı”, sonra isə “ərazidə yeraltı qrunt sularının yığılmasının müəyyən olunması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X3 Agentliyinin mütəxəssis rəyinin təqdim edilməli olması, buna görə tikintiyə maneə ola biləcək və strateji əhəmiyyətli obyektlərə xələl gətirə biləcək halların mövcud olmadığı və eləcə də yaşayış evinin layihələşdirilməsi və tikintisinə torpaq sahəsinin ayrılması barədə qeyd olunmuş ərazidə yeraltı qrunt sularının yığılmasının müəyyən olunması sualı üzrə tədqiqatın aparılmadığı” qeyd olunmuşdur. Bu səbəbdən məhkəmə qərardadında qoyulmuş suallara tam cavab verilməsini təmin etmək məqsədilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, bu zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X3 Agentliyinin mütəxəssis rəyi əsas götürülməklə verilmiş ekspert rəyində qeyd olunmuş ərazidə qrunt sularının mövcudluğu faktı öz təsdiqini tapmış, hətta həmin suyun kimyəvi analizinin nəticələri də qeyd olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 674/24 nömrəli mütəxəssis rəyində İddiaçı MTK-ya Bakı şəhər İcra Hakimiyyətinin 1736 saylı 29 dekabr 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Poluxin küçəsi ilə X.Ruzbeh küçələrinin kəşisdiyi sahədə yaşayış evinin layihələşdirilməsi və tikintisinə torpaq sahəsinin ayrılması barədə qeyd olunmuş ərazidə yeraltı qrunt sularının yığılması və yeraltı sulara 7.2-8.0 m dərinlikdə rast gəlindiyi faktı da qeyd olunmuşdur. Beləliklə, iş üzrə aparılan araşdırmalar, o cümlədən təqdim olunan məxfi xarakterli məlumatları özündə əks etdirən sənədlərin öyrənilməsi onu deməyə əsas verir ki, iddiaçıya münasibətdə əlverişli inzibati akt olan Bakı şəhər İcra Hakimiyyətinin 1736 saylı 29 dekabr 1995-ci il tarixli sərəncamı qəbul edilərkən hüquqi əsası olmamış, həmin inzibati akt qanuni məqsəd daşımamışdır. Buna görə də məhkəmə kollegiyası həmin inzibati aktın cavabdeh qurum tərəfindən 11m saylı xx.xx.2017-ci il tarixli sərəncamla ləğv edilməsi üçün yetərli əsasların mövcud olduğu qənaətindədir. Nəzərə alınmalıdır ki, inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. “İnzibati icraat haqqında” Qanunun: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Hazırki işdə məhkəmə kollegiyası iddiaçıya münasibətdə qəbul edilmiş 1736 saylı 29 dekabr 1995-ci il tarixli sərəncamın ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt olduğunu nəzərə alaraq hesab edir ki, həmin inzibati akt onu qəbul edən cavabdeh qurum tərəfindən İPM-nin 67.1 və 67.2-ci maddələrinin tələbləri baxımından düzgün olaraq ləğv olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, hazırkı işdə qanunsuz əlverişli inzibati aktın ləğvini məhdudlaşdıran hallar müəyyən edilmədiyi üçün inzibati orqan 11m saylı xx.xx.2017-ci il tarixli inzibati aktı qəbul etməkdə haqlı olmuşdur. Sonda, məhkəmə kollegiyası mübahisəli inzibati aktın iddiaçının icraata dəvət olunub dindirilmədən qəbul edildiyi üçün onun formal-hüquqi baxımdan qüsurlu olduğunu bildirsə də, icraat qaydasının bu pozuntusunun maddi-hüquqi baxımdan qanuni olan inzibati aktın qəbuluna təsir etmədiyi qənaətindədir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmadığı üçün qəbul edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-965/2021 saylı 20 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. Həmçinin işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat pul vəsaiti İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-965/2021 saylı 20 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçındən ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X13 Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar